Ömrün və sənətin zirvəsində

 

 

 

xoş gün! Səhnə sənətimizin kraliçası, ustad sənətkar, Xalq artisti, "Qızıl Dərviş", "Humay", "Zirvə" mükafatları laureatı Firəngiz xanım Şərifova 90 yaşına gəlib çatıb. 90 il yaşamaq hünəri ilə bu qoca dünyanı tez-tələsik tərk edən bütün "vəfasızlar"a nümunə göstərən Firəngiz xanım nadir istedad sahibi, milli sərvət sayılan sənətkarlarımızdandır.

Firəngiz xanım Şərifova heç zaman mətbuata açıq olmayıb. Zadəgan əsilli, qürurlu, ləyaqətli xanım özünü heç vaxt cəmiyyətin müzakirə obyektinə çevirməyib. Dərdlərini özü çəkib öz içində. Bəlkə elə buna görə 90 yaşın astanasında olan Firəngiz xanım xalqın gözündə daha da uca, əlçatmaz qalıb.

Azərbaycanın iki böyük sənət korifeyi, milli teatr sənətimizin yaradıcılarından Abbas Mirzə Şərifzadə Mərziyə xanım Davudovanın ailəsində dünyaya göz açan Firəngiz xanım uşaq yaşlarından teatr mühitində tərbiyə alıb, fitri istedadı tükənməz çalışqanlığı sayəsində səhnə sənətimizin sayılan-seçilən sənətkarları sırasında özünə layiqli yer tuta bilib.

Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının "Vokal" şöbəsində təhsil alan Firəngiz yaradıcılığının ilk illərində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Öz bənzərsiz istedadı ilə teatr mühitində tez parlayan vokalçı aktrisa bu teatrın səhnəsində Bayadera, Ulduz, Durna, Gülçöhrə, Gülnaz, Keto kimi obrazları maraqlı səhnə yozumunda tamaşaçılara təqdim edib, az zamanda çox sayda pərəstişkar qazanıb.

1949-cu ildə Musiqili Komediya Teatrı bağlandıqdan sonra Firəngiz xanım zəngin ənənələri olan Gənc Tamaşaçılar Teatrına dəvət alır. Ağadadaş Qurbanov, Yusif Vəliyev, Əliağa Ağayev, Məmmədağa Dadaşov, Susən Məcidova, Süleyman Ələsgərov, Osman Hacıbəyov kimi şöhrətli sənətkarlarla çiyin-çiyinə çalışan aktrisa onun üçün tamamilə yeni olan bu teatrda sənətin sirlərinə yiyələnir. Həmin illərdə Gənc Tamaşaçılar Teatrı gənc nəslin teatr tərbiyəsində aparıcı mövqedə dayanırdı. Neçə tamaşaçı nəsli Firəngiz xanımın onun tərəf-müqabillərinin təqdim etdiyi obrazların ən yaxşı keyfiyyətlərini götürərək bir insan kimi yetişib. Bu sənət ocağının səhnəsində Firəngiz xanımın ilhamla yaratdığı "Anacan"da Gülbahar, "Yaşar"da Yaqut, "Fitnə"də Fitnə, "Qaraca qız"da Yasəmən, "Aydınlığa doğru"da Şahbikə, "Keçən ilin son gecəsi"ndə Həmidə xanım, "Ovod"da Cemma, "Mənim nəğməkar bibim"də Mədinə, "Rübailər aləmi"ndə Məhsəti Gəncəvi, "Müsyö Jordan Dərviş Məstəli şah"da Şərəfnisə, "İki ağanın bir nökəri"ndə Beatriçe, "Yazığam, sevmə məni"də Bəyim, "Rüstəm Söhrab"da Təhminə kimi obrazlar neçə-neçə nəslin mədəni zövqünün formalaşmasında, təlim-tərbiyəsində mühüm rol oynayıb. Bütün bu obrazların mayasında ana torpağa, Vətənə, insana sevgi dayanırdı. Firəngiz xanım teatrın ən parlaq aktrisalarından idi. O, həm dramatik, həm komik, həm faciə obrazlarını eyni məharətlə yaradırdı. Firəngiz xanımın yaradıcılığında müxtəlif illərdə yaratdığı Gülbahar, Şahbikə, Həmidə, Mədinə, Məhsəti, Bəyim, Təhminə kimi güclü, fədakar, məğrur qadın obrazları xüsusi yer tutur.

Mahir səhnə ustası "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qərib cinlər ölkəsində", "Bayquş gələndə", "Vacib müsahibə", "Qum üzərində ev", "Gümüşgöl əfsanəsi", "Qətl günü" başqa filmlərdə gözəl, ürəyəyatan obrazlar yaradıb.

 

Uzun ömür yaşayan insan həyatın bütün şirinlikləri ilə yanaşı çox ağrı-acılara dözməli olur. Bu, böyük Yaradanın insana yazdığı qismətdir. Firəngiz xanım Allaha çox bağlı olan insandır. Belə deyir ki, əgər Allah məni hələ burda saxlayırsa, demək, bunun bir səbəbi var. Məncə, səbəb budur ki, Firəngiz xanım sovet dövlətinin qorxunc repressiyalarının qurbanı olmuş, sənət ömrü, arzuları yarımçıq qalmış atası, məşhur tragik Abbas Mirzənin, özü üçün həyatda bir günyaşamayan, həyatını yalnız sənətə həsr edən, yaradıcılığının ən kamil çağında dünyadan köçmüş anası Mərziyə xanımın yarımçıq qalmış ömrünü davam etdirsin. Min bir əziyyətlə böyüdüb, gözəl təhsil və tərbiyə verdiyi nəvələri Eldar və Muradın uğurlarına sevinə bilsin.

İndi daha çox xəyallarla baş-başa qalan bir pəri uzanıb yataqda. Bizlərə kiçik yaşlarımızda şirin nağıl qəhrəmanları bəxş edən böyük aktrisa. Mənsub olduğumuz nəslin görmədiyi, kimdənsə eşidərək, teatr tariximizin kitablardan oxuyub xəyalımızda canlandırdığımız personajları onun yaddaşında diridir, canlıdır. Bu yaddaşda Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir bəy, Abbas Mirzə, Mərziyə xanım, Ülvi Rəcəb, Qəmər xanım Topuriya, Ələkbər Süheyli, İsmayıl Hidayətzadə və daha kimlər var. O uzaq zamanları bizimlə birləşdirən bağdır Firəngiz xanım. Həyatın bütün keşməkeşlərindən çıxaraq çox xoşbəxt sənətkar taleyi yaşayan ustad aktrisanın sənət yolu bu gün teatra qədəm qoyan gənc nəslə bir örnəkdir.

90 il yaşamaq, onun 60 ilini səhnədə olmaq böyük hünərdir. Belə bir hünər sahibinə, böyük sənətkarımıza Tanrı dərgahından cansağlığı arzulayaq!

 

Kəmalə CƏFƏRZADƏ,

teatrşünas

525-ci qəzet.- 2014.- 6 fevral.- S.7.