Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)

 

 

Bir neçə il bundan sonra, 1871-ci il səndə mən də bizim müsəlmanlar üçün bir belə cəmiyyəti-xeyriyyə nizamnaməsi tərtib edib və bir neçə qeyri adamlara da onun ərizəsinə qol çəkdirib, sərdara verib təsdiq elətdirdim. Amma mənim çağırışıma nə ki, bir qeyri müsəlman, hətta ərizəyə qol çəkənlər də gəlmədi. Axırda bir neçə adamı vasitə salıb, qazı Molla Cavad Axunddan təvəqqe elədim ki, şəhərin mütəşəxxislərini öz mənzilinə çağırıb bu xeyir iş bina olmağa səbəb olsun. Həzərat cəm olanda onlara cəmiyyəti - xeyriyyə nədir və onun gələcəkdə xeyri nə olacağını ərz elədim və cənab Hacı Zeynalabdin Tağıyev də bu barədə çox danışdı. Amma pul sözü araya gələndə hacılar iztiraba düşdülər və onların birisi: "Bu xeyir işə bir xeyir duaçı da gərəkdir. Təvəqqe edirəm məni belə duaçı hesab edəsiniz" - deyib, durub getdi. Bir qeyri hacı durub "abidəstə gedirəm" - deyib çıxıb qaçdı. Sonra məclisdə qalan əşxas bir-birinə baxıb təşrif apardılar. Biz məclisdə olan 3-4 adamlar da onlardan sonra durub getdik. Mən dəftərləri qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gün xörək yeyə bilmədim və gecələr mənə yuxu haram oldu. Qardaşlar, bizim və qonşularımız ermənilərin indiki halına baxıb diqqət edin! Onda görərsiniz ki, zikr olan 34 ilin müddətində onlar bizdən nə qədər irəli gediblər və bunun ümdə səbəbi onların cəmiyyəti - xeyriyyəsi olubdur. Bəs deyilmi, haçan biz ayılacağıq?

"Həyat" qəzeti, N 107,

25 noyabr 1905-ci il

 

II

 

Keçən 107-ci nömrədə Bakıda müsəlman cəmiyyəti - xeyriyyəsi bina olunmaqdan danışanda bizim Bakı mütəxəssisləri bu xeyir işə necə baxdıqlarından və məclisdən qaçdıqlarından danışdıq. Doğrudur, bizim Bakı qardaşlarımızın belə öz xeyrini qanmadığı məni çox soyudub, həvəsdən saldı. Amma mən ümidimi Qafqaz vilayətinin qeyri şəhərlərinə bağlayıb, oralara da gedib ciddü - cəhd etməyi özümə borc bildim. Çünki cəmiyyəti - xeyriyyə bircə Bakı üçün açılmayır idi. Tamam Qafqaz üçün bina olurdu. Yayın başında gimnaziyada olan şagirdlərimin  imtahanını qurtarandan sonra bir qaytanlı dəftər qayırıb notariusa möhürlədib yola düşdüm.

O vaxtda bizim Qafqazda üç dövlətli müsəlman sakinləri olan şəhər var idi. Birisi Bakı idi ki, təzə qubernatornişin olmuşdu. Birisi Şamaxı idi ki, qubernator Bakıya köçmüş isə də, 1859-cu sənədə zəlzələdən çox ziyanlıq dəymiş isə də o qədər təvanadan düşməmiş idi və birisi də Şuşa şəhəri idi ki, oranın xanzadə və bəyzadələri artıq təvanalı idilər. Çünki onların yerləri və rəiyyətləri qeyri yerlərdə olan xanzadə və bəyzadələrindən artıq idi və onların belə artıq olmasına səbəb oranın axırıncı xanı Mehdiqulu xan olmuşdu. Rus dövləti bizim vilayəti alandan irəli bizim vilayətdə müsəlman xanları var idi və onların hamısı rus ilə dava edib, basılıb qaçıb İrana getdiyinə onların, həmçinin onlar ilə qaçan bəyzadələrin yerlərin və rəiyyətlərin xəzanə zəbt edib, amma Qarabağ xanıdava etməyib. Ona görə rus dövləti qaçan xanların hamısını dərhal xaric edib yerlərinə rus hakimi təyin edib. Bircə Qarabağın xanını öz xanlığında qoyub və rus tərəfindən general Mədətovu oraya nazir qoyub. Çünki bu Mədətov oranın bəyzadələrindən imiş və özü də rus zakonundan xəbərdar imiş. Ona görə onun məsləhəti ilə Mehdiqulu xan Qarabağın kəndlərini  yerlərini öz xanzadə və bəyzadələrinə təəllüqlərilə təqsim edib və məxsusiyyət ixtiyarı veribdir. Çünki keçmişdə bizim Zərdab kəndi Şivan xanlığına təəllüq olub və mən Şamaxının beş klaslı məktəbxanasında təlim aldığıma görə mənim Şamaxıda aşna - dostum və qohum - əqrəbam çox idi. Bu səbəblərə görə Şamaxıya artıq ümid olub cəmiyyəti - xeyriyyə işini oradan başladım. Aşna - dostlar ilə görüşüb danışandan sonra mərhum Kərimbəy Hüseynbəyovun otağına Şamaxının mütəşəxxislərini dəvət edib, onlar cəm olandan sonra biz müsəlmanlar qonşumuz ermənilərdən geridə qalıb, onlara möhtac olmağımızın  səbəbi bizim elmsizliyimiz olduğundan və elm təhsil etməkdən ötrü cəmiyyəti - xeyriyyə bina eləmək vacib olduğundan  danışıb, sonra dəftəri açıb stol üstə qoydum. Həzərat Bakının milyonçuları kimi qaçmayıb, bir-bir gəlib dəftərə qol çəkdilər. Bu tövr bir neçə gün dalbadal gözə görünən adamları çağırıb qol çəkdirdik. Çünki mən səfərdə olduğuma pulu özüm ilə gəzdirməyə ehtiyat edirdim, ona görə hər kəs qol çəkəndə borclu olurdu ki, vəd elədiyi məbləği sentyabr ayının başında Bakıya cəmiyyəti - xeyriyyənin adına göndərsin.

Dəftər üzilə, zəlzələdən xaraba qalan, quberniya köçdüyünə gələcəyə ümidi olmayan Şamaxıdan ildə iki min manata qədər cəmiyyəti - xeyriyyə üçün məbləğ vüsul oldu.

Şamaxıdan yayın istisində, toz və istinin qorxusundan gecələr yol gedib, gündüzlər xarabaya oxşayan poçtxanalarda  çay və yumurtadan qeyri yeməyə bir şey tapmayıb, dincəlib Gəncə və Tiflis şəhərlərində, oraların sakinləri yaylaqlarda olduğuna bir neçə adamdan artıq tapmayıb, onlara da dəftərə qol çəkdirib İrəvan və Naxçıvan şəhərlərinə gedib orada da bir neçə adama qol çəkdirib, Naxçıvandan poçt at ilə işlədiyinə Qarabağın yaylaqlarından at ilə gedib, Şuşa şəhərinə gəlib mərhum Qasımbəy Mehmandarovun mənzilinə düşdüm. Şuşa şəhəri yaylaq olduğuna o vaxt da Qarabağın ağa və bəyzadələri hamısı orada idi; çünki onlar bir-birləri ilə ədavət edib danımayırdılar, ona görə onları bir yerə yığmaq mümkün olmadı. Labüd qalıb onları bir-bir görməkdən ötrü 10-15 gün orada qalıb hər gün də dəftəri qoltuğumuza vurub qapı-qapı gəzməyə başladıq. Əvvəlinci günü Qasımbəy və bir neçə qeyri adamlar ilə ağaların böyüyü H... ağanın qulluğuna gəldik. Onun qulluqçuları dəstə ilə qabağımıza çıxıb ehtiram ilə ağanın qulluğuna apardılar. Bir az danışıqdan sonra cəmiyyəti - xeyriyyədən söz başlandı. Ağa cavab verdi ki, bir qəpik də verə bilmərəm. Sonra hərarət edib buyurdu: "ay kişi, ermənilər uçqulla açır ver ruslar kilisə tikdirir ver, Rusiyyanin nə bilim harasında bir şəhər yanıbdır ver, mən bunların hansına verim. Hamı deyir ki, çox yaxşı işdir. İndi siz də deyirsiniz ki, yaxşı işdir. Elə deyək doğru deyirsiniz. Pəs dünyada hər nə yaxşı var mən verim? Yox, dəxi bəsdir! Qoy indi qeyriləri versin! Ağamın ərvahına bircə addım qalıbdır. Nə ki, bir qəpik pulum yoxdur, borcum da var". Nə ki, bir qəpik pulum yoxdur, borcum da var". Nə qədər iltica elədikcə də həqiqətdə ağa bir qəpik də vermədi və biz qayıdıb getdik. 1-2 gündən sonra şəhərə küy düşdü, hamı bizim muradımızı bildi və bizləri yüz bəhanə gətirib qəbul etmədilər. Bu vaxtda məni apardılar cənab İ... xanın qulluğuna. Qulluqçular cavab verdi ki, ağa naxoşdur. Qasımbəy Mehmandarov məni göstərib dedi ki, bu vəkildir, Tiflisdən gəlib ağanın işindən xəbər gətirib. Ağaya ərz edin ki, yorğan - döşəkdə də olsa bizə izn versin gələk. Bizi ağanın qulluğuna apardılar. Ağa başını yorğanın altından çıxarıb bizim ilə öz işindən danışanda yavaş - yavaş yorğanın altından çıxıb oturub danışdığı vaxtda mən cəmiyyəti - xeyriyyənin sözünü başladım. Ağa "ay aman!" deyib  yıxıldı. Qulluqçular "ağanın ürəyi gedibdir" - deyib, kimi soyuq su gətirdi ki, onun başına töksün, kimi qarsını boğmağa başladı. Bu halda biz dəftəri götürüb qaçdıq. Xülasə, Qarabağın ağaları məni qonaq çağırdılar, toy və xeyrat aşı yedirtdilər, amma bir qəpik cəmiyyəti - xeyriyyəyə verən olmadı. Axırda oxumuş bəyzadələrdən 5-19 adama dəftərə qol çəkdirib Bakıya qayıdıb, Dərbənd, Qubanı da gəzib, avqust ayının axırında Bakıya gəldim. Sentyabr gəldi, heç kəsdən bir xəbər çıxmadı. Başladıq dəftərə qol çəkənlərə kağız yazmağa. Axırda Şamaxı və Dərbənddən bir neçə adam pul göndərib, hər şəhərə bir yetim uşaq da göndərdi ki, onları cəmiyyət saxlayıb oxutsun. Onları gimnaziyaya qoyub bir mənzil tutub orada saxlatdım. O biri il heç bir kəsdən bir qəpik gəlmədisə də o uşaqları saxlayıb üçüncü ili evlərinə qaytardım. Çünki qanuna görə hansı cəmiyyəti - xeyriyyə iki il hesab göstərməsə ki, nə qədər mədaxil və məxarici var, gərək bağlansın. Ona görə bizim də müsəlman cəmiyyəti - xeyriyyəsi bağlandı.

Cəmiyyətin zikr olan qaytanlı dəftəri indi də durur. Təəccüb o deyil ki, orada bir Bakı müsəlmanının rolu yoxdur. Təəccüb budur ki, Bakıdan bircə o vaxtda qubernator olan general Staroselskinin qolu var ki, yazıbdır: nə qədər Bakıda qubernator olsam borcumdur ki, hər ildə müsəlman cəmiyyəti - xeyriyyəsinə yüz manat verim".

İndi bizim cavanlarımız biz müsəlmanları qonşularımız erməni və gürcülərdən geridə qalmağını görüb fikir edirlər ki, bunun səbəbi bizim keçmişdə olan hakimlər olublar ki, onlara cürbəcür ixtiyarlar verib, onların elm təhsil etməyinə səbəb olublar. Amma bizlərə o ixtiyarları vermədiyinə biz geridə qalmışdıq. Doğrudur, onlara və bizlərə həmişə bir göz ilə baxmayıblar. Amma elə vaxt olub ki, bizləri də irəli çəkmək istəyiblər. Amma biz özümüz qabağa getmək istəməmişik və getmək istəyənlərimizə də mane olmuşuq. Pəs belədə təqsir kimdə olubdur? Bu halda ki, Rusiyyədə olan millətlərin ixtiyarı özlərindədir və heç kəsə mane olan yoxdur, biz nə qayırmışıq və nə qayıra biləcəyik.

Bircə yazıb-çığırmaqdan başqa heç nə eləməyirik. Amma çığırıb-bağırmaqdan iş çıxmaz. Halva demək ilə ağız şirin olmaz. Un, yağ və bal gərəkdir, iş görməkdən ötrü puldan da artıq adam gərəkdir. Bircə adam ortalığa çıxardınız ki, pul təmənnasında olmayıb, millət üçün işləsin.

 "Həyat" qəzeti, N115,

8 dekabr 1905-ci il

(Ardı var)

 

Nəsiman Yaqublu

tarix elmləri namizədi

525-ci qəzet.- 2014.- 7 fevral.- S.6.