Əli bəy Hüseynzadə:
Türkçülüyün atası və böyük
maarifçi
Bu il
fevralın 24-də XX əsr Azərbaycan ictimai fikrinin görkəmli
nümayəndəsi, türkçülük məfkurəsinin
böyük carçısı, tanınmış ədib, publisist,
maarifçi, rəssam və təbabət alimi Əli bəy
Hüseynzadənin (1864-1940) anadan olmasının 150 illiyi tamam
olur. Böyük Azərbaycan ziyalısı Əli bəy
Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət
səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar
2014-cü il tarixli Sərəncam imzalanmış, bu tarixi
yubileyin keçirilməsi ilə bağlı müvafiq
dövlət qurumlarına tapşırıqlar verilmişdir.
Sərəncamda deyildiyi kimi, türk xalqlarının mədəni
inteqrasiyasının məfkurə kimi təşəkkül
tapmasında mühüm rol oynayan, müasir cəmiyyət
quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər
zəminində bərqərar olmasının vacibliyini irəli
sürən və müstəqil dövlətçiliyin nəzəri
əsaslarının işlənib
hazırlanmasında yaxından iştirak edən Əli bəy
Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca
yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə də qiymətli töhfələr
vermişdir.
Hesab edirəm
ki, klassik mədəni irsə, milli-mənəvi dəyərlərə
dövlətin və dövlət
başçısının daimi diqqət və
qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın
Əli bəy Hüseynzadənin Azərbaycanın məktəb
və pedaqoji fikir tarixinin öyrənilməsində,
xalqımızın milli oyanışı, özünüdərki
və dirçəlişində, milli məfkurənin yaranmasında,
milli maarifçilik hərəkatının
inkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisində
yolunda, milli dövlətçiliyimizin formalaşmasında təmənnasız
xidmətlərinin müstəqil dövlətçilik təfəkkürü
konteksində yenidən dəyərləndirilməsində,
onun zəngin irsinin dərindən tədqiqi və təbliğində
müstəsna rolu vardır.
lll
Müasirləri
böyük Azərbaycan mütəfəkkiri, milli ideologiya səviyyəsində
türkçülüyün "Ana Yasası" kimi dəyərləndirilən
"türkləşmək, islamlaşmaq, avropalaşmaq
(müasirləşmək)" triadasının
yaradıcısı və ilk carçısı, milli
bayrağımızdakı rənglər simvolikasının
müəllifi, türk dünyasında milli özünüdərkin
və milli istiqlal düşüncəsinin mücahidi, XX əsr
Azərbaycan ədəbiyyatında "Füyuzat" ədəbi
məktəbinin banisi, ensiklopedik şəxsiyyət,
böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin
(1864-1940) türklük, islamlıq, millət və Vətən
qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək,
onu "Qafqaz müsəlmanlarının
atası", "Qafqazdakı türk balalarına
türklüyünü bildirən, həsəb-nəsəbini
(soykökünü) öyrədən", "rəsuli- həqq"
("haqq elçisi"), "irqin (türklərin) ən
mükəmməl öndəri", "külli-müsəlman
aləminin iftixarı", "türk xalqlarına kimliyini
bildirən dahi", "bütün türk dünyasında
peyğəmbər kimi üfüqlər açan",
"ilk turançı", "dahi mütəfəkkir",
"fövqəlbəşər", "qüzey günəşi",
"bütün türk dünyasının mücahidi",
"türkçülüyün babası (atası),
"milliyyətçi və mütəfəkkir",
"imanlı türkçü", "yazı
ustadı" və s. bu kimi
yüksək epitetlərlə öyür, təqdir edirdilər.
Sözsüz, bütün bunlar səbəbsiz
deyildi. Çünki bu
böyük İNSAN, dahi fikir və söz adamı 76 illik
şərəfli ziyalı ömrünün yarım əsrdən
çoxunu yorulmadan, usanmadan bütövlükdə
türklüyün inkişafına, o cümlədən Azərbaycan
xalqının milli oyanış və özünüdərkinə,
maarif və mədəniyyətinin yüksəlişinə,
milli istiqlal mücadiləsinə, milli dövlətçiliyin
formalaşdırılmasına
həsr etmişdi...
XIX əsrin
sonu -XX əsrin əvvəllərində Azərbaycan
xalqının milli oyanışında, əsası Mirzə
Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən
qoyulan milli maarifçilik hərəkatının,
islamçılıq və qərbçilik
(avropaçılıq) ideyalarının davam və
inkişaf etdirilməsində müstəsna rol oynamış,
millətimizin islam ümmətçiliyindən
islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə
keçidinin əsas ideya və əməl rəhbərlərindən
(Əlimərdan bəy Topçubaşov və Əhməd bəy
Ağayevlə birgə) biri olan
Əli bəy Hüseynzadə özünün irəli
sürüb əsaslandırdığı "türkləşmək,
islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və
milli istiqlal formulu (düsturu) ilə
türkçülüyün siyasi məramnaməsini və
elmi-nəzəri əsaslarını, müasirlərinin dediyi
kimi, milli istiqlal mücadiləsinin "Ana Yasası"nı
verməklə milli tariximizə
"türkçülüyün atası" kimi öz əbədi
imzasını atmış oldu.
Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin
milli dövlətçilik ideologiyasına çevrilən bu
triada ("üçlü məram") milli
bayrağımızdakı rənglər palitrası vasitəsilə
əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan
xalqının qan yaddaşına daxil oldu. Bu mənada bu gün
də başlarımız üzərində əzəmətlə
dalğalanan milli bayrağımızdakı üç rəngin
bildirdiyi simvolik məna Əli bəy Hüseynzadənin müəllifi
olduğu "türkləşmək, islamlaşmaq,
müasirləşmək" formulunun rənglərlə ifadəsindən
ibarətdir. Əli bəy Hüseynzadə
belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi
türkləşmək, dini məfkurəsi
islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi
avropalaşmaq (müasirləşmək) olmalıdır.
Türkiyədə türkçülüyün böyük
ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi
özünün ustadı sayaraq sonralar həmin
üçlü qayənin sosioloji baxımdan "millətini
tanı, ümmətini tanı, mədəniyyətini
tanı!" anlamını verən "türk millətindənəm,
islam ümmətindənəm, Batı (qərb, Avropa) mədəniyyətindənəm " şəklində
formula etmişdir...
Əli bəy
Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi
fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət
kimi deyil, eyni zamanda
böyük maarifçi - pedaqoq - ziyalı, məşhur həkim-tibb professoru,
rəssam, musiqişünas kimi də tanınmaqdadır. Bu mənada
Əli bəyin müasiri olmuş, görkəmli tarixçi
Yusif Akçuraoğlu haqlı
olaraq yazırdı ki, əfsanəvi Əli bəy
dünyanın bütün dillərini, elm və fənlərin
hər növünü, ədəbiyyat və incəsənətin
hər şöbəsini tamamən əhatə etmiş və
tətbiqə müvəffəq olmuş fövqəlbəşər
idi ...
Azərbaycanın
milli təhsil və pedaqoji fikir tarixinə də dəyərli
töhfələr vermiş bu böyük mütəfəkkirin
maarifçilik görüşlərində millətin tərəqqi
və oyanışında, mədəni yüksəlişində
maarifin, təhsilin, elm və mədəniyyətin müstəsna
roluna, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən keçməsinə və bu yolda
ana dilində tədrisin təməl prinsip olmasına,
ümumbəşəri dəyərlərdən milli təkamül
və inkişafda istifadənin əsas şərtlərinə
dair müdrik fikirlərindən bir neçəsini
xatırlatmaq yerinə düşərdi.
l
"Türk xalqları birinci dövrdə qılıncla (Hun
imperatorluğu dövrü nəzərdə tutulur - Ə.Q.),
ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu
dövrü - Ə.Q.) parlamışdırsa, indi isə, yəni
üçüncü dövrdə (XX əsrdə) elm və biliklə
parlamalıdırlar...",
"Bizə qılınc deyil, əhli-maarif
lazımdır...";
l
"Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) ! Nə
qədər gözəl nemətlər! Bunları
unutmayalım! Çünki əsl nicat bu üç qüvvətdədir...
";
l
"Bizim özümüzə məxsus daha layiq, daha
şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə
də zülməti-qəflətdə bulunan külliyyəti-avam
arasında nuri-maarifi əkməkdir...";
l
"Bilgi... və elm lisan (dil ) ilə olur. Bir əcnəbi
lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə təhsil olunan elm məhdud
fərdlərin beynində qalır. Millətin
əksəriyyəti arasında yayılmır. Elm və
maarif əksəriyyət beynində inkişaf etmək
üçün lazımdır ki, millətin öz ana dili maarif təhsilinə
alət (vasitə) olsun...";
l
"Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət
və sənayesinə bələd olmağa (öyrənməyə)
və millətimiz beynində yaymağa çalışmalıyız...
";
l
"Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə,
elm və maariflərinə, kəşfiyyat və
ixtiralarına müraciət etmək istəyirik,, özlərinə
deyil! Biz istəyirik
ki, islam ölkəsinə onların beyinləri
girsin, boğazları, mədələri girməsin. Biz istərik
ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın ... " və s.
Hörmətli oxucu! Diqqətlə fikir verdinizsə,
Əli bəyin 100 il bundan qabaq böyük uzaqgörənliklə
söylədiyi bu müdrik kəlamlardakı
işıqlı, nurlu ideyalar nəinki köhnəlməyib,
əksinə bu
günümüzlə də həmahəng səslənir. Böyük maarifçi XX əsrin böyük kəşflər,
yeni texnologiyalar əsri olacağını irəlicədən
görür və türk xalqlarını, o cümlədən,
Azərbaycan xalqını şanlı keçmişi ilə
öyünməyi bir tərəfə atıb, elm, maarif və
mədəniyyət əsrində dünya xalqları içərisində
özünəlayiq yer tutmağa səsləyirdi.
Diqqət
edin, BMT XXI əsri ötən əsrin sonlarında "Təhsil
əsri " - "İntellekt əsri"
elan edib. Əli bəy bir əsr bundan qabaq XX əsri "elm və
bilik əsri" (əslində "təhsil") hesab edir,
millətimizin elmlə, maariflə, təhsillə inkişaf edəcəyinə
(parlayacağına ) inanırdı. O
inanırdı ki, milli istiqlala gedən yol öz
başlanğıcını maarifdən, elmdən, təhsildən
götürür...
Xalqın
maariflənməsinin təməl yolunun ana dilinin əsas tədris
dilinə-təhsil, təlim vasitəsinə çevrilməsi haqda Əli
bəyin müdrik fikri bu gün də aktual səslənir. Azərbaycanda bu böyük maarifçinin nurlu
ideyasının təməli ilk dəfə Xalq Cümhuriyyəti
(1918-1920-ci illər) illərində qoyuldu. Nə xoşbəxtik
ki, bu gün müstəqil Azərbaycanda milli təhsilimizin əsas
təlim - tədris dili dövlət dili olan Azərbaycan dilindədir...
Nəhayət,
Əli bəyin millətin tərəqqisi naminə Avropa elm, təhsil
və mədəniyyətinin əsas nailiyyətlərinin,
ümumbəşəri dəyərlərinin öyrənilməsi,
bu zaman xalqımızın "onların beyinlərini həzm
etməsi, fəqət mədələrində həzm
olunmaması" barədə peyğəmbərcəsinə
söylədiyi işıqlı ideyalar bu gün Avropa təhsil
məkanına inteqrasiya yolunu tutmuş Azərbaycan təhsilinin
prioritet istiqamətlərindən
biridir...
Əli bəy Hüseynzadə fenomenal fikir adamı, tarixdə
böyük izlər qoymuş nurlu şəxsiyyət,
böyük ziyalı idi. Lakin təəssüf ki, Azərbaycanın
ictimai-siyasi və mədəni fikir tarixinin,
bütövlükdə türk dünyasının bu
böyük şəxsiyyəti sağlığında
müasirləri tərəfindən yüksək qiymətləndirilsə
də, Azərbaycanda 28 Aprel çevrilişi nəticəsində
meydana çıxan sovet rejimində kommunist ideologiyası digər
milli-mənəvi dəyərlər kimi, Əli bəy
Hüseynzadə fenomenini də unutdurmaq, onun böyük əməllərini
xalqın yaddaşından silmək, tarixi xidmətlərini
saxtalaşdırmaq yolunu tutdu. Bu böyük insan haqqında
böhtan və iftiralara geniş meydan verildi, adına cürbəcür
"yarlıqlar" ("burjua millətçisi",
"pantürkist" və s.) yapışdırıldı,
qohumları "qırmızı terrora" məruz
qaldı, əsərlərinin nəşrinə qadağalar
qoyuldu...
Görkəmli
ədəbiyyatşünas alim, mərhum Yaşar Qarayevin
sözləri ilə desək,
Azərbaycan sovet ədəbiyyatşünaslığında
(1920-1991-ci illər) və siyasi-ictimai fikrində Əli bəy
Hüseynzadəyə və "Füyuzat" ədəbi məktəbinə
qarşı yağdırılmış iftira və böhtan
fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq
"erməni mənbələri" və "əlyazmaları"
da "toya getməli" görünürdü...
Lakin sovet rejiminin bütün basqı və
qadağalarına baxmayaraq, Əli bəy Hüseynzadənin
böyük adı və əməllərini xalqın
yaddaşından silmək, tarixin səhifələrindən
çıxarmaq mümkün olmadı. XX əsrin sonunda Azərbaycanın
ikinci dəfə
dövlət müstəqilliyinə
qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən
millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza,
bütövlükdə ictimai-siyasi fikir tariximizə
qaytardı. Bu, əslində Əli bəy Hüseynzadənin
doğulduğu, lakin çox az müddət
yaşadığı doğma Vətəninə bir növ mənəvi
qayıdışı idi ki, bu missiyanın önündə
ömrünü bu böyük mütəfəkkirin əsərlərinin
toplanmasına, tədqiqinə, nəşrinə və təbliğinə həsr etmiş görkəmli mətnşünas
alim mərhum Ofelya xanım Bayramlı gəlir. Onun tərtibçiliyi ilə
Əli bəy Hüseynzadənin kamil 2 cildlik seçilmiş əsərləri,
"Füyuzat" jurnalının tam komplekti latın əlifbasında
nəşr edildi. "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli Prezident Sərəncamına
uyğun olaraq onun bircildlik seçilmiş əsərləri
kütləvi tirajla çap olunaraq ölkənin bütün
kitabxanalarına hədiyyə edildi. Əli bəy Hüseynzadənin
son illərdə ictimai-siyasi, ədəbi fəaliyyətinə
dair xeyli araşdırmalar aparılmış, haqqında Rəfiq
Zəka, Azər Turan, Şamil Vəliyevin
(Körpülünün) dəyərli monoqrafiyaları nəşr
edilmiş, çoxsaylı elmi, elmi-kütləvi məqalələr
çap olunmuşdur.
Etiraf etməliyik
ki, bu dahi söz və fikir adamının çoxcəhətli fəaliyyəti
xalqa hələlik gərəyincə və yetərincə
çatdırılmayıb. Onun zəngin bioqrafiyasında
öyrənilməli və faydalanmalı məqamlar kifayət
qədər çoxdur...
Əziz
oxucu! Böyük ömrün tarixi məqamlarını gəlin
birlikdə vərəqləyək...
Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə 24
fevral 1864-cü ildə Azərbaycanın qədim şəhərlərindən olan
Salyanda ruhani müəllim ailəsində doğulub. Balaca Əli bəy ibtidai təhsilini
atası Molla Hüseynin də müəllim işlədiyi
Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən
yaşlarında valideynlərini itirən Əli bəy ana
babası-böyük maarifpərvər, müasirləri tərəfindən
"Qafqazın birinci adamı" adlandırılan Qafqaz
Şeyxülislamı Axund Əhməd Səlyaninin (1812-1884)
himayəsində qalıb. Altısinifli müsəlman məktəbini
uğurla başa vuran Əli bəy babası Axund Əhmədin
tövsiyəsi və "Rusiyada iki böyük
türkçüdən biri" (Ziya Göyalp) sayılan Mirzə
Fətəli Axundzadənin (1812-1978) köməkliyi ilə
1875-1885-ci illərdə Tiflis şəhər 1-ci kişi
gimnaziyasında mükəmməl tam orta təhsil alıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika -
riyaziyyat fakultəsinə daxil olmuş, oranı 1889-cu ildə
fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik
illərində o, həm də Sankt-Peterburq Rəssamlıq
Akademiyasının məşğələlərində azad
dinləyici kimi iştirak etmiş, rəssamlıq sahəsində
istedad və
bacarığını
təkmilləşdirməyi də
unutmamışdı...
Sankt-Peterburqda
universitet təhsili alan Əli bəy bununla kifayətlənməmiş,
Türkiyəyə gedərək İstanbul Universitetinin əsgəri-tibb fakültəsində
(1890- 95) ali tibb təhsili də almışdı.
Əvvəllər
bir müddət həkim - dermatoloq, sonralar isə İstanbul Universitetində professor
köməkçisi işləyən Əli bəy
Hüseynzadə siyasi fəaliyyətə qoşulur. Buna
görə də Sultan II Əbdülhəmidin onun haqqındakı həbs qərarı
ilə bağlı təqiblərdən qorunmaq məqsədilə
1903-cü ildə köhnə tanışı olan bir hindli
tacirin gəmisində gizli şəkildə Hindistana, oradan
Çinə, nəhayət, Bakıya gəlib çıxır...
Əli bəy Hüseynzadənin həyatında Bakı
dövrü (1903-1910-cu illər) yeni mərhələnin
başlanğıcı olur. Rusiyadan kənarda təhsil
aldığı üçün Bakıda həkimlik işinə
qəbul edilməyən Əli bəy publisistik fəaliyyətlə
məşğul olmağa başlayır. Bu illərdə
Bakıda yaşayıb - yaradan Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev kimi
tanınmış ziyalılarla sıx təmaslar qurur,
böyük mesenat, maarifçi-xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə millətin
oyanışında, insan hüquqlarının qorunmasında,
xalqın maariflənməsində əvəzsiz vasitə olan
mətbuat vasitəsilə milli mücadiləyə
başlayır. Çünki o dövrun
ziyalıları hesab edirdilər ki, "mətbuat bir millətin
lisanı (dili), samiəsi (qulağı), nəzəri
(gözü), beyni deməkdir. Mətbuatsız millət
söyləyəməz, eşidəməz, görəməz...
("Füyuzat" 1907, ¹29)...
Bu illərdə Rusiyada baş verən siyasi proseslər
çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə
qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan
ziyalıları 1905-ci il martın 15-də Hacı Zeynalabdin
Tağıyevin mülkündə yığıncaq
keçirərək yerli azərbaycanlılara da mədəni,
sosial-iqtisadi, siyasi hüquq və azadlıqların, o cümlədən
ana dilində ümumi təhsilin verilməsinə, mətbuat və
kitabların nəşr edilməsinə dair Rusiya hökumətinə təqdim
etmək üçün ərizə (petisiya) hazırlayırlar.
Bu sənədin hazırlanmasında Əlimərdan bəy
Topçubaşov (Topçubaşi), Əhməd bəy
Ağayev (Ağaoğlu), Əsədulla bəy Muradxanov, Fərrux
bəy Vəzirov, Adilxan
Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov
və başqaları ilə yanaşı, Əli bəy Hüseynzadə də fəal
iştirak edir. Azərbaycan
türklərinin bu istək və tələblərini Qafqaza
yeni canişin təyin olunmuş Vorontsov-Daşkova
çatdırmaq üçün Hacının maliyyə
yardımı ilə Əli bəy Hüseynzadə, Əlimərdan
bəy Topçubaşov və Əhməd bəy Ağayevdən
ibarət nümayəndə heyəti Sankt-Peterburqa göndərilir.
Həmin il aprelin 21-də canişinlə
görüşən Azərbaycan ziyalıları digər tələblərlə
yanaşı, ana dilində "Həyat" qəzetinin nəşrinə
icazə istədiklərini ona çatdırırlar. Çox
çətinliklə qəzetin nəşrinə
razılıq verilir...
"Həyat"
qəzetinin sahibi-imtiyazı mərhəmətli Hacı
Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy
Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə
və Əhməd
bəy Ağayev idi. Azərbaycanın bu üç
böyük fikir nəhəngi və söz adamının rəhbərliyi
ilə nəşrə başlayan "Həyat
" o dövrdə Azərbaycanda nəşr olunan yeganə
anadilli qəzet idi. Azərbaycan xalqının
milli dirçəlişində, türkçülük
ideyalarının yayılmasında müstəsna rol
oynamış bu qəzet qısa ömürlü
(07.06.1905-04.09.1906) olsa da, milli mətbuat, eləcə də
ictimai-siyasi fikir tarixində dərin izlər qoymuşdu.
Bu işdə Əli bəyin xüsusi xidmətləri
olmuşdu. Qəzet ilk nömrəsindən bağlanana
kimi türkçülüyün,
islamçılığın və qərbçiliyin
(müasirliyin) siyasi tribunasına çevrilmişdi ki, bunun da
mərkəzində Əli bəyin işıqlı
ideyaları dururdu...
XIX əsrin ikinci yarısında rus
çarizmi digər milli-mənəvi dəyərlər kimi
xalqımızın adına da "təcavüz"
etmiş, onun əsl "türk" adını qadağan
etməyə, uydurma "tatar" ,"müsəlman"
adları ilə soykökünü unutdurmağa qismən
"nail olmuşdu". İş o həddə
çatmışdı ki, xalqımızın nümayəndələrindən
milliyyətini soruşduqda "müsəlmanam", - deyə
cavab verir, öz soykökünü deməkdən belə
çəkinirdi. Bu acı həqiqəti görən görkəmli ədib
Ömər Faiq Nemanzadə "Mən kiməm? " adlı
yazısında ürək ağrısı ilə
yazırdı: "Hə ey türk! İstər
darıx, istər karıx, yaxandan əl çəkəcək
deyiləm. Sən hər şeyi öyrənmək istədiyin
halda bircə zadı-yəni
özünü bilmək istəmirsən, niyə öz
soy və nəslindən xəbərin
yox? Niyə sənə "Kimsən?" dedikləri
vaxt həqiqi cavabında aciz qalırsan? Niyə
sadəcə deyə bilmirsən ki, mən türkəm.
Niyə deyə
bilmirsən ki, şiəlikdən, sünnilikdən,
babılıqdan əvvəl sən
türk idin. İndi də türksən və bundan sonra
da türk qalacaqsan..."
Bəli,
belə bir tarixi şəraitdə, yəni "türk" kəlməsinin
hətta dilə belə gətirilmədiyi, "Mən türkəm"
söyləməyə imkan verilmədiyi bir tarixi məqamda
Əli bəy Hüseynzadə "Həyat "qəzetinin səhifələrində
çap etdirdiyi "Türklər kimdir və kimlərdən
ibarətdir ?" adlı əsəri ilə türk
xalqlarına, o cümlədən Azərbaycan türklərinə
üz tutaraq "Biz tatar deyilik, biz türkük",- deyə
hayqırdı, xalqa öz adıyla "türk" dedi və
bunu başqalarına da dedirtdi, türklərin kimliyini onlara
anlatdı. Bu mənada Azərbaycanda
türkçülük hərəkatının həqiqi
tarixi Əli bəyin redaktoru olduğu "Həyat" qəzeti
ilə başlayır. Təsadüfi deyil ki, görkəmli
çağdaş Amerika tarixçisi Tadeuş
Svyatoçovski doğru olaraq, "XX əsrin əvvəllərində
türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli
bəy Hüseynzadə idi ", - deyirdi ...
Lakin
Əli bəyin qəzetdəki türkçülük,
islamçılıq və qərbçilik ideyaları
türkün əbədi düşmənləri, xüsusən
də rusların əlində türklərə
qarşı hər zaman bir alət rolunu
oynayan erməniləri ciddi narahat edirdi.
Erməni
xəfiyyələrinin "Həyat" qəzeti barədə
donoslarının birinin üstündə Qafqaz canişininin dərkənarında
təcili olaraq "Həyat"ın sərlövhəsindəki
"türk" sözünün silinməsi, əvəzinə
"tatar" sözünün yazılması" əmr edilirdi. Lakin Əli bəy
nəinki "türk" sözünü "tatar"la əvəzlədi, əksinə, "bu məsələ
qayət mühümdür",- deyərək "Biz ki,
türk oğlu türkük, biz ki, millətlərin ən qədimi
və ulusuyuq", -deyə türklüyü təqdir etməkdə
davam etdi. Buna görə də türkün düşmənlərinin
təzyiqi ilə "Həyat" qapandı...
Çox
keçmədi ki, böyük maarifçi, xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı və
Əli bəy Hüseynzadənin redaktorluğu ilə
"Füyuzat" dərgisi
(1906- 1907) nəşrə başladı. Əli bəy "Həyat"
da başladığı türkçülük ideyalarını "Füyuzat"da
da davam etdirərək, türkçülüyün siyasi
proqramı olan "türkləşmək, islamlaşmaq,
avropalaşmaq" formulunu bitkin bir sistem halına gətirdi: "Füyuzat"ın tutduğu
yol türklük, müsəlmanlıq və
avropalılıqdır" ("Füyuzat", 1907, ¹23), -
deyə öz ideyasına sadiqliyini bir daha təsdiqlədi...
Yeri gəlmişkən, deyək
ki, müəllifi Əli bəy Hüseynzadə olan bu
üçlü məramın müasir tarixşünasliqda
ilk dəfə düzgün, ətraflı elmi şərhinin bu sətirlərin müəllifinin
"Azərbaycan Respublikasının dövlət rəmzləri
" kitabında (Bakı 2001, s. 38-89) verildiyi elmi ədəbiyyatda
da etiraf olunmuşdur (Bax :
"Füyuzat" . Bakı, 2006, "Ön söz, "s.
XIII; "Respublika" qəz. 12, 15 may 2002 -ci il).
Əli bəy
Hüseynzadənin bu dərgisi Azərbaycan ədəbiyyatında
yeni bir istiqamətin -
"Füyuzat" ədəbi məktəbinin (Hüseyn
Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq
və başqalarının təmsil olunduğu romantik ədəbiyyat)
yaranmasına gətirib çıxardı. Lakin onun da
ömrü qısa oldu və qəfildən bağlandı...
Bu qapanmanın maraqlı tarixçəsi vardır. O dövrün mətbuat səhifələrindən
öyrənirik ki, Türkiyə Sultanı II Əbdülhəmidin
taxta çıxmasının 32-ci ildönümü
münasibəti ilə məcmuənin sahibi-imtiyazı
Hacı Zeynalabdin Tağıyev görkəmli din xadimi Məhəmməd Kərim
Ağanın Azərbaycan türkcəsinə tərcümə
etdiyi "Qurani-Kərim"i altun cild, qiymətli daş və
almazlarla bəzədərək görkəmli maarifçi və
din xadimi Axund Yusif Talıbzadənin
(1877 - 1922) vasitəsilə Sultan II Əbdülhəmidə hədiyyə
göndərir. Hədiyyəni qəbul edən Sultan Axund Yusifə
müraciətlə: "Bir şeyi anlamıram. Hacı
Zeynalabdin bəy dərgisində məni həcv edir, sonra da mənə
hədiyyə göndərir", - deyə
narazılığını bildirir. Axund Yusif
Bakıya dönən kimi Sultanın iradını Hacıya
çatdırır. O da dərhal məcmuənin
bağlanmasına qərar verir. Müasirləri tərəfindən
"Azərbaycan türklərinin milli
haqlarının aynası" (A.Şaiq) hesab edilən "Füyuzat" dərgisi 1907-ci
il noyabrın 1-də beləcə qapanır... Onu da deyək
ki, bu illərdə Əli bəy Hüseynzadə Rusiya I
Dövlət Dumasının buraxılmasına etiraz əlaməti
olaraq "Vıborq bəyannaməsi"ni
imzaladığına görə həbs olunan Əlimərdan
bəy Topçubaşovun əvəzinə, müvəqqəti
olaraq rusca "Kaspi" qəzetinə də baş mühərrirlik
(redaktorluq) (1907) etmişdi...
Əli bəy
Hüseynzadə publisistik fəaliyyətlə
yanaşı, ziyalı-müəllim ailəsində
doğulan, xarizmatik bir ziyalı kimi
pedaqoji sahəyə də xüsusi diqqət ayırmağı unutmamışdı. 1907-ci ilin avqustun 25-dən
sentyabrın 4-dək
Bakıda
keçirilmiş Azərbaycan
müəllimlərinin II
qurultayının təşkili və keçirilməsində müstəsna rol
oynamışdı. Qurultayda "Füyuzat" məcmuəsi
və "Kaspi" qəzetinin müdiri kimi Əli bəy Hüseynzadə sədr, görkəmli
pedaqoq Mahmud bəy
Mahmudbəyov və müəllim Süleyman bəy (Sani)
Axundov sədr müavinləri,
müəllimlər: Üzeyir bəy Hacıbəyov,
Mirzə Abdulla Talıbzadə (A.Şaiq) və Fərhad bəy Ağazadə katib seçilmişdilər.
Qurultayda Azərbaycanda
məktəb təhsilinin vacib
məsələləri
müzakirə edilmiş,
dəyərli qərarlar qəbul edilmişdi. Qurultayın gedişi haqqında
"Füyuzat" jurnalında
(27-31-ci nömrələrdə) ətraflı stenoqrafik
məlumat verilmişdi ki, bu məlumatlar bu gün həmin
qurultay haqqında ən etibarli və dəyərli mənbə
sayılır.
"Füyuzat" məcmuəsi
bağlandıqdan sonra Əli bəy fəaliyyətini pedaqoji
sahədə davam etdirmiş, 1908-1910-cu illərdə
"Səadət" Ruhani
Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi (1908)
"Səadət" məktəbində əvvəlcə türk dili və ədəbiyyatı müəllimi, məktəbin müdiri,
əslən iranlı
olan Mirzə Ələkbər
Xan Bəhmən diplomatik fəaliyyətə keçdikdən sonra, həmin məktəbin müdiri olmuşdu. Əli bəy Hüseynzadənin
müdir
olduğu dövrdə müəllimlər işə müsabiqə yolu ilə
seçilib qəbul
edilirdi. Belə müəllimlərdən
biri də məşhur Üzeyir
bəy Hacıbəyli
idi. Böyük Üzeyir bəy o zaman həmin məktəbə rus dili və hesab
müəllimi kimi qəbul
edilmişdi. Təkcə bu
fakt Əli bəy Hüseynzadənin parlaq
pedaqoji fəaliyyətinin
bir örnəyi kimi
onun maarifə, məktəbə, müəllimə hansı
yüksək meyarlarla yanaşdığını aydın
şəkildə göstərməkdədir...
Əli bəyin Üzeyir
bəylə əməkdaşlığı təkcə məktəb həyatı, mətbuatla yekunlaşmamışdı. Belə ki, türk - islam dünyasında ilk opera
sayılan Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının Hacı Zeynalabdin Tağıyevin teatrında baş
tutan ilk tamaşasının (1908) bədii
tərtibatçısı- rəssamı Əli bəy Hüseynzadə olduğu barədə tarixi
faktlar da mövcuddur...
Əli bəy Hüseynzadə "Səadət" məktəbində
çalışdığı illərdə ümumi təhsilin
məzmunu, dərsliklərin dili və tərtibi prinsipləri, ədəbi dil və əlifba məsələlərinə dair qiymətli məqalələrlə mətbuatda çıxış etmiş,
bu problemlərə dair
onun mülahizələri uzun müddət mətbuatın gündəmindən düşməmiş, geniş müzakirə və
diskussiyalara yol açmışdı... Ən maraqlısı
bu idi ki, Əli bəy türk xalqları üçün ümumi ədəbi dil
yaradılmasının tərəfdarı idi. Bu
ideya o zaman qəbul edilməsə də, bu gün yenə də
aktuallığını itirməyib. Bu
böyük maarifçinin ədəbi dil konsepsiyasında əlifba
məsələsi də xüsusi yer tuturdu. O, ərəb
əlifbasının dəyişdirilməsinin qəti əleyhdarı idi, hətta
M.F.Axundovu bu məsələyə görə kəskin tənqid
edirdi. Ərəb
əlifbasının dəyişdirilməsi
ideyasının türk xalqlarının mədəni inkişafına zərbə
olacağı qənaətində idi. Bu
ideyanın ortaya atılmasında rus "barmağı"
olduğu inancında idi. XX əsrdə Azərbaycanda
aparılan əlifba
"islahatları" bu böyük
maarifçinin nə qədər
haqlı olduğunu təsdiqlədi...
Türkiyədə
Sultan II Əbdülhəmidin taxtdan salınmasından
artıq 2 il keçmişdi.
Keçmiş inqilabçı dostları olan gənc
türklərin dəvətilə Əli bəy 1910-cu ilin
sonunda yenidən Türkiyəyə köçmək qərarına
gəlir. Çox maraqlıdır ki, bu dahi fikir adamının Bakıdan getməsi
qərarı dövrün tanınmış ziyalıları
tərəfindən milli faciə kimi
qarşılanmışdı. Müasirlərindən olan
Əlabbas Müznib görkəmli fikir və söz adamı
Əli bəyi "bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının
atası" adlandırır, onu "dilsizlərin dili,
karların qulağı, korların
görən
gözü" hesab edir, onun
gedişiylə
"Qafqaz əhalisinin başsız, böyüksüz"
qalacağını ürək ağrısı ilə dilə gətirirdi...
Məhz
bu münasibətlə yerli ziyalılar "Səadət" məktəbində Əli bəyin gedişi şərəfinə böyük ziyafət məclisi də
təşkil etmişdilər.
Böyük maarifçi Bakıdan ayrılarkən
bütün ev əşyalarını və kitablarını
üç il
işlədiyi "Səadət"
məktəbinə bağışlamağı da unutmamışdı...
Sözsüz, bu addım onun böyük ziyalı təbiətindən
irəli gəlmişdi...
Burada mədəniyyət tariximiz üçün
çox maraqlı bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, Əli bəy
İstanbula köç ərəfəsində özünün
yağlı boya ilə 1905- 1906-cı illərdə çəkdiyi "Bibiheybət məscidinin görünüşü"
adlı məşhur rəsm əsərini satış salonuna qoydurmuşdu. Salona gələn Bakıdakı ingilis konsulu Mak Donnelin həmin
əsərdən xoşu
gəlmiş və rəsmi almaq üçün sifariş vermişdi... "Orucov
qardaşları" mətbəəsinin sahiblərindən biri bu xəbəri
böyük mesenat Hacı
Zeynalabdin Tağıyevə
çatdırmışdı. Hacı demişdi:
-
Görünür, Əli bəyin əli aşağıdır.
Ona görə
bu məşhur rəsm əsərini
satmaq qərarına gəlib...
Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər
bizə. Ancaq
bu haqda Əli bəy heç nə bilməsin,
məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy
Bakıda qalsın, gedib Londona
düşməsin...
Belə də edirlər. Bu
böyük
mesenatın milli qeyrəti
və təəssübkeşliyi sayəsində Azərbaycan xalqının milli
sərvəti olan bu
gözəl sənət əsəri Əli bəyin öz vətənində
qalır. Həmin əsər hazırda Azərbaycan Dövlət
İncəsənət
Muzeyində saxlanılır...
Yeri gəlmişkən
deyək ki, Dövlət İncəsənət Muzeyində qorunan Əli bəyin Sankt-Peterburqda təhsil alarkən
Tiflisdə çəkdiyi "Şeyxülislamın portreti" əsəri (1888) də
1903-cü ildə Əli bəy tərəfindən Vətənimizə
gətirilib və qardaşı İsmayıl bəyə
bağışlanıb. Muzeyə isə Bəhmən
Hüseynzadə və həyat yoldaşı görkəmli
tarixçi, mərhum professor Sara xanım Aşurbəyli tərəfindən
bağışlanıb. Portret öz ana babası
Şeyxülislam Axund Əhməd Səlyaniyə həsr edilib...
Nəhayət,
Əli bəy Hüseynzadə Bakını 1910-cu il dekabrın 4-də tərk edərək
Bakı - Tiflis - İstanbul marşrutu ilə 1911-ci il
yanvarın 5-də İstanbula çatıb. Səfər zamanı Tiflisdə dəmiryol
vağzalında
böyük ədib Cəlil Məmmədquluzadə ilə təsadüfən
görüşüb, aralarında çox səmimi söhbət olub...
İstanbulda
həkimlik sənətini davam etdirən Əli bəy
Hüseynzadə İstanbul Universitetinin Tibb fakültəsində dəri-zöhrəbi
xəstəlikləri üzrə professor köməkçisi,
sonralar professoru seçilir. Bu vəzifədə
1933-cü ilə, yəni universitet bağlanana qədər
pedaqoji fəaliyyətlə məşğul olur.
1918-ci il
mayın 28-də Tiflisdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərdiyi
dövrdə (16 iyun 1918 - 17 sentyabr 1918) Osmanlı dövlətindən
hərbi yardım istəmiş
və Nuru Paşanın rəhbərliyi altında türk ordusu Azərbaycana - Gəncəyə
gəlmişdi. Bu dövrdə
Əhməd bəy Ağayev
(Ağaoğlu), Axund Yusif Talıbzadə ilə yanaşı, Əli bəy
Hüseynzadə də Türkiyədən Azərbaycana
göndərilmiş, dövlət
quruculuğu məsələlərini Azərbaycanın
siyasi və hökumət rəhbərləri
ilə müzakirə etmiş, müəyyən məsləhətlər
vermişdi. Əli bəy Gəncə
səfərindən qayıtdıqdan sonra qələmə aldığı və "Qızıl ay" qəzetinin
24 iyul 1918-ci il tarixli nömrəsində çap etdirdiyi "Azərbaycanda
düşündüklərim" məqaləsindən
öyrənirik ki, o Gəncəni iyulun ortalarında tərk edərək,
Qafqaz məsələsini müzakirə etmək məqsədilə Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə
İstanbula qayıdıb...
Əli bəy Hüseynzadə Azərbaycan sovet hökumətinin
xüsusi dəvəti ilə bir də 1926-cı ildə Vətənə
dönüb, Bakıda keçirilən I Beynəlxalq
Türkoloji qurultayda iştirak edib. Qurultaya məruzə adı ilə gətirdiyi,
əslində isə Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı məsələlərinə həsr olunmuş "Qərbin iki
dastanında türk" əsərinin Bakıda nəşrinə
nail olub. Onun beynəlxalq
miqyaslı belə bir qurultaya dəvət
olunması əslində Sovetlər Birliyində də
böyük türkoloq kimi
tanınması kimi dəyərləndirilməlidir...
Türkoloji
qurultay başa çatdıqdan sonra 1926-cı il martın 25-də
doğma Vətənindən
sonuncu dəfə ayrılan
Əli bəy Hüseynzadə
bir müddət Atatürkə sui-qəsddə iştirak gərəkçəsi
ilə Ankarada İstiqlal Məhkəməsi
qarşısında dayanmalı olmuş, az sonra bu işdə
günahsızlığı sübut edilərək sərbəst
buraxılsa da, fəaliyyətində bir durğunluq mərhələsi
başlanmışdı. Bu hadisədən sonra sakit həyat
tərzi keçirən Əli bəy 1940-cı il martın
17-də
İstanbulda dünyasını dəyişib və
şəhərin Qaracaəhməd
məzarlığında torpağa
tapşırılıb...
Əli bəy
Hüseynzadə özündən sonra zəngin elmi, bədii,
publisistik irs qoyub getmişdir. Onun elmi, ədəbi-bədii irsi
içərisində Bakıda işlədiyi illərdə
yazdığı və mütəxəssislər tərəfindən
şah əsəri hesab edilən "Siyasəti- Fürusət"
( "At minmək siyasəti"), eləcə
də, "Füyuzat" məcmuəsi
xüsusi yer tutur. Müasiri Yusif Akçura yazırdı ki,
Əli bəyin
siyasi, fəlsəfi və ədəbi
düşüncələrini anlamaq üçün ən
qiymətli mənbə "Füyuzat" kolleksionudur ( Bax:
Y.Akçura. Türkçülüyün
tarixi. Bakı 2006 ).
Şükürlər
olsun ki, bu qiymətli mənbə mərhum mətnşünas
alim Ofelya Bayramlının fədakar əməyi ilə
latın qrafikasına transliterasiya olunaraq tanınmış ziyalı Etibar
Yolçuyevin şəxsi vəsaiti ilə məhdud tirajla
müasir Azərbaycan oxucusuna
çatdırılmışdır. Çox istərdik ki, həmin
toplu kütləvi
tirajla çap edilərək, geniş elmi ictimaiyyətin istifadəsinə veriləydi...
Bir
neçə kəlmə də bu böyük insanın ailə həyatından söz
açmaq istərdik. Əli bəy nisbətən gec, yəni 48 yaşında 1912-ci
ildə İstanbulda əslən
çərkəz olan suvari
zabiti Şəmsəddin bəyin
qızı Ədhiyyə xanımla (1890-1944) evlənmiş, bu izdivacdan
üç övladı - Səlim
Turan adlı oğlu, Saidə və Feyzavər adlı iki qızı
dünyaya gəlmişdi. Yüksək təhsil almış
övladlarının heç birinin uşağı
olmayıb. Böyük qızı Saidə bəyim (1914-2002) 2002-ci ildə rəhmətə gedib. Oğlu Səlim Turan (1915-1994) məşhur rəssam
idi. Parisdə yaşayıb, 1994-cü ildə orada dünyasını dəyişib.
Üçüncü övladı 1920-ci ildə
doğulmuş Feyzavər bəyim bu yaxınlarda İstanbulda
haqq dünyasına qovuşub. Əli bəyin nəsli bu övladlarla bitir...
Əli bəy
Hüseynzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində
türk-islam dünyasının
yetirdiyi nadir şəxsiyyət,
dahi mütəfəkkir, bənzərsiz fikir adamı, böyük
maarifçi və ictimai xadim idi... Onun haqq dünyasına
qovuşmasından 74 il
ötsə də, o, əsərlərində, əməllərində,
parlaq ideyalarında bu gün də yaşayır. Bu
böyük İnsanın adının əbədiləşdirilməsi
istiqamətində müstəqil Azərbaycanda dövlət tərəfindən
müəyyən
addımlar atılıb, doğulduğu Salyan şəhərində
şərəfinə heykəli ucaldılıb, küçələrə,
məktəblərə adı verilib. Əsərləri
çap edilib,
haqqında
araşdırmalar aparılıb. Ən başlıcası təmiz adı özünə
qaytarılıb, böyük ideyaları həyata
keçirilib. Hesab edirik ki, necə ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı var, həmin bayrağın rənglər
simvolikasının müəllifi
Əli bəy Hüseynzadə də var olacaqdır...
Düşünürəm
ki, müstəqil Azərbaycanın görkəmli elm və mədəniyyət
xadimləri maarif və mədəniyyətimizin bu
böyük korifeyinin üçrəngli
bayrağımızda əbədiləşən milli
ideyaların müəllifi Əli bəy Hüseynzadənin
150 illik yubileyinin keçirilməsi haqqında ölkə
Prezidentinin məlum Sərəncamının yüksək səviyyədə
icrası üçün əllərindən gələni əsirgəməyəcək,
bu böyük ziyalının zəngin irsinin xalqımıza,
xüsusən də müasir Azərbaycan gəncliyinə gərəyincə
və yetərincə çatdırılmasına öz
layiqli töhfələrini verəcəklər.
Əsgər Quliyev
Təhsil Nazirliyi Dərslik və nəşriyyat
şöbəsinin müdir müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Əməkdar müəllim
525-ci qəzet.-
2014.- 7 fevral.- S.7-8.