“Dərd qalmışdı, həmdərd
getmişdi”
Məhşurların
xanımları
Həmsöhbətimiz
xalqın sevilən bəstəkarlarından olan mərhum sənətkar
Hikmət Mirməmmədlinin həyat yoldaşı bəstəkar
Nailə xanım Mirməmmədlidir.
Uşaqlığın
həzin melodiyalı xatirələri
Bakıda anadan olmuşam. Ailənin sonbeşiyi
idim. Göz açandan ətrafımda
hamını özümdən böyükləri
gördüm. Atam indiki dənizkənarı
parkda yerləşən bir çox restoranın o vaxtın
diliylə desək, qeyri-rəsmi sahibi idi. Maddi
baxımdan kifayət qədər zəngin insan olmağına
baxmayaraq çox sadə və təvəzökar idi. Bizim ailədə musiqinin xüsusi yeri var idi. Hələ uşaq yaşlarımdan musiqiyə
bağlanmışam. Konservatoriyanın nəzdindəki
məktəbdə oxumuşam. Hələ
dördüncü sinifdə oxuyandan musiqi yazırdım, amma
müəllimim yazdığım mahnıları
gözümün qabağındaca cırıb atırdı.
Bunu təbii qəbul edirdim, çünki həmin
dövrdə elə güclü bəstəkar nəsli var idi
ki, bizlər üçün bu sənətə yiyələnmək
əlçatmaz idi. Düşünürdük
ki, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Şəfiqə
Axundova və bu qəbildən olan bəstəkarlarla rəqabət
aparmaq mümkün deyil. Mən də qərara
gəldim ki, piano sahəsini seçim. Dövlət
imtahanlarımıza bir həftə qalmış appendisitdən
əməliyyat keçirməli oldum. Məcburən dörd imtahanı bir gündə
versəm də, hər birindən beş aldım. Məktəbi bitirdikdən sonra, ən böyük
arzum olan Konservatoriya daxil olmaq üçün sənədlərimi
ora verdim. Amma əməliyyatdan sonra səhhətim
yaxşı olmadığından, Konservatoriyaya verdiyim
imtahandan, beş deyil, üç aldım.
Ən sevdiyim fənni üçlə oxuya bilməzdim.
Sənədlərimi geri aldım. Pedaqoji Universitetdə musiqinin bütün sahələrini
əhatə edən təzə fakultə
açılmışdı. Növbəti il həmin fakultəyə sənədlərimi
verdim və qəbul olundum.
Nifrətdən
məhəbbətə bir addımlıq yol
İkinci kursda oxuyanda, müəllimlər evində
orkestr yaradılmışdı. Müəllimlərimdən
biri məsləhət gördü ki, ora gedim. Nadir
Babayevin başcılığı altında “Xəyal” instrumental
ansamblına pianoçu kimi qəbul oldum. Uzun
müddət idi ki, Filarmoniyada konsert verməyə
hazırlaşırdıq. Konsertə təxminən
10 gün qalmışdı. Musiqiçi
yoldaşlarımdan biri dedi ki, Nailə, sən artıq orkestri
tərk etməlisən. Öz- özümə fikirləşməyə
başladım ki, görəsən səhvim nədədir? Dedilər ki, bəs bizim orkestrın öz
pianoçusu bu günlərdə əsgərlikdən
qayıdır. Həm qürurum mənə
əzab verirdi, həm də bu qədər müddət konsertə
hazırlaşmağıma, çəkdiyim əziyyətə
heyfim gəlirdi. Qaş-qabağımı sallayıb
oturmuşdum. Qapı döyüldü,
cavan bir oğlan otağa daxil oldu. Birinci
qızlar ona tərəf qaçdı, sonra oğlanlar, onu bərk-bərk
qucaqlayıb görüşürdülər. Hamı nədənsə
çox sevinir, elə hey təkrarlayırdı
: “Ay Hikmət, xoş gəlmisən, nə yaxşı,
sağ-salamat gəlib çıxdın”. Başa
düşdüm ki, əsgərlikdən gələn
oğlan, indi mənim ən zəhləm gedən
pianoçudur. Heç üzümü o tərəfə
çevirmədim . Zəhləm
gedir axı Hikmətdən. (gülür)
Sonra sakitcə Nadir müəllimin yanına gedib dedim ki, daha
atam burada işləməyimə icazə vermir,
işə gəlməyəcəm.
Konsertə çox az qaldığı bir
vaxtda, verdiyim gözlənilməz qərar Nadir müəllimi
çox narahat etdi. Ay
qızım, hara gedirsən, bizim konsertimiz var. Heç olmasa
gözlə konsert keçsin, sonra ərizəni yazarsan, dedi. Yazıq bu yeni gələn pianoçunun da heç
nədən xəbəri yox idi. Mən də dirənmişəm ki, gəlməyəcəm,
vəssəlam. Sonda Nadir müəllim güc-bəlayla məni
yola gətirdi ki, mahnıları Hikmətə də öyrədim,
konsertdə altı
mahnı Hikmət ifa etsin, altı mahnı da mən.
Beləliklə, mahnıları Hikmətə
öyrətməyə başladım. Konsertə
hazırlıq müddəti mənə Hikməti daha
yaxından tanımaq şansı verdi. Gördüm ki, məsələ
düşündüyüm qədər pis deyilmiş.
Tez bir zamanda onunla dost olduq. Çox sevinirdim ki, qıza zaman kəsiyində
özümə Hikmət kimi bir dost qazandım.
Hikmət
üçün yar axtarışı
Üçüncü
kursda bizi
universitetdən praktikaya göndərirdilər. Təcrübə
keçdiyimiz yer evimizin yanında idi. Düşərgəyə
gedəndə atam söz tapmasın deyə, bacım
qızını da özümlə aparırdım.(gülür) Bir müddət uşaqlarla məşğul
olduqdan sonra, qayıdıb evə gəlirdim. Bir gün direktor
çağırıb dedi ki, dostlarım məni ziyarətə
gəlib. Gördüm, gələn dost Hikmətdir. Sonra
tez-tez gəlməyə başladı . Gələndə də bacım qızına
şirniyyat alıb gətirərdi. Uşaq da Hikməti
“Marmalad dayı” deyə çağırırdı. Dərs keçdiyim uşaqları tək qoyduğum
üçün narahat olurdum. Bir neçə dəfə Hikmətə
desəm də, elə hey gəlirdi. Artıq elə
olmuşdu ki, Hikmət bir gün düşərgəyə gəlməyəndə,
onunçün darıxırdım. Bacım qızı
soruşanda ki, “marmalad dayı” niyə gəlmədi,
onda məni lap ağlamaq tuturdu. Hikmət deyirdi
ki, evlənmək istəyirəm, mənə özün kimi
bir qız tap. Mən də təsdiq edirdim
, hə, artıq sənin evlənmək vaxtındır,
deyirdim. Universitetdə
sinif nümayəndəsi idim, gəlib-gedən hər qıza
nəzər yetirirdim. Öz aləmimdə
Hikmətçün qız axtarışında idim. Ağlıma da gəlməzdi ki, Hikmət məni nəzərdə
tutub. (gülür) Ona
deyirdim ki, ay Hikmət vallah, özüm kimi qız tapa bilmirəm.
Üzümə baxıb ürəkdən gülürdü,
sən yaxşı-yaxşı axtar, axırda tapacaqsan,
deyirdi. Həm
pianoçu olsun, həm də sənin kimi qarabuğdayı.
Mən indi qara qızı hardan tapım? Özü də pianoçu? Aramızda nə
pafoslu nitqlər olub, nə bahalı hədiyyələr
. Bir də gözümü açıb
gördüm ki, Hikmətə bağlanmışam.
Gec oldu,
güc oldu
İkimiz də işləyirdik. Pullarımızı
üst-üstə qoyub, birinci mənim
qızıllarımı, sonra toy konfetini və lazım olan
digər şeyləri aldıq. Valideynlərimizdən
xəbərsiz toy tədarükü görürdük. Hikmət Ağadadaş Ağayevin orkestrinda işləyirdi.
Toyumuzu da Ağadadaş müəllim etdi.
Həyatımız ona görə mükəmməl
idi ki, hər şeyi həvəslə etdik, özümüz
öz əlimizlə isti bir yuva qurduq. İki
övladımız dünyaya gəldi. 1980-ci
illərdə mahılar yazıb müğənnilərə
təqdim edirdik, amma icazə vermirdik ki, adımız çəkilsin.
Özümüzçün ayıb bilirdik ki, bəstəkarlıq
sahəsində ali təhsilimiz yoxdur, ona görə də mahnıda adımız gedə bilməz. Mahnılar o vaxtın qaydalarıyla xalq
mahnısı adı altında təqdim olunurdu. Bir
gün Hikmətə dedim ki, sən deyən oldu, indi də mən
deyən olmalıdır. Konservatoriyada
oxumalıyıq. Gözəl pedaqoq,
musiqişünas, bəstəkar Cavanşir Quliyevin yanına
getdik. O, ilk bəstələdiyim mahnılardan birini
Brilyant Dadaşovaya verməyi məsləhət gördü. Bundan sonra sənədlərimizi Konservatoriya verdik.
Musiqişünaslıq ixtisasına qəbul
olunduq. Muğamlar üstündə işləyib,
bəstələrimizi o tərzdə yazırdıq. Beləliklə, sənət yolunda ilk
addımlarımızı atmağa başladıq. Çox sevdiyimiz işlə məşğul idik,
mükəmməl müəllimlərdən dərs
alırdıq. Süleyman Ələsgərov bizə
qulaq asdı və çox mehribancasına dedi ki: “ Sizin yolunuz başqadır, gəlin mən sizi
Tofiq Quliyevlə tanış edim”. Tofiq müəllim
musiqini inanılmaz şəkildə mükəmməl bilən
bir sənətkar idi. Konservatoriyada oxuduğumuz müddətdə
Tofiq Quliyev bir illiyə bura müəllim gəlmişdi. Tofiq
Quliyev tələbələr arasından 4 nəfəri öz
sinfinə seçdi. Hikmətlə mən və iki qız. Sonra qızlar müəyyən səbəblərdən
Tofiq müəllimin sinfindən çıxdılar.
Dərd də
gələndə batmanla gəlir
Həyat öz axarında davam edirdi. Üç övladımız dünyaya gəlmişdi. Düşünürdük ki, hər şey yaxşılığa doğru olacaq. Qəfildən sanki həyatımıza qaranlıq çökdü. 2001-ci ildə atam rəhmətə getdi, bir il sonra oğlumuz dünyasını dəyişdi. İsti-isti bu itkilərlə barışa bilmirdik. Sonra qəbul etdik ki, yazını pozmaq olmaz. Düşündüm ki, qoy bir uşağımız da dünyaya gəlsin. Axı Hikmət üç rəqəmini çox sevirdi. Əliəkbər dünyaya gəldi.Zaman keçdi və 2007- ci il Hikməti də məndən aldı. Hikmət dünyadan köçəndə mənə elə gəlirdi ki, artıq tab gətirə bilməyəcəm. Çünki dərd qalmışdı, həmdərd getmişdi. Elə həmin il anam da dünyadan köçdü. Ardınca böyük qardaşım rəhmətə getdi. 2009-cu ildə gözümü açandan özümə qardaş bildiyim, böyük yeznəm də dünyasını dəyişdi. Allah heç kəsi başsız etməsin, heç bir ailəni başsız qoymasın. Hikmət səkkiz yaşı olanda atasını itirmişdi. Uşaqlar səkkiz yaşa çatanda onda narahatçılıq yaranmışdı. Qorxurdu öz taleyi təkrarlanar...
Ağ saçların ağrısı
Hikmət dünyadan köçən il oğlum hazırlığa gedirdi. Oturub düşündüm ki, yaxşı, mən əl-qolumu bağladım, həyatdan küsdüm, bəs uşaqların günahı nədir? Bu günə qədər oturub Hikməti ağlaya bilməmişəm. Vaxtım olmayıb...(fikrə dalır) Hikmətin yas mərasiminə gələnlərə deyirdim ki, əl-üzümü yuyub qayıdıram. Özümsə arxa qapıdan çıxıb, oğlumu hazırlığa qoyub, heç nə olmamış kimi, hüzrlü evimə dönürdüm. Çalışdım ki, Hikmətdən sonra yarımçıq qalan bütün işləri yekunlaşdırım. Bacardığımı etmişəm, bu gündən sonra da edəcəm. Çox şayiələr yayıldı ki, dəli olmuşam, ağlımı itirmişəm . Mənim yerimə kim olsaydı dəli də olardı, ağlını da itirərdi. Bəlkə elə düz deyirlər, mən də dəli olmuşam, xəbərim yoxdur.
Həyat mənə hər şeyə dözməyi öyrətdi, qurban olum Allaha, yəqin məni sınağa çəkir. Hər nə qədər dərdə boyun əyməsəm də, özlüyümdə fikirləşirdim ki, axı niyə bütün bunlar mənim başıma gəlir? Sonra düşündüm, fikirləşdim ki, bu qədər şəhid anaları var, heç bilmir oğlunun məzarı hardadır. Cavan-cavan gəlinlərimiz dul qalır. Düşündüm ki, onları görə-görə, Allaha üsyanmı edim? Mən 45 yaşımda olanda tək qalmışam. Saçıma rəng qoymuram , bundan sonra da qoymaq fikrim yoxdur. Bununla demək istədiyim o deyil ki, hər oğlunu, həyat yoldaşını itirən qadın saçını boyamasın. Yox, əsla belə deyil. Sadəcə, mən daha saçlarımı boyaya bilmərəm. Bu rəngdən başqa daha heç nə mənə yaramaz və yaraşmaz. Çünki bu rəngi, bəyaz rəngi Allah özü mənə məsləhət bilib, mənə yaraşdırıb...
Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR
İdeya müəllifi Tofiq Abdin
525-ci qəzet.-
2014.- 8 fevral.- S.22.