“Özümə dedim ki, yıxılmaq olmaz”- Məhşurların xanımları

 

“İndi bizim ailənin balaca İsası var”

 

Müsahibimiz sevilib-seçilən şairlərimizdən olan, görkəmli ədəbiyyat xadimi İsa İsmayılzadənin həyat yoldaşı Ələviyyə xanımdır.

Universitetdə axşam şöbəsində təhsil alırdım

Gürcüstandan gələn azərbaycanlılardanıq. Orada doğulub boya-başa çatmışam. Ailədə üç bacı idik. Atamı uşaqlıqdan itirmişəm. Anam bizə həm atalıq, həm də analıq edib. İsanın ailəsiylə yaxın qonşu idik. Çox gözəl valideynləri var idi və bizim ailənin ən əzizlərindən idilər. Sevincimizi də, kədərimizi də birgə yaşayardıq. İsa çoxuşaqlı ailədən idi. Onun bacıları məndən böyük olsalar da, bacısı qızları ilə dostluq edir, tez-tez İsanın anasına ev işlərində  kömək etmək üçün onlara gedirdim. Həmin vaxtlar İsa Bakıda oxuyurdu. Uşaq vaxtından mənim kitaba, oxumağa böyük marağım var idi. Yaxın qonşumuzun savadlı oğlu Bakıya gedəndən sonra onun kitablarını oxuyan, dəftərlərini vərəqləyən qalmamışdı. Mən İsanın kitablarını oxuyurdum, araşdırırdım. Onlardan bəhrələnirdim. Məktəbi bitirdikdən sonra imtahan vermək üçün Bakıya gəldim. Ən böyük arzularımdan biri ali təhsil almaq idi. Elə İsayla münasibətlərimiz də, mən universitetdə oxuyan müddətdə daha yaxın oldu. Universitetdə axşam şöbəsində təhsil alırdım. Həmin dövrdə belə bir qanun var idi ki, ali məktəbin axşam şöbəsində oxuyan tələbələr mütləq işləməlidir. Elə birinci kursdan həm oxuyurdum, həm də işləyirdim. Universitetdə oxuyanda Akademiyada çalışırdım. Bu günə qədər də elə orada işləyirəm.

Təsadüfdən çantamda onun telefon nömrəsi də var idi

Universitetə daxil olandan sonra, mənə müəyyən dərs kitabları lazım oldu. Kitab tapmaq həmin dövrdə olduqca çətin idi. Çox axtardım amma mənə lazım olan kitabları tapmadım. Düşündüm ki, həmin kitablar yaxın qonşumuzun oğlu olan və hazırda Bakıda yaşayan İsada olar. Təsadüfdən çantamda onun telefon nömrəsi də var idi. Zəng etdim, mənə lazım olan kitabların adını ona dedim. Məni əmin etdi ki, narahat olmayım, kitabları gətirəcək. İsayla danışdıq, razılaşdıq, ünvanımı da verdim ki, kitabları ora gətirsin. Həmin vaxtdan bir-birimizlə tez-tez kitablar barəsində söhbətlər edirdik, arada-sırada görüşüb kitablarımızı dəyişirdik. İsa yaşca məndən xeyli böyük idi. Eyni zamanda çox güclü mütaliəsi var idi və ədəbiyyatı dərindən bilirdi. Mən ondan məsləhətlər alır, onlardan bəhrələnməyə çalışırdım. Bir gün İsa mənə dedi ki, rayona gedir. Qeyd etdiyim kimi, bizim ailələrimizlə onun ailəsi  çox yaxın idi və müntəzəm olaraq bir-birimizə get-gəlimiz var idi. İsa mənə dedi ki, rayona gedəcəm, bizimkilər sizə getmək istəyir nə deyirsən?. Bizim vaxtımızda qızlar indiki kimi ağıllı deyildilər. Mən bu suala heç bir məna verə bilmədim. Onsuz da bizim ailələr tez-tez görüşürdü. Hətta bu sual mənə mənasız görünmüşdü. Həmişə gəldikləri evdir də, gəlsinlər  dedim. İsa Gürcüstana, ata-anasının yanına  getdi. Həmin vaxt mənim də çox ağır  imtahanlarım başlamışdı. Bu söhbət barəsində unudub, imtahanlarıma hazırlaşırdım.

Xoşuna gələni seç, dedi

Bu hadisənin üstündən bir müddət keçmişdi. Anam zəng edib,-tez evə gəl,-dedi. Təəccüblənmişdim. Axı anam bilir ki,mənim imtahanlarım var, görəsən evdə nə  hadisə olub ki, məni bu qədər təlaşla çağırır? İmtahanları verdim, tez-tələsik evimizə yollandım. Anamla aramızda  pərdə var idi. Ona görə də anam yox, xalam mənə dedi ki, İsa  elçilərini göndərib, mənimlə ailə qurmaq istəyir. Bəlkə də mən bu xəbərə sevinirdim. Amma anamgilə dedim ki, mən onunla ailə qurmaq istəmirəm. Qəti şəkildə etirazımı bildirsəm də qəlbimin dərinliyində bu evliliyin olması üçün dua edirdim. Mənim etiraz etdiyimi görən anam elçiləri geri qaytardı. Amma İsanın anası, məni görəndə dedi ki,  Bakıya gedən gün mənə de, üzüyü sənin barmağına özüm taxacam . Mən heç nə deyə bilmədim.  Ağzımdan yalnız güclə eşidilən “ yaxşı ” sözü çıxdı. Bakıya gedən gün, xalama dedim ki, İsanın anası demişdi ki, gedəndə mənə xəbər et. Utandığımdan bunun səbəbini açıqlaya bilmədim. Əlimdə çamadanlar, yola çıxmağa hazırlaşdığım bir vaxtda, gələcək qaynanam əlində iki üzük qarşımda dayanmışdı. Xoşuna gələni seç, dedi. Üzüyün birini götürdüm. Qaynanam barmağıma taxdı, xeyir-duasını verdi, Bakıya getdim. Anamgilin də xəbəri yox. Gürcüstandan Bakıya gəldiyim müddətdə üzük barmağımı  sıxsa da itməsindən ehtiyat edib çıxara da bilmirdim. Bütün gecə gözümə yuxu getmədi. Bakıya çatanda gördüm ki, tanış bir sima yeyin addımlarla mənə tərəf gəlir. Onu uzaqdan görən kimi, axşamdan bəri barmağımı sıxan üzüyü çıxarıb tez çantama atdım. İsa yanıma çatanda, salamlaşdıq, bura sənəd arxanca gəldiyini dedi və məni evə qədər ötürmək üçün icazə aldı. Evin qapısına çatanda çantalarımı mənə verib dedi ki, bayaq çantaya qoyduğun üzüyü bir də heç vaxt barmağından çıxarma. Özün   hazır ol, dalınca  gələcəm.Tələsik bu sözləri deyib getdi. Birlikdə şəhərə çıxıb çay içdik. Bu da oldu mənim nişanım (gülür).

Sağ olsunlar yaxşı uşaqlardır

İsa  yerin bilən insan idi. Xaraktercə sakit olsa da, olduqca prinsipial insan idi. Ailə qurduqdan sonra Bakıda yaşadıq. Mənim iş yerim evə çox yaxın idi. Üç övladımız olmasına, evin bütün işlərinə baxmayaraq, işim mənə mane olmurdu. Həyat öz axarında davam edirdi. Xoşbəxt bir qadın idim. Övladlarım, həyat yolaşım, işim- hamısını çox sevirdim. İllər beləcə keçib gedirdi. Onunla çox yaddaqalan günlərimiz oldu. Ağrılı-acılı 20 Yanvar hadisələrinin də canlı şahidi olmuşuq. Həmin gün İsa evə gəlmədi. Səhərə qədər gözümə yuxu getmədi. Allaha çox şükür, çox çətin günlərin  öhdəsindən gəlmişik. Mənim işləməyimin əleyhinə çıxmırdı. Uşaqlara da  böyük qayğıkeşliklə yanaşırdı. Həvəsləri olsa da heç birinə onun yolunu davam etdirməyə icazə vermədi. İsa həyatdan köçəndə böyük oğlum Araz Tibb universitetində oxuyurdu. Oxudu, bitirdi, indi sayılıb, seçilən həkimlərdəndir. Qızımız Nərgiz lap körpə idi. Amma onun da təhsil almasında əlimizdən gələni etdik. İsanın arzusu idi ki, kiçik oğlu dilçi olsun. Uşaqlar atalarının hər arzusunu reallaşdırmaq istəyirdilər. Kiçik oğlum Mustafa da ingilis dili üzrə təhsil aldı. Sağ olsunlar yaxşı uşaqlardır. Öz güclərinə oxudular, sənət, ailə sahibi oldular. Mən də gücüm çatdıqca onlara bu həyatda dayaq, kömək oldum.

Həkim dedi ki, beynində şiş var

Axır vaxtlar zehnində geriləmə var idi. Baxırdım ki, İsa əvvəlki adam deyil. Elə bil iti zehinli adam gedib, yerinə unutqan bir insan gəlmişdi. Əvvəllər düşünürdüm ki, yaddaşında olan problemlər yaşla bağlı ola bilər. Düşünürdüm ki, yəqin onda yaranan bu mülayimlik də, ahıllaşması ilə əlaqədardır. Amma çox narahat idim. Bir gün həkimə getdik. Həkim bizə dedi ki, beynində şiş var. Çox gecikmisiniz, əməliyyat etsək də, yaşama ehtimalı çox azdır. Gəldik evə. O gündən sonra işə gedə bilmədi. Əməliyyat etdirmək qərarına gəldik, o az ehtimalı dəyərləndirmək istəyirdik. Amma həkimlərdən biri, İsa müəllimə əziyyət verməyin, dedi. O, xəstəliyinin nə olduğunu  öldüyü günə qədər bilmədi. Xəstəliyinin adını  öyrənməyimizlə vəfat etməsinin arası cəmi 18 gün çəkdi. Xəstəxanadan çıxardıqdan sonra, öz arzusu ilə onu Gürcüstana apardıq. Həmişə deyirdi ki,  ölsəm, məni atamın, anamın yanında dəfn edin. Elə də etdik. İsa dünyadan köçəndən sonra mən özümü çox köməksiz hiss edirdim. Bizi pis öyrətmişdi. Hər işimizin dalınca qaçır, həmişə yanımızda olurdu. Özümə dedim ki, yıxılmaq olmaz. Balalarıma bu gündən sonra özüm dayaq olacam. İsadan sonra, şəkər xəstəliyinə tutuldum. Fikir, dərd məni yeyib bitirmişdi. Amma bu günkü günə şükür. İndi bizim alənin balaca İsası var.

 

Məhəbbət HACIYEVA,

Firəngiz AĞALAR

İdeya müəllifi Tofiq Abdin

525-ci qəzet.- 2014.- 1 fevral.- S.22.