Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)

 

 

 

 

24 oktyabr 1914-cü ildə "İsmailiyyə "binasında lazaretin açılışı münasibəti ilə ibadət edilib və dualar oxunub. Açılışda olmuş Bakı şəhər qubernatoru polkovnik P. İ. Martınov sarayının inşaatçısı M. Nağıyevin, ideya müəllifi H. Z. Tağıyevin və xeyriyyə cəmiyyətinin sədri M. Ş. Əsədullayevin şərəfinə ziyafət verdi . Lazaret zalın yan və qonşu otaqlarında yerləşirdi, nəhəng təmtəraqlı zal isə yaralılar üçün qış bağına çevrilmişdi. Yüz çarpayıya hesablanmış lazaretin tibbi heyəti  Müsəlman Xeyriyyə Cəmiyyətinin hesabına saxlanılırdı.

1914-cü ilin sonunda yaralılara yardım üçün "Əsas komitə" seçilmişdi, komitənin tərkibinə milli sahibkarlığın böyük nümayəndələri olan H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, M. Əsədullayev də daxil idilər.

20 yanvar 1917-ci ildə M. Əsədullayevin sədrliyi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti Komitəsinin iclası qaçqınlara və Qafqaz cəbhəsi bölgələrindəki müharibədən zərər çəkmiş müsəlmanlara yardım edildi. Orada Rusiyanın Dövlət Dumasının üzvü M. Y. Cəfərov və Şamaxı rayon komitəsinin sədri, quberniya məclisinin sədri Mustafa Əfəndizadə iştirak etmişdi.

Sədr Batum, Qars sahəsində və İrəvan vilayətində cəmiyyət bölmələrinin fəaliyyəti haqqında yığıncağa məlumat verdi. Məruzəyə əsasən, köməyin təşkil olunduğu gündən - 1917-ci ilin 1 yanvarınadək Cəmiyyət Komitəsi və onun bölmələri tərəfindən edilən ianələr 700 min rubla qədər idi. Əlavə olaraq isti paltar əldə edilməsinə və sığınacaqların saxlanmasına 500 min rubl sərf edilmişdi. Yekun - 2 100 rubl olmuşdu. O vaxtın rəsmi məlumatlarına görə, 125 min nəfərə qədər qaçqın və 200 min nəfər zərər çəkmiş müsəlman var idi, yəni hər kəsə 700 rubl düşürdü.

Xeyriyyə Cəmiyyəti uşaq sığınacaqlarının təşkilatları ilə mühüm işlər yerinə yetirirdi. Məqsədə nail olmaq üçün müharibədən zərər çəkmiş Batumi, Tbilisi, Qars, İrəvan, Şuşa, Yelizavetpol və başqa sahələrin müsəlmanlarına yerindəcə yardım etmə üzrə bölmələr və komitələr formalaşdırılmışdı.

Tbilisidə iki sığınacaq işləyirdi. Yelizavetpol ərazisində dörd sığınacaq fəaliyyət göstərirdi. Həmçinin Bakı Xeyriyyə Cəmiyyəti tərəfindən Bakı şəhərində dörd sığınacaq saxlanılırdı. Onlardan biri "Səfa" cəmiyyətinin məktəbində yerləşirdi.

Əhəmiyyətli köməyi "Nicat" və "Səfa" mədəni-maarif cəmiyyətləri göstərirdi. Bu cəmiyyətlər zərər çəkmişlərin xeyrinə ianə toplamağa kömək edirdi. 1915-ci ilin 18 yanvarında "Nicat" cəmiyyətinin təşəbbüsü ilə H. Z. Tağıyev teatrında Ü. Hacıbəyovun "Leyli və Məcnun" operası tamaşaya qoyuldu. Yığılan vəsait Qarsdakı qaçqınların ehtiyaclarına sərf olundu. "Səfa" cəmiyyəti kinomatoqrafiyadan qazanılan birgünlük gəliri komitənin xeyrinə köçürmüşdü. 1915-ci ilin mart ayında Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyəti "Əsli və Kərəm" operasından (H. Z. Tağıyev teatrı) və kinomatoqrafiya seansından ("Petroqrad" teatrı) bütün gəlirin təxminən iki min rublunu Qars və Ərdəhan ərazilərinin zərər çəkmişlərinin hesabına köçürdü.

Bundan əlavə, 1915-ci ilin yalnız fevral-mart aylarında Komitənin hesabına Azərbaycanın şəhərləri - Bakı, Nuxa, Şamaxı, Yelizavetpol, Qazax, Naxçıvan əhalisindən təxminən 20 min rubl daxil olmuşdu.

TƏLƏBƏLƏRİN TƏHSİL VƏ XEYRİYYƏ CƏMİYYƏTLƏRİ TƏRƏFİNDƏN

 

MALİYYƏLƏŞMƏSİ

 

Müsəlman təhsil və xeyriyyə cəmiyyətləri tərəfindən məktəblərdə yoxsul tələbələr üçün əhəmiyyətli maliyyə dəstəyi təyin edilmişdi.

Müsəlman təhsil və xeyriyyə cəmiyyətlərinin əhəmiyyətli maliyyə dəstəyi ilə orta məktəblərdə kasıb şagirdlərə köməklik göstərilirdi. Bu köməklik şagirdlərin təhsil haqqının ödənilməsi və onların dərs vəsaitləri ilə təmin olunması məqsədi daşıyırdı. Bu faktları iki ən məşhur  təhsil cəmiyyətinin fəaliyyəti təsdiq edir.

"Nəşri-Maarif" Cəmiyyəti. 1907-ci ildən başlayaraq 1911-ci ilədək hər il bu cəmiyyət 23 şagirdə təqaüd və dərs vəsaitlərinə 6877 rus rublu dəyərində maliyyə dəstəyi göstərmişdi. 1912-ci ildə cəmiyyət Bakı İsgəndəriyyə məktəbində öz təqaüdçüsünü - Nəcibə Axundovanı saxlayırdı. O, 1912-ci ildə kursu bitirmiş və həmin cəmiyyətin Balaxanı qadın məktəbində müəllimə kimi fəaliyyət göstərmişdi. Cəmiyyət idarəsi həmçinin Bakı real məktəbinin şagirdi A. Şahbazovun təhsil haqqını ödəmiş, Bakı texniki məktəbinin şagirdi Məmmədyarova maddi yardım göstərmiş, üçüncü Bakı kişi gimnaziyasında - N. Əsgərova və orta məktəbdə oxuyan şagirdlərə də pul vəsaiti ayırmışdı. Bu xərclərə cəmiyyət 610 rus rublu dəyərində pul sərf etmişdi.

1913-cü ildə Bakı təhsil müəssisələrində oxuyan şagirdlərə 450 rubl dəyərində təqaüd ayrılmışdı. 1914-cü ildə cəmiyyət şagirdlərin təhsil haqqının ödənilməsinə böyük məbləğdə (870 rubl) pul ayırmışdı. Beləliklə, İsgəndəriyyə məktəbində oxuyan T. Namazovun və X. Şabanovun, Bakı Real məktəbinin şagirdi X. Həsənbəyovun, özəl şəhər kurslarının şagirdi M. A. Aleksandrovun təhsil haqları ödənilmişdi. 1915-ci ildə "Nəşri-Maarif" Cəmiyyəti Xarkov Universitetinin təqaüdçüsü A. S. Məmmədyarova köməklik edirdi, hansı ki, onlara kitablar üçün müavinət və mühazirə dinləmək hüququnun ödənilməsi üçün də təqaüd verilirdi. Sentyabrın 24-də cəmiyyətin idarə heyəti Bakı Quberniyası və Dağıstan ictimai məktəblərinin direktoru adından üçüncü Bakı Real məktəbinin şagirdlərinə 100 rubl dəyərində təqaüd müəyyən edilmişdi. Bakı İsgəndəriyyə Qızlar məktəbinin tələbələrinə cəmiyyət təlim və texniki xidmət müqabilində 700 rubl təqaüd ayırmışdı. Ümumi təqaüd və müavinətlərə 1000 rubl dəyərində maddi vəsait sərf olunmuşdu.

Çətin hərbi vəziyyətə baxmayaraq, cəmiyyətin idarə heyəti təqaüdçülərin saxlanılması üçün vəsait əldə etmək yolları axtarırdı. Belə ki, 1916-cı ildə İsgəndəriyyə Qızlar məktəbinin 6 tələbəsinin təmin olunması üçün 1225 rubl məbləğində təqaüd təyin olunmuşdu. Moskva Kommersiya İnstitutunun, Petroqrad Mülki Mühəndislik İnstitutunun  tələbələrinə də müavinət verilmişdi.

"Nicat" Cəmiyyəti. Cəmiyyət gənc tələbələrə olduqca nəzərəçarpan dəstək göstərmişdi. 1911-ci ilin 17 mayında "Nicat" Cəmiyyətinin oxu zalında idarə heyətinin iclası keçirildi. İclasın iştirakçıları Texniki məktəbin 10 nəfər şagirdinə 200 rubl məbləğində təqaüd verilməsi barədə qərar qəbul etdi. Eləcə də Şahbazov adına Bakı Real məktəbində cəmiyyətin ayırdığı təqaüdə oxuyanlar var idi. 1911-ci ildə Sankt-Peterburq Siyasət İnstitutunda oxuyan M. C. Məlikova mühazirə dinləmə hüququna görə Maarifləndirmə Cəmiyyəti tərəfindən maliyyə vəsaiti ayrılmışdı. Eləcə də idarə heyəti 1911-ci ildə "Səadət" ruhani məktəbinin şagirdi dağıstanlı İ. Q. İbrahimoğluna, 1912-ci ildə Bakı Real məktəbinin şagirdi A. Şahbazova, 1914-cü ildə Texniki məktəbin 2 nəfər şagirdinə təqaüd  ayırmışdı. "Nicat" Cəmiyyəti orta təhsil müəssisələrində oxuyan şagirdlərin dərs vəsaiti və geyimlə təmin olunmasına vəsait ayırmışdı. 1912-ci ildə idarə heyəti Şamaxı Real məktəbinin şagirdi Rəhimova 6 ay ərzində güzəşt təyin etmişdi. Aylıq müavinət eləcə də Dəniz Yolları məktəbinin şagirdi Kərimova təyin edilmişdi. Eyni zamanda 1911-ci ildə 6 illik şəhər məktəbinin şagirdləri A. Quliyev və 1912-ci ildə M. B. Məmmədov güzəştlə təmin olunmuşdu. 1914 - 1915-ci illərdə idarə heyəti 3 nəfər şagirdə güzəşt tətbiq etmişdi. 1917-ci ilin may ayında müsəlman şagirdlərin Ümumqafqaz Konqresi açılmışdı. Bu Konqresdə "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin, "Nicat" və "Səfa" cəmiyyətlərinin nümayəndələri iştirak edirdilər. Konqresdə "Nicat" Cəmiyyətinin nümayəndəsi İ. Aşurbəyli çıxış etdi. O, öz çıxışında bildirdi ki, cəmiyyət hər zaman müsəlman gənclərinə böyük dəstək vermişdir. Bu tarixi əbədiləşdirmək istəyən cəmiyyət, hər il bu günü mərkəzi müsəlman tələbə fondunun xeyri üçün Üzeyir bəy və Ceyhun bəy qardaşlarının "Leyli və Məcnun" operasını səhnələşdirməyi qərara aldı. Gənc tələbələrə maddi dəstək təmin edilməsinə də "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti", "Səfa" və başqa cəmiyyətlərdə yardım göstərmişdi. 1906-cı ilin əvvəlində Bakı kişi gimnaziyasının rəhbərliyi, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ödənişi əsasında öz yerlərindən uzaq düşmüş müsəlman şagirdlərə dərslərdə iştirak etmək dəvəti vermişdilər.

1914-cü ilin aprel ayında Nağıyevin rəhbərliyi ilə "Səfa" Cəmiyyətinin idarə heyətinin iclasında təhsil haqqının ödənilməməsinə görə qovulan Kiyev Universitetinin 25 nəfər müsəlman tələbəsinə yardım məsələsi müzakirə edilmişdi. Cəmiyyətin vəsaitindən tələb olunan məbləğ ayrılmış və universitetin rektoruna göndərilmişdi. Azərbaycanın rayonlarında öz uşaqlarının təhsil haqqını ödəyə bilməyən valideynlər üçün Cəmiyyət fəaliyyət göstərirdi.

Beləliklə, XX əsrin əvvəllərində fəaliyyət göstərən Cəmiyyət 1914-cü ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nin İdarə heyətinin iclasında Petroqarada Müsəlman Konqresinin nümayəndəsinin göndərilməsi haqda məsələ müzakirə etmişdi. Şura M. Ş. Əsədullayevə Cəmiyyətin adından danışmasına icazə verdi və 6 min rubl ayrılması barədə qərar qəbul etdi. 1917-ci ilin 6 aprelində "Müsəlman Xeyriyyə Cəmiyyəti"inin görüş otağında müsəlmanların icra təşkilatları Şurasının iclası keçirildi. Bu iclasda 45 nümayəndə iştirak etmişdi. Komitənin müvəqqəti fəaliyyəti  haqda hesabatı sədr M. Q. Hacıbəyli verdi. Komitənin layihəsinə görə, Qafqaz Müsəlmanları arasında azadlıqlarını və onların yeni sistemə hazırlanmasını gücləndirmək üçün ilk növbədə bir kənd komitəsi yaratmaq lazım idi. Bu layihəni həyata keçirmək üçün müsəlmanların ictimai qurultayı təyin edilmişdi. 15 apreldə, saat 11:30-da müsəlmanların qurultayının təntənəli açılışı keçirildi. Qurultayı Şuranın müvəqqəti icra komitəsinin sədri M. Hacıbəyli açdı. Bu iclasda A. M. Topçubaşov, N. Nərimanov, İ. Heydərov, N. Yusifbəyli, F. Xoyski, M. Q. Hacıbəyli, M. Ə. Rəsulzadə, İ. Qabulov, M. M. Axundov, M. Mahmudov, N. Ağayev, M. Mehdiyev  katibliyə daxil idilər.

Qurultayda Qafqaz müsəlmanlarının sosial proqramları  ilə yanaşı, təhsil proqramları da müzakirə olundu.

 

(Ardı var)

Nəsiman Yaqublu

tarix elmləri namizədi

525-ci qəzet.- 2014.- 5 fevral.- S.6.