Oxuyun qəlbimi dastan
içində...- Yüz Gözəl Sevgi Şeiri
PƏRVİNin təqdimatında
Çoxları qaradinməzliyindən, içinə qapanmağından
gileylidi! Heç sevmirsən özündən
danışmağı. Əzəldən beləsən!
Uşaq ikən ananın da sorğu-suallarını qısa
cavablandırardın... Nədən belə
gizlənirdin hər kəsdən, nə idi hamıdan mübhəm saxlamaq istədiyin, heç özün də bilmirsən. Zamanla, yaşa dolduqca beynində, ürəyində
yığılıb qalmış
fikirlərin, xatirələrin
ağırlaşdı, yordu
səni... Həmdəm
istədin bunları bölüşməyə! Bax
onda, sən danışmaq istəyəndə
heç kimi görmədin yanında...
Ürəyinlə dərdləşməyə adət etdin artıq. Vaxt keçdikcə xatirələrin
də soldu, korşaldı, unuduldu! Elə təklik qorxusu da o an
sardı varlığını!
Amma birdən-birə nə baş verdi
ki açıldı dilin? Bütün keçmişini oyadıb, yadına salıb gözünün
önünə gətirən
nə oldu axı? Sevgi! Sevginin möcüzələrindən biri
də budu. İnsanın min il
arxada qalmış yaddaşını da dirildir... danışmaq istəyirsən, bölüşmək
istəyirsən hər
şeyi. Yalnız biri ilə, sevdiyinlə! Heç qorxmursan da maraqsız görünməkdən,
onu uzun söhbətlərinlə, adi
hadisələri danışmaqla
yormaqdan da ehtiyat etmirsən. Nə danışsan xoşdu ona, nə desən maraqlıdı... O da səni sevir çünki!
Azərbaycanın qüdrətli şairi Səməd Vurğun “Yadıma düşdü”
şeirində də xatirələrini bölüşür
sevdiyi ilə. Amma ən gözəl, qayğısız çağlarının
xatirələrini... Axı doğrudan
da insan xoşbəxt olanda, sevib-seviləndə yaddaşında
məhz o qatlar oyanır, gözəl günləri yadına düşür.
Səməd Vurğun lirikasına xas millilik, kolorit
bu şeirə də dad verib... təsvirlərdən isti,
şirin bir qoxu duyulur. Şeirin ilk misrasından
şair sevdiyi xanıma özünəməxsus
xitabla müraciət edir, danışmağa başlayır, uzaq keçmişdə qalmış,
bəlkə indiyə
kimi unudulmuş anılarını yada salır. Ömrün ilk çağlarına, gəncliyə aid xatirələr
son dərəcə poetik
cizgilərlə, üsullarla
ifadə olunur. Şairin danışdıqca nostalji
keçirməsi, bəlkə
o illərdən ötrü
darıxması da açıq-aydın duyulur.
Amma yenə də sevginin ilahi gücü, möcüzəsi...
Əsl, həqiqi eşq insanın dünənini bu gününə qatır, gələcəyini
yönləndirir. Və
zamanla sənə elə gəlir ki, illərdir məhəbbət bəslədiyin
adam həmişə
səninlə olub, heç onsuz yaşamamısan.
Hətta hardasa uzaqda qalmış xatirələrində də
görə bilirsən
onu... İndi Səməd Vurğunun
da “Yadıma düşdü” şeirini
oxuyanda adamda belə təəssürat
yaranır; sanki gül üzlü sona həmişə şairin yanında olub. O oylağları
da birgə gəziblər, göylərə
baş çəkən
Göyəzən dağına
ikilikdə tamaşa ediblər, toyda-mağarda bərabər gülüb-oynayıb,
bayramqabağı fəsəlini,
payızda qaymağı,
qışda qatığı
bir yerdə dadıblar... Və şeirə məhz
bu cür baxanda nədənsə o daha yumşaq, ilıq gəlir adama. Çünki bir yerdə olanda hər şey dadlıdı, mənalıdı, maraqlıdı!
Səməd Vurğun: “Ömrümün
ilk çağı yadıma
düşdü...”
Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma
düşdü.
Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma
düşdü.
Töküldü
kağıza sinəmin
sözü,
O ana yurdumun ocağı, közü
Ceyranın duruşu, durnanın gözü
Kəkliyin ayağı yadıma
düşdü.
Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma
düşdü.
Göylərə
baş çəkir Göyəzən dağı
Axşam açıq olur
ayın qabağı.
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma
düşdü.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir
əziz qonaq.
Nişanlı qızların görüşdən
qabaq
Telini saymağı yadıma
düşdü.
Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə
oynadı dağın
boranı:
Qışın
buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma
düşdü.
PƏRVİN
525-ci qəzet.- 2014.- 8 fevral.- S.21.