Məczub Təbrizi divanının ilk nəşri
İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü
Azərbaycanda mədəniyyətin,
elmin, ana dilinin, anadilli ədəbiyyatın çiçəklənməsi
ilə əlamətdar
olmuşdur. Sam Mirzənin
"Töhfeyi-Sami", Əhdi
Bağdadinin "Gülşəni-şüəra",
Sadiq bəy Əfşar Sadiqinin "Məcməül-Xəvas", Vəliqulu bəy ibn Davudqulu Şamlunun
"Qisəsül-xaqani", Məhəmməd Tahir Nəsrabadinin "Təzkirətüş-şüəra",
Həzinin "Təzkirətül-müasirin",
Xoşgunun "Səfineyi-Xoşgu",
Lütfəli bəy Azər Bəydilinin "Atəşkədə" və
s. təzkirələrdə bu dövrün şairləri Azərbaycan
ədəbiyyatının inkişafı
barədə maraqlı
məlumalar vardır.
Səfəvilər dövrünün
banisi Şah İsmayıl Xətainin
(1501-1524) sarayında Süruri,Şahi, Matəmi, Tüfeyli, Kişvəri kimi şairlərin fəaliyyət göstərməsi,
saraydakı ədəbi
məclisin məlikiş-şüəra
Həbibi tərəfindən
idarə edilməsi mənbələrdə göstərmişdir.
Son illərdə AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
Səfəvilər dövrü
ədəbiyyatımızın nəşrinə və
tədqiqinə xüsusi
diqqət yetirilir. Həmin dövrə dair Əlyazmalar İnstitutunda,
dünyanın bir sıra kitabxana və muzeylərində saxlanan yazılı abidələrimiz nəşr
edilmişdir. Əlyazmalar İnstitutunun
rəhbərliyi xarici
ölkələrdən Səfəvilər
dövrünə dair
sənəd və əsərlərin surətlərinin
gətirilməsinə xüsusi
diqqətlə yanaşır.
Filologiya
elmləri doktoru Paşa Kərimovun bu sahədəki fəaliyyətini xüsusilə
qeyd etmək istədik. O, Səfəvilər
dövrü anadilli poeziyamızın görkəmli
nümayəndələri-Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzəqulu
xan Zəfər, Vəhid Qəzvini və Təsir Təbrizinin divanlarının
ilk dəfə olaraq
tam həcmdə ayrıca
kitab halında geniş ön sözlə nəşr etdirmiş, 2007-ci ildə M.Hüseyni ilə, çap etdirdiyi "XVII əsr Azərbaycan lirikası" antologiyasına
Rəhməti, Şah
Abbas Kəbir, Şah Abbas Sani, Tərzi Əfşar, Saib Təbrizi, Müsahib Gəncəvi, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Vaiz Qəzvini, Səfiqulu bəy Səfi, Mürtəzaqulu
Sultan Şamlu və başqalarının əsərlərini
daxil etmişdir. Bundan başqa, P. Kərimov "XVII əsr anadilli Azərbaycan lirikası" "XVII əsr
anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)" ,"Sadiq
bəy Sadiqinin türkdilli yaradıcılığı"
adlı monoqrafiyalarında
araşdırmaya çoxsaylı
əlyazma materialları
cəlb etməklə
dövrün poeziyasının
ən səciyyəvi
cəhətlərini nəzərdən
keçirmişdir. Son günlərdə P.Kərimov,
filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məmmədi
ilə birlikdə Səfəvilər dövrü
ədəbiyyatımızın naməlum nümayəndəsi,
XVII əsr şairimiz
Məczub Təbrizinin
anadilli şeirlər toplusu-divanını nəşr
etdirmişdir. Kitabın tərtibçisi
Məhəmmədəli Hüseyni,
redaktoru Arif Ramazanovdur. Qeyd etmək istərdik
ki, əsərin əlyazma nüsxəsini
Leyden Universiteti kitabxanasından
və Qahirə Milli kitabxanasından əldə edərək mətbuatda haqqında ilk dəfə söz deyən Almaniyada yaşayan həmvətənimiz
M. Hüseyni olmuşdur.
M.Hüseyni kitaba yazdığı
ön sözdə Məczub divanının nüsxələri, şairin
XVII əsr ictimai həyatında və ədəbiyyatında oynadığı
rolu barədə fikirlərini bildirmişdir.
Kitaba başqa bir ön söz
yazan P. Kərimov Məczubun dövrünün
mütərəqqi görünüşlü
"hind üslubu"şairlərinə
qarşı əks, mürtəce mövqedə
durmasını, onun divanındaki şeirlərin
bədii xüsusiyyətlərini
daha ətraflı nəzərdən keçirmişdir.
Tədqiqatçı qeyd edir ki, XVII əsrdə Səfəvilər dövründə
siyasi, ideoloji gərginlik hökm sürürdü, şiə
ruhaniləri yalnız
dini məsələlərdə
deyil, dövlətin idarə olunması işlərində də fəal iştirak edir, ideya müxaliflərini
amansız təqib edirdilər. Bu dövrdə
ictimai ədalətsizliyə,
dini, məzhəbi təəssübkeşliyə, zülm və zorakılığa qarşı
etiraz edən mütərəqqi görünüşlü
ziyalılar, xüsusilə
də poeziyada
"hind üslubu" nümayəndələrinin
yaradıcılığında fanatizmə biganəlik, qeyri-adi universallıq,
"vösəte-məşrəb",
("xarakter genişliyi"),
"sülhe-koll"("ümumi
sülh") prinsipləri
müşahidə olunur.
Məczub
Təbrizi əsərlərini
oxuduqda onun qatı şiə ideoloqu olduğunu, mütərəqqi ziyalılara qarşı
amansız müharibə
elan etdiyini gorürük. P. Kərimovun
dediyi kimi, buna baxmayaraq, ana dilinin incəliklərinə
dərindən bələd
olduğuna, atalar sözləri və məsəlləri məharətlə
işlətdiyinə, şeirlərini
istedadla yazdığına
görə, Məczubun
adı, əsərləri
ədəbiyyat tariximizə
salınmağa, ətraflı
tədqiq edilməyə
layiqdir.
Şərəfəddin Mirzə Məhəmməd
Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı
təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük
ustaddır. Fəzilət ehsanı süfrəsindən
tam bəhrəsi var. Çox
fəsahətli və
bəlağətli olduğundan
nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür.
Qəzəldə Xacə Hafiz Şirazinin
yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik
"Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin
sayı on mindən artıqdır". Məczubun təvəllüd
tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci
ildə vəfat etmişdir. Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində məlumat
verir ki, şair üç min beytlik "Şahrahi-nicat"("Nicat yolu") məsnəvisini 1655-ci ildə
qələmə almış,
1677-ci ildə yazıb
bitirdiyi üç yüz on dörd bəndlik "Təyidat"
("Təsdiq olunan fikirlər") adlı mənzum risaləsini Şah Suleyman Səfəviyə (1666-1694) ithaf
etmişdir. Bu əsər tövhidə,
imaməti təsdiq edən hədislərə,
on iki imamın mədhinə həsr olunub. Bunlardan başqa, şairin
qəsidə, qəzəl,
müxəmməs, tərcibənd,
saqinamə və rübailərdən ibarət
dörd min beytlik farsca divanı da vardır.
Məczubun nəşrinə məqalə
həsr etdiyimiz anadilli divanının təqribən üçdə
birini şiə imamlarının mədhinə
həsr olunmuş şeirlər təşkil
edir. Məczubun şeirlərindən
onun qatı şiə ideoloqu olunduğunu,bir sıra təsəvvüf
təriqətlərini sərt
bir formada tənqid edərək, onları təqib etməyə çağırdığını
və bununla fəxr etdiyini görürük. Lakin şairin yaradıcılığının
digər diqqətəlayiq
cəhətlərinə diqqəti
cəlb edən P.Kərimov yazır: "Məczub geniş mütaliə dairəsinə
malik, elmin bir sıra sahələrini,
ədəbiyyatı gözəl
bilən şairdir. Lirik şeirlərində o, səmimi
duyğuları tərənnüm
etməsi, poeziyaya yeni obrazlar gətirməsi
ilə diqqətimizi cəlb edir. Məczub vəsf etdiyi eşqin hər kəsə nəsib olmayan bir duyğu, Tanrı vergisi olduğu iddia edir:
Eşq Tanrı vergüsidür, ta kimə Tanrı
verə,
Özünü yoxsul xəyali-xamilə şah etməsün".
P.Kərimov Məczubun şeirlərindəki
aşiq obrazından ətraflı danışır. Qeyd edir
ki, şairin yaratdığı aşiq
obrazı eşqinin paklığı, saflığı,
səmimiyyəti, sevgisi
yolunda hər bəlaya hazır olması, fədakarlığı
ilə diqqəti cəlb edir. Məczubun şeirlərindəki
səmimiyyəti dəyərləndirən
tədqiqatçı yazır:"Səmimi hisslərin ifadəsi şairin bir sıra beytlərində
orijinal obrazların yaranmasına səbəb olmuşdur.Lirik qəhrəmanının
həsrəti elə böyükdür ki, o sərapa (başdan -ayağa) söz olub yarım gözləyir. Görüş
üçün verilən
vədədən cəmi
bir nəfəs gecikdiyinə görə aşiqin bağrı qan olur:
Vədə verdin dün gecə, lütf etdin, ehsan eylədin,
Bir nəfəs gec gəldin əmma bağrımı qan eylədin"
Tədqiqatçı, Məczubun şeirlərində bədii ifadə vasitələrindən, poetik fiqurlardan məharətlə, istedadla istifadə etməsini ətraflı nəzərdən keçirmişdir. Şairin dilindən danışarkən onun şeirlərində "Örkən nə qədər uzun olsa da, doğanaqdan keçər","Ot kökü üstə bitər", "Nə əkərsən onu biçərsən","Azın çoxla oyunu olmaz", "Əl məndən, ətək səndən","Könüldən könülə yol var" kimi atalar sözləri və məsələləri işlətdiyini göstərmişdir.
Bundan başqa, P.Kərimov ön sözündə Məczub lirikasının daha bir özəlliyi-əvvəlki dövr şairlərindən fərqli olaraq sevgilisinə qovuşmasını təsvir etməsi şairin didaktikası, hakimlərdən, şahdan cəsarətlə ədalət tələb etməsi, yaradıcılığındaki vətənpərvərlik motivləri barədə danışıbdır. Məczub şeirlərinin janr və forma xüsusiyyətləri, quruluşu, qafiyə sistemi də ayrıca tədqiq edilmişdir.
Məczub Təbrizinin Azərbaycan türkcəsindəki divanının nəzərdən keçirdikdə şairin anadilli poeziyamızın inkişafındakı xidmətlərini aydın surətdə görə bilirik.
Bu fikirdəyik ki, əgər gələcəkdə xarici kitabxanalardan kifayət qədər mənbələr, materiallar əldə edilsə, Səfəvilər dövrü ədəbiyyatımızın tarixinin ayrıca bir iri həcmli monoqrafiyada yazılması məsələsi qarşıda duracaqdır.
Nailə Mustafayeva
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 11 fevral.- S.7.