Dayandur Sevgin həqiqəti

 

 

Əziz Dayandur Sevgin, Sən məni bu deyişmədən tanıdın, seçdin... Sonra ünvanıma səndən duyduğum xoş sözlərdən dolayı aradım səni... əfsus ki, bu abini, (öz aramızda sənə abi demək mənə xüsusi zövq verir, bilirsən.)  bu şairi, bu jurnalisti bu vaxtacan belə yaxından tanımamışdım.

Səni bəzən köçünü itirən sarvana bənzədirəm. Haçansa rastına çıxacaq öz köçünün sorağında gəzir Dayandur Sevgin həqiqəti... Dayandur Sevginin dağı da, düzü , elə lap dərəsi çoban tütəyindəki şəffaf , bülbül səsi sayağı məlahəti ürəyəyatımı təcəlli edir. Sən şeir şəhidisən gözümdə...

 

Dağlar "Yanıq Kərəm", dərə Lələdi,

Kərəmin ardınca çəkdi öz köçün.

Dərələr özünü şəhid eylədi,

Dağları göylərə qaldırmaq üçün.

                                

Ölümdən qorxmaq da, qorxmamaq da küfrdür, deyilənə görə... Sən Allahın qorxusuna ölümün qoxusunu fəda edənsən gözümdə... "Kaspi" qəzetinin redaksiyasından yeməkxanasınacan yolçuluq etsək , bir ömrü yan-yana getdiyimi düşündüyüm Dostumsan... Ey Allah bəndəsi, Sənin Allaha verdiyin sual mənim sənə verəcəyim cavab qədər rahat ola bilməz axı...Sən şeir şəhidisən.

 

Burnumun ucunda ölüm qoxusu,

Olan günahımı yuya bilmirəm.

Canımda yurd salıb bəndə qorxusu,

Mən sənin qorxunu duya bilmirəm.

Mən insandan qorxum, ya səndən, Allah?

 

Sənin dünyanda isti, soyuq silahın var, Sən Kefli İskəndər deyilsən,  amma silahın söz, gücün söz, ürəyin sözdür, ey Söz! Sənin dünyan adamı sözlə öldürənlərlə deyil, sözlə dirildənlərdən ibarətdir, odur ki, dar ağaclarını muzeyə göndərirsən.amma əfsus edirsən ki," artıq sözdən asır adam adamı..."

 

Olmayıb heç zaman ehtiyacları,

Harınlar anlamaz qarnı acları,

İndi muzeylikdir dar ağacları,

İndi sözdən asır adam, adamı.

 

Dünyanın mizanında-tərəzisində həqiqəti tikə-tikə, içi yalanla dolu heybələrin dərdini  çəkə-çəkə "onda birdən onda doqquzacan yol gedən sıfrın çəkdiyi"ni anlayır Dayandur Sevgin Həqiqəti...

 

 

Onda birdən onda doqquza

Gedən yolda nələr çəkir sıfır.

 

 

Lakin sıfrı qınayan da odur. Gərək kim olduğunu, olduğunu yaxşı biləsən, "yoxsa sənə sıfır yox, halqa deyilər..."Gözəl demisən, Abi. Kaş ki, hamı səni anlaya bilə...

Şairlər bu dünyanın adamı olmur. Amma İKİ dünyada da kişi kimi yaşayır. SƏNƏ  nurlu üzündəki 100 yaşlı qırışların Sağlam canınla  əl ağacına meydan oxumasını diləyirəm!

 

Afət VİLƏŞSOY

 525-ci qəzet.- 2014.- 4 fevral.- S.7.