Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)

 

 

1918-1920-ci İLLƏRDƏ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ XEYRİYYƏ TƏŞKİLATLARI

 

1. "Yaşıl Qələm" Cəmiyyəti

 

1919-cu ilin avqustun  26-da Məclisi-Məbusanın qiraət zalında Seyid Hüseyn Sadıq əfəndinin rəhbərliyi ilə 35 nəfər ədib və mühərririn iştirakı ilə "Yaşıl Qələm" Cəmiyyəti təsis edildi. "Yaşıl qələm" ədəbi cəmiyyətinin fəaliyyəti haqqında ilk dəfə ciddi araşdırma aparmış filologiya elmləri doktoru, professor Şamil Vəliyev 80-dən çox üzvü öz sıralarında birləşdirən bu qurumun gördüyü işlərin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək yazırdı: "Yaşıl Qələm" ədəbi cəmiyyəti müasir ədəbi prosesin inkişaf qanunauyğunluqlarını öyrənmək və şərh etmək, ona təkanverici təsir göstərməklə kifayətlənmir, eyni zamanda klassik Azərbaycan və dünya ədəbiyyatının ən nadir incilərini təbliğ etməyi əsas vəzifə sayırdı". Onu da qeyd edək ki, cəmiyyətin üzvləri milli ədəbiyyatın janr palitrasını əlvanlaşdırmağa çalışır, mövzu və ideya məhdudiyyətinin əleyhinə çıxırdılar. Burada lirik şeir, dram əsərləri və tənqidi yazılar ətraflı müzakirə olunur, dövrün ictimai-siyasi problemlərinin bədii həllinə mühüm əhəmiyyət verilirdi.

2."İslam incəsənəti abidələrini sevənlər və qoruyanlar" (təsisçilər: memar Zivər bəy Əhmədbəyov və mühəndis Ömər bəy Abıyev).

1. "Şəhər bağlar cəmiyyəti" (təsisçi və təşəbbüsçü Zivər bəy Əhmədbəyov. Bakının abadlaşdırılması məqsədi ilə yaradılan cəmiyyət).

2. "Əski Şirvan" cəmiyyəti (təsisçi və təşəbbüsçü Zivər bəy Əhmədbəyov). Ermənilərin basqını nəticəsində viran edilmiş Şamaxı şəhərinin bərpası üçün yaradılmış cəmiyyət;

3. Azərbaycan Tələbə İttifaqı

4. Bakı Həmkarlar İttifaqları Şurası;

5. Bakı İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti; İcraiyyə Komitəsi;

6. Bakı Quberniyasının Müsəlman Əhalisini Savadlandırma Cəmiyyəti;

7. Bakı Mülk Sahibləri İttifaqı;

8. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti;

9. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi;

10. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti;

11. Bakı Müsəlman Maarif Cəmiyyəti;

12. Bakı Neft Cəmiyyəti;

13. Bakı Neft Sənayeçilər Qurultayı Şurası;

14. Bakı Şəhər Həkimlər Cəmiyyəti;

15. Bakı Şəhər və Xalq Məktəblərinin Şagirdlərinə Yardım Cəmiyyəti;

16. Bakı Ticarət-Sənaye İttifaqı;

17. Bakı Universiteti Tələbələrinin Qarşılıqlı Yardım Cəmiyyəti;

18. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti;

19. Gəncə Müsəlman Milli Komitəsi, Həkimlərə Yardım Bürosu;

20. "Xalq evləri" Cəmiyyəti;

21. "Xalq əyləncələri" Cəmiyyəti;

22.  Xəzər İstehlak Cəmiyyətləri İttifaqı;

23. İctimai Təşkilatların İcraiyyə Komitəsi;.

24. İrəvan Quberniyası Müsəlmanlarının Həmyerliləri Cəmiyyəti;

25. Jurnalistlər və Ədiblər İttifaqı;

26. Kəndli İttifaqı;

27. Kooperasiya-topdansatış Əməliyyatları Cəmiyyəti;

28. Kustar Neftçıxaranların Birləşmiş İttifaqı;

29. Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası;

30. "Qardaş köməyi" İctimai Təşkilatı;

31. Lənkəran Şəhəri Tələbə və Abituriyentlər İttifaqı;

32. Mərkəzi Ev Komitəsi (Sentrodom) ;

33. Müsəlman Aktyorlar Cəmiyyəti;

34. Müsəlman Dram Cəmiyyəti;

35. Müsəlman Xeyriyyə Cəmiyyəti;

36. Müsəlman Qadınlar Xeyriyyə Cəmiyyəti;

37. Müsəlman Milli Komitələri, Müsəlman Şərqini Öyrənən Cəmiyyət;

38. Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqımaarif Cəmiyyəti.

39. "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti;

40. Rus Xeyriyyə Cəmiyyəti;

41. Rusiya Müsəlmanları Türk-Tatar Millətlərinin Hüquq Müdafiə Cəmiyyəti;

42. "Səadət" Xeyriyyə Cəmiyyəti;

43. "Səfa" Mədəni-maarif Cəmiyyəti;

44. Slavyan-Rus Cəmiyyəti;

45. Texniki Cəmiyyət;

46. Ticarət-Sənaye İttifaqı;

47. Türk Ocağı Mərkəzi;

48. "Uşaq evi" Xeyriyyə Cəmiyyəti;

49. "Uşaq həkimləri" Dərnəyi;

50. "Uşaq ölümü ilə mübarizə " Cəmiyyəti;

51. Uşaqlara Yardım Bürosu;

52. "Uşaqları mühafizə" Cəmiyyəti;

53. Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti;

54. "Yaşıl qələm" Cəmiyyəti;

 

AZƏRBAYCANIN İLK XEYRİYYƏ TƏŞKİLATININ YARADICISI

 

Həsən bəy Zərdabi

(1837 - 1907)

 

l Azərbaycan  mətbuatının əsasını qoyan Həsən bəy Məlikzadə (Məlikov) Zərdabi 1837-ci ilin noyabr ayının 12-də anadan olub.

l İlk təhsilini mədrəsədə alıb, ərəb və fars dillərini öyrənib. Sonra Tiflis gimnaziyasında təhsil alıb.

l 1861-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq dövləti işlərdə çalışıb.

l 1873-cü ildə o, ilk Azərbaycan teatrının əsasını qoyub.

l O, eyni zamanda Bakı Gimnaziyasında pedaqoq olaraq çalışıb.

l 1875-ci ilin iyul ayının 22-də H. Zərdabi böyük çətinliklə "Əkinçi" qəzetini nəşr edib.

 l 1877-ci ilə qədər nəşrini davam etdirən bu qəzet çar hökumətinin təzyiqlərinə görə fəaliyyətini dayandırır.      H.Zərdabi sonradan "Kaspi" qəzetində də fəallıq göstərib.

l H. Zərdabi 1907-ci ildə vəfat edib.

Böyük ziyalımız H.Zərdabinin bu mövzuda yazıb çap etdirdiyi iki məqaləni oxucuların diqqətə çatdırırıq.

 

CƏMİYYƏTİ - XEYRİYYƏ  BİNASI

 

Bakıda müsəlman cəmiyyəti - xeyriyyəsi açılıb və biz müsəlmanlar bu xeyir işə artıq şad oluruq ki, guya bir böyük iş görmüşük. Bivucudi ki, bizim elm zəmanəmizdə heç bir millət yoxdur ki, onun nə ki bir, hətta bir neçə cəmiyyəti - xeyriyyəsi olmasın və onlar 10 və dəxi artıq illərdir ki, xeyir iş görməyə məşğuldurlar. Cəmiyyəti - xeyriyyə açmaq çətin deyil. Ələlxüsus  bu halda, amma onun bina tutub qalmağı və tutduğu işlərin artıq mənfi olmağı çətindir. Çünki hər bir xeyir işin artıq nəfi olmağı pul ilədir və belə xeyir işə artıq pul verən çox az olar. Ələlxüsus, bizim müsəlmanlardan. Çünki xeyir iş görmək qanacaq ilədir və qanacaq elm ilədir, amma heyf ki, bizim müsəlmanlarda azdır. Ondan başqa hansı işin artıq xeyir olmağını da bilmək lazımdır. Məsələn: bizim Bakı şəhərində hər ildə mərsiyəxanlar üçün neçə min manat pul yığılır və fağır - füqəra adına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur, hətta zərəri də var. Çünki bu səbəbə ilbəil mərsiyəxanların və qeyri dilənçilərin qədəri də artır. Amma o pullar ilə bir miskinxana açıb orada dilənçilik edənlərdən 10-15-ni yığıb, onlardan yemək, içmək, geyinməyini verib, sənətlər öyrətsək, bir və ya iki ildən sonra bu dilənçilər  sənətkar olub, bizə baş ağrısı verməzlər və qeyrilərə də kömək edərlər. Çifayda, bizim adətlərimiz elə düşübdür ki, hər kəs ehsan edəndə öz qanacağı ilə edir və dilənçiyə pulu öz əli ilə verir. Ona görə küçələrin hər tinində bir neçə dilənçi daima durub, oradan keçənlərin yolunu kəsir. Pəs cəmiyyəti - xeyriyyə bina tutub baqi qalmaqdan və artıq nəf gətirməkdən ötrü lazımdır: qədim adətlərimizi dəyişdirib zəmanəyə müvafiq iş görmək. Biz qədim adətlərimizi dəyişdirməmək, nə qədər bizləri geri salmağını sübut etməkdən ötrü bizim qonşu ermənilər və biz müsəlmanlar Bakıda keçmişdə cəmiyyəti - xeyriyyə açmağından danışacağıq.

Bu halda Bakıda olan ermənilərin cəmiyyəti - xeyriyyəsi 40 il bundan əqdəm açılıbdır. O vaxtdan Bakıda erməni çox az idi. Bir neçə yüzdən artıq deyil idi. Əsl Bakı ermənisi 10-15 evdən artıq yox idi. Sonra quberniya buraya gələndə hökumət əmələsi və qeyri dadüstəd edənlər də gəlmişdi. O vaxtda onların oxumuşları da bizimkilərdən artıq idi. Onlardan (universitet də) darülfünun da qurtaranlar var idi. Bunların birisi - doktor Rustamyan cəmiyyəti - xeyriyyə üçün nizamnamə tərtib edib, bir neçə adam ilə ərizə verib onu təsdiq etdirəndən sonra cəmiyyəti - xeyriyyəni açdılar və adamlar bir yerə cəm olub Bakıda olan ermənilərin hamısını oraya dəvət edib, dəftər açıb pul yığdılar. Cəmiyyəti bina edən Rustamyan və qeyri zikr olan ərizəyə qol çəkənlər dəftər üzü ilə səpki edib, hər kəsdən özləri müəyyən elədiyi məbləği istəyib aldılar və heç bir kəs olmadı ki, onlara cavab etsin ki, mən bu məbləği vermirəm və ya verə bilmərəm. Hər kəs növbət ilə pulunu verib, qəbzini alıb ötürdü. O vaxtda Bakıda üç Qarabağ ermənisi suçuluq edirdi, yəni eşşəklə su daşıyıb satırdı ki, onlardan ikisi sonra milyonçu oldular. Üçüncüsü Karapet qeyrətli, xeyirxahi - millət olduğuna suçuluqda vəfat etdi. Cəmiyyəti - xeyriyyəni bina edənlər məclis açdığını bu Karapet eşidib, gəlib eşşəyini qapıda bağlayıb, gedib məclisə daxil olub təvəqqe elədi ki, onu stolun yanına qoysunlar.

Elə ki, ona yol verdilər, basa-basa qabağa çıxıb Rustamyandan xəbər aldı ki, bu pul nə üçün cəm olur?

Ona cavab verdilər ki, xahiş edirik məktəbxanalar açıb fəqir - yetim erməni uşaqlarını oxudaq. O vaxtda Karapet çarıqlı ayağının birisini qalxızıb stulun üstə qoyub çarığının bağını, sonra dolağını açıb şalvarının balağını yuxarı çəkib baldırından dəridən tikilmiş bir təlatını açıb, doktor Rustamyana uzadıb dedi: mənim övladım yoxdur, ermənilərin  hamısının uşaqlarını mən özümə övlad hesab edirəm və onların oxumağını çox istəyirəm. Sabahlar eşşək üstə su daşıyanda küçələrdə qoltuqlarında kitab məktəbxanalara gedən erməni uşaqlarını görəndə çox şad olram. Ona görə bu təlatının içində olan pulu mən bir neçə ildir cəm etmişəm, bu cəmiyyəti - xeyriyyəyə bağışlayıram. Bu sözü eşidib tamam məclis Karapetə mərhaba dedi. Təlatının içindən çıxan pulu sanayıb gördülər ki, min manata qədərdir. Məclis dübarə mərhəba deyəndən sonra Karapet təlatını götürüb, gedib eşşəyin üstə oturub oxuya - oxuya su daşımağa getdi. Bu tövr bina olan cəmiyyəti - xeyriyyə indiyəcən baqi qalıbdır və bu 40 ilin müddətində çox yetim füqəranı oxudub adam edibdir. Bu halda ermənilər məzkur Karapetə rəhmət oxuyurdular. Amma onun suçu yoldaşlarının ki, sonra milyonçu olmuşdular, yurdları xaraba qalıbdır.

 

(Ardı var)

Nəsiman Yaqublu

tarix elmləri namizədi

525-ci qəzet.- 2014.- 6 fevral.- S.6.