Köhnə tanışlar: Qərib Mehdi

 

ONLAR NƏ DEYİBLƏR

 

 

Gəncəli cavanın “Qərib, hey!..” hekayəsi kövrək hisslərin poetikasıdır.

Mir Cəlal PAŞAYEV

Hörmətli Qərib Mehdi! Siz əsərlərinizlə Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət hissinin dərinindən, əxlaqlı şəkildə qavranmasına yardımçı olmaq niyyətinizdə həmişə təmənnasız olmusunuz. Bir yazar olaraq, bir insan olaraq, sənətdaşlarınıza, xüsusən, ədəbi gəncliyə davamlı şəkildə diqqət və qayğı göstərmisiniz.

 

ANAR

Azərbaycan Yazıçılar Birliyinin

 sədri, Xalq yazıçısı.

 

Bədii etirafın ən kamil nümunəsi Qərib Mehdinin “Məni çağıran səs” povestidir. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır! Ana möcüzəsi ölməz və ümumbəşəri, mövzudur. Burada oxucunu təəccübləndirmək də sanki qeyri-mümkündür. Bununla belə, Qərib Mehdi təəccübləndirir də, heyrətləndirir də!

 

Gülrux ƏLİBƏYLİ,

tənqidçi.

 

Sizdən xahiş edirəm, qəzeti uşaqlara tapşırıb var qüvvənizlə işləyin, hər saatınızın qədrini bilin. Cəsarətlə Gəncənin iç dünyasını açıb tökün!!! Bunu Siz etməsəniz, bəlkə, 100 ildə heç kəsə nəsib olmayacaq.

 

Rəhim ƏLİYEV

tənqidçi.

 

 

Hörmətli Qərib müəllim! Sənin Azərbaycan ədəbiyyatında yaşamağa haqqın var və bu haqqı sən özün qazanmısan!

Musa URUD

şair, Milli Məclisin deputatı.

 

 

– Qərib müəllim, Siz məni xatırlayırsız, ya yox? Amma mən Sizin imzanızla  həmişə maraqlanmışam və bu marağın bir günahkarı da rəhmətlik gözəl nasir Altay Məmmədovdur. O zamanlar ikiniz də çox modda idiniz.

– Tofiq Abdin, mən Sizi çox gözəl xatırlayıram. Həm də dayanacaq tanımayan “avtobusunuzun” – qələminizin Azərbaycan–Türkiyə arasında ortaya qoyduğu ədəbi-bədii məhsulları qədərincə oxumuşam. Sizin seçilən, fərqlənən poeziyanız, nəsriniz, müsahibələriniz, ədəbi söhbətləriniz ahənrüba kimi hamını çəkir. Məndən 5-10 il az yaşlı cavanlar (Seyran Səxavət, Ramiz Rövşən, Vidadi Məmmədov, Vidadi Paşayev...) dəstəsində Siz də mənə yaxın, doğma olubsuz. Mən Sizlə yarım əsr olar ki, görüşmürəm. Zənn edirdim, mənim kimi qocalmış olarsız. Telefondakı səsiniz məni 50 il geri qaytardı. Qarşımda aydın diksiyası, zədəsiz məntiqi, ötkəmliyi, əksərən ciddi problemlərin üzərinə cəsarətlə yeriməyi, mehribançılığı artıran səmimi “qurban olum” müraciətilə seçilən, ən nəhayət, namuslu Sözü evi, ailəsi, Vətəni qədər əziz tutan bir qələmçi peyda oldu. Bax bu cizgilərin sahibi Tofiq Abdin idi.

İlk cavab adətən, yığcam olur. Ancaq mən hələ Sizin haqqınızda sözümü qurtarmamışam. Nə yaxşı ki, “525-ci qəzet”də Sizin bir səhifəlik söz eviniz var. Və bu proyektin – Söz evinin adı da fərqliliyinə görə diqqət çəkir: “ORALARDA KİMLƏR VAR?”. Yolun kənarındakı çeşmənin dadını, sərinlik dərəcəsini, canafaydalılığını yolçuların əksəriyyəti bilir. Axı dağın bulaqları yol kənarındakı axarlarla bitmir. Haradasa, əlçatmazda, ayaqtutmazda maraqlı su qaynaqları var. Onların da necəliyi, görünməyən tərəfləri barədə oxuculara bilgi vermək çox vacibdir. Adından da bilindiyi kimi, bu ehtiyacı Tofiq Abdin “Oralarda kimlər var” səsləntisilə ödəyir.

– Altmışıncı və yetmişinci illərin tufanlı və çox çılğın ədəbi mühitindən çıxmış bir yazarsınız və o cür hərəkətli bir mühitdən sonra Siz Gəncədə necə rahatlıq tapa bildiz?

– Bəli, mən 50-ci illərin sonunda milli ədəbiyyatımızın qapısını döydüm. Səsə düşən “İşıq”la, “Qərib, hey”lə, “Rast”la etiraf edildim, qəbul olundum. Beləliklə, “60-cılar”ın ədəbi mübarizəsinə qoşuldum. Stalin dönəmindən sonra qəbul olunmayan, nümayəndələri ideoloji düşmən kimi xaricə qovulan dissident ədəbiyyatının mehi daxildə də əsdi. Sonralar SSRİ-də, o cümlədən, Azərbaycanda “60-cılar”ın meydana gəlməsilə bu ədəbi meh, ədəbi küləyə çevrildi. Və daha sonra bu proses qarşısıalınmaz oldu. Sükanın doğru istiqamətə dönüşünə səbəb olan bu hərəkata hərə bir cür ad verir. Mən də adlar içinə bir ad qoşdum: “Şübhə ədəbiyyatı”. Deyirlər, yazıçılar irəlini siyasətçilərdən tez görür. “60-cılar” bədii sözün gücü ilə süni şəkildə sürükləndiyimiz, çatılmaz “Kommunizm stansiyası”nın istiqamətinə şübhə yaratdılar: “Yoldaşlar, deyəsən, biz düzgün yol tutmamışıq”. Və nəticə yazarların şübhəsini doğrultdu.

Açığını deyim ki, məndə heç vaxt paytaxt cazibəsi olmayıb. Baxmayaraq ki, daha rəvan inkişaf üçün mərkəz münbit şərait yaradırdı. Bununla belə, mərkəzəqaçma sevdası məndən də yan durmadı. Yazılarım diqqət çəkəndən sonra təəssübkeşlərim məni müxtəlif ünvanlara – “Gənclik” nəşriyyatına, televiziyaya və “Azərbaycan” jurnalına dəvət etdilər. Bu proses uçotdan çıxıb qatara bilet almağa qədər davam etdi. Son anda mərhum yazıçımız Altay Məmmədov məni bu fikirdən daşındırdı. Nə dərəcədə udub-uduzduğumu bilmirəm. Onu bilirəm ki, ədəbiyyat sahəsində də urbanizasiyanın qarşısı alınmırdı. Ortada L.Tolstoy, M.Şoloxov nümunələri olsa da, bu hal kütləviləşmirdi. Çünki şərait yaradılmırdı. Radio və televiziya, nəşriyyatlar, aparıcı qəzet və jurnalların hamısı paytaxtda idi. Bu da istər-istəməz ədəbi qüvvələri paytaxt çətiri altına yığırdı. Bu, anormal haldır. Bu ziyanlı praktikadan yayınmaq gərəkdir. “Bütün ölkə boyu!”, “Bütün cəbhə boyu!” çağırışlarını yada salıram. Ədəbi yaradıcılığın coğrafiyası da ölkə boyu olmalıdır. İsmayıllıda Musa Yaqub, Gəncədə Qərib Mehdi – mən (nümunə çəkirəm, siyahını uzatmaq olar) əyalətdə qaldıq ki, ədəbi coğrafiyamızın əhatəliliyinə mümkün xidməti göstərə bilək.

– Heç şübhəsiz, bu illər ərzində əlinizi-əlinizin üstünə qoyub oturmamısız. Müqəddəs müəllimlik fəaliyyəti ilə bərabər, həm də yaradıcılıq işlərinizi davam etdirmisiz. Hər halda, Bakıdakı hərəkətlilik Gəncədə olmasa  da, orada yardıcılıqla məşğul olmaq imkanları nə qədərdir?

– Qələmim orta sürətlidir. Məmməd Araz demişkən, sözlü olanda yazıram. Yenə Məmməd Arazın bir misrasını yada salıram: “Çox tozanaq atlını təmkin atımla keçdim”. Təmkin atımla – qələmimlə gəlib 39-cu kitaba çatmışam. Düşünürəm ki, miqdarı qənaətbəxşdir. Dəyəri də qədərincə olsa, yaxşı olar. 40-cı kitabın da materialları hazırdır. Əyalət yazarı üçün yaxşı göstəricidir. Bu yaxşının səbəbkarı, xeyirxahı vaxtında hayıma yetməsəydi, halım pərişan olardı. Bu səbəbkarın adı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Prezidenti, şair-alim Elçin İsgəndərzadədir. Maddi imkanlarım olmadığından yaradıcılıq gəmim quma oturmuşdu. Belə bir məqamda Elçin bəy dadıma yetib öz xeyirxah bətnindən məni ikinci dəfə doğdu – təmənnasız olaraq son on bir kitabımı oxucuların ixtiyarına verdi. Beləliklə, quma oturmuş gəmimi yenidən dənizin ağuşuna qaytardı və üstəlik iki nüfuzlu ödülə də sahib olmağımda həlledici rol oynadı.

Qaynar mərkəz mühiti istər-istəməz qələm sahibini yarışa qoşur. Əyalətdə, o cümlədən, Gəncədə katalizator missiyasını öz üzərinə götürən bu yarışma xeyli zəifdir. Bu da ruh düşkünlüyünə, məhsuldarlığın azlığına, geniş üfüqlərə çıxmağa maneçilik törədir.

– Çox az çap olunursunuz. Hər halda mən oxuduğum mətbu orqanlarda imzanıza az rast gəlmişəm. Az yazırsınız, ləngmi işləyirsiniz, yoxsa, çap imkanınız aşağıdır?

– Yox, az çap olunmuram. İmzamın o qədər də gözə dəyməməsinin obyektiv və subyektiv səbəbləri var. Sovet məkanında Azərbaycanda bədii sözlə yüklənmiş əsas mətbu orqanların qədəri bir əlin barmaqları sayındaydı. Onda oxumağa da, imzaları izləməyə də vaxt çatırdı. İndi nəşr olunan qəzet və jurnalların sayğaca sığmayan sayı başı pozulmuş dağınıq qoşuna bənzəyir. Nüfuzluların çap olunduğu mətbuat orqanlarına hər saat yaxın düşmək olmur. Elan olunmasa da, bir inhisarçılıq yaşanır. Qonorarlı orqanların dəyirmanında dənim ləng üyünür. Qonorarsız orqanlarda da çap olunmağa lazımınca həvəs göstərmirəm. Gücümü əsasən kitablarımın nəşrinə verirəm. Kitablar da aztiraclı olduğundan kifayət qədər yayılmır. Bu səbəblərdən Qərib Mehdi Tofiq Abdinin görüşünə az halda gəlir. Otello demişkən:  “Qara!.. Budur səbəb”.

– Bakıdakı ədəbi mühitlə nə kimi əlaqəniz var və ümumiyyətlə, Bakı üçün darıxırsınızmı?

– Bakı ədəbi mühitilə əlaqəm zəifdir. Keçmiş dostlarımla, xeyirxahlarımla görüşüb meydan açmaq istəyirəm. Bunun üçün Cibimə ərizə yazıram. Maliyyə nazirim olan cənab Cibim imkanlarını araşdırıb ərizəmin üstünə “olmaz” dərkənarı yazır. Redaksiyalara elçiliyimi poçt işçiləri edirlər.

– Nəsrimizdə əl boyda kitabların roman iddiası baş alıb gedir. Sizcə, roman üçün nə kimi material lazımdır, yoxsa elə Bakı ilə Maştağa arasında yaşayıb gözəl romanlar və iri əsərlər yazmaq olar?

– L.Tolstoyun “Hərb və sülh” epopeyasının 4-cü cildində Rusiya-Fransa müharibəsi və onun çoxsaylı qəhrəmanları ilə birlikdə müəllifin tarixi hadisələr barədə fikirləri, mülahizələri, bəzən hökmləri zəngin yer alır. O, öz qənaətləri ilə xeyli tarixçini yerində oturdur. Çünki nəhəng yazıçı əlinin altına geniş və çeşidli materiallar toplamağı lazım bilir. Yazıçı zəhmətindən və istedadından keçən bu gərəkli materiallar monumental əsərə çevrilir. Bəli, indi yüz səhifəlik yazını roman adlandıranlar xeyli saydadır. Roman janrının klassik tərifi mövcuddur. Bu tərifdə nələrin tələb olunduğu da məlumdur. Roman fikrə, hadisələrin şaxəliliyinə, səxavətli zaman ölçüsünə görə ən ağır, ən sanballı ədəbi janrdır. Vaxtilə nəhəng dinozavrlar, azman insanlar olub. Zaman onların həcmini ixtisar, korrektə edə-edə  cılızlaşmaya, karlikləşməyə yol açıb. 80-100 səhifəlik yazılara roman adı qoyurlarsa, bu, o deməkdir ki, müəlliflər bir stəkan suda fırtına yaratmaq niyyətindədirlər. Roman janrını uca taxtından zorla endirib karlikləşdirməklə, bunu zamanın tələbi kimi sığortalamaqla barışmaq olmaz. Cüssəsiz adamın paltarı öz ölçüsünə uyğun olur. Nəyə görə kiçik həcmli, kiçik mətləbli yazıya böyük ad verəsən? Həyatda da belə paradokslara rast gəlinir. Bəzən özünün boyu hündürboylu adamın ekvatorundan – toqqa yerindən olan bir gödəkdən adını soruşursan, şəstlə cavab verir: “Böyükkişi”. İstər-istəməz dodağın qaçır, gülümsəməli olursan.

 

 (Davam edəcək)

Tofiq ABDİN

525-ci qəzet.- 2014.- 1 fevral.- S.23.