Möhsün Pakayin: ".... İranı gərək
Azərbaycan və Ermənistan dəstəkləsin"
Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı
səfiri Möhsün Pakayindir.
- Cənab
səfir, İran İslam inqilabının növbəti
ildönümü yaxınlaşır. Bu
inqilabın İran xalqının və dövlətinin həyatında
hansı rolu olub?
- İran
islam inqilabı yalnız İran xalqı
deyil, bütün dünya üçün böyük bir dəyişikliklərə
gətirib çıxaran inqilab oldu. Əslində islam inqilabı beynəlxalq aləmdə yeni
bir fenomenal hadisə idi.
O mənadakı
dünyanın böyük bir hissəsində kommunizm və
şərq blokunun mövcudluğu və insanların dini
baxışlara malik olduğu halda, digər bir hissəsində
liberal demokratiya kimi bir fenomen var idi. Bu da dini
insanların həyatından silmək, yaxud onu başqa bir
formada təqdim etmək istəyirdi. Belə bir zamanda islam inqilabı qələbə çaldı
və İran xalqının din bayrağı altında birləşməsi
əslində bu inqilabının uğur qazanmasına səbəb
oldu.
İranın keçmiş şah rejiminin iki
böyük problemi var idi. Bunun biri istibdad idi.
Yəni ölkə daxilində heç bir
azadlıq, o cümlədən söz, vicdan
azadlığı mövcud deyildi.
Hər şey şah rejiminin nəzarətində idi. İkinci
böyük problemi isə rejimin xarici qüvvələrə
bağlılığı, onlardan asılı olması idi.
Belə bir vaxtda İran xalqı Xomeyninin rəhbərliyi ilə
inqilab etdi, əsas şuarları isə azadlıq, istiqlal və
islam respublikası təşkil edirdi.
İslam inqilabının qələbəsindən dərhal
sonra səsləndirilən şüarları biz həyata
keçirdik, ölkədə söz, mətbuat
azadlığı yarandı, İranın xarici
asılılığı aradan qalxdı. İqtisadi sahəyə
gəlincə, nefti özümüz satmağa başladıq,
ondan gələn gəliri isə xalqın rifahına həsr
etdik. Buna görə deyirəm ki, İran
inqilabı həm ölkə daxilində, həm də beynəlxalq
aləmdə öz təsirini göstərmişdi.
- İran nüvə proqramına görə Qərbin
sanksiyaları ilə üzləşmişdi. Son aylar isə
Qərblə danışıqların uğurlu
olmasını müşahidə etdik. Bu
sahədə hazırkı vəziyyət barədə nə
deyə bilərsiniz və danışıqların gələcəyini
necə görürsünüz?
- Zənnimizcə,
çox mühüm və müsbət addım
atılıb. Biz illərlə elan etmişik ki,
nüvə enerjisi istehsal etməkdə məqsədimiz
nüvə silahına sahib olmaq demək deyil.
Bildirmişik ki, İranın nüvə proqramı
sülh məqsədlidir və ölkənin rifahı, inkişafı
üçün nəzərdə tutulub. Cenevrədə
danışıqlar apardığımız 5+1 ölkələri
bizim fikirlərimizi qəbul etdilər. Onlar
əmin oldular ki, İran nüvə silahı əldə etmək
niyyətində deyil.
Əvvəldən də düşünürdük ki,
beynəlxalq aləmdən olan bu təzyiqlər siyasi xarakter
daşıyır və nüvə silahı ilə
bağlı deyil. Bundan sonra Qərb ölkələri
İrana qarşı sanksiyaların müəyyən hissəsinin
azaldılmasına qərar verdilər.
İran da imza atıb ki, nüvə proqramını
müəyyən hissəyə qədər məhdudlaşdırsın. Hesab edirik ki,
bu razılaşmalar qarşılıqlı etimad yaratmaq və
İranla beynəlxalq aləm arasında, xüsusilə
iqtisadi sahədə bir əməkdaşlığın
yaradılmasına və genişləndirilməsinə səbəb
olacaq.
Bu
razılaşma ona gətirdi ki, əvvəllər İranda
yatırım qoyan sonra sanksiyalara görə fəaliyyətlərini
dayandıran şirkətlər və iş adamları yenidən İrana
qayıdırlar.
İran güclü iqtisadiyyata malikdir. Bu səbəbdən
də on ilə yaxın davam edən şiddətli sanksiyalara
davam gətirə bildi. Hazırda
sanksiyaların bir hissəsi ləğv olunub və ümid
edirik ki, gələcəkdə daha çox hissəsi ləğv
olunacaq.
Bu da iqtisadiyatımızın genişlənməsi və
çiçəklənməsi üçün yeni bir təkan
olacaq. İran xalqı 10 ildə sanksiyalara dözməsinin,
müqavimət göstərməsinin nəticəsini görəcək.
Biz inqilabdan sonra bəyan etmişik ki, İsraildən
başqa dünyanın bütün ölkələri ilə
normal dostluq münasibətləri qurmaq istəyirik. Bu gün
bütün dünya ölkələri ilə
qarşılıqlı hörmət çərçivəsində
əlaqələr qurmağa hazırıq.
- Cənab
səfir, bu il Azərbaycan və İran əməkdaşlığının
əsas istiqamətləri hansılar olacaq?
- İranın dünyada müsbət imicinin yaranması
səbəbindən qonşu ölkələrlə də
münasibətləri yaxşılaşır.
Hazırda Azərbaycanla 500 milyon dollar həcmində
ticarət dövriyyəmiz var. Biz bunu 2 milyarda çatdıra
bilərik. Hesab edirik ki, gələcəkdə
iki ölkənin iqtisadi əməkdaşlığı daha
da inkişaf edib, genişlənəcək. Bunun bir sıra əlamətlərini
görməkdəyik. Məsələn,
iş adamları qarşılıqlı olaraq
çalışmaq üçün hazır
olduqlarını bildiriblər. Bu il biz
qarşılıqlı olaraq mədəniyyət günlərinin
keçirilməsini nəzərdə tuturuq. Beynəlxalq
səviyyədə hər zaman ölkələrimiz bir-birlərinin
mövqeyini dəstəkləyir.
Düşünürük ki, bu il
İrana gedən azərbaycanlıların sayı daha
çox olacaq. Medialar arasında əməkdaşlığın
genişlənməsi üçün də bəzi işlər
görmüşük. Yüksək səviyyəli
şəxslərin, həmçinin iki ölkə rəhbərlərinin
qarşılıqlı səfərlərini gözləyirik.
Bundan əlavə, hökumətlərarası
komisiyanın iclasının keçirilməsi gündəmdədir.
Ümumiyyətlə, bu ili iki ölkənin
münasibətləri üçün məhsuldar il hesab edirəm.
-
Xocalı soyqırımının İran parlamentində
müzakirəyə çıxarılması gözlənilirdi.
Soyqırımın növbəti
ildönümü ərəfəsində bu müzakirələr
mümkündürmü?
-
Xocalı faciəsi ilə bağlı Azərbaycan
xalqının dərdinə şərik olduğumuzu bir daha
bildiririk. Bizim parlament üzvlərimiz müstəqil
şəkildə bu faciə ilə bağlı öz fikirlərini
bildirə və Azərbaycanın dərdinə şərik
olduqlarını deyə bilərlər. İki
ölkənin parlamentləri arasında Xocalı faciəsinin
İran parlamentində müzakirəyə
çıxarılması üçün
danışıqlar aparılır. Bu məsələ
araşdırılır və biz nəticənin necə olduğunu
gözləməliyik.
- Rəsmi Tehran hər zaman bəyan edir ki, Dağlıq
Qarabağ münaqişəsi region dövlətlərinin
iştirakı ilə həll oluna bilər. Eyni zamanda
İran bununla bağlı layihəsi olduğunu da bildirib.
İran indi müzakirə olunan həll prinsiplərindən
fərqli nə təklif edə bilər?
- Dağlıq Qarabağ münaqişəsi iki ölkə,
Ermənistan və Azərbaycan arasında olan bir problemdir və
sülh danışıqları ilə həll edilməlidir. Biz hazırda
yüksək səviyyəli danışıqların davam
etdirilməsini alqışlayır və müsbət
qarşılayırıq.
İnanırıq ki, münaqişənin həlli
regionun sabitliyi üçün çox faydalı olacaq. Bu məsələnin
daha tez həlli üçün öz köməyimizi təklif
edirik. Düşünürük ki, Minsk
qrupu 20 ildə mühüm addım ata bilməyib. Bu problem Minsk qrupu ölkələri
üçün ikinci, bəlkə də
üçüncü dərəcəli bir məsələdir.
Minsk qrupunun regiondan kənar olan bəzi üzvləri
nə sülh, nə müharibə statusunu saxlamağı
daha uyğun hesab edirlər.
Çünki onlar bu vasitə ilə hər iki ölkəyə
silah satırlar və problemin həllinə o qədər də
meyl göstərmirlər. Region ölkələri
bu məsələnin həllini daha çox istəyirlər.
Çünki regionda hər hansı xoşagəlmız
hadisə, müharibə təhlükə yaradır. Düşünürük ki, münaqişə
region ölkələri, İran, Türkiyə, Rusiyanın
iştirakı ilə həllini tapa bilər.
Münaqişənin mərhələli həll prinsipi
2007-ci ildə Madriddə təqdim olunub və bunun nəticəyə
gətirmək ehtimalı çox idi. Amma icra olunmadı.
Çünki Minsk qrupunun bu həll variantı
üçün o qədər də istəyi yoxdur.
İranın Qarabağ münaqişəsinin həlli üçün bir
layihəsi var. Lakin bu layihə o zaman faydalı ola bilər ki,
Azərbaycan və Ermənistan onu dəstəkləsin.
Belə bir istək və zərurət
olmadığı üçün bu layihəni
açıqlamaq istəmirik. Lakin yenə də
region ölkələri ilə bu istiqamətdə müzakirələr
aparırıq.
Bəzi təkliflər və layihələrimizi təqdim
edib, keçmiş təcrübələrdən istifadə edirik. Gözləməliyik
ki, gələcəkdə işlər necə gedir.
- Yeni
tikilmiş Culfa körpüsünün istifadəyə verilməsi
nə yerdədir?
- Hazırda Culfa körpüsü, ümumiyyətlə, İranla Azərbaycan arasındakı bütün sərhəd keçid məntəqələri açıqdır. Yalnız körpüdə bəzi problemlər olduğu üçün 30 tondan artıq yük maşınlarının keçməsinə məhdudiyyət qoyulub. Bu məhdudiyyət körpünün qorunması üçündür. Əgər 30 tondan artıq yük maşını keçsə körpünün dağılma təhlükəsi var və nəticədə Naxçıvanla İranın yolu bağlana bilər. Bu körpünün 70 yaşı var, eyni halda biz sərhəddə yeni körpü tikmişik və onun istifadəyə verilməsi üçün İranla Azərbaycan arasında bir anlaşma imzalanmalıdır.
Bu anlaşmanın imzalanması üçün müzakirələr hazırda davam etdirilir.
Anlaşma imzalanandan və tərəflər razılığa gəldikdən sonra yeni körpü istifadəyə veriləcək və köhnə istifadədən çıxarılacaq. Yeni körpüdə heç bir məhdudiyyət olmayacaq.
Biz öz təklifimizi vermişik və ümid edirik ki, tezliklə körpü istifadəyə veriləcək.
- Cənab səfir, Urmiya gölünün vəziyyəti ilə bağlı rəsmi Tehran hansı addımları atmağı düşünür?
- Urmiya gölünün əvvəlki vəziyyətə qaytarılması prezident Həsən Ruhaninin rəhbərlik etdiyi yeni kabinetin əsas məsələlərindəndir. Urmiya gölü İran ərazisində yerləşir və biz buna görə daha çox nigaranıq. Dövlət tərəfindən gölün qurumasının qarşısının alınması və suyunun artırılması üçün xeyli vəsait ayrılıb. Gölə suyun axıdılması işinə başlanılıb. Bu işlərin bir hissəsi dövlətin, bir hissəsi isə təbiətin əlindədir, yəni yağışların yağmasını nəzərdə tuturam. Əgər çox yağış və qar yağsa, bu qurumanın qarşısını almaq üçün dövlətin layihəsinə kömək edəcək. İranda yalnız Urmiya deyil, quraqlıq səbəbindən digər çay və göllər də qurumaq təhlükəsi ilə üzləşiblər. Bütün bu göllərin, çayların və su mənbələrinin qurumasının qarşısını almaq dövlətin əsas vəzifələrindən, işlərindən biridir.
Pərvanə
525-ci qəzet.-
2014.- 5 fevral.- S.5.