Ədəbiyyatımızın görkəmli araşdırıcısı və dəyərli təəssübkeşi

 

 

 

Əsrlər boyu Çin səddindən Adriatik dənizinə qədər böyük sahəni əhatə edən Türk-İslam toplumunda elm və mədəniyyət təyinedici, təsirli amil olub. Bu geniş torpaqlardakı Türk-İslam mədəniyyəti digər bölgə və qitələrdəki mədəniyyətlərdən hər zaman fərqlənib və lazım olduğunda Qərb dövlətləri də ondan faydalanıblar.

Görkəmli dövlət və siyasət adamları ilə yanaşı, bu sivilizasiyanın yetişdirdiyi şairlər, elm mütəxəssisləri, incəsənət nümayəndələri-könül dünyamızın ulduzları bu sonsuz səmamızı işıqlandırıb və bütün cəmiyyəti ulu bir çinar kimi kölgəsində saxlayıb. Bu dahilər insan ruhunun dərinliklərinə enib, insanın daxili dünyasını müşahidə etmiş və yaralı könüllərə məlhəm olub.

Nizami, Yunus Əmrə, Şəms Təbrizi, Mövlana, Nəsirəddin Tusi, Xacə Əhməd Yəsəvi, Mahmud Kaşqari, Füzuli, Sabir, Cavid, Mirzə Cəlil, Məmməd Araz və başqaları tarix və mədəniyyət səmamızı daim parladan ulduzlar olublar.

Məlum olduğu kimi, hələ orta əsrlərdə böyük mütəfəkkirlər öz düşüncə məhsulunu daha geniş coğrafiyaya yaymaq üçün öz əsərlərini ərəb və fars dillərində də yazmışlar. Müasir dövrümüzdə isə bu ənənəni layiqincə davam etdirən görkəmli tədqiqatçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylidir. Belə ki, o, bu çətin missiyanı öz üzərinə götürərək İran, Ukrayna, Moskva, Türkiyə, Pakistan, Misir, Macarıstan və digər ölkələrin sanballı nəşriyyatlarında müxtəlif dillərdə Cəlil Məmmədquluzadə və onun yaradıcılığı ilə bağlı elmi kitablar nəşr etdirmişdir.

Akademik İsa Əkbər oğlu Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

İsa Həbibbəyli AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almış (1974-1978) və "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda isə doktorluq dissertasiyası uğurla müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru,  1997-ci ildən isə professor olmuşdur.

İ. Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. O, həmçinin Əməkdar elm xadimidir.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

2006-cı ild BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi sahəsində dəyərli tədqiqat əsərlərinin müəllifidir. O, ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.

Ümumiyyətlə, professor İsa Həbibbəyli 94-ü kitab olmaqla 600-dən çox elmi əsərin müəllifidir. İsa Həbibbəylinin yaratdığı ədəbi məktəb fikir, ədəbiyyat tariximizdə özünə layiqli yerlərdən birini tutmuş dəyərli mənəviyyat xəzinəsidir. 400-dən çox elmi məqalənin, 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar dillərində çap olunmuşdur. Onun "Romantik lirikanın imkanları" (Bakı: "Yazıçı", 1984); "Ədəbiyyat nəzəriyyəsi" (Bakı: ADPU-nun nəşri, 2005); "Cəlil Məmmədquluzadə" (Bakı: "İşıq", 1987); "XX yüzyılın başlarında yaşayan Azerbaycan yazarlarının bioqrafiləri". Ərzurum Atatürk Universiteti (Türkiyə, 1992); "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (Bakı, 1997; təkmilləşdirilmiş ikinci nəşri, Naxçıvan, "Əcəmi", 2009); "Xalq şairi Məmməd Araz"( Bakı: "Elm", 1999), "Dcalil Mamedkuluzade" (Molla Nasreddin) ( Moskva, "Nauka", 1999); "Ustad Məhəmmədhüseyn Şəhriyar" ( Bakı: "Elm", 1999); "Şəhriyar dünyası" (İran, "Zufa yayınları", 2002); "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (Bakı, 2002); "Mollanəsrəddinçi karikatura ustası" ( Naxçıvan: "Gəmiqaya", 2002); "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərlərilə" (Pakistan: İslamabad, 2004); "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları" (Bakı: "Nurlan", 2004); "Ədəbiyyat" (XI sinif). (Dərslik. Müəlliflər kollektivi,  Bakı, 2006; 2008; 2010); "Ədəbi-tarixi yaddaş və müasirlik" ( Bakı: "Nurlan", 2007); "Azerbaydjanskaə literatura naçala XX veka" (Moskva: "Triada", 2008); "Azərbaycanın mütəfəkkir yazıçısı Cəlil Məmmədquluzadə" (ərəb dilində).(Tərcümə edəni prof. Cəlal Hifnəvi. Misir, Qahirə, 2008); "Cəlil Məmmədquluzadə" (tanıtma kitabı). Azərbaycan, ingilis, rus və fransız dillərində). (Naxçıvan; "Əcəmi", 2009); "Cəlil Məmmədquluzadə" (Ukrayna: Sevastopol, "Delta", 2010); "Cəlil Məmmədquluzadə". (İran: Urmiya, 2010) "Cəlil Məmmədquluzadə. Seçilmiş hekayələr" (tərtib edəni və ön sözün müəllifi İsa Həbibbəyli) (Macarıstan: Budapeşt, 2011) "Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi" (Bakı: "Elm və təhsil", 2012) və s. sadaladığımız kitabları bu böyük irsin hələ çox cüzi bir hissəsidir.

İsa Həbibbəyli publisistika sahəsində də məhsuldar qələm sahibi kimi diqqəti hər zaman cəlb edir. Azərbaycan publisistikası İsa Həbibbəylinin simasında tamamilə "yeni bir dövr" yaşayır desək, yəqin ki,  mübaliğə etmərik. Publisistika onun fəaliyyəti ilə ədəbi-mədəni mühitdə nə isə əlavə bir fəallıq, xüsusi aktuallıq qazanıb. İsa Həbibbəylinin publisistik yazıları çağdaş ədəbi prosesdə bütöv bir istiqamət yaradıb. Ədəbi prosesə fəal müdaxilə konsepsiyasını ortaya qoyub. Fəlsəfi dərinlik və sosial məzmunun üzvi vəhdəti bu publisistikasının novatorluğunu şərtləndirib.  İsa Həbibbəyli tariximizin iki əsrinin, iki möhtəşəm minilliyin qovşağında yaşayıb-yaradan istedadlı Azərbaycan ziyalısıdır.

Dərin istedada, qibtə olunacaq  dərəcədə yaradıcılıq enerjisinə, zəhmətsevərliyə və fəal həyat mövqeyinə malik olan İsa Həbibbəyli kitablarının başlıca mövzusunu əsasən Mirzə Cəlil yaradıcılığı, M.S.Ordubadi fenomeni, M.Araz lirikası tutur. Onu da qeyd edək ki, İ. Həbibbəyli əsərlərinin dəyərini yalnız yüksək sənətkarlıq, tənqidçilik müstəvisində tədqiq etmək olar.

İsa Həbibbəylinin əsərləri daim ədəbi tənqidin diqqət obyektində olmuşdur. Xüsusilə onu da qeyd etmək vacib şərtdir ki, tədqiqatçının bütün kitabları hər zaman geniş oxucu auditoriyasının böyük maraq qazanmış və bununla bağlı mətbu orqanlarında çoxlu sayda müsbət rəylər dərc edilmişdir.

İsa Həbibbəylinın bu nəhəng və gərgin əməyi diqqətsiz də qalmamışdır. 1999-cu ildə o, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. "Şöhrət" ordeni (2007) və "Şərəf" ordeni (2009) ilə təltif olunmuşdur. İsa müəllim "Ankara universitetinin fəxri dostu" (1999) və Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilmişdir (2001). Türkiyə Cümhuriyyəti Dil Qurumunun "Üstün hizmət Baratı" (2004), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının "İnformasiya aləminin elitası" diplomuna və "Elmi istiqamətin rəhbəri" medalına (2009) layiq görülmüşdür. Naxçıvan MR Ali Məclisinin Fəxri fərmanı (2009), Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı (2009) ilə təltif edilmişdir.

İsa Həbibbəyli dərin istedada, qibtə olunacaq dərəcədə zəhmətsevərliyə, fəal həyat mövqeyinə malikdir. O, milli qeyrət təəssübkeşi, əsl vətəndaşdır.

İsa Həbibbəyli 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bundan əlavə, o, fəal ictimai-siyasi xadimdir. İ.Ə. Həbibbəyli birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur (2005-2010). Hal-hazırda dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Azərbaycan Respublikası parlamentinin deputatı kimi ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı məsələlərdə prinsipial vətəndaşlıq mövqeyi nümayiş etdirən İsa Həbibbəyli eyni zamanda Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika,  Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

İsa Həbibbəyli böyük alim olmağı ilə yanaşı, həm də təcrübəli təşkilatçıdır. O, qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun təşəbbüsü ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmiş, əsas diqqət Azərbaycanın Mühacirət ədəbiyyatının, Nizami və Füzuli kimi dahi klassiklərin əsərlərinin araşdırılmasına yönəldilmiş, İnstitutun bir çox xarici ölkələrin nüfuzlu universitetlərlə elm mübadiləsinə, habelə Azərbaycan ədəbiyyat tarixinin Sovet İmperiyası dövründə qəsdən saxtalaşdırılmış bir çox problemlərini əsas və təxirəsalınmaz tədqiqat obyektlərinə çevrilmişdir. Bundan əlavə, az vaxt içərisində İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti ədəbiyyatı tarixinin müxtəlif problemləri ilə bağlı ciddi elmi araşdırmalar ortaya qoyulmasının təşəbbüskarı olmuşdur.

İsa müəllimin rəhbərliyi ilə AMEA Ədəbiyyat İnstitutunda geniş islahatlar proqramı həyata keçirilir, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilir. Ədəbiyyatşınaslığın, xarici ölkələr ədəbiyyatının, Azərbaycan ədəbiyyatı tarixi elminin gələcəyi üçün son dərəcə gərəkli olan bu layihələrin həyata keçirilməsi, hər şeydən əvvəl, onunla əhəmiyyətlidir ki, Azərbaycan ədəbiyyatı tarixində son illərədək öyrənilməyib qalan çoxsaylı problemlərin tədqiq olunması institutda diqqət mərkəzinə götürülmüşdür.

Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda Ədəbiyyat İnstitutunda aparılan bu əsaslı islahatlar-milli ədəbiyyat tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Azərbaycan ədəbiyyatının yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərini institutumuza gətirilib nəşr edilməsi ulu öndərin vəsiyyəti və dövlət başçımızın qayğısının nəticəsidir.

Qətiyyətlə deyə bilərik ki, bu gün AMEA-nın Ədəbiyyat İnstitutunda aparılan köklü islahatlar, bütün fundamental araşdırmalar, milli ədəbiyyatımızın dirçəldilməsi prosesi, bilavasitə onun rəhbərliyi və layihələri ilə həyata keçirilir.

İsa Həbibbəyli 2014-cü il yanvar ayının 17-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitununu 80 illik yubileyi ilə bağlı bir sıra silsilə tədbirlərin keçirilməsinə, o cümlədən institutun tarixini əks etdirən kitabın və broşürlərin çıxarılmasına bilavasitə rəhbərlik etmişdir. İsa müəllim bir pedaqoq və müəllim kimi də daim gənclərin problemləri ilə yaxından tanış olur, onların elmi fəaliyyətlərində düzgün istiqamət almağa, üzləşdikləri çətinlikləri aradan qaldırmağda da öz köməyini əsirgəmir.

İsa Həbibbəyli xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin yaradılmasına və inkişafına, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə çalışmışdır. Biz də öz növbəmizdə yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, əməkdar elm xadimi, fəal ictimai-siyasi xadim olan İsa Həbibbəyliyə bütün işlərində müvəffəqiyyətlər diləyir və yeni uğurlu işlərə imza atmasını səbirsizliklə gözləyirik!

 

Məlahət Babayeva

525-ci qəzet.- 2014.- 13 fevral.- S.7.