Dağlar xəbər tutdumu?!

 

MƏHƏBBƏT KAZIMOV İTKİSİNƏ AĞI ƏVƏZİ

 

Görəsən dağlara xəbər çatdımı? "Qara xəbər yüyrək olar" - deyib atalar. Yazıq dağlarımız, həsrətdən bükülən belin bir az da əyiləcək. Çorman kəndindən bir ah-nalə qopacaq ki, Laçının bütün zirvələrində  - Sarıyoxuşda, Atbulağında, Pələng qayasında əks-səda verəcək. Qaqqıldaşan kəkliklər, qıy vuran qartallar səssizliyə qərq olacaq. Dəlidağın zirvəsindən qalxan buludlar isə bir Vətən oğlunun həsrətli gedişinə elə hey ağlayacaq, ağlayacaq...

Dağlar "Laçınım" mahnısının sevgisinə, doğmalığına isinən qayalarına baxıb köks ötürəcək. Xınalı qayalar qara geyinəcək "getdi, elimizdən getdi" - deyəcək. Kim bilir bəlkə bundan belə bu mahnı Qarabağın himni, yaxud da Məhəbbət Kazımovun şah əsəri kimi səslənəcək.

Qəribədir, ilk dəfə görürdük ki, müğənni öz səsinin avazı altında dəfn olunur. Bu təkcə bir səs idimi? Yox, yurda, torpağa sevginin bariz nümunəsiydi. Məhz buna görə bu mahnının müqəddəsliyinin kəfəninə büküb qəbr evinə yola saldıq Məhəbbət Kazımovu...

gözəl düşünmüş bunu edənlər. Yüz ağuçunun ağlatdıra bilmədiyi göz yaşını tökdürdü bizə bu mahnı. Min şairin, min yazıçının anlada bilmədiyi duyğuları yaşatdı bizə bu mahnı. Məhəbbət Kazımov gözümüzün önündə Qarabağ həsrətindən  şam kimi əridi getdi. Onun çox vaxt oxuduğu bu sətirlərdə elə bil ürəyinin tüstüsü görünür.

Ətəyində cığırınam,

Vurğununam, fağırınam.

Dərdi səndən ağırınam,

O günləri mənə qaytar.

Bəzən o qədər qəzəbli bir səslə oxuyardı ki, sanki yandırılmış, viran olmuş yurd yerlərimizin murdar ayaqlar altında qalan gorgahlarımızın işğalda qalmasına üsyan edir, hər kəsi silaha sarılmağa çağırırdı.

Yollar elə bil ki, həsrətli qalıb,

Dəli bir kəhərin ayaq səsinə.

Yollar igidlərin yolunu gözlər,

Yollar göz dikibdir dağ zirvəsinə. 

İki yolun ayrıcında qalmışdı Məhəbbət Kazımov. Bir addım o tərəfə yaralı qəlbinə təşnə olan Qarabağ, Qarabağ tərəfindən isə ürəyimizin başına tuşlanan düşmən güllələri... Əlini uzatmaq istədi, əli çatmadı. Gücü Tanrının dərgahına qədər gedib çatan bir səsə verdi. Qarabağ, Laçın deyib harayladı, harayladı... Məhəbbətin oxuduqlarının əksəriyyəti dərdin dilinə çevrildi. Amma bu dil ona minlərlə pərəstişkar topladı. İfaçılıq məharəti, yüksək səhnə mədəniyyəti ilə  sənətkar adını qazandı respublikanın Əməkdar artisti adına layiq görüldü. M.Kazımov "Laçın" instrumental ansamblının rəhbəri kimi respublikamızda, eləcə ölkəmizdən çox-çox uzaqlarda konsertlər verdi. Çoxsaylı tamaşaçı auditoriyası qazandı. Oxuduğu hər mahnısı həm alqışlarla, həm göz yaşları ilə qarşılanardı həmişə. Çünki harda olmasından, necə dolanmasından asılı olmayaraq səsindəki göynərti, niskil sezilirdi.

Səndə yazım, qışım qalıb, 

Sevgisində naşım qalıb.

Düz on səkkiz yaşım qalıb,

O günləri mənə qaytar!

- deyib yalvarırdı dağlara Məhəbbət Kazımov. Dağlar isə susurdu. Nə özünü göstərirdi, nə də o günləri qaytarırdı. Görəsən dağlar xəbər tutdumu? Yəqin ki, dağlar qan ağlayır indi. Məhəbbətsiz qalan dağlar...

 

Zəkurə QULİYEVA

525-ci qəzet.- 2014.- 6 fevral.- S.8.