Xalq artisti Məzahir
Süleymanovun portret cizgiləri
Azərbaycan Respublikasının Xalq artisti Məzahir
Süleymanov.
Bu ad çoxminli oxucularımıza yaxşı
tanışdır. Çünki bu sənətkarı
həm teatr və həm də televiziya ekranlarında tez-tez
görürlər. Və onun çox
ustalıqla, böyük sənətkarlıqla
yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət
obrazlarda sevir və bəziləri də yaratdığı mənfi
obrazlara görə yamanlayırlar. Deməli,
aktyor oynadığı hər bir obrazı sevərək
yaradır və bu obrazın ərsəyə gəlməsində,
tamaşaçılar tərəfindən məhəbbət
və nifrət qazanmasında böyük zəhmət sərf
edir. Onu qırx ildir ki, tanıdığıma görə
və quruluş verdiyim çoxlu tamaşalarda maraqlı
obrazlar yaratdığına görə mən, onun haqqında
qətiyyətlə bu sözləri deyə bilərəm:
"Məzahir Süleymanov çox zəhmətkeş,
çox məsuliyyətli insan olduğuna görə,
yaratdığı hər bir rola da bu zəhmətkeşlik və
məsuliyyətlə yanaşdığına görə
oynadığı rolları obraz səviyyəsinə yüksəldə
bilir. Bu isə hər aktyora nəsib olan ali
varlıq və xüsusiyyət deyil. Bu müqəddəsliyi
yalnız ustad sənətkarlar bacarır".
Əziz oxucular gəlin birlikdə Məzahir
Süleymanovun həyatda və sənət yollarında
keçdiyi yola və qısa tarixçəyə nəzər
salaq. Ona siz də mənimlə razılaşacaqsız.
Məzahir Həbulla oğlu Süleymanov, 1944-cü ilin
29 yanvar tarixində Zərdab rayonunun Məmmədqasımlı
kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki
Razin qəsəbəsində yerləşən 2 nömrəli
texniki peşə məktəbini bitirərək, çilingər
peşəsinə yiyələnib. Bir müddət
ayrı-ayrı müəssisələrdə işləyib.
Sonra 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Dövlət Mədəniyyət və
İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə( axşam şöbəsinə)
daxil olub. Sonra ordu sıralarına gedib.
Dörd il hərbi dəniz donanmasında
xidmət edib. Ordu sıralarından qayıdandan
sonra 1967-ci ildən təhsilini həmin institutda davam etdirib.
1972-ci ildə
həmin ali məktəbi bitirərək,
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət
Musiqi- Dram Teatrına işləməyə gəlib. Qırx ildən çoxdur ki, o, bu teatrda aktyor kimi
çalışır. Bu illərdə
adi aktyordan pillə-pillə yüksələrək, Xalq
artisti adını alıb. Bu da əlbəttə,
oynadığı rolların sayəsində olub. Bu gün çoxlu aktyorlar onun oynadığı
rollar siyahısını izlədikdə, Məzahir
Süleymanovun yaratdığı obrazlara həsəd apara bilərlər.
Bu rollar Azərbaycan klassiklərindən tutmuş,
dünya klassiklərinin əsərlərinə qədərdir.
Milli dramaturqlarımızın ən maraqlı
pyeslərindən tutmuş, dünya klassiklərinin inci əsərlərinə
qədərdir. Bu tamaşaların sayı
isə yüzdən çoxdur. Çoxusu
da əsas və baş rollar. Məzahir Süleymanov
özünün fitri istedadına və zəhmətkeşliyinə
görə teatrda işlədiyi bu illərdə demək olar
ki, bütün
tamaşalarda oynayıb. Çünki teatrda
quruluş verən rejissorlar çox istəyiblər ki, belə
istedadlı aktyor onların hazırladığı
tamaşada rol oynasın. Və onların
müəllifi olduğu tamaşa tamaşaçılar tərəfindən
sevilsin. Axı hər bir rejissor itedadlı
aktyorla işləməyi xoşlayır. Mənim
qənaətimə görə Məzahir Süleymanov Azərbaycan
teatr tarixində oynadığı və təkrarsız
formada yaratdığı bu obrazlarla əbədi qalacaq.
"Arşın mal alan"da Soltan bəy, "Ölülər"də
Hacı Həsən, " Müsyo Jordan və Dərviş Məstəli
şah"da Müsyor Jordan, "Afət"də Qaplan,
"Adamın adamın"da Tərs Tahir, "Dəyirman"da
Sarı Qasım, "Sabir Rüstəmxanlının portret
cizgilərin"də Cavad xan, "Məlikməmmədin yeni
sərgüzəştlərin"də Şeytan,
"Domoklın qılıncı"nda Arxitektor,
"Bayramın birinci günün"də Vəli Əfəndi,
"13-cü sədr"də Prokuror, "Müfəttiş"də
Bələdiyyə rəisi, "Evlənmə"də
Podkolyosnıy, "Varlı ev"də Beçir,
"Qocaların məhəbbətin"də Qaqutsa, "Bir
köpək vardı"da Çoban, " Şahzadə və
Dilənçi"də Lord Hetford, "Uşağa bir
üç yazın"da Temiçkin, "Qarağaclar
altında məhəbbət"də Efraim Kebot və
başqaları. Mənə elə gəlir ki,
Sumqayıt teatrının tarixində hələ heç bir
akytora nəsib olmayıb ki, bu qədər rollarla Azərbaycan
teatr tarixinə düşsün. Məhz buna
görə də Məzahir Süleymanovun əməyi dövlət
tərəfindən yüksək qiymətləndirilib. Ona 2006-cı ildə Əməkdar artist, iki ildən
sonra isə Xalq artisti fəxri adları verilib. Əməyi yüksək mükafatlara layiq
görülüb.
70 yaşlı sənətkar bu gün də teatrın səhnəsində
və televiziya tamaşalarında, filmlərində həvəslə
çalışır. Bir-birindən maraqlı obrazlar yaradaraq,
tamaşaçılarını sevindirir.
Onun haqqında yazdığım portret cizgilərini bu
fikirlərlə də bitirə bilərdim. Amma Məzahi
Süleymanovu qırx ildən bəri tanıdığımdan
onun haqqında deyiləsi sözlərim çoxdur. Ona görə Məzahiri bir insan və sənətkar
kimi təhlil etmək istəyirəm. Çünki
insanlıq və sənətkarlığın hər ikisi
eyni bərabərdə, eyni ölçüdə hər bir sənətkarda
olmur.
İlk öncə onu vurğulamaq istəyirəm ki, Məzahirin
ürəyində nə varsa, dilində də odur. O, özü saf olduğuna
görə həmişə haqqı müdafiə edir. Həmişə haqqın yanında olub. Heç kimə məddahlıq eləməyib.
Öz işinin xatirinə heç bir rejissora və
teatr rəhbərinə yaltaqlanmayıb. Çünki
o, xarakteri bütöv və möhkəm insandır. Xarakterindəki bütövlük oynadığı
bütün rollarda özünü göstərib. O,
çox yaxşı yol yoldaşıdır. Uzun
illər biz onunla həm Azərbaycan respublikasının
rayonlarında və həm də keçmiş Sovetlər məkanında
qastrol səfərlərində olmuşuq. Məhzahir Süleymanov özünün insaniyyətliyini,
dözümlülüyünü, yoldaşa qarşı diqqətini
həmişə yaxşı formada büruzə verib. Heç vaxt özünü başqalarından
üstün tutmayıb. Düşdüyümüz
çətin məqamlarda belə, səbr və dözüm
nümayiş etdirib. Altı ay
Dağıstan Respublikasında qastrolda olduğumuz müddətdə
isə mən və orada olan kollektiv bunun tam şahidi
olmuşuq.
70 illik yubileyi ərəfəsində Məzahir
Süleymanova bir neçə sualla müraciət etdim. İlk
sualım belə oldu.
- Teatra gəlişinizi
necə xatırlayırsız?
- Mən Azərbaycan Dövlət İncəsənət
İnstututunun axşam şöbəsində təhsil
almışam.
O vaxtlar da axşam şöbələrində oxuyanlara təyinat
verilmirdi. Biz özümüz teatrlara müraciət edib, iş tapmalı idik. Amma həmin
vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək
təşkilatçı insan, sənətşünaslıq
elmləri doktoru Rahib Hüseynova müraciət etdim. O, məni
diqqətlə dinlədi və dedi ki, gəl səni təyinatla
göndərək Naxçıvan Dövlət Musiqili-Dram
Teatrına. Həmin teatra cavan aktyorlar
lazımdır. Mən
razılaşdım. Təyinat
götürüb, Naxçıvana getdim. Naxçıvan
indi çox gözəl, müasir şəhərə
çevrilib, onda isə belə deyildi. Həmin
vaxt teatr qastrolda olduğuna görə rəhbərliklə
görüşə bilmədim və yenidən axşam
Bakıya qayıtdım. Teatr rəhbərliyi
ilə görüşə bilmədiyimə sevindim. Bəlkə də bu işin xeyrinə oldu. Yenidən institututa qayıtdım.
Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. Onlar da məsləhət bildilər ki, Sumqayıt
teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və
aktyor kadrlarına ehtiyac vardı. Həmin vaxt
teatrın direktoru Salman Dadaşov və baş rejissor da
Ağakişi Kazımov idi. Ağakişi
müəllim mənim kurs rəhbərim, əməkdar incəsənət
xadim Əşrəf Quliyevlə söhbət edəndən və
müəllimim də məni tərifləyəndən sonra ən
aşağı dərəcə ilə işi
götürdülər. Beləliklə,
1972-ci ilin noyabr ayından mən Sumqayıt Dövlət
Musiqili-Dram Teatrında işə başlamışam.
Teatrda ilk rolum isə Rannetin "Azmış
oğul" pyesində Lembit olub.
- Yüzdən
artıq tamaşalarda çıxış edibsiniz. Bu rollardan hansılar sizin üçün daha əzizdir?
-Açığı, aktyor üçün bütün rolları əziz olur, amma bəziləri müəyyən səbəblərə görə fərqlənir. Məsələn, elə Xuqayevin "Varlı ev" faciəsindəki Beçir obrazı. Bu rol məndən başqa üç aktyora da verilmişdi. Mən bu rolu oynamaq istəmirdim. Qorxurdum ki, bu rol məndə alınmaz. Çünki Beçirin çox dəhşətli, ağır xarakteri vardı. Bu rolu oynamaq üçün aktyordan yüksək peşəkarlıq, cingiltili, sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və əsəbi səslə demək lazım idi. Buna da səs dözməzdi. Qırılardı. Mənə elə gəlirdi ki, bu rolu oynamaq mənim üçün hələ tezdir. Amma rejissor məni inandırdı ki, sən bu rolu yaxşı oynaya bilərsən. Baxmayaraq ki, məndən başqa iki aktyora da bu rol verilmişdi. Amma rejissor mənə daha çox inandı. Böyük səbrlə mənimlə məşq elədi. Səs tembrimi qurdu. Hətta mən pıçıltı ilə danışanda belə ən arxada əyləşən tamaşaçılar aydın eşidirdilər. Deyilənə görə, mən bu rolu çox yaxşı oynadım. Bunu təkcə tamaşaçılar yox, teatr mütəxəssisləri də dedilər. Qəzetlər bu haqda resenziyalar yazdılar. Azərbaycan televiziyası bu tamaşanı çəkdi. İndi bu tamaşa televiziyanın qızıl fondunda qalır. Bu gün də bəzi tamaşaçılar həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını bildirirlər.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
525-ci qəzet.-
2014.- 5 fevral.- S.7.