Qəzetpulu
(hekayə)
Şaban müəllim əlindəki dərs
jurnalını stolun üstünə qoyub adəti üzrə,
sağ əli ilə sol əlinin barmaqlarını
ovuşdurdu.
Uşaqları sayırmış kimi sinifə göz gəzdirdi.
Üzünu Səlimə tutdu:
–Kim qəzetpulunu
gətirməyib?- səsi acıqlı idi.
Sinif
nümayəndəsi Səlim onun bu sualını dənə
cuman toyuq kimi göydə tutdu:
–Müəllim,
–Səlim çox sevincək dilləndi. O, sanki çox mühüm bir xəbər əldə
etmişdi, – Fərqanədən başqa hamı gətirib.
Eldarla eyni sırada, yanaşı partada oturan Fərqanə
Səlimə tərs-tərs baxdı. Ancaq onun bu
baxışları Səlimin xoşbəxt halını zərrə
qədər də pozmadı.
Şaban müəllim Fərqanəni
acıqlı-acıqlı süzüb:
–Dur
görüm ayağa, – dedi, – onun baxışları qəzəb
saçırdı, artıq beşinci dəfədir söz verirsən ki, gələn
dəfə mütləq gətirəcəyəm.
Bəs nə oldu?
Sənə görə bu boyda məktəbin
qəzet abunəsi gecikməlidir?
Bir ay
olardı ki, yeddincilərdən “Azərbaycan pioneri” qəzetinə
illik abunə üçün bir manat dörd qəpik pul
yığırdılar. Şaban müəllim
Eldargilə bədən tərbiyəsindən dərs deməklə
bərabər, həm də onların sinif rəhbəri idi.
Ona görə də, qəzetpulunu o
yığırdı. Eldarın Şaban
müəllimdən xoşu gəlmirdi. Ona elə ilk
gündən savadsız adam kimi
baxırdı. Fürsət düşəndə,
Eldar bir-iki dəfə dərs jurnalına baxmışdı.
Dərs mövzusunun adını “Fidbol oyunu” kimi yazan Şaban müəllimə,
hətta yazığı da gəlirdi: bir müəllim ki, “futbol” sözünü düz yaza
bilməyə, ondan nə gözləyəsən?
Başını aşağı salan Fərqanə, elə
bil, ayaqüstə donmuşdu. Üzü
qızarmışdı. On beş nəfərlik sinfin gözü Fərqanədə
idi. Şaban müəllim onun oturduğu partaya doğru
addımladı:
–Səndən
söz soruşmuram? Nə qədər bizi
aldadacaqsan?
Sözünə
ara verib sağ əlinin şəhadət
və orta barmağını qoşalaşdırıb Fərqanənin
çənəsinin altına uzatdı. Qızın sifəti
bir az da allandı. Fərqanə
susurdu.
–
Başını yuxarı qaldır, –deyə Şaban müəllim
Fərqanənin çənəsinə
yapışmış iki barmağına güc verdi. Onun balaca, tüklü əlində,
sanki güc yox idi. Fərqanə əvvəlki
qaydada, yenə də gözlərini yerə dikmişdi.
Qızın bu inadkarlığı onu lap təbdən
çıxartdı:
–Niyə
cavab vermirsən? –Əl atıb onun iki yoğun
hörüyünü aşağı dartdı. Həmin
an da onun aşağı əyilmiş
başı yuxarı qalxdı. Fərqanə,
görünür, bunu gözləmirdi. Üzü od
tutub yanan qızın
iri ala gözlərində
bir yazıqlıq vardı. Onun əynindəki
yaşıl jaket nimdaşlığı ilə göz
deşirdi. Birdən Eldara
elə gəldi ki, Fərqanənin üz-gözündəki əzabdan jaket
bir az da büzüşdü. Bu jaket Fərqanənin
bir ay əvvəl gəlin köçən
bacısının idi. Bu, Eldarın ürəyini bir az da sıxdı. Kənddə bu bir qayda idi:
balacalar, böyük bacı-qardaşlarının köhnəlmiş
paltarlarını geyərdilər. Yoxsa, ailədəki səkkiz, on
uşağa paltar çatdırmaq olar? Birdən
Eldarın ürəyindən keçdi ki, durub Fərqanəyə
qahmar çıxsın. Ancaq məktəbin
direktoru Əli müəllim gəlib durdu gözünün
qabağında. Bildi ki, Şaban müəllimlə
üz-göz olsa, direktor onu kabinetinə
çağırıb kötəkləyəcək. Ona görə də, fikrindən vaz keçdi.
Eldar bilirdi ki, Şaban müəllim
özünü işgüzar göstərmək, yəni abunə
pulunu vaxtından tez yığmaq və bununla da direktorun
xoşuna gəlmək istəyir.
Fərqanə təkcə əlaçı deyildi, həm
də sinifdəki qızların ən gözəli idi. Fərqanənin
bacı-qardaşlarının hamısı yaxşı
oxuyurdu, çoxunun şəkli divardakı “Əlaçı şagirdlər” lövhəsinə
vurulmuşdu.
Birdən Eldarın öz-özünə
yazığı gəldi. Babək, Koroğlu, Qaçaq Nəbi,
Mehdi Hüseynzadə ilə bağlı oxuduqları yadına
düşdü. Ürəyində özünü mühakimə
etməyə başladı: “Sən qorxaqsan. Özünü
Mehdi Hüseynzadəyə tay tutmaq istəyirsən,
ancaq bir sinif yoldaşına qahmar çıxa bilmirsən. Sənin
yerində Mehdi
olsaydı, heç vaxt susmazdı. Gör, özünü kimə oxşatmaq istəyirsən?
“ Hiss etdi ki, sifəti istilənir. Nəhayət, Fərqanənin
dili açıldı:
–Müəllim,
–onun səsi titrəyirdi- atam üç gündü
Yuxarı Meşə yolunda kol qırır. Dedi ki, kolu satan kimi sənə pul verəcəm, –
Şaban müəllim, az qala, bomba kimi partladı:
–Qız,
sən dəli olmusan? Sabah direktor məni
çağırıb qəzetpulunu soruşanda, durub mən ona sənin kimi
nağıl danışacam? Heç bilirsən nə deyirsən? – Orta boylu,
sısqa bədənli Şaban müəllimin ağzı
köpüklənmişdi:
–Mənə
bax, sabah hardan olursa-olsun, bilmirəm, pulu
tapıb gətirirsən.
Fərqanə hələ də ayaqüstə idi.
Yenə də başını
aşağı salmışdı. Şaban müəllim
tərləmiş alnını əlinin arxası ilə
silib, yerinə qayıtdı, köhnə, meşin söykənəcəkli
stula əyləşdi.
–Atası
kol qıracaq, sonra onu satacaq, sonra da buna pul verəcək.
Şaban
müəllim Fərqanəyə lağ edirdi. Sonra o, sinif
nümayəndəsi Səlimə üz tutdu:
–Sabah bütün
pulları mənə verirsən. Bircə nəfər
də qalmasın.
Əsgər
kimi farağat dayanan Səlim tələm-tələsik:
–Oldu,
müəllim,- dedi.
Eldar düşündü ki, Səlim böyüyəndə
Şaban müəllimə oxşayacaq.
Şaban
müəllim, gözəl bilirdi ki, sabah Fərqanə
qəzetpulunu gətirməyəcək. Çünki...
Çünki kənd adamının sirri olmur. Hamının
bir-birindən ovcunun içi kimi xəbəri olur, kimin nə
ilə nəfəs aldığını yaxşı bilirlər.
Bu kəndin çoxu kimi, Eldargillə qonşu
olan Fərqanəgil də çox kasıb idilər. Bir
də görürdün ki, Fərqanə, yaxud
bacı-qardaşlarından hansısa həyətlərini
ayıran alçaq çəpərin üstündən
Eldarın anasını səsləyir:
–“Ay
İbadət xala, anam deyir ki, axşama kimi bizə ikiatımlıq
çay versin”. Yaxud “Ay İbadət xala, bizə
on cüt qənd ver”. Anası Fərqanəgilin ailəsinin xətrini çox
istəyirdi. Bu xətir-hörmətin də bir sarsılmaz özəyi
vardı: “Osman da, Səlimə də
düz adamdı, halal adamdılar. Nolsun
kasıbdılar”.
Qış
başlayan kimi, Eldarın dayısı qəssab Ağasəf hər
iki-üç həftədən
bir dana, ya da bir öküz kəsərdi. Atası
əlində ət həyətə girən kimi, Eldarın
anası tez soruşardı. “Ə Dəli, (kəndin bircə
qadını da ərini adı ilə
çağırmazdı, hərə ərinə bir ad
yaraşdırardı) sən Allah, Osman da ət
aldı?” Atası “hə” desəydi, elə bil, anasının üzündə
Gün doğardı: “Şükür sənə, ya Allah!”
Atası “Yox, Osmanı görmədim” desəydi, anası iki-üç sümüklü tikəni
və iki-üç dənə də soğanı
yaşıl çuqun qaba qoyub
Eldara, ya da bacılarına verib deyərdi: “Apar, ver Səliməgilə”.
Bütün kənd belə yaşayırdı. Şaban müəllim
də bunu bilirdi.
Eldar neçə gün idi ki, bir manat üçün
baş sındırırdı. Hardan bir manat
tapsın? Bunu atasına deyə bilməzdi.
Heç cür deyə bilməzdi. O, uzağı
atasından 10-20 qəpik istəyə bilərdi. Lap
yalvarıb bir manat istəsə, bəs atası soruşmaz ki,
bu pulu neynirsən, bu pul nəyinə gərəkdi? Bir manat bir kilo qənd eləyir. Necə desin
ki, pulu Fərqanə üçün istəyir. Bu,
mümkün olan iş deyildi. Bu gün səhər də yuxudan
oyanan kimi, Fərqanə yadına düşmüşdü.
Fikirləşmişdi ki, Şaban müəllim yenə də Fərqanənin
gününü göy əsgiyə bükəcək. Bu fikrindən boğazı qurumuşdu. Onun bu
halı bir süfrə arxasında çörək yediyi
atasının gözündən qaçmamışdı:
“Çörəyini ye də, sənə nə olub?”
demişdi. Atasının sözlərindən sonra pul məsələsini
açıb demək istəmişdi, ancaq buna cəsarəti
çatmamışdı. Daha doğrusu, ürəyindəkini
atasına deyib-deməməyi götür-qoy edən əsnada,
çöldən gələn anası söhbətə
qarışmışdı:
“Ə Dəli, kaprativə
(mağaza) rezin gəlib, bir manat ver, bir on metrə alım,
uşaqların şalvarlarının rezini
çürüyüb- gedib”.
Anası bu sözləri çəkinə- çəkinə
demişdi atasına. Bu sözləri deyəndə,
atasının üzünə baxmamışdı.
Adamın üzünə baxıb, pul istəməyin içində
bir zor, qarşıdakı adama
güc gəlmək var, yəni pulu mütləq verməlisən.
Anası pulu həmişə belə istəyərdi
atasından. Bu, onların ailəsində
yazılmamış qayda-qanunlardan biri idi. Əslində,
Eldarın özü də kinoya, dondurmaya atasından pul istəyəndə,
başını aşağı dikərdi, onun üzünə
baxmazdı.
Eldar öz aləmində idi. Şaban müəllimin
danışdıqlarını eşitmirdi: “Gərək səhər
o bir manatı anamdan alaydım. Deyəydim ki,
rayona təzə kitab gəlib, onun üçün
lazımdır”. O, Fərqanəyə tərəf
baxmırdı, utanırdı. Sonra Fərqanənin anası Səlimə xala gəldi
gözünün qabağına. Hardasa,
üç-dörd gün əvvəl olardı, həyətlərinin
aşağı qapısının ağzında
rastlaşmışdı onunla. Eldarı görər-görməz,
Səlimə xala sözə başlamışdı: “Ay Eldar,
dünən gecə evdə dava-qırğın idi. Fərqanə
özünü öldürür ki, mənə qəzetpulu
verməsəniz,
məktəbə getməyəcəm. Atası
yetim də deyir ki, bir-iki günə, kolu satan kimi, birinci sənə
pul verəcəm. Bu da özünü yerə
çırpır ki, mən bilmirəm, yerdən-göydən
tapın, mənə pul verin. Atasının
əlindən zorla almışam,
döyüb-öldürürdü”. Eldar
görmüşdü ki, Səlimə xala
danışdıqlarından əzab çəkir, utanır.
O danışdıqca,
Eldar bir il əvvəli,
kənd klubundakı yığıncağı
xatırlamışdı. Yuxarı sinif
şagirdləri ilə o da bu yığıncağa
getmişdi, daha doğrusu, onları kluba zorla
aparmışdılar. Leninin anadan olmasının 100 illiyi ilə bağlı
keçirilən bu yığıncağı rayon partiya komitəsinin
şöbə müdiri aparırdı. O, Leninin dahiliyindən,
dünya proletariatının rəhbəri olduğundan
danışdı. Səhnəyə birinci Fərqanənin
atası Osman kişini çağırdılar. Rayon
nümayəndəsi əlini Osman kişiyə uzadaraq “Biz kommunizmi bu
cür zəhmətkeş
insanların əli ilə quracağıq,-” söylədi.
Sonra üstündə Leninin əksi olan böyük sarı
medalı şəstlə Osman kişinin rəngi bilinməyən
pencəyinin yaxasına sancdı və “buyur” dedi.. Osman kişi bir-iki dəfə udqundu, sonra içi
cadar-cadar əli ilə boynunu qaşıdı və nəhayət, dilləndi:
–“Əziz
yoldaşlar, görün, Lenin nə
qədər böyük adamdır ki, bu gün müharibə aparan,
od içində yanan
Vyetnam da onun 100 illik yubileyini
bayram edir”.
Bir-birinə oxşayan bütün
çıxışlardan Eldarın yadında qalan təkcə
Osman kişinin bu sözləri olmuşdu.
Sonralar kənddə
bəzi ağzıgöyçəklər Osman kişinin bu
Vyetnam söhbətini lağa qoymağa
başlamışdılar. Və bir gün Osman kişi
Eldarın atasını görəndə deyibmiş: “A
Hadı, vallah, sədr
mənə dedi ki, belə iclas olacaq, çıxış edəcəksən,
sənə medal verəcəklər. Mən də dedim ki, a
Murtuz, mənə nə medal lazımdı, nə də
çıxış eliyirəm. Çox
çək-çevir oldu. Axırda qayıtdı ki, sənə iki
kisə toyuqdəni verəcəyəm. Nə isə, məni
yola gətirdi,onu da vermədi. O Vyetnam söhbətini də o rayondan gələn
demişdi mənə, iclasdan qabaq”.
Bütün bunlar Eldarın beynindən ani olaraq
keçdi.
“Ay Eldar, nə
Fərqanədə günah var, nə də atası yetimdə.
On iki baş
külfət sənə zarafat gəlməsin. Vallah,
yoxdur. Olsa, bu bədbəxt, balasından
pul əsirgəyər?” Doluxsunan Səlimə xala
söhbətin sonunda birdən-birə qeyzlənmişdi:
–“Bu dağılmış kənd başdan-binadan
kasıb olub da. Pulu hardan alaq? Gözlə ki, ilin
sonu olacaq, kolxoz sənə beş-üç manat pul verəcək.
Bir də ki, ay Eldar, Fərqanə qəzetə yazılmasa, dünya
dağılacaq? O pioner qəzetini bizim evdə iki uşaq
alır. Gərək Fərqanə də
ayrıca alsın?” Düzü, bu gün səhər
qərəzləndim ki, gedim məktəbə, bütün
bunları o Şaban müəllimə deyim. Ancaq evdəkindən qorxdum, getmədim”. “Evdəki“,
yəni əri
Osman kişini deyirdi...
Eldar beynində bir manatın planını götür-qoy edirdi. O, yenə bayaqkı fikrinin üstünə gəldi. Rayon mərkəzindəki kitab mağazasına təzə kitablar gətirmişdilər. Bunu ona doqquzuncuda oxuyan Aydın demişdi. Eldar artıq beynində anası ilə söhbət edirdi:
–“Ay ana, – yalvarırmışcasına gözlərini anasının üzünə dikir, – rayona Qorkinin “Klim Samginin həyatı” gəlib. Nə olar, mənə bir manat ver də”.
Anasının, az qala, gözləri hədəqəsindən çıxır:
–“Sən dəlisən, bir manat nədi? Get kitabxanadan al, oxu da!”
–“Vallah, nə məktəb kitabxanasında var, nə də
kənd kitabxanasında”.
Qorkinin adını çəkməklə, Eldar anasını kövrəltmək istəyirdi. Uzun qış gecələri anası həmişə atası, yəni Eldarın babası haqqında danışmağı çox sevərdi. Deyərdi ki, atam rus-tatar məktəbini bitirmişdi. Bakıdan rus dilində gələn məktubları, qonşu kənddən belə, bizə gətirərdilər, oxutdurmaq üçün. Babası rəhmətə gedəndə, Eldarın iki yaşı olub. Anasının dediyinə görə, fürsət düşəndə, o, Eldarı da götürüb atasıgilə gedərmiş. Babası onu qucağından yerə qoymazmış, nədənsə Eldarı çox istəyirmiş. Bir də babası yazıq, Maksim Qorkinin vurğunuymuş. Anası deyir ki, balaca olanda, böyük qardaşının kitabındakı Qorkinin gözlərini qıyıqla deşibmiş – sifətindən zəhər yağdığı üçün. Və bunu bilən atası onu əməllicə döyübmüş. Anası deyir ki, sonralar ilk dəfə Qorkinin “Arxip baba və Lyonka”sını oxuyanda, balacalıqda onu kötəkləyən atasına dönə-dönə haqq qazandırıbmış. Ona görə də, indi Eldarın Qorkidən yapışmağı əbəs deyildi. Bu incə məqamı əlində dəstəvuz etməsi, heç də Eldarın xoşuna gəlmədi. Demək, o, babasının Qorkiyə olan məhəbbətindən sui-istifadə edir. Eldar ömründə anasına yalan danışmamışdı.
“Kim dedi sənə,
rayona kitab gətiriblər?”
“-Aydın”
Aydın əlaçıydı. Rayon qəzetində şeirləri çap olunurdu. Kitab dəlisiydi. Eldar bilirdi ki, anası Aydının xətrini çox istəyir. Yəqin anası o bir manatlığı ona verər. Fərqanəni bu yolla qəzetpulu bəlasından qurtarar. Sonra gedib Aydından müvəqqəti “Klim Samginin həyatı”nı gətirər. Nə isə...
–Top olmadığı üçün bu gün dərsimiz “İpatdı” olacaq. Şaban müəllimin bu sözləri onu diksindirdi, fikirdən ayırdı. Sinifdən çıxıb məktəbin böyük həyətinin uzaq güncünə necə gəldiklərindən xəbəri olmadı. İp olmadığı üçün Səlim məktəbin üzüm bağından üç-dörd tənək gətirmişdi. Uşaqlar bir-bir hər əllə tənəyin bir ucundan tutub, üstündən hoppanırdılar. Səlim isə kimin neçə dəfə hoppandığını sayır, əlindəki yaşıl dəftərə qeyd edirdi. Uşaqlara bu saya görə qiymət yazılırdı. Növbə Fərqanəyə çatdı. O, çox kədərli görünürdü, ipin üstündən zorla hoppanırdı. Bədən tərbiyəsi dərsi olan günlər bütün qızlar dondan əlavə, topuğa qədər uzanan, büzməli pamazı şalvar geyinərdilər. Bu, kənddə yazılmamış bir qanun idi. Növbəti dəfə Fərqanə tənəyin üstündən hoppananda, onun sarı, pamazı şalvarı ayaqlarına düşdü. Oğlanlar hırıldadılar. Qızlar “vayy!” –deyib içlərini çəkdilər. Fərqanə bir anlıq özünü itirdi, sonra tez-tələsik rezini qırılmış şalvarını ikiəlli yuxarı çəkib, hönkürdü. Ani olaraq, nə edəcəyini kəsdirə bilmədi. Sonra bir əli ilə şalvarının yuxarısından tutub, ağlaya-ağlaya məktəbin böyük taxta darvazasına tərəf qaçdı. Eldar Səlimin üstünə cumdu...
Dekabr, 2013
Qorxmaz Şıxalıoğlu
525-ci qəzet.-
2014.- 1 fevral.- S.28.