Dil milli mənliyimiz,
mənəviyyatımızdır
Ana dilimiz Vətənimizin,
Azərbaycanımızın dilidir. Anamızı, Vətənimizi sevdiyimiz kimi, dilimizi də sevməli və qorumalıyıq. Çünki ana dili millətin
diriliyi, həyatının
mayası, varlığının
daşıyıcısıdır. Böyük şairimiz Səməd Vurğunun dediyi kimi, dil insanın
namusudur, qeyrətidir,
tarixidir. Dünyada elə
bir insan tapmaq çətindir ki, doğma anasının qarşısında
baş əyməsin,
onu anlamasın, duymasın. Bu mənada, ana dili başa düşmək, anlamaq dilidir. Bu bir
həqiqətdir ki, hər bir dil
özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz,
bugünümüz və
sabahımızdır.
Azərbaycan dili eyni zamanda
milli mənliyimizin, mənəviyyatımızın tarixi sərlövhəsidir. Dilimiz ulu
babalarımızın, nənələrimizin
sinəsindən qopan ilkin kəlmələri, bayatıları, laylaları
tarixin sınaqlarından
çıxararaq xalqımıza,
millətimizə çatdırıb,
canına, qanına hopdurub. Azərbaycan dili əsrlər
boyu yadellilər tərəfindən hücumlara,
təzyiqlərə məruz
qalıb, sıxışdırılıb,
hətta unutdurulmaq təhlükəsi ilə
üzləşib. Yadellilər başa
düşüblər ki,
bir xalqı, milləti məhv etmək üçün torpağını, malını,
mülkünü əlindən
almaq kifayət etməz, onun gərək dilini əlindən alasan. Buna zaman -zaman
çox cəhd ediblər, lakin bacarmayıblar.
Dilimiz hər dəfə amansız təqiblərdən, repressiyalardan
alnıaçıq-üzüağ çıxıb, mənfur
niyyətlər isə
alt-üst olub. Elə bu səbəb üzündən ayrı-ayrı
dövrlərdə ana
dilində yazıb-yaratmaq
xalqımızın övladlarına
yasaq,qadağan olunub. Ölkədə bir vaxtlar ərəb,fars dilləri, çar və sovet dönəmlərində
isə rus dili hökmranlıq edib. Təəssüf ki, bir çox görkəmli söz ustalarımız,
elm adamlarımız öz
əsərlərini yad
dillərdə yazmağa
məcbur olublar.
Lakin buna baxmayaraq, qadağalara məhəl qoymayan, dilimizi bütün varlığı
qədər sevən qüdrətli qələm
sahiblərimiz ana dilində gözəl əsərlər yaradıb,
ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdiriblər.
XIII-XIV, XV-XVIII və XIX əsrlərdə qələmə
alınmış bədii
və tarixi əsərlər dilimizin necə bir qüdrətə
malik olduğunu aydın şəkildə
nümayiş etdirir.
Həsənoğlunun, Qazi
Bürhanəddinin, Nəsiminin,
Füzulinin, Xətainin,
Vaqifin, M.F.Axundovun və başqalarının əsərlərini
buna misal göstərmək olar.Yad
dilləri qəbul etməyən xalqımız
keçirilən el şənliklərində,oyunlarında,teatr
tamaşalarında, şifahi
ədəbiyyat nümunələrində,
aşıq yaradıcılığında
ana dilimizi yaşatmışdır. Ana dilimizin
təmizliyi, onun yad dillərin təsirindən mühafizə
olunması,inkişaf etdirilməsi hər bir dövrdə xalqın qabaqcıl nümayəndələrini daim
düşündürüb, narahat edib.
Azərbaycan Səfəvi dövlətinin
banisi, görkəmli dövlət xadimi və şair Şah İsmayil Xətai ana dilini dövlət dili səviyyəsinə yüksəldib. O, başqalarına
nümunə olsun deyə, əsərlərini
Azərbaycan dilində
yazıb, bu dildə yazıb-yaradan qələm sahiblərinin
hamisinə çevrilərək
onları saraya dəvət edib,ədəbi
fəaliyyətləri üçün
hər cür şərait yaradıb. Şah İsmayıl Xətainin dil haqqında dedikləri sözlər bu gün də çox müasir səslənir və müdrik nəsihət
kimi mühüm əhəəmiyyət kəsb
edir: "Ey türk övladları, bir ovuc torpağınızı
dünyanın var-dövlətinə,
dilimizin bir sözünü ləl-cəvahirata
dəyişməyin, onları
qoruyun, sonrakı nəsillərə çatdırın".
Müstəqillik illərində dilimiz
də əsl müstəqilliyini qazanıb.
Ümummilli lider Heydər Əliyevin doğma dilimizə
olan dərin sevgisi və həssas münasibəti hər bir azərbaycanlı
üçün örnəkdir.
Dilimizin saflığının qorunması
hər zaman olduğu kimi bu gün də
öz aktuallığını
ititməyib, mühüm
əhəmiyyət daşıyır.
Dünya dövlətləri
ilə geniş iqtisadi inteqrasiya,
siyasi, mədəni əlaqələr bu sahədə ciddi tədbirlər görülməsini
tələb edir. Belə bir şəraitdə dilimizə yad təsirlərin artması
danılmazdır. Bəzən mətbuatımızda,
televiziya kanallarında,
bədii filmlərin, ədəbi əsərlərin
tərcüməsində, reklam
və elanlarda, göstəricilərin yazılışında
və.s sahələrdə
ədəbi dil normalarının kobud sürətdə pozulması
halları narahatlıq
doğurur. Odur ki, belə hallara qarşı ciddi mübarizə aparılmalı,
təsirli addımlar atılmalıdır. Dilimizin korlanmasının
qarşısının alınması,
onun saflığının
qorunması ümumdövlət,
ümumxalq işidir.
Bu sahədə hər bir kəs
öz vətəndaşlıq
borcunu yerinə yetirməlidir.
Tərlan Əliyeva,
Azərbaycan Müəllimlər
İnstitutu Ağcabədi
filialının baş
müəllimi.
525-ci qəzet.-
2014.- 5 fevral.- S.8.