Naxçıvan Muxtar Respublikasının
yaradılması ölkəmizin həyatında mühüm
hadisədir
Naxçıvan Muxtar
Respublikası-90
Bu il
fevralın 9-da
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 90 ili
tamam olur. Muxtar respublikanın yaradılmasının Azərbaycanın,
habelə bölgənin tarixində böyük əhəmiyyət
kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar
hadisə olduğunu nəzərə alan
ölkə Prezidenti İlham Əliyev 2014-cü il yanvarın
14-də Sərəncam imzalamışdır. Sərəncamda
deyilir: "Azərbaycanın qədim bölgəsi
Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb
və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri
olan bu diyar həmişə xalqımızın zəngin mədəni
irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda
görkəmli elm xadimləri, sənətkarları, tarixi
şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi,
ictimai-siyasi həyatında əvəzsiz rol
oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına
bağlılıq nümayiş etdirərək dövlət
müstəqilliyimizin bərpası, qorunub saxlanılması və
möhkəmləndirilməsində müstəsna xidmətləri
vardır. Bu gün yüksək potensiala malik muxtar respublika
bütün dövlət proqramlarını, infrastruktur layihələrini
böyük uğurla həyata keçirməsi sayəsində
ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz
aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal
iştirakçısıdır".
Naxçıvan Muxtar Respublikasının
yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli
hadisəsidir.
Bunu nəzərə alan Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
2014-cü ili muxtar respublikada "Muxtariyyət" ili elan
etmiş və Tədbirlər Planını təsdiq
etmişdir. Tədbirlər Planında 2014-cü
ildə muxtar respublikanın idarə və təşkilatlarında,
elm və təhsil müəssisələrində bir sıra
tədbirlərin hazırlanıb həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Bu istiqamətdə
görüləcək işlərə artıq
başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının ildönümü müxtəlif
vaxtlarda dövlət səviyyəsində qeyd olunmuşdur. 1949-cu ildə
muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə
50 illik yubileyləri keçirilmişdir. Azərbaycan
Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra Naxçıvan Muxtar Respublikasının 75 (1999), 80
(2004), 85 (2009) illik yubileyləri qeyd edilmişdir. Ölkəmiz Muxtar Respublikanın 90 illik yubileyini
yüksək əhval-ruhiyyə və böyük nailiyyətlər
qazanmaqla qeyd edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikası çox mürəkkəb
tarixi inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində
hadisələri mürəkkəbləşdirən XIX əsrin
20-ci illərində Azərbaycan torpaqlarına
köçürülən, özlərinin dövlətlərini
yaratmağa cəhd edən ermənilər olmuşdur.
1918-ci
ilin may ayında Azərbaycan torpağında yaradılan Ermənistan
(Ararat Respublikası) dövləti 9,8 min
kv. km ərazidə yerləşmişdi.
Bununla kifayətlənməyən Ermənistan Azərbaycana
qarşı 7,9 min kv.km ərazi iddia edirdi.
İdda etdiyi ərazilər içərisində
Naxçıvanı ən vacib hesab edirdi. Belə bir uydurma fikir irəli sürürdü ki,
"Naxçıvan və Şərursuz Ermənistan
yaşaya bilməz". Ermənilərin
xülyalarının gerçəkləşməsi
üçün bir sıra dövlətlər ona siyasi dəstək
verməklə yanaşı, iqtisadi və hərbi yardım
göstərirdilər. Azərbaycan
Demokratik Respublikasının düşdüyü çətin
vəziyyətlə əlaqədar o, Naxçıvana
lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən
Naxçıvan əhalisi, yerli ziyalılar, Müsəlman
Milli Şurası bütün imkanları və qüvvələri
ilə erməni daşnaklarına qarşı inadla mübarizə
aparırdı. Naxçıvanın erməni
işğalına düşməsinə imkan vermir, hər vəchlə
Azərbaycanın tərkibində qalmağa
çalışırdılar.
1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı
işğal edəndən sonra Naxçıvan bölgəsində
ermənilər daha da fəallaşdılar. Rusiya
rəhbərləri Azərbaycan torpaqları hesabına Ermənistanı
sovetləşdirmək istəyirdi və onları şirnikləndirirdi.
Ermənistanın daşnak rəhbərliyi
Naxçıvanı Azərbaycandan qoparmaq üçün
bütün vasitələrdən istifadə edirdi. Ermənistan
hökuməti bildirirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz
qəzasından və Naxçıvan rayonundan imtina edərsə,
o da öz növbəsində Qarabağ və Zəngəzurun
Azərbaycana birləşdirilməsinə razılıq verər.
Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov
bu təklifi rədd edərək, qədim Azərbaycan
torpaqları olan Naxçıvan və Culfa ərazilərinin
dərhal sovet qoşunları tərəfindən
tutulmasını və Azərbaycana birləşdirilməsini
təkidlə tələb edirdi.
Naxçıvanın sovetləşməsi uğrunda
mübarizəyə başlanıldı və daşnaklara
qarşı aparılan əməliyyatlar nəticəsində
1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri
tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil
edildi və bu komitə Naxçıvanı Sovet Sosialist
Respublikası elan etdi. Naxçıvan
İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy
Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov,
Qafar Babayev və b. daxil oldular.
1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin
sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri
N.Nərimanova göndərdiyi məktubda yazırdı:
"Naxçıvan xalqının böyük əksəriyyətinin
qərarı ilə Naxçıvan ölkəsi
özünü Azərbaycan Sovet Sosialist Respublikasının
ayrılmaz hissəsi hesab edir..."
1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan
arasında müvəqqəti saziş bağlandı və
onun şərtlərinə görə Şərur-Dərələyəz
qeyd-şərtsiz Ermənistana verilirdi. Qarabağ, Zəngəzur
və Naxçıvan isə yenə də "mübahisəli
vilayətlər" elan olunurdu. Bununla
Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı
sovetləşdirmək siyasəti yürüdürdü.
N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda
Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz
sayılan vilayətlərin indi nədənsə mübahisəli
sayılmasına qarşı ciddi etirazını bildirirdi.
1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə
daşnak Ermənistanı arasında başqa bir müqavilə
imzalandı. Bu müqavilədə Azərbaycanın
rəyi nəzərə alınmadan Zəngəzur və
Naxçıvan Ermənistana güzəşt edilirdi. Bolşevik Rusiyası bu yolla Ermənistanda sovet
hakimiyyəti qurulması üçün zəmin
hazırlamaq, ermənilərin rəğbətini qazanmaq istəyirdi.
Ermənistan SSR yaradıldıqdan sonra (1920, 29 noyabr) Azərbaycan
ərazisinə iddialar daha da artdı. 1920-ci il noyabrın 30-da AK(b)P MK
Siyasi və Təşkilat bürolarının birləşmiş
iclasında N.Nərimanovun verdiyi bəyanat və ertəsi
gün qəzetlərdə onun
saxtalaşdırılmış şəkildə dərc
olunması erməni iddialarının daha da artmasına səbəb
oldu. N.Nərimanov Ermənistan SSR
yaradılması münasibətilə təbrik göndərilməsini
təklif etmiş və demişdi ki, "Sovet Azərbaycanı
ilə Sovet Ermənistanı arasında heç bir sərhəd
yoxdur".
Qərarda
da, N.Nərimanov çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin
iclasında onun elan etdiyi bəyannamədə də
Naxçıvan haqqında məsələ
qaldırılmamışdı. Qəzetlərdə dərc
olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə
edilmişdi: "Zəngəzur və Naxçıvan qəzalarının
ərazisi Sovet Ermənistanının ayrılmaz ərazisidir".
Bu sözlər, ola bilsin, diplomatik
mülahizələrə görə, Q.Orconikidze, S.Kirov və
onların həmfikirləri tərəfindən ora daxil
edilmişdi. Həmin fikir ermənilərin yeni addımlar
atmasına təkan verdi və dekabrın
25-də onlar Zəngəzurda "Azad Sünik hökuməti"
təşkil etdilər. Zəngəzur qəzasının
qərb hissəsi Ermənistanın əlinə keçdi.
N.Nərimanov və onun yaxın silahdaşlarının
qəti mövqeyi və prinsipiallığı sayəsində
Naxçıvanı Ermənistana birləşdirmək cəhdi
baş tutmadı. 1920-ci il dekabrın 2-də
Aleksandropolda (Gümrüdə) Ermənistanın daşnak
hökuməti ilə Türkiyə arasında
imzalanmış müqaviləyə əsasən sonradan
Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə
yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və
Ermənistan onun işinə qarışmamağı öz
öhdəsinə götürürdü. Həmin
müqaviləyə əsasən türk generalı Veysəl
Ünüvar özünü müvəqqəti fövqəladə
komissar elan etdi, öz dəstələri ilə Şərur
da daxil olmaqla Ermənistanla sərhəd məntəqələrini
tutdu.
1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi
İnqilab Komitəsi bəyannamə ilə
çıxış edərək Naxçıvanın
müstəqilliyini tanıdığını elan etdi.
Naxçıvanda əhalinin narazılığı
get-gedə artırdı. Bununla əlaqədar
Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə
komissarı B.Şahtaxtinski Naxçıvana göndərildi.
Naxçıvanda, Ordubadda, Şərurda və b. yerlərdə
Naxçıvanın Ermənistana verilməsinə
qarşı böyük mitinqlər keçirilirdi. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində
müstəqil Naxçıvan Sovet Sosialist
Respublikasının yaradılmasını tələb edirdilər.1921-ci
ilin yanvar ayında Naxçıvan respublikasında onun Azərbaycan
SSR tərkibinə daxil olması barədə rəy
sorğusu keçirildi. Rəy sorğusu nəticəsində
respublika əhalisinin 90 faizi Naxçıvan diyarının Azərbaycan
SSR tərkibində qalmasına tərəfdar
çıxdı.
Naxçıvan əhalisinin böyük əksəriyyətinin
bir neçə illik inadlı mübarizəsi və rəy
sorğusunun nəticəsi Naxçıvanın ərazi
statusunu həll etdi. Rusiya tərəfi Naxçıvanın
müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq və
eləcə də Azərbaycan bolşeviklərinin millətsevər
hissəsinin mövqeyini nəzərə alaraq
Naxçıvanın öz müqəddəratını həll
etmək hüququnu tanımaq məcburiyyətində
qaldı.
...XX əsrin
20-ci illərində Türkiyə ilə Cənubi Qafqaz
respublikaları arasında həll olunmamış məsələləri
nizama salmaq mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans
çağırmaq və orada bu məsələləri həll
etmək lazım idi. Razılığa əsasən
belə bir konfrans Qars şəhərində keçirildi.
Qars konfransı 1921-ci il sentyabrın 26-da
başladı, oktyabrın 30-da müqavilə bağlanması
ilə sona çatdı. Konfransda Moskva
müqaviləsinin maddələri bir daha təsdiq edildi.
Bu müqavilə ilə Naxçıvanın sərhədləri
bir daha dəqiqləşdirildi və bundan sonra bu məsələyə
baxılmayacağı qərarlaşdırıldı.
Naxçıvan Respublikasının sərhədləri belə
müəyyən edildi: "Üçbucaq təşkil edən
zonada yerləşən Naxçıvanın ərazisi Urmiya
kəndindən başlayan düz xətt boyunca Arazdəyən
stansiyasına qədər, yenə də düz xətt boyu qərbi
Daş Burun dağına (3142 m), suayrıcı xətlə
şərqi Daş Burun dağından (4108 m) keçib Cəhənnəm
dərəsi ilə bulaqdan (cənub) keçib,
suayrıcı xətt üzrə Bağırsaq
dağından (6607 və ya 6587 m) keçmiş İrəvan
dairəsi və Şərur-Dərələyəz qəzasının
inzibati sərhədi boyunca 6629 m yüksəkliyindən
Kömürlü dağa (6839 və ya 6930) və oradan (3080)
yüksəkliyindən Sayat
Dağı (7868) Qurd Qulaq kəndi və Həməsür
dağına (8160), 8022 yüksəklik Quru Dağa (10282) və
bundan sonra keçmiş Naxçıvan qəzasının
inzibati sərhədi daxilində müəyyən
edilmişdi".
Beləliklə,
RSFSR hökumətinin, ingilislərin və amerikalıların
ermənipərəst mövqeyinə, erməni
daşnaklarının ciddi cəhdlərinə və
silahlı mübarizələrinə baxmayaraq,
Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi,
Türkiyənin prinsipial mövqeyi və B.Şahtaxtinski kimi
siyasi xadimlərin səyləri nəticəsində
Naxçıvan Azərbaycanın tərkibində
saxlanıldı.
1921-ci il
aprelin 4-də Naxçıvan SSR İnqilab Komitəsi təşkil
olundu: Ə.Qədimov - İnqilab Komitəsinin sədri, eləcə
də Xalq Komissarları Sovetinin sədri; Ə.Abbasov - Səhiyyə
komissarı; Ş.Əliyev - Daxili işlər, Poçt,
Teleqraf komissarı; A.Şadlinski - Naxçıvan qarnizonunun rəisi;
Mehdiyev - Xalq Təsərrüfatı Şurasının sədri;
Bənəniyarski - Maliyyə komissarı; A.Rüstəmov - Təhsil
və Ədliyyə komissarı; Məmmədov - Ərzaq
komissarı və Musayev - Fəhlə-Kəndli müvəkkili.
1921-ci ilin sonunda Naxçıvan respublikasında sovetlərə
seçkilər keçirildi. 1922-ci il
yanvarın 25-də Naxçıvan SSR-in Birinci Sovetlər
qurultayı oldu. Qurultay diyarda sovet və təsərrüfat
quruculuğuna dair mühüm qərarlar qəbul etdi. Naxçıvan İnqilab Komitəsi ləğv
olundu, Naxçıvan İcraiyyə Komitəsi və
Naxçıvan SSR Xalq Komissarları Soveti yaradıldı.
1922-ci il
mayın 22-də AK(b)P MK Rəyasət Heyəti
Naxçıvan diyarı haqqında Əsasnamənin və
Naxçıvan SSR Konstitusiyasının layihələrinə
baxdı. Əsasnamədə deyilirdi: "Naxçıvan
diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan
edilərək, Naxçıvan Sovet Sosialist Respublikası
adlandırılsın".
1922-ci
ilin noyabrında V.İ.Leninin sədrliyi ilə RK(b)P
MK Siyasi Bürosu Naxçıvan Muxtar Respublikası
yaradılmasının zəruriliyi haqqında qərar qəbul
etdi.
1924-cü
il fevralın 9-da Azərbaycan SSR MİK-in
Rəyasət Heyəti Naxçıvan diyarının
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi
haqqında dekret verdi. Dekretdə deyilirdi: 1. Naxçıvan
ölkəsi Azərbaycan SSR-in protektoratlığında
Naxçıvan SSR-ə çevrilsin. 2.
Naxçıvan SSR haqqında əsasnaməni hazırlamaq
üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və
A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə
müddətində həmin layihəni hazırlasın.
Komissiyanın hazırladığı əsasnamə
1924-cü il martın 23-də Azərbaycan
MİK tərəfindən təsdiq olundu.
Bu vaxtlar
muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası hazırlanır və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər
qurultayı Naxçıvan respublikasının ilk
Konstitusiyasını qəbul edir. Konstitusiyanın ikinci maddəsində
deyilirdi: "Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan
Sovet Sosialist Respublikasının protektoratlığında
olmaqla onun tərkib hissəsidir".
Müasir
dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra, 1995-ci il noyabrın 12-də qəbul
edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində
özünəməxsus yer tutan Naxçıvan Muxtar
Respublikasının statusu müasir, yeni şəraitə
uyğun olaraq dəqiq şəkildə müəyyən
edilmişdir. Yeni Konstitusiyada "Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının tərkibində
muxtar dövlət, Azərbaycan Respublikasının
ayrılmaz hissəsi" hesab edilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiyası əsasında
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası
hazırlandı və 1998-ci il dekabrın
29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
təsdiq edildi. Konstitusiyanın birinci maddəsində göstərilir:
"Naxçıvan muxtar dövləti Azərbaycan
Respublikasının tərkibində demokratik, hüquqi,
dünyəvi muxtar respublikadır... Naxçıvan
Muxtar Respublikasının ərazisi Azərbaycan
Respublikasının dövlət sərhədləri
hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir".
Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdi. V.Talıbovun rəhbərliyi ilə bölgənin üzləşdiyi problemlər müəyyənləşdirildi və onların həllinə başlanıldı. Muxtar respublikanın xarici əlaqələri xeyli artdı. Keçid məntəqələri istifadəyə verildi, sərhədyanı ticarət canlandırıldı. İqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildi, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi. Naxçıvan Muxtar Respublikasında iri miqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişləndi, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlandı, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 və 85 illik yubileylərində dərin məzmunlu çıxışlar, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri böyük öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsini bir daha göstərir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır və muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 90 illiyini fərəhlə qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".
İsmayıl
HACIYEV,
AMEA
Naxçıvan Bölməsinin
sədri, akademik
525-ci qəzet.-
2014.- 5 fevral.- S.4.