Azərbaycanın oxuyan qəlbi

 

 

Şəmistan Əlizamanlının oxuduğu nəğmələr dünyaya

qalib gəlmək istəyən Azərbaycan türkünün bu dünyanın

yiyəsi olduğunun təsdiqidir.

 

Qloballaşan dünyada yaşayırıq və mən bu gün sivilizasiyaların dartışdığı bir dövrdə hər cür sivilizasiyadan, hər cür dini, milli və sosial təbəqələşmədən yüksəkdə duran bir insan haqqında ürək sözlərimi qələmə alıram və elə bilirəm ki, buna onun haqqı və bir dost kimi mənim də onun haqqında söz deməyə səlahiyyətim var. Söhbət Azərbaycanda öz nəğmələri, vətəndaş və ziyalı mövqeyilə, heç kimə bənzəməyən, özünəməxsus imic qazanmış Şəmistan Əlizamanlıdan gedir.

Rus yazıçısı Mixail Prişvin deyirdi ki, Tolstoyun, Dostoyevskinin olduğu rus ədəbiyyatı dağının başında mənim yerim bir sərçə caynağı altındakı yer qədərdir. Fəqət, bu mənim yerimdir və heç kim o yeri mənim əlimdən ala biməz. Şəmistanın da bu günkü qloballaşma prosesində nəfəsi təngimiş Azərbaycan mədəniyyətində özünəməxsus bir yeri var və o yeri heç kim onun əlindən ala bilməz. O yeri o öz nəğmələriylə qazanıb. Vaxtilə Çe Gevara haqqında amansız bir qərar çıxmışdı: “Güllələnsin, özü də, nəğmələri də!” Bunu başqa cür dəyişib demək istərdim: Yaşasın Şəmistan: özü də, nəğmələri də! Çünki bu nəğmələr bizim xalqımıza çox lazımdır, bu nəğmələr bu gün vüsətlə inkişaf edən, öz iqtisadi, siyasi, mənəvi təkamülü ilə dünyanı heyrətdə qoyan Azərbaycanın nəğmələridir. Və bu nəğmələr Azərbaycanın gündən-günə artan dünyadakı imicinə, onun şöhrətinə və şanına xüsusi bir hüsn, xüsusi bir ucalıq gətirir. Bu nəğmələr sadəcə bir müğənninin hansısa telekanalın şou proqramında oxuyub ötdüyü ötəri nəğmələr deyil.

“Hıçqıran gülüşlər” kitabıma epiqraf olaraq yazmışam: “Bu kitabı həyatda və sənətdə əbədini ötəridən ayırmağı bacaranlara ithaf edirəm”. Bu mənada Şəmistanın nəğmələri şou nəğmələri kimi ötəri deyil. O, dünyadan rəncidə olmuş azərbaycanlını bir anlıq güldürməyə xidmət etmir. O dünyaya qalib gəlmək istəyən Azərbaycan türkünün bu dünyanın yiyəsi olduğuna sübut üçün oxunan nəğmələrdir. Şəmistanın nəğmələrini Türkiyənin hərbi marşları ilə müqayisə edərdim. O hərbi marşların öz musiqi hüsnü, fəlsəfəsi, siyasi-vətənpərvərlik qüdrəti var. Şəmistanın nəğmələri isə eyni zamanda canlı bir insan nəfəsini, yüksək türkçülük, Azərbaycançılıq duyğusu və yüksək insaniyyət duyğusu ilə bərabər eyni zamanda İlahidən gəlmiş ruhu özündə daşıyan nəğmələrdir. 55 yaşı qoşalülə tüfəng kimi tarixə dirəyib dayamış bir şəxsiyyət və sənətçidir.

Şəmistan Borçalıda dünyaya gəlib... O torpağın və zəhmətin ətrini ciyərlərinə çəkərək yaşayıb... Borçalı bir Türk eli kimi qəriblikdədir. Sovet rejiminin yaratdığı, millətləri rahatca idarə edə bilmək üçün sovet KQB-sinin çizdiyi sərhədlər bizim Azərbaycan türklərinin xeyli hissəsini bugünkü Gürcüstan ərazisində saxlayır. Qədim ellərimiz olan Qərbi Azərbaycan torpaqlarından bütün Azərbaycan türkləri didərgin salındı. Bunun tarixi mənası üzərində dayanmaq istəmirəm. Bu tarixi zərurətdən çox, bic bir iblisin qurduğu siyasi oyunun nəticəsi idi. Nə yaxşı ki, qədim yurdlarımızdan biri olan Borçalıda soydaşlarımız yaşayır və Şəmistan da qəlbi atlananda hərdən ziyarətinə gedir doğma yurdunun.

Onun oxuduğu nəğmələrdəki ruh iki mənbədən güc alır: biri, ilahinin ona bəxş etdiyi istedad, ikincisi onun damarlarında axan qandır. Böyük alman filosofu Nitşe deyirdi ki, tarixi həqiqəti yazmaq istəyirsənsə, qələmi qanına batır, qanınla yaz. Onda görəcəksən ki, qan ruhdur və sənin ruhun yazdığın həqiqətə köçüb onu tarixiləşdirib. Şəmistanın nəğmələri onun qanından axan ruhunun ifadəsidir. Şəmistanın nəğmələri ilahinin ona bəxş etdiyi istedadın heç kimə bənzəməyən ifadəsidir. Mən ikinci belə səs tanımıram. Bu, nurun içindən süzülüb gələn bir səsdir. Şəmistan İlahinin ona bəxş etdiyi Allah əmanəti olan insan ruhuna xəyanət etməyib. Onun səsi Allah əmanəti olan ruhunun sözdə, musuqidə ifadəsidir ki, bu gün bizləri öz aurasında saxlayır.

Onun əksər cəhətləri təqdirəlayiqdir. Bir cəhətini isə xüsusi vurğulamaq istərdim: o, həm moderndir, həm də klassik. Azərbaycan telekanallarında bir çox “müğənniləri” dinləyəndə xəcalət çəkirəm.  Şəmistanı dinləyəndə düşünürəm: nə yaxşı ki, Şəmistan var, yoxsa biz millətin qarşısında xəcil olardıq. Əslində Şəmistan öz mahnıları ilə bizə yol göstərir. Şəmistan klassikanı yaxşı duyur. Məsələn, özünün ifasında Qul Nəsiminin “Kimə nə” şeirinə bəstələnmiş nəğmə ilə o, bütün nəsimiləşən zamanları müasirliyə gətirir. Yaxud, Şeyx Nizaminin, Yunis Əmrənin, Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd Fizulinin, ruhunu poeziyaya gətirən böyük sufi Aşıq Veysəlin sözlərinə oxunan “Uzun incə bir yoldayam” və ya “Mənim sadiq yarım, qara torpaqdır” nəğmələrini dinləyəndə elə bilirəm Şəmistan məni əlimdən tutub məğlubedilməz türk ruhunun içindən keçirərək qədim türk ellərini, obalarını ziyarətə aparır. Bir dinləyicisi olaraq mənə bu şərəf və vüqarı bəxş etdiyinə və bütün zamanların, o cümlədən modernləşən Avropanın, qloballaşan dünyanın, imperialistlərin min hoqqa ilə qurduğu bu oyunların əhatəsində, onların içində mənə türk kimliyimi unutmağa qoymadığına görə ona minnətdaram. Burada söhbət heç də təkcə məndən getmir, bu qənaəti özünü MƏN bilən bütün türk insanlarına, xüsusilə türk əsilli Azərbaycan xalqına aid edirəm.

Şahidi olduğum bir faktı xatırladım: Orta məktəblərin birində Şəmistanla buraxılış gecəsində iştirak edirdik. Bütün tədbir iştirakçıları, uşaqlı-böyüklü hər kəs Şəmistanın başına toplandı. Çünki orada bur ruh vardı, bir özün olma vardı, ən əsası da orada bir əsgər vardı... Şəmistan həm əsgər kimi, həm də insan kimi vüqarlıdır. O, yeriyəndə sanki Azərbaycan ordusu yeriyir.

Haşiyə: Oğlum Fərid 15 yaşlarında olan zaman bir əsgər köynəyi alıb geymişdi. Günlərin birində evdə oturmuşduq, bu vaxt oğlum əynində də həmin köynək içəri daxil oldu. Bu zaman nəvələrim Nicat və Elgün fərəqət komandası alaraq dövlət himnimizi oxumağa başladılar. Uşaqlar əsgər paltarını görən kimi, ona bir dövlətçilik simvolu kimi baxdılar. Ərazisinin müəyyən faizi müvəqqəti işğal olunmuş, müharibə şəraitində yaşayan bir ölkədə, əsgər paltarının qədir-qiymətinin ağaşı salındığı və imkanlı balalarının əsgər getmədiyi bir dövrdə Şəmistan Əlizamanlı əsgər paltarını Azərbaycançılığın simvolu kimi daşıyır. Qeyd edim ki, əsgər paltarı Şəmistana çox yaraşır. Elə onun ən gözəl mahnıları sırasında “Cənab leytenant”, təvazökarlıqdan uzaq olsa da deyim ki, oğlum Fəridə həsr etdiyim sözlərimə Çilənay Hüseynlinin bəstələdiyi “İgid oğlum, leytenantım” və digər mahnıları oxunanda adam silahı götürüb düşmən üstə getmək istəyir. Mən Şəmistanı Həzrəti Əlinin qılıncı Zülfüqara bənzədirəm, o, Azərbaycan vətənpərvər musiqisinin zülfüqarıdır.

O, Borçalı elindən pərvazlansa da, bütün Azərbaycanın, Türk dünyasının oğludur. Onun səsində Türkün nəfəsi yaşayır. Bütün dünya neçə əsrdir ki, Türkün nəfəsini kəsmək istəyir. Ancaq Türkün səsini kəsmək olmaz. Ulu Peyğəmbərimiz Məhəmməd Əleyhissalam deyirdi ki, Türklərin dilini öyrənin, gələcək onlarındır.  Ulu Peyğəmbərin dediyi o gələcək bu gün Şəmistanın simasında Azərbaycanda çiçək açıb.

Həmişə demişəm, insan yaşadığı cəmiyyətdən çox doğulduğu təbiətə bənzəyir. Bu mənim fəlsəfəmdir. Məhz Şəmistanın simasında bu həqiqətim özünü doğruldur. Bir dəfə söhbətimiz əsnasında söylədi ki, kəndimizdə, dağ döşündə bir ev qaralatmaq istəyirəm. Mən elə bildim ki, onda Şəmistan öz obrazını yaratmaq istəyir.

Şəmistan mənim üçün Borçalının ən uca təpəsində ağaran ən uca daş saraydı və o yurdda olan bütün gözəlliklər də o sarayın içərisindədir. Bu baxımdan həqiqətən doğulduğu təbiətə bənzəyir, onun saflığını qoruyur, doğulduğu kəndin əxlaqını özündə yaşadır. Bax bu, əsl türk kişisinin simasıdır. Məşhur bir ifadədə deyilir ki, Türk balıqqulağının içində gizlənmiş mirvaridir. Nə qədər ki, balıqqulağının içindədir, onun kimliyini dərk etməzsən, elə ki, yuvasından çıxdı o qəhrəman, yenilməz pəhləvan olur. Bu baxımdan Şəmistan Əlizamanlının mahnıları Azərbaycan xalqının milli-mənəvi özünüdərkinə xidmət edir. O xalqın qəlbinə, yaddaşına Borçalı ruhuyla, atasının, anasının təmiz türk qanıyla daxil olub. Ona görə də onun nəğmələri çox sevilir. Yəqin ki, diqqətli oxucular xatırlayar, Şəmistan Qafqaz İslam Ordusunun döyüş marşına çəkdirdiyi film-klipdə Nuru Paşa obrazını canlandırır. Bunu xatırlatmaqda məqsədim Şəmistanın həm də bir araşdırıcı kimi keçmişi soraqlayıb bu günə yetirməsinə diqqət çəkməkdir. Şəmistanın türkçülüyü dayanıqlı bir idealdan su içir, yəni o sadəcə “mən türkəm” deyərək, qürur hissi ilə məhdudlaşmır. Onun türkçülüyünün tarixi bir zəmini var. O da ondan ibarətdir ki, o heç kimin duymadığı tərzdə Füzulini, Aşıq Veysəli, Yunis Əmrəni və s. böyük türk sufilərini duyur. Məncə onun sənətinin, ruhunun, şəxsiyyətinin bütövlüyünün üçüncü mənbəyi də qədim Türk sufizmindən gəlir, yoxsa, ayrı cür mümkün deyil.

Şəmistanın nəğmələri içərisində müstəqil Azərbaycana həsr olunmuş marşlar xüsusi yer tutur: Onun “Çırpınırdı Qara dəniz”, “Can Azərbaycan”, “Qalx ayağa Azərbaycan” və s. marşları bugünkü gəncliyin yolunu aydınladan bir nurdur, işıqdır. Buradan o qənaətə gəlirəm ki, Şəmistan bizim milli İstiqlalımızı yaşadan adamlardan biridir. Ancaq Şəmistan həm sözü, həm də silahı ilə vuruşanlardandır. Mən əminəm ki, nə zamansa Azərbaycanın düşünən adamları Şəmistana “Azərbaycanın Milli Qəhrəmanı” adını verəcəklər. Bir var döyüşdə düşmən öldürəsən, bunun özü də əvəzsiz qəhrəmanlıqdır. Bir də var Şəmistan kimi öz sözünlə minlərlə qəlbi güllə qabağından xilas edib, minlərlə ruhdan, həvəsdən düşmək istəyən insanları öz  səsinlə ruhlandırasan. Onun səsi gələndə adamın qəlbi ayağa qalxır, atlanır. Bu səsin qəhrəmanı Vətəndir, işğal olunmuş Vətən! “Azərbaycançılıq” kitabında yazmışam ki, bu gün Azərbaycan infarkt keçirmiş ürəyə bənzəyir. Taleyin amansız zərbələrindən parça-parçadır. Onun əlacı millətin birliyidir. Bu birliyi Azərbaycanda yaşayan bütün xalqları özündə birləşdirən ideologiya yarada bilər ki, bu da Azərbaycançılıqdır. Kitabda Azərbaycançılığı fəlsəfi-tarixi aspektdən işləmişəm. Ulu öndər Heydər Əliyev azərbaycançılığı uğurla dövlətçiliyə tətbiq etdi. Düşünürəm ki, Azəbaycançılığın Azərbaycan xalqının ruhuna köçürülməsində, oturulmasında mühüm rol oynayan amillərdən biri Şəmistanın mahnılarıdır. Bu böyük çölün, böyük Türkün, böyük millətin nəğməsidir. Şəmistan Əlizamanlı Azərbaycan xalqının oxuyan qəlbidir.

Şəmistan Azərbaycan musiqisini özü ilə bərabər ilahi məkana, çəkisizlik şəraitinə, orbitə çıxarmış adamdır. O heç zaman oradan qayıdıb cılız insanlar arasına enə bilməz. Necə ki, Qul Nəsimi deyir:

“Gah çıxarım göy üzünə,

seyr edərim aləmi,

Gah enirim yer üzünə

seyr edər aləm məni”.

 Bu baxımdan o, bir sənətkar kimi bizlərdən çox-çox ucadadır. O böyük ruhaniyyət adamlarının dalınca gedən və qəlbində Allah əmanəti olan ruhu tarixin daha da uca zirvələrinə aparan böyük bir alpinistdi, səyyahdı. Onu ucalıq qorxutmur, xırdalıq qorxudur.Fəqət, Azərbaycanda milliyyətindən asılı olmayaraq bütün xalq əzəmətli bir səsin həsrətindədir: bu Şəmistan Hüseyn oğlu Əlizamanlının səsidir!

Son olaraq onun bir xüsusiyyətinə də toxunmaq istərdim. Şəmistanda liderlərə məxsus xarakter var, o öz ətrafında mühit yaratmağı bacarır. Mən ona hər zaman  ucalıqda qalmağı arzu edirəm. Şəmistan, sən mənim kiçik qardaşım, böyük dostumsan. 55 yaşın mübarək böyük dost! Sən bizim üçün həmişə gəncsən. Çünki sənin nəfəsin gəncdir...

 

 

Nizaməddin Şəmsizadə

Dövlət mükafatı laureatı, professor

525-ci qəzet.- 2014.-  1 fevral.- S.20.