Rəşid Faxralı: “Tanrının verdiyi ömrü layiqincə yaşamağa çalışmışam”

 

“ƏSL VƏTƏNDAŞ OLMAQ HƏYATIMIN VƏ ŞAİR, JURNALİST, HƏRBÇİ KİMİ FƏALİYYƏTİMİN ƏSAS QAYƏSİ OLUB”

 

Bugünlərdə şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili Rəşid Faxralının 60 yaşı tamam olub.

Rəşid Faxralı 1954-cü ilin yanvarın 21-də Borçalı mahalının Faxralı kəndində dünyaya gəlib. 1960-70-ci illərdə orta məktəbdə oxuyub. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib şagirdi olduğu məktəbdə 1982-ci ilə qədər müəllim işləyib. Sonrakı dövrdə müxtəlif vəzifələrdə çalışıb. Jurnalistikaya olan böyük  həvəsi 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirib. 1992-ci ildə ali təhsilini tamamladıqdan sonra həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. “Gözümdə hönkürür bir dəli sevda”, “Zaman, biz və kişiliyimiz”, “Qürbət ağrısı”, “Könlüm cənnət qapısıdır”, “Ömrün üfüqləri”, “Tonqal yerində çiçək”, “Ziyarətin hikməti”, “Müharibə nə vaxt qurtaracaq”, “Diqqət, diqqət”, “Oğuz eli Faxralı”, “Goranboy əməliyyatı”, 3 cildlik “Seçilmiş əsərlər” kimi 25 kitabın, 4 sənədli filmin müəllifi olan yubilyar “Qızıl qələm”, “Məmməd Araz” və “Həsən bəy Zərdabi” mükafatlarının laureatıdır. Gürcü ədəbiyyatının təbliğindəki xidmətlərinə görə qonşu ölkənin “Gürcü-Azərbaycan ədəbi əlaqələr səfiri” diplomu ilə təltif edilib.

Bunlar Rəşid Faxralı haqqında hər kəsin bildikləridir. Amma insanın qəlbinin gizli guşəsində, ruhunun mübhəm köşəsində yalnız özünə aid olanlar və yalnız özünün bildiyi həqiqətlər, arzular və etiraflar gizlənir. Söhbətimiz zamanı yubilyar onlardan bəzilərini oxucularımızla bölüşüb.

MƏN JURNALİSTİKANI HEÇ NƏYƏ DƏYİŞMƏRƏM

Orta məktəbdə oxuyanda mərhum müəllimim Əli Kəngərlini özümə ustad bilmişəm. O, bizim hamımızı sözün yaxşı mənasında ədəbiyyata, şeirə xəstələndirmişdi. O vaxt orta məktəbdə oxuyanda bizə inşa yazdırırdılar. Sinif yoldaşlarımın əksəriyyəti şparqalkadan istifadə edib yazırdı.  Bir dəfə 7-ci sinifdə oxuayanda Əli müəllim inşa yazmağı tapşırdı və mənə dedi ki, Rəşid, sən şparqalkadan istifadə eləmə, özündən yaz. Mən də sərbəst mövzunu seçib özüm yazdım. Əli müəllimin çox xoşuna gəldi. Məni təriflədi. Təbii ki, nöqsanlarımı da göstərdi. Ancaq ondan sonra mən bir daha inşa yazanda şparqalkadan istifadə etmədim. Həmişə də sərbəst mövzunu seçirdim. Bir dəfə İsa Hüseynovun “Saz” povesti haqqında inşa yazdım. O yazını oxuyandan sonra Əli müəllim dedi ki, sənin gözəl qələmin var, səndən yaxşı jurnalist olar. Yəqin ki, o özü də bilmədən həmin cümlə ilə mənim gələcək həyat yolumu müəyyənləşdirdi. Məktəbi bitirdikdə sənədlərimi Jurnalistika fakültəsinə vermək istəyirdim. Götürmədilər. O vaxt jurnalist olmaq istəyənlərin qəzetlərdə, mətbuatda çap edilmiş yazıları olmalı idi. Mənim isə o vaxta qədər hələ heç bir yazım çıxmamışdı. Atam o vaxt xəstə idi, məni qəbul imtahanına da yeznəm gətirmişdi. Məni Jurnalistika fakültəsinə götürməyəndən sonra, yolumuzu Pedaqoji Universitetdən saldıq. Sənədlərimi ora verdim və Riyaziyyat fakültəsinə daxil oldum. Amma öz-özümə dedim ki, mən onsuz da jurnalist olacağam. 1975-ci ildən 1986-cı ilə qədər yazmadığım yer qalmadı ki, mən ikinci təhsil almaq istəyirəm. O vaxt qoymurdular. Ya həmin sahədə işləməliydin, ya da sağlamlığın işlədiyin sahəyə uyğun gəlməməliydi, bununla bağlı arayış təqdim eləməliydin ki, sənədlərini götürələr. Axır ki, arzuma çatdım, qəzetdə çıxan yazılarımı təqdim edəndən sonra adi qaydada qəbul imtahanı verib qəbul oldum. Fərq imtahanı yox a, qəbul imtahanı. Bəzən sual verirlər ki, riyaziyyat hara, jurnalistlik hara? Amma riyaziyyatla ədəbiyyat arasında belə deyək ki, heç bir antoqonist ziddiyyət yoxdur. Əslinə baxsan, riyaziyyat ədəbiyyatı, rəqəmlər sözü çox gözəl, mehribancasına tamamlayır. Əbəs yerə deməyiblər ki, riyaziyyat elmlərin şahıdır.

Bizim bir yaylağımız var: Qaraağac yaylağı. Gəncliyimdə yay vaxtı ora gedib yazı yazmışdım: “Heç bir yaylaq bu yaylağa bənzəməz”. Bir səhifə yazı idi. Əli müəllim dedi, ay Rəşid, bilirsən, sənin yazıların niyə oxunaqlıdır? Ona görə ki, sən yazı yazanda ona riyazi dəqiqliklə yanaşırsan. Heç imkan vermirsən ki, bir söz ya artıq olsun, ya əskik. Bu mənada riyaziyyat adamın ipini çəkir. Yazı yazanda daha məsuliyyətli olmağa vadar edir. Riyaziyyatdan 32 ildi uzaqlaşmışam. Hansısa teoremdən, aksiomdan söz düşəndə darıxmaq deməzdim, amma hardasa narahat olduğum vaxtlar olur, bir ixtisasımın da riyaziyyat olduğunu xatırlayıram onda.

Yazıdan söz düşmüşkən deyim ki, şeirlər, poemalar yazsam da, tərcümələr eləsəm də, mən daha çox publisistəm, jurnalistəm. Həm publisistika, həm şairlik mənim üçün eyni dərəcədə qiymətlidir. Ancaq bunlardan birini mənim əlimdən almaq fikrinə düşsələr və özümə seçim haqqı versələr, jurnalistikanı heç nəyə dəyişmərəm. Bu həvəs uşaqlıqdan mənim qanıma, canıma, ruhuma hopub.

YUXUMA DA GİRMƏZDİ Kİ, HƏRBÇİ OLARAM

1989-cu ilin sonlarında bizim tərəflərdə –Borçalıda milli məsələlər qızışdı. Mən onda rayon qəzetinin redaktoru idim. Gürcülər onda tamam ayrı səpkidə, bizim millətə qarşı yazılar yazırdılar. Həmin dövrdə yazı- pozu adamı olaraq gürcülərin bu addımına qarşı borclu qalmadım. Amma vəziyyət elə gətirdi ki, təqiblər son həddə çatdı. Mənə məlumat verirdilər ki, Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindəyəm. Bundan sonra işdən çıxmalı oldum. Bakıya gəldim. Əvvəlcə “İnşaatçı”, sonra “Ədalət” qəzetində çalışdım. Mənim Bakıya gəlişim azadlıq hərəkatının ən qaynar çağına təsadüf etdi. Sonra həqiqi hərbi xidmətə çağırıldım. O vaxtkı “Xalq ordusu” qəzetində çalışdım. Hərbi studiyada işlədim. “Hərbi bilik” jurnalının nəşrini neçə ildən sonra bərpa etdim, onun redaktoru oldum. Jurnalın televariantı da var idi o vaxt. Ondan sonra hərbi nəşriyyatda şöbə rəisi vəzifəsində çalışdım, sonra da mayor rütbəsi ilə təqaüdə çıxdım. Məndən hələ o vaxtlar soruşurdular ki, neynirdin hərbçi olub? Cavab verirdim ki, yatsam, yuxuma da girməzdi hərbçi olaram. Amma bu gün taleyimdən razıyam ki, hərbçi olmuşam. Sabah müharibədən söhbət düşəndə mənim də deməyə sözüm var. Hərbi studiyada çalışdığım vaxt elə olurdu ki, günlərlə, bəzən həftələrlə ezamiyyətdə olurdum. Zəngilan mühasirədə olanda İranın üzərindən uçub oraya getdik. Çalışmışam ki, həmişə öz vəzifəmi və vətəndaşlıq borcumu layiqli şəkildə yerinə yetirim. Buna görə vicdanım rahatdır. Bu mənada özümdən, taleyimdən narazı deyiləm. Amma hələ yeni-yeni hərbçi olub əynimə hərbçi forması geyindiyim günlərin birində nəşriyyata getmişdim. Belimdə tapança, ürəyimdə qürur hissi.. Həm də hələ onda cavan, bir az da dikbaşlıq edən vaxtlarım idi. Bunu görən Vəli Xramçaylı dedi ki, ayə, dikbaşlıq eləmə, sən hərbçi oldun, Azərbaycan ordusu o qədər də çox şey qazanmadı, amma Azərbaycan jurnalistikası Rəşid Faxralını itirdi. Bu gün bunu xatırlayanda fəxarət hissi keçirirəm. Deməli, az-çox jurnalistikada imzamı tanıda bilmişəm.

KİÇİK QIZIM MƏNİM ƏN GÜCLÜ TƏNQİDÇİMDİ

Övladlarımdan heç birinin yolumu davam etdirməsini istəmədim. Kiçik qızım 3-cü sinifdə oxuyanda şeirlər, məqalələr yazırdı. Bir dəfə  mən şeir yazmışdım ki, qar göydən yağmır, mənim ürəyimdən yağır. Sən demə, bu da mənim həmin şeirimdən təsirlənib nəsə yazıbmış. Bir dəfə axşam evə gedəndə gördum stolun üstündə kağız var, uşaq da o yan-bu yanıma keçir ki, o kağızı oxuyum. Yazmışdı: “Aaa, mən də elə bilirdim ki, qar göydən yağır. Sən demə, qar atamın ürəyindən yağırmış. Görəsən bu qar mənim atamı tanıyanları üşüdəcəkmi?” O kiçik yazıdan çox təsirlənmişdim onda. Sonralar da böyüdükcə məqalələr yazdı. Arzulayardım ki, o yaxşı bir jurnalist olsun. Amma jurnalistikanın ağrılarını gördüyüm üçün peşə seçimində qoymadım jurnalistikanı seçsin. Gəlin etiraf edək ki, bizim peşəmiz asan peşə deyil. Açığı, istəmədim ki, övladım mən yaşayan ağrıları yaşasın. Jurnalistikanın nə olduğunu ancaq yazanlar bilər. Onların əziyyətini mən yaxşı bilirəm. Ona görə də bütün jurnalistlərə dərin ehtiramım var. Allah qələmlərini iti, canlarını sağ eləsin.

Qızım universitetin ingilis filologiyasını bitirdi. Amma bu gün də kiçik qızım mənim ən güclü tənqidçimdi. Bəzən misra, beyt üstündə, hansısa bir fikir üstündə mənimlə dirəşir, mübahisə edir. Oxucu kimi oxuyur, ata kimi dəyərləndirir. İstəmir ki, atasına yöndəmsiz sözü başqaları desin, məni başqaları tənqid etsin. Deyir, elə ondansa məndən eşit tənqidləri. Büruzə verməsəm də bu, mənə o qədər ləzzət verir ki. Onun yaradıcılığıma bu qədər diqqətli və tələbkar yanaşması xoşuma gəlir.

İLK NÖVBƏDƏ ƏSL VƏTƏNDAŞ OLMAĞA ÇALIŞMIŞAM

Ömrü boyunca insanın həyatında nələrsə alınır, nələrsə alınmır. İnsan yaşadıqca bəzi arzularını həyata keçirir, bəzilərini reallaşdırmağa müvəffəq olmur. 60 yaşa gəlib çatmışam, Tanrının verdiyi ömrü layiqincə yaşamağa çalışmışam. Amma təbii ki, həyatda bu və ya digər səbəblərdən etmədiyim, edə bilmədiyim  şeylər də çox olub: ya başısoyuqluqdan, ya biganəlikdən, ya da həyat, məişət qayğıları imkan verməyib....

2002-ci ildə kəndimizdən bir kitab yazmışdım, “Oğuz eli Faxralı”.11 ildir ki, o kitabı yenidən nəşr etdirmək istəyirəm, amma alınmır.

Bu yaxında Gürcüstanda gürcücə şeirlər kitabım çıxdı. “Görüş” adlı bu kitab İmir Məmmədlinin tərcüməsində işıq üzü görüb. Həmçinin Gürcüstanda tərcümə kitabım çap olunub.

İxtisasım riyaziyyatdı, sonra jurnalistliyi seçdim, daha sonra yolum hərbidən keçdi, şair və publisist qələmimi də əlimdən yerə qoymadım. Əsl vətəndaş olmaq həyatımın və şair, jurnalist, hərbçi kimi fəaliyyətimin əsas qayəsi olub. Bəxtiyar Vahabzadənin məşhur misraları yadıma düşür hərdən: “Qatlayıb dizinin altına qoyar / Alim Bəxtiyarı şair Bəxtiyar...” İndi onun təbirincə desək, şair və jurnalist Rəşid Faxralını da, hərbçi və riyaziyyatçı Rəşid Faxralını da – hamısını vətəndaş Rəşid Faxralı qatlayıb dizinin altına qoyar. Nələrsə etmək istəmişəm, bəziləri alınıb, bəziləri alınmayıb, amma həmişə, ilk növbədə, əsl vətəndaş olmağa çalışmışam.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 1 fevral.- S.24.