Repressiya olunmuşların
yaradıcılığı
Sovet İttifaqında
20-ci illərin sonuna və bütün 30-cu illərə təsadüf
edən hadisələr
kütləvi repressiyalar
dövrü kimi bəşər tarixinə
düşüb. Sovet rejiminin əleyhinə
söylənilən, onun
ədalətli olub-olmamasından
asılı olmayaraq hər hansı sözə görə, bəzən də şərləmə, böhtan
yolu ilə ölkənin ən işıqlı simaları
həbsxana barmaqlıqları
arxasına atılırdı.
Belə adamları “xalq düşməni” damgası
“qazanmaqla” ya güllələyir, ya da SSRİ-nin çox soyuq və yaşayış üçün xeyli çətin olan ucqar guşələrinə
sürgün gözləyirdi.
Gələcəyinə böyük ümidlər
bəslənən gənc
Azərbaycan rəssamı
Ələkbər Rzaquliyev
həmin illərdə
repressiyanın qurbanına
çevrilmiş çoxsaylı
yaradıcılarından biri
oldu.
Taleyinə yazılan ömür
payının çoxunu
sürgündə keçirən
Ələkbər Rzaquliyev
(1903-1974) “pantürkizm” ideyalarının
yayıcısı kimi
əvvəlcə 6 illiyə
Arxangelskə, azad olunandan sonra isə dərhal yerli kommunist liderlərindən biri olan R.Axundovun təkidi ilə uzaq Solovkiyə, ən nəhayət Altay vilayətinə sürgün
olunmuşdu. 25 illik
(!!!) ağır sürgün
həyatı keçirən
Ələkbər Rzaquliyev
yalnız Stalinin vəfatından üç
il sonra Azərbaycana
dönə bilmişdi. Vətənə
qayıdan və bədxahlarına özünün
mənəvi gücünü
və mübarizliyini sərgiləyən rəssam
qalan ömrünün
gecəsini-gündüzünü ürəyində donub qalan sənət arzularının gerçəkləşdirilməsinə
həsr etmiş və çox qısa müddətdə
ərsəyə gətirdiyi
“Köhnə Bakı”
qrafik silsiləsi ona əsl sənətkar
şöhrəti qazandırmışdı.
1964-cü ildə bənzərsiz
yaradıcılıq uğurları
ilə sovet ideoloqlarını belə
heyrətlənməyə məcbur
edən rəssama “Əməkdar rəssam” fəxri adı verilmişdi. O, haqlı olaraq keçmişimizin bədii
mənzərəsini yaradan
ən yaxşı sənətkarlardan sayılır...
Təəssüf ki, bu xoşagəlməz
taleyüklü təzyiqə
tuş gələn təkcə o deyildi. Rəssamlardan
Həsən Haqverdiyev,
Hüseyn Axundov, valideynlərinin “antisovet fəaliyyəti”nə görə
isə Azər Rəsulzadə, Tahir Salahov, Toğrul və Vidadi Nərimanbəyovlar, Oqtay və Toğrul Sadıqzadələr də
otuzuncu illərin günahsız qurbanlarından
olmuşlar. Daxili “düşmən” axtarışına sürüklənən
cəmiyyətin öz
əli ilə çox işıqlı simalarına, o cümlədən
də gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri mahiyyətinə
görə heç şübhəsiz təzadlarla
dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz
qara ləkəsidir desək, həqiqəti söyləmiş olarıq.
Doğrudan da həmin illər
özünün ağrılı
– acılı hadisələrinə
görə
çox da uzaq olmayan keşməkeşli
keçmişimizin heç
vaxt unudulmayacaq səhifələrindən birini
təşkil edir. Belə ki, həmin
qanlı-qadalı illərdə
Vətənini, millətini
varlığı qədər
sevən neçə-neçə
yurddaşımız evindən
– eşiyindən pərən
– pərən salındı,
uzaq – uzaq ellərə sürgün
edildi. İşıqlı əməl sahibləri
olan bu adamların
çoxunun günahsız
olduğu çox təəssüf ki, yalnız çox-çox
sonralar üzə çıxdı və onlar haqlı olaraq bəraət də aldılar. Taleyinə məcburi didərginlik
yazılanların sırasında
Azərbaycan Demokratik Respublikasının yaradıcılarından
olan Məmməd Əmin Rəsulzadənin ailəsi də vardı. İş elə gətirdi ki, repressiya dalğası səngisə
belə, bu ailə sonralar da bir yerdə
ola bilmədi.
Ölkəsini müstəqil
görmək istəyən atanın ömür yolu –işıqlı arzulara köklənmiş həyatı
uzaq Almaniya, Polşa və Türkiyədə, oğlu
Azərin məşəqqətli
günləri isə Azərbaycandan kənarda –
Qazaxıstan torpağında
keçdi...
Azər
Rəsulzadə (1920-1993) Qazaxıstanda
ailə həyatı qurdu və ömrünün
axırına kimi də burada yaşadı, rəssamlıqla
məşğul oldu.
O, sürgündən əvvəl
Bakı rəssamlıq
texnikumunu bitirmişdi.
Təhsil sonrası illərdə Qazaxıstanda yaşayan Azər Rəsulzadə oradakı orta məktəbdə uşaqlara rəsm dərsindən dərs deyib, böyük həvəslə onlara rənglər vasitəsilə
gözəllik yaratmagın
sirlərini öyrədib.
O, sonralar Qaraqanda şəhərində Bədii
Fondda rəssam işləyərkən sənət
aləmi ilə daha dərindən təmasda olub, özünəməxsusluğu ilə seçilən əsərlər yaradıb
və hamıya realizmin bədii ifadə ənənələrinin
nəhayətsiz olduğunu
əyani göstərməyə
nail olub. Müxtəlif janrlarda çəkilmiş
həmin lövhələrı
Qazaxıstanda təşkil
olunan ayrı-ayrı sərgilərdə uğurla
nümayiş etdirib.
Azərbaycan sənətsevərləri
isə yalnız
1994-cü ildə Bakıda
təşkil olunmuş
sərgidə Azər
Rəsulzadənin və
onun Azərbaycanda yaşayan oğlu Raisin yaradıcılığı ilə
tanış ola biliblər.
Azər Rəsulzadənin portret və mənzərə janrlarında işlədiyi
tablolarda yuxarıda qeyd etdiyimiz kimi onu əhatələyən
gerçəkliyə real bədii
münasibət mövcuddur. O, müasirlərinin
(“Avtoportret”, 1950; “Həkim
Əbdürrəhman Hüseynov”,1951) obrazlarına, xüsusilə təbiət
motivlərini (“Yol”,1960; “Yay
motivi”,1962) Vətən həsrətilə
bələməyə nail olmaqla,
onların duyulası təsirliliyini əldə
edə bilib. Rəssamın görüntüyə
gətirdiyi obrazlara xas incə və
səciyyəvi cizgiləri
rənglərin dili ilə ifadə edə bilməsini ilk növbədə onun insan psixologiyasına bələdçiliyinin
nəticəsi saymaq olar. Onun mənzərələrində də bədii görkəm almış təbiət motivləri rəng tutumuna görə kifayət qədər duyğulandırıcıdır.
Bunu isə Azər Rəsulzadənin dərin müşahidə
qabiliyyəti ilə yanaşı, müşahidə
etdiyi real görüntüləri poetik
ovqat daşıyıcısına
çevirə bilmək
istedadının cəlbedici
nəticəsi saymaq olar...
Azər
müəllimin oğlu
Raisi Qazaxıstandan Azərbaycana qaytaran onun rəssam olmaq istəyi oldu.O, Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini 1969-cu ildə bitirdi və geri – Qazaxıstana qayıtmadı.
Rais Rəsulzadənin yaradıcılığı
elə o vaxtdan bu günə kimi Azərbaycanda keçdiyindən sənətsevərlər
rəssam kimi onun imzasını müxtəlif sərgilərdən
yaxşı tanıyırlar.
Uzun illər ərzində Azəbaycan Dövlət Pedaqoji Universitetində dərs deyən Rais müəllimin gənc kadrların yetişməsində xidməti
əvəzsizdir desək,
həqiqəti söyləmiş
olarıq. İstedadlı
fırça ustasının ən müxtəlif janrlarda çəkdiyi əsərlərdə
dünyanı fərqli
bədii şərhlə
ifadə etmək istəyinin uğurlu nəticəsini görmək
mümkündür. Tarixi
abidələrin, qədim
yurd yerlərinin təsvirləri (“Naxçıvan
dağları”,1980; “İçərişəhərdə”,
1985; “Şamaxı dağları”,2003) irili-xırdalı əsərlərdə
dəyişgən və
cəlbedici rəng həlli ilə açıqlanıb.
Onun işlədiyi müxtəlif
tutumlu tablolarda (“Şərq natürmortu”,1980; “Metro
inşaatçıları”,1986; “Gizlində”,1988; “Yorğun əsgər”,
1989) psixoloji yozumlar və ovqat ifadəsi
(“Rəssam Qadir Süleymanovun portreti”,1985, “Balıqçının
portreti”,1990) fərdi müəllif
yaşantıları ilə
qoşalaşdığından çox düşündürücüdürlər...
Görkəmli yazıçı, otuzuncu illərdə repressiyaya uğramış Seyid Hüseynin ailəsində böyümüş Oqtay və Toğrul Sadıqzadələrin də özünəməxsus sənət dünyası var. Xalq rəssamı Oqtay Sadıqzadənin real biçimli portretləri (“Şairə Natəvanın portreti”,1983; “Mügənni F.Qasımovanın portreti”,1986), onun kiçik qardaşı Toğrul Sadıqzadənin (1926-1995) janr və ovqat genişliyi ilə seçilən yaradıcılığı (“Yeddilliyin səhəri”,1963; “Neft dagı”,1967; “Xirosima”,1965; “Mahnı”, 1985) Azərbaycan rəngkarlığının maraqlı səhifələrindən birini təşkil edir...
Sərhəd rayonlarından birində raykom katibi işləyən Teymur Salahovun otuzuncu illərdə repressiya qurbanı olması oglu Tahirin də gələcək həyatını puç edə bilərdi. Belə ki, o, Bakıda rəssamlıq məktəbini bitirəndən sonra Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərindəki iki ali məktəbə uğurla imtahan versə də, ona tələbə adını qazanmağa imkan verməmişdilər. Əvvəlcə İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, sonra isə V.Muxina adına Ali rəssamlıq-sənaye məktəbində mövcud olan “Hərbi kafedra”lar onun bioqrafiyasında atasının repressiyaya məruz qalmasını ona bagışlanılmaz irad tutaraq sovet ali təhsil ocagında oxumasına qadağa qoymuşdular. Yalnız 1951-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna imtahan verən T.Salahov burada arzuolunmaz hərbi kafedranın yoxluğu üzündən tələbə adını qazanır. 1957-ci ildə “Növbədən qayıdanlar” adlı diplom işi ilə dünya təsviri sənətinə “sərt üslub” kimi bədii üslub bəxş edən rəssam, sonrakı səmərəli yaradıcılığı ilə Azərbaycan incəsənətinin şöhrətlənməsinə böyük xidmətlər göstərib. Onun “Səhər qatarı” (1958), “Qara Qarayevin portreti” (1960), “Təmirçilər” (1960), ”Abşeron qadınları” (1967), “Yeni dəniz” (1970) və digər əsərləri milli təsviri sənət xəzinəmizin inciləridir.
Görkəmli fırça ustası Toğrul Nərimanbəyov və onun böyük qardaşı Vidadi Nərimanbəyov da vaxtilə Fransada təhsil almış ataları Fərman bəyin repressiya qurbanı olmasının ağrısını çəkməli olublar. Repressiya nəticəsində ata həbs edilərək Rusiyanın soyuq Kolım şəhərinə, ailə üzvləri – həyat yoldaşı İrma xanım, oğlanları Vidadi və Toğrul Özbəkistana sürgün ediliblər. Yalnız sonralar Fərman bəyin bəraət alması övladlarının təhsil almalarına imkan yaradıb və onların hər ikisi rəssamlıq sahəsində mükəmməl təhsil alıblar. Xalq rəssamı Vidadi Nərimanbəyov sənətsevərlərin yaddaşında daha çox hərbi mövzuda əsərlər (“Müharibə uşaqları”,1980; “Xatirə”,1985) çəkən bir rəssam kimi qalıb.
Ötən il Parisdə dünyasını dəyişən və arvadının inadkarlığı nəticəsində elə orada dəfn olunan Toğrul Nərimanbəyov isə sözün əsl mənasında XX əsr Azərbaycan təsviri sənətini dünyaya tanıdan yaradıcılardan biri olub. Onun dəzgah və monumental rəngkarlıq, kitab qrafikası və teatr-kino sahəsində yaratdığı sənət nümunələri özündə ilk növbədə dünyaya çox fərqli “Toğrul baxışı”nı yaşadırlar. Onun “Muğam” (1965), “Göyçay bağlarında” (1965), “Tarla düşərgəsində” (1967, “Payız bazarı”,1976)) lövhələri, Kukla teatrını, Milli Məclisi və s. yerləri bəzəyən bənzərsiz monumental divar rəsmləri məhz bu qəbildəndir.
Ziyadxan Əliyev
əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2014.- 1 fevral.- S.25.