Yalan, aldatma, məkr və
hiyləgərlik
(davamı)
Dələduzun rəngarəng yalan axınında həqiqətin
bircə damlasına da rast gəlmək mümkün olmur. Bir qayda olaraq
həqiqətə nifrət edənlər daha çox yalan
danışırlar. Yalan kabusu heç də
qorxu hissi yaratmamalıdır. ABŞ-ın
görkəmli dövlət xadimi və böyük
demokratı Tomas Ceffersonun dediyi kimi, “Həqiqətdən dəhşətə
gəlməyən yalandan heç də qorxmamalıdır”.
Yalan nadir hallarda şər məqsəd güdülmədən,
ondan hansısa fayda umulmadan istifadə edilir. Yalan çox hallarda məkrə,
aldatmaya xidmət edir, hiyləgərlik silahı kimi
çıxış edir.
Məkr insanın xüsusiyyətidir, kələk gəlmək,
hiylə və şər məqsədlərə, əməllərə
meyl etmək, bunlar adətən zahirən xoş münasibətlər
bəslənməsi ilə ört-basdır edilir, belə niyyətlərlə
xarakterizə olunan davranışın məcmuudur. Məkr hətta
ünsiyyətdə də təhlükə mənbəyi olur
və gizli düşməncəsinə münasibətlərin
mövcudluğunu vaxtındaca müəyyən etməyə
imkan vermir, lakin onlar sonralar gözlənilmədən
aşkara çıxır. Başqa
sözlə dedikdə, məkr buna xidmət edən
insanların əməlidir.
Ədəbiyyatda və incəsənətdə çox
vaxt məkrli adamlar ağır halların, faciələrin
baş verməsində mühüm rol oynayırlar. Fransız
yazıçısı Fransua Rablenin “Qarqantua və Partaqruel”
romanında həqiqət axtaran Panurq yalançı və xəsis
taciri cəzalandırmaq istəyir. Gəmidə ölkəsində
satmaq üçün qoyun sürüsü aparan tacir öz
qoyunlarını Yasonun arqonavtlarının
axtardığı “qızıl yun” verən qoyunlarla
müqayisə edir, Fransada onları çox baha qiymətə
satacağını bildirir. Panurq tacirdən
üç livrə bir qoyun aldı və onu dənizə
atdı, onun arxasınca digər qoyunlar mələşib
özlərini dənizə tullayırdılar. Tacir dözməyib, onları saxlamağa
çalışdı, nəhayət, iri bir qoyundan
yapışdı ki, buna son qoysun. Həmin
qoyun isə özu ilə birlikdə taciri də
sürüyüb, dənizə atdı. Axı
hələ Aristotel qoyunu ən səfeh heyvan adlandırmışdı.
Palurq yalançı və özündən
razı taciri belə qəddarlıqla cəzalandırdı.
İngilis
dramaturqu Uilyam Şekspirin “Otello” pyesində Yaqonun məkri nəticəsində
təkcə qısqanc mavrın məhəbbəti deyil, həm də
bütün ürəyi ilə sevdiyi Dezdemona onun qətlə
yetirməsi nəticəsində məhv oldu. Viktor
Hüqonun “Səfillər” romanında Tenardye pul qazanmaq xatirinə
hər cür alçaq məkrə və hiyləgərliyə
əl atır, ona xeyirxahlıq edənlərə də pislik
etməkdən çəkinmir. Digər romanı olan
“Paris Notr-Dam kilsəsi”ndə keşiş Klod Frollo din xadimi
olduğu halda qısqanclıqdan yaranan nifrətinə, məkrinə
görə cinayətlərə əl atmaqdan çəkinmədiyi
halda, onun tam əksi olan Kvazimodo isə eybəcərliyinə
görə insana bənzəməsə də (onun adı da
“saxta, həqiqi olmayan insan” sözündən əmələ
gəlmişdir) həyatı boyu xeyirxahlıq toxumu səpməyə
çalışır, daim tam insanlıq
xüsusiyyətləri nümayiş etdirir.
Yapon yazıçısı Akutaqavanın “Xristianın
ölümü” adlı hekayəsində Naqasakidə xristian
kilsəsindəki Lorentso adını götürmüş gənc
yapona bir tacirin qızı vuruldu. Qız Lorentsonu hər vəchlə ələ
keçirməyə can atırdı..
Avropalı keşiş oğlandan onun qızla
yaxınlığı barədəki şayiələr
haqqında soruşanda, o, bildirdi ki, belə şey
olmamışdır və ola da bilməz. Bir həftə sonra söhbət gəzməyə
başladı ki, çətir tacirinin qızı hamilədir.
Bundan sonra Lorentsonu kilsədən xaric etdilər
və o, şəhərin kənarında məskunlaşdı
və dilənçi həyatı sürməyə
başladı. Lorentso kilsədən
çıxarıldıqdan sonra tacirin qızının
qızı oldu. Sərt xasiyyətli
atası öz ilk nəvəsini sevirdi. Bir il daha keçdi. Gözlənilməyən bədbəxtlik
– dəhşətli yanğın baş verdi.
Naqasakinin yarısı bir gecəyə
bütünlüklə yandı. Atası qızı ilə küçəyə
atıldı, yalnız bu vaxt onlar körpəni yadlarına
saldılar. Heç kəs uşağı xilas
edə bilmirdi. Qəflətən Lorentso irəli,
alovlanan divarın arxasına cumdu. Adamlar
güman edirdi ki, valideyn sevgisi onu buna məcbur edir. Bu vaxt əlləri üstündə körpə
olan Lorentso göründü və o, elə həmin dəqiqəcə
gözdən itdi. Gənc qadın və
atası sevinclərini gizlədə bilmirdilər. Lakin həmin gecənin faciəli əhvalatları
bununla bitmədi. Nəfəsi kəsilən
Lorentsonu kilsənin yanına gətirib qoydular. Qız ağlaya-ağlaya keşişə etiraf etdi
ki, Lorentso dini inamına görə mənimlə soyuq
davranırdı. Qəzəbdən də mən
uşağımın ondan olduğunu dedim ki, ondan qisas
alım. Lorentso isə günahına görə mənə
nifrət etmədi, təhlükəyə baxmadan
qızımı od cəhənnəmindən
çıxardı.
Lorentsonun saçları, dərisi möhkəm
yanmışdı, qolları və qılçaları hərəkət
etmirdi. Keşiş birdən öz ayağının
altında uzanmış Lorentsoya diqqətlə baxdı.
Onun yanaqlarından yaş axırdı. Yanmış paltarın altından iki təmiz bakirə
qız döşləri görünürdü. Deməli Lorentso qız imiş. Onun
sonrakı həyatından heç nə məlum deyildi.
Axı nə mənası vardır?
İnsanın həyatında ən qiymətli şey –
könlün təkrarolunmaz ali hərəkətidir.
Tacirin qızı isə ona böhtan atmaqla
böyük haqsızlığa yol vermişdi.
Azərbaycan
yazıçısı Süleyman Rəhimovun “Mehman” povestindəki
Qaloşlu adam obrazı xalq dilində məkrliliyin,
xəbisliyn simvoluna çevrildi. İyrənc hərəkətlərə
yol verənlər onun adı ilə adlanırdı. Mənəvi
törəmələri isə imkan düşən kimi onun
nümunələrindən ilhamlanıb, Qaloşlu adam kimi hərəkət edirlər. Çox güman ki, onlardan heç kəs yunan
mifologiyasındakı Atrid lənətindən də uzaq
qaça bilməyəcəkdir.
Bibliyada təsvir
olunan
aldatma və
məkr hadisələri
Sivilizasiyaya qədəm qoyan xalqlar qədim ibtidai əcdadlarından
fərqli olaraq yalandan bol-bol istifadə etməklə öz məqsədlərinə
çatmağa, problemlərini həll etməyə nail
olurdular. Təəssüfə səbəb olan bir hal ondan
ibarətdir ki, bəzən hətta müqəddəs
sayılanlar, özünü Allahın seçilmiş elan
etdiyi xalqın peyğəmbərləri də adi bir problemlə
üzləşdikdə yalana əl atmaqdan çəkinmirdilər.
Yalanın, aldatmanın güclü bir silah kimi
istifadə edilməsinə aid hadisələrə Bibliyada
tez-tez rast gəlinir. Burada ilk hiyləgərlik,
məkr simvolu kimi ilan göstərilir. İlk
iki insandan biri olan Həvvanı ilan yoldan çıxarıb,
onu nəyin xeyir və şər olduğunu bildirən
ağacın meyvəsini yeməyə şirnikləndirdi,
Allahın göstərişinə tabe olmaqdan
yayındırdı. Allah bunu onlara
qadağan etmişdi və meyvəni yeyənin mütləq
öləcəyini demişdi. İlan isə
bildirdi ki, siz həmin meyvəni yesəniz ölməyəcəksiniz,
çünki Allah bilir ki, siz bu meyvəni yesəniz, onun
özünə bənzəyəcəksiniz və nəyin
xeyir, nəyin şər olduğunu biləcəksiniz. Qadın bu ləzzətli meyvəni daddıqdan sonra ərini
də dilə tutdu ki, onu yesin. Bu vaxt onlar
çılpaq olduqlarını anlayıb, əncir
yarpaqlarını tikib, onunla bədənlərini
örtdülər. Allah bunu gördükdə
qadın öz günahını etiraf etdi, həmin meyvəni
yemək üçün ilanın onu
aldatdığını bildirdi. Beləliklə, ilk
günaha batma baş verdi.
Allah onları cəzalandıracağını bildirdi və
hökmünü elan etdi. İlan bütün
heyvanlardan fərqli olaraq bu lənəti ömrü boyu
daşımalı idi. Həmin vaxtdan etibarən
ilan qarnı üstündə sürünəcəkdi. Qadının və ilanın törəmələri
isə daim bir-birinə düşmən olacaqdı. Qadının hamilə vaxtı narahatlığı
artacaq və o, uşaqlarını ağrı ilə
müşayiət olunmaqla doğacaqdı, həm də daim ərinə
tabe olacaqdı. Kişi isə bütün
ömrü boyu özü üçün qida istehsal etməkdən
ötəri ağır zəhmət çəkəcək,
onun alın təri torpaqda hər şeyi istehsal etməyə
imkan verəcəkdir.
Allah icazə verə bilməzdi ki, həyat verən
ağacın meyvəsini onlar yesinlər və əbədi
yaşasınlar. Ona görə də Sahib Allah Adəm və
Həvvanı Edem bağından qovdu. Bəşəriyyətin
ilanın hiyləsinə uyan əcdadları ilk günaha
batdıqlarına görə Allahın hiddətinə səbəb
olmaqla, beləcə cəzalandırıldılar.
Təəssüf ki, sonralar da müqəddəs insanlar
düşdükləri çətinliyə görə
yalana, aldatmaya əl atmaqdan çəkinmədilər. Xanaanda baş
verən aclığa görə Abram Misirə üz
tutmalı oldu. O, Misir ərazisinə daxil olarkən
arvadı Saranın gözəlliyinin onlara bədbəxtlik gətirəcəyini
güman etdiyindən, ona dedi ki, əgər sənin mənim
arvadım olduğunu başa düşsələr, məni
öldürəcək, sənin isə yaşamağına
imkan verəcəklər. Onlara de ki, bacımsan,
bu vaxt onlar mənə də yaşamağa imkan verməklə,
həm də yaxşı münasibət göstərəcəklər.
Misirlilər həqiqətən də onun
arvadının çox qəşəng olduğunu
görüb, bünü çara xəbər verdilər. Beləliklə,
qadın çarın sarayına götürüldü.
Çar qadınla yaxınlığına görə Abramla
yaxşı davrandı və ona qoyun, qaramal sürüsü,
qullar və dəvələr verdi.
Lakin
çar Sara ilə intim yaxınlıq etdiyinə görə
Sahib ona və xalqına dəhşətli
xəstəliklər göndərdi. Çar Abramı
tapdırdı, onun niyə belə hərəkət etdiyinin və
Saranın öz arvadı olduğunu deməməsinin səbəbini
soruşdu: “Nəyə görə onun sənin bacın
olduğunu dedin və buna görə də mən onunla öz
arvadım kimi davrandım”. Arvadını çar ona
qaytardı və çıxıb getməsi barədə
göstəriş verdi. Abram
arvadı və bütün mülkiyyəti ilə birlikdə
Misiri tərk etdi.
Abrahamın (Abram artıq belə adlanırdı, çünki Allah vəd etmişdi ki, o, bir çox millətlərin əcdadı olacaqdır. Abraham isə yəhudi dilində “çoxlu millətlərin əcdadı” kimi səslənir) oğlu İsaak Rebekka ilə evləndikdən sonra onların ekiz oğlanları oldu. Körpələr doğulmamışdan əvvəl analarının bətnində də bir-birilə mübarizə aparırdılar. Qadın bundan narahat olduqda, Sahib ona bildirdi ki, sənin bətnində iki millət var, sən iki rəqib xalqa həyat verəcəksən. Onlardan biri digərindən güclü olacaqdır və kiçik uşaq ondan böyük olana xidmət edəcəkdir. Qadın doğanda birinci körpə kürən olmaqla, onun dərisi tüklü kürkə bənzəyirdi. Ona görə də onu Esey – yəhudi dilində bu söz “tüklü” mənasını verir, – adlandırdılar. İkinci körpə isə Eseyin dabanından möhkəm yapışıb doğulmuşdu. Ona görə də onu yəhudi dilində “daban” mənasını verən Ceykob adlandırdılar.
Oğlanlar böyüyürdülər. Esey fərasətli ovçu idi, çöllərdə keçən həyatı sevirdi. Ceykob isə sakit adam olmaqla evdə qalırdı. İsaakın Eseydən xoşu gəlirdi, çünki onun övladığı heyvanların ətini yeməkdən həzz alırdı, Rebekka isə Ceykobu daha çox sevirdi.
Bir dəfə Ceykob lobya şorbası bişirmişdi, Esey isə bu vaxt ovdan qayıtmışdı. O, ac idi və qardaşından ona yeməyə bir şey verməsini xahiş etdi. Ceykob isə ona dedi ki, əgər ilk doğulan oğulun hüquqlarını mənə versən, bunu edərəm. Esey bununla razılaşdı, çünki acından ölürdü, bir də ki, onun hüquqları bu vaxt ona nə verə bilərdi? Esey and içib, öz hüquqlarını Ceykoba verdi. Bundan sonra qardaşı ona bir az çörək və şorba verdi. Beləliklə, Ceykob qardaşının zəifliyindən istifadə edib, hiyləgərliklə onun hüquqlarını mənimsədi.
İsaak qocalanda kor olmuşdu. O, öz böyük oğlu Eseyi çağırtdırıb ona dedi ki, görürsən ki, mən qocalmışam və tezliklə öləbilərəm. Nizəni və oxunu götür, ölkənin içərilərinə keç və mənə bir heyvan vur gətir. Ondan dadlı xörək bişir və mənə ver. Onu yedikdən sonra, ölümümdən əvvəl sənə öz xeyir-duamı verəcəyəm.
İsaak oğlu Eseylə belə söhbət edəndə, Rebekka bunları eşidirdi. Esey ova gedəndə o, Ceykoba atasının böyük qardaşına dediyi sözləri söylədi. Sonra isə davam edərək dedi ki, mənə qulaq as və nə desəm, onlara əməl et. Sürüyə get və iki kök cavan keçini tutub gətir. Mən onlardan atanın xoşu gələn xörək hazırlayacağam. Sən xörəyi ona apararsan və o, ölməmişdən əvvəl sənə xeyir-dua verəcəkdir.
Ceykob isə anasına dedi ki, axı sən bilirsən ki, Eseyin dərisi tüklüdür, mənim dərim isə hamardır. Əgər atam mənə toxunsa, onu aldatdığımdan hali olacaqdır. Bu yolla mən xeyir-dua əvəzinə lənətlənə bilərəm. Anası isə ona cavab verdi ki, qoy sənin lənətin mənə gəlsin, mən nə demişəmsə onları et və get keçiləri mənə gətir. O, keçiləri tutub anasına gətirdi və Rebekka ərinin xoşladığı xörəyi bişirdi. Sonra oğluna Eseyin ən yaxşı paltarını geyindirdi. Onun qolunun üstünə və boynunun tüksüz hissinə keçi dərilərini qoydu. Çörəklə birlikdə bişirdiyi ləzzətli xörəyi ərinə göndərdi.
Ceykob atasının yanına gələndə atası onun hansı oğlu olduğunu soruşdu. Ceykob cavab verdi ki, sənin böyük oğlun Eseyəm, nə demişdinsə, onu da etdim. Xahiş edirəm otur və gətirdiyim əti bir qədər ye ki, mənə öz xeyir-duanı verəsən. İsaak soruşdu ki, bəs necə oldu ki, sən bunu belə tez tapdın. Ceykob cavab verdi ki, sənin Allahın olan Sahib onu tapmaqda mənə kömək etdi. Ceykoba dedi: “Yaxın gəl ki, mən sənə toxuna bilim. Sən həqiqətənmi Eseysən?” Ceykob ona yaxınlaşdıqda, atası ona dedi: “Sənin səsin Ceykobunkuna bənzəyir, lakin əllərin Eseyin əllərinə oxşayır”. O, Ceykobu tanımadı, çünki onun əlləri Eseyinki kimi tüklü idi. Atası ona xeyir-dua vermək istəyəndə, yenə də soruşdu: “Sən həqiqətən Eseysən?” “Mənəm” – deyə o, cavab verdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 8 fevral.- S.15.