Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və
fəaliyyəti (davamı)
“NİCAT”
CƏMİYYƏTİ
“Nicat” mədəni
– maarif cəmiyyəti 1906-cı il mart
ayının 8-də təşkil olunub. Bəzi
qəzetlər isə yazır ki, guya təşkilat avqustun
22-də yaranıb. Həmin gün cəmiyyət
üzvləri Bakının M. Muxtarov küçəsində
Əjdər bəy Aşurbəyovun evini icarəyə
götürüb işə başlayır. Cəmiyyətin
üzvləri Üzeyir Hacıbəyov, Məhəmməd
Əmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzağa Əliyev,
Hüseynqulu Sarabski, Murad Muradov, Hüsey Ərəblinski, Mehdi
bəy Hacınski, Bədəl bəy Bədəlbəyov, Həbib
bəy Mahmudbəyov, Abbasqulu Kazımzadə, Məhəmməd
Əli Rəsulzadə, Qulammirzə Şərifov, Soltan Məcid
Qənizadə, Əlisgəndər Cəfərov, Mirmahmud
Kazımov, İbrahim Əbilov, Sidqi Ruhulla, Məmmədəli
Sidqi, İmran Qasımov elə
o gün İdarə Heyətini seçdilər. Cəmiyyətin sədrliyinə Məmmədəlibəy
Səlimxanov seçilir, başqa bir mənbədə isə
göstərilir ki, doktor X. B. Ağayev seçilib. Sonra ianə toplanmağa başlanılır.
H. Z. Tağıyev beş min manat verir. Musa
Nağıyev də beş min yazdırır. Və
H.Z.Tağıyev əlavə olaraq bildirir ki, əgər Musa
Nağıyev beş min manat verməkdən
imtina edərsə, onun əvəzinə pul ödəməyə
hazırdır. “Nicat”ın ən fəal
üzvlərindən biri İmran Qasımov olmuşdur. Cəmiyyətə “Nicat” adını da o
vermişdir. İmran Qasımov əslində
podratçılıqla məşğul olurdu. Murtuza Muxtarovun Əhməd Cavad və M. Muxtarov
küçələrinin tinindəki əzəmətli
sarayını tikdirərkən yıxılıb
ayağını sındırmış və sonra bundan da vəfat
etmişdi. 1907-ci ilin martın 9-da İdarə
Heyətinin sədrliyinə doktor Həsən bəy Ağayev
seçilir. Noyabrın 12-də onun
İrana getməsi ilə əlaqədar olaraq sədri Məhəmməd
Əmin Rəsulzadə əvəz edir.
“Nicat”ı təşkil edənlərin əksəriyyəti
göründüyü kimi ziyalılar idi. Əlbəttə,
içərilərində varlı və sahibkarlar da
vardı. Cəmiyyətin əksəriyyəti
azərbaycanlıları savadlandırmaq və maarifləndirmək,
yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə
cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərmək
idi. Cəmiyyət Bakıda və Bakı
kəndlərinin bəzisində kitabxana və qiraətxanalar
açmışdı. Bakıdakı
kitabxana və qiraətxananın müdiri Məmmədbağır
Axundov idi. Kəndlərdə
açılmış bir və iki sinifli məktəblərin
sayı otuza çatmışdı. Belə
məktəblərdən biri də Balaxanı kəndində
açılmışdı. M. Ə. Sabir həmin məktəbdə
bir neçə il dərs demişdi.
Cəmiyyət fəhlələr üçün gecə
kurslarının, gecə məktəblərinin
açılmasına da xüsusi fikir verirdi. Binalar kirayələyir,
ictimai-siyasi mövzularda müzakirələr təşkil
edirdi. Bəzi vaxt “Nəşri-maarif” Cəmiyyəti
ilə əlbir işləyir, birgə tədbirlər həyata
keçirirdi.
“Nicat”ın teatr bölməsi xüsusilə
böyük həvəs və enerji ilə işləyirdi. Cəmiyyət
gənc aktyor truppaları yaradır və onların ətrafına
teatr həvəskarlarını cəlb edirdilər.
Dövrün tanınmış aktyorlarından Hüseyn
Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa
Əliyev, Sidqi Ruhulla və başqaları bu truppalarda nəinki
yaxından iştirak edir, eyni zamanda truppaya rəhbərlik də
edirdilər. Benefislər təşkil edilərək,
yığılan pullar ehtiyacları olan məktəb
uşaqlarına verilirdi. Görkəmli
yazıçı və dramaturqlar da bu cəmiyyətin ətrafına
toplaşmışdılar. Nəcəf bəy Vəzirov,
Əbdürrəhman bəy Haqverdiyev, Nəriman Nərimanov,
Üzeyir Hacıbəyov və başqaları həm öz əsərlərini
və həm də rus və dünya ədəbiyyatından tərcümə
etdikləri dram əsərlərini səhnəyə
çıxarır və onların məşqlərində
yaxından iştirak edirdilər. Milli musiqi mədəniyyətinin
inkişafında da “Nicat”ın böyük xidməti
olmuşdur. Məsələn, 1908-ci ildə
Bakıda “Leyli və Məcnun” operası məhz “Nicat”ın təşəbbüsü
ilə göstərilmişdi.
“Nicat” cəmiyyəti eyni zamanda həftədə bir dəfə
“Nicat” adlı qəzet də buraxırdı. Qəzet
İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu
ilə dərc olunurdu.
Cəmiyyətdə maliyyə, həmçinin siyasi
fikir və ideya məsələləri üzrə tez-tez
ixtilaflar baş verirdi. Bu, başlıca olaraq cəmiyyətin demokratik əhval-ruhiyyəli,
qabaqcıl nümayəndələri ilə varlı təbəqə
nümayəndələri arasında gedirdi. Belə
ixtilaf və toqquşmalar 1917-ci ilədək, yəni cəmiyyətin
bağlanmasınadək davam etmişdi. Belə
ixtilaflardan birini göstərmək olar. İsa
bəy Aşurbəyov özünü maarifpərvər kimi
göstərsə də, çalışmalarında sinfi fəaliyyəti
həmişə üstün gəlirdi. 1916-cı il mart ayını 24-də “Nicat” cəmiyyətinə
yeni seçkilər keçirildi. Aşurbəyov
seçkilərdə qalib gəlmək üçün
seçiciləri pulla satın almaq yolu ilə
özünün bütün yaxın adamlarını idarə
heyətinə seçdirə bilmişdi. Mart
ayının 24-də “Açıq söz” qəzetində “Nicat” cəmiyyətinə
seçicilərə açıq məktub” adlı məqalə
çap edilmişdi. Məktubu imzalayanlar
içərisində Nəriman Nərimanovun, Məşədi
Əzizbəyovun, Əsədulla Axundovun da imzaları da var
idi. Məktubda İsa bəyin və onun
yaxın adamlarının idarə heyətinə hansı
yollarla seçildikləri ifşa olunurdu. Həmin
məqaləyə Aşurbəyov küçə
söyüşləri ilə cavab vermişdi.
“Nicat” cəmiyyəti vəsait əldə etmək
üçün başqa vasitələrə də əl
atırdı.
Məsələn, şəhər
bağında arabir gəzintilər təşkil edir və
toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi.
Növbəti dəfə də belə bir gəzinti
təşkil etmiş və toplanmış dörd min manat
pulu Cənubi Azərbaycana mücahidlərə göndərmişdi.
Əlbəttə, bunu açıq edə bilməzdilər.
Çünki polis hər dəfə toplanmış pula nəzarət
edir və onun haraya göndərilməsini yoxlayırdı. “Nicat”çılar vəziyyətdən
çıxış yolunu pulun oğurlanmasında
gördülər. Pulu toplayan Əsədulla
Axundov əldə edilmiş bütün vəsaiti gizlətdikdən
sonra hay-küy salmışdı ki, pulu oğrular
çalıb apardılar. Ara sakitləşəndən
sonra həmin vəsaiti özü aparıb Cənubi Azərbaycanda
mücahidlərə təhvil vermişdi.
“Bakıda
Müsəlman-maarif cəmiyyəti “Nicat”ın 1907-1908 illər
hesabatı” kitabında “Nicat”ın fəaliyyətinə qiymət
verilərək yazılırdı: “Nicat” maarif cəmiyyəti
Bakıda olan cəmiyyətlərin ən köhnəsi olub,
yerdə qalan bütün cəmiyyətlərin müvəllidi
adını almağa müstəhəqdir”.
“SƏADƏT”
CƏMİYYƏTİ
“Səadət” Cəmiyyəti Bakı tacirləri və
ruhanilərinin cəmiyyəti idi. 1907-ci ildə təşkil
olunmuşdu. Əsas baniləri bunlar idi: Kərbəlayi
Məhəmmədəli Salayev, Molla Ələkbər Mərdəkanlı,
Axund Molla Ağa, Hacı Mustafa Rəsulov, doktor
Əbdülxalıq Axundov, Məmmədəli bəy Səlimbəyov,
Əliəsgər Dadaşov və başqaları. Sədri mərdəkanlı axund Ələkbər
idi. Cəmiyyət 1907-ci ildə “Səadət”
adlı bir məktəb açmışdı. Lalayevin ikimərtəbəli kiçik bir
binasında yerləşirdi, 14 otağı var idi. Əli bəy Hüseynzadə 1910-cu ildən
1916-cı ilədək, yəni Türkiyəyə gedənədək
bu məktəbdə direktor işləmişdi. “Səadət” müdiriyyəti sonralar köhnə
müsəlman qəbirstanlığında (indiki göz xəstəxanası)
böyük bir bina tikdirir. Ancaq bina tikilib
qurtarmamış Birinci Dünya müharibəsi
başlayır. Hökumət binanın
üstünü tələm-tələsik örtərək,
onu hərbi xəstəxanaya çevirir. Bu
zaman “Səadət”in dərsləri onun şöbələrində
keçirilirdi. Onun bir şöbəsi Suraxanı
küçəsi ilə Tatar küçəsinin tinində Hacı İmamverdi
məscidinin nəzdindəki “Nur” adlı məktəb idi.
Müdiriyyət “Nur”un üstündə
ikinci bir mərtəbə tikdirərək, uşaqların
oxuması üçün geniş imkan yaradır. “Səadət”in ikinci şöbəsi isə
Aşağı priyut küçəsində bakılı
Hacı Səmədin binası idi. Bu
binanı Hacı Səməd Heydərov 55 minə tikdirib,
özəlləşmiş sənədi ilə birlikdə məktəbə
bağışlamış və vəd etmişdi ki, yenə
ikimərtəbəli bir bina tikdirib, məktəbin
ixtiyarına verəcəkdir (“Arı” jurnalı, N6, 1911).
Yuxarıda
adları çəkilən cəmiyyətlərdən
“Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Səadət” və
“Səfa” cəmiyyətlərinin öz xüsusi binaları var
idi. “Müsəlman Xeyriyyə Cəmiyyəti”
“İsmailiyyə”də, “Səadət” göz xəstəxanasında,
“Səfa” cəmiyyəti Böyük Çəmbərəkənd
küçəsindəki imarətində yerləşirdi.
“Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin
binaları yox idi. “Nicat” bir neçə dəfə
Dumaya yer ayrılması ilə bağlı müraciət etsə
də, nəticəsiz qalmışdı.
“HİDAYƏT”
CƏMİYYƏTİ
1904-cü ildə general-qubernator Fadeyevin icazəsi ilə Bakıda “Hidayət” adlı bir cəmiyyət də yaradılmışdı. Bu cəmiyyətin təşkilatçıları əsasən ruhanilər və ziyalılardan ibarət idi. Bakıda qaniçən qoçular və qatillərlə mübarizə aparmağı, dini fanatizmin qarşısını almağı “Hidayət” cəmiyyəti öz qarşısına əsas məqsəd qoymuşdu. Camaatı incidən, küçələrdə qadınları təhqir edən quduz qoçular cəmiyyət tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Cəmiyyətin nizamnaməsi Əhməd bəy Ağayev tərəfindən tərtib edilmişdi.
Bakı qoçularının harınlığı o dərəcəyə çatmışdı ki, şəhərin mərkəzində xüsusi kontorlar açaraq, pulla adam öldürmək üçün sifarişlər qəbul edirdilər. Belə kontorlardan biri indiki Kukla teatrının qabağında olan ikimərtəbəli evin birinci mərtəbəsindəki dükanlardan birində yerləşirdi. Camaat arasında bu kontorlar “adam öldürən kontor” adlanırdı. Belə azğın qoçularla mübarizə “Hidayət”in məramnaməsində əsas yer tuturdu.
“Hidayət”in on nəfərdən ibarət idarə heyəti
var idi. Onun
üzvlərindən H. Z. Tağıyev, İsa bəy
Hacınski, şəhərin hörmətli ruhanilərindən
Bakı qazisi Mir Məhəmməd Kərim, ruhani-alim, axund
molla Ruhulla, ziyalılardan Əhməd bəy Ağayev, Mustafa
bəy Əlibəyovu göstərmək olar. Bu
sonuncu sonralar cəmiyyətin katibi seçilmişdi. 1906-cı ilin 17 noyabrında “Hidayət” cəmiyyətinin
üzvləri qoçulara divan tuturlar. Bu
qoçuların içərisində axund molla Ruhullanın həmkəndlisi
– novxanılı Məşədi Hacı oğlunun da adı
var idi. Qoçuluqdan başqa Məşədinin
Binəqədidə neft mədənləri də var idi.
Cəmiyyət üzvləri qubernatordan xahiş
edirdilər ki, Məşədi Hacı oğlu da qatil
qoçu kimi Qafqazdan sürgün edilsin. Qubernator
onun həbs edilməsi barədə sərəncam verir. Məşədi adının siyahıya düşməsində
Axund Molla Ruhullanın barmağı olduğunu başa
düşərək ondan intiqam almağa
hazırlaşır. Axund düz üç il müddətində
yay aylarında Novxanıdakı bağına
köçə bilmir. Məşədi güclü vəsait
qoyaraq oğlunun
Qafqazdan sürgün edilməsi əvəzinə,
Hökməli kəndinə (bu kənd Novxanıdan cəmi 10
verst aralıda idi) sürgün edilməsinə nail olur. O eyni
zamanda Axund Ruhulladan intiqam almaq üçün fürsət
axtarır. Nəhayət 1912-ci ilin yanvarın
16-da günorta vaxtı axundun Poçtovaya ((indiki S.
Tağızadə) küçəsində olan 151 saylı
evinə soxulub onu namaz üstündə öldürür.
Dövrünün
qabaqcıl maarifpərvər ruhanilərindən olan Axund
Ruhulla eyni zamanda ərəb və fars dillərindən
də gözəl tərcüməçi idi. O, məşhur
“İngilis xanımı” və Sərgüzəşti-yetiman”
romanlarını fars dilindən Azərbaycan
dilinə tərcümə etmişdi.
“Hidayət” cəmiyyəti dini fanatizm adətlərinə
qarşı çıxırdı. Müsəlmanların
şaxsey-vaxsey və s. bu kimi xürufat və dini mərasimlərinin
insanlara zərərdən başqa bir şey vermədiyini Cəmiyyət
camaata olan müraciətnaməsində açıq qeyd
edirdi. Müraciət şəhərin əyan və
əşrəfi tərəfindən imzalanmışdı.
Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov
isə bu barədə “İrşad” qəzetində məqalə
ilə çıxış etmişdi. Müraciət
şəhərin fanatik dindarları tərəfindən qəzəblə
qarşılanmışdı.
(Ardı var)
Nəsiman Yaqublu
tarix elmləri namizədi
525-ci qəzet.-
2014.- 1 fevral.- S.30.