Azərbaycanda hüquqi
dövlət quruculuğunda məhkəmə-hüquq
islahatlarının rolu
Hər bir dövlətin müstəqilliyini
şərtləndirən, onu
əbədiləşdirən amillər, ilk növbədə,
qanunların aliliyinin təminatından, məhkəmə-hüquq
islahatlarının həyata
keçirilməsi keyfiyyətindən,
ədalət mühakiməsinin
beynəlxalq tələblərə
uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik
ölkələrin təcrübəsi
göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri
üzrə hüquqi bazanın möhkəm təməllər üzərində
qurulması, ədalət
mühakiməsi prinsiplərinə
ciddi şəkildə
riayət olunması həmin dövlətdə
sabitliyin, vətəndaş
həmrəyliyinin və
dinamik iqtisadi inkişafın başlıca
təminatlarından biridir.
Dövlət müstəqilliyini əldə
etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında
cəmiyyətin təkamül
sistemini, dövlət
idarəçilik mexanizmlərinin
səmərəli fəaliyyətini
tənzimləyən qanunların
müasirləşdirilməsi və təkmilləşdirilməsi
davamlı prosesə çevrilib. Ötən illər ərzində
ölkənin demokratikləşmə,
insan hüquq və azadlıqlarının
təminatı sahəsində
yüksək nailiyyətlər
qazanması bilavasitə
vətəndaş cəmiyyəti
quruculuğuna hesablanan
məhkəmə-hüquq islahatlarının
respublikanın sosial-iqtisadi
inkişaf dinamikası
ilə uzlaşdırılması
nəticəsində mümkün
olub. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
altında hazırlanaraq
1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
dövlətimizin tarixində
hakimiyyət bölgüsü
prinsipini, demokratik hüquqi və dünyəvi dövlət
quruculuğunun hüquqi
əsaslarını, insan
hüquq və azadlıqlarının təmin
olunmasının bünövrəsini
qoyub.
Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş
hüquqlarının prioriteti
kimi hamılıqla qəbul edilən dəyərlər Azərbaycan
Konstitusiyasının təməl
prinsiplərini təşkil
edir. Konstitusiyanın qəbulu
cəmiyyət və dövlət həyatında
demokratik dəyişikliklərə
yol açaraq, insan hüquq və azadlıqlarının
həyata keçirilməsinə
əlverişli şərait
yaratmaqla, ictimai həyatın bütün
sahələrinin inkişafına
təkan verdi.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının preambulasında
dövlətin müstəqilliyinin
və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə
nail olmaq kimi mühüm vəzifələr
əsas niyyət kimi bəyan edilir.
Konstitusiyada Azərbaycanın demokratik
yolla inkişafının
qaçılmaz olduğunu
nəzərdə tutan
şərt dövlət
hakimiyyətinin xalqa məxsus olmasının birmənalı şəkildə
təsbit olunmasıdır. Eyni zamanda,
Konstitusiyada göstərilir
ki, öz müqəddəratını sərbəst
və müstəqil şəkildə müəyyənləşdirmək
Azərbaycan xalqının
suveren hüququdur.
Konstitusiyada əksini tapan mühüm məsələlərdən
biri də xalqın hüquq və mənafeləri ilə bağlı hər bir məsələnin
referendum yolu ilə həllinin nəzərdə
tutulmasıdır. Konkret olaraq
3-cü maddədə göstərilir
ki, Azərbaycan Respublikası Konstitusiyasının
qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının
dövlət sərhədlərinin
dəyişdirilməsi məsələləri
yalnız ümumxalq səsverməsi - referendum yolu
ilə həll oluna bilər.
Konstitusiyanın qeyri-müəyyən müddətdə
qüvvədə olmasının
nəzərdə tutulması,
onun məzmun sabitliyi ilə fərqlənən əsas
normativ-hüquqi akt kimi səciyyələndirsə
də, zaman keçdikcə ona müəyyən əlavə
və dəyişikliklər
etmək zərurəti
yaranır.
2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq
səsverməsi - referendumdan
sonra Azərbaycanın
bütün sahələrdə
dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosial yönümlü məsələlərin prioritetə
çevrilməsi, habelə
insan hüquq və azadlıqlarının
maksimum müdafiəsinə
xidmət edən təkmil qanunvericilik bazasının formalaşması
Konstitusiyaya zamanın
tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin
edilməsini labüdləşdirir.
Sözün həqiqi mənasında
ictimai münasibətlərin
inkişafı, sosial,
iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş
verməsi Konstitusiyaya
müvafiq dəyişiklik
və əlavələrin
edilməsini zərurətə
çevirir. Heç
şübhə yox ki, bu əlavə
və dəyişikliklər
mahiyyətcə Konstitusiyanın
daha da təkmilləşməsinə,
insan və vətəndaş hüquq
və azadlıqları
ilə bağlı prinsipial əhəmiyyətli
məsələlərin bu
sənəddə daha
dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı,
onun müddəalarının
liberallığı, demokratik
səciyyə daşıması
ilə seçilir.
Bu, bir faktdır ki, Konstitusiyaya indiyədək edilən əlavə və dəyişikliklərin mühüm
bir qismi Azərbaycan dövlətinin
insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasət
strategiyasının daha
dolğun, hərtərəfli
ifadəsinə, vətəndaşların
hüquq və azadlıqlarının genişləndirilməsinə,
dövlətin sosial məsuliyyətinin artırılmasına
xidmət edib.
Bununla yanaşı
ulu öndər Heydər Əliyevin insan hüquqlarının
qorunmasını ön
plana çəkməklə
əsasını qoyduğu
məhkəmə-hüquq islahatları
son 10 ildə onun layiqli davamçısı
- Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu da təsadüfi
deyil - respublikamız
son illərdə inkişafının
elə uğurlu mərhələsindədir ki,
qazanılmış makroiqtisadi
nailiyyətlər cəmiyyət
həyatının ən
müxtəlif sahələrində
sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın
taleyində kardinal dəyişikliklərlə müşayiət
olunan, demokratik islahatların dərinləşdirilməsi
yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları
dinamizmlə gerçəkləşdirmək
imkanı yaradır. Bütün bunları nəzərə alan
İlham Əliyev çıxışlarında dəfələrlə
bildirib ki, müstəqil məhkəmə
hakimiyyətinin formalaşdırılması,
ədalət mühakiməsinin
tamamilə şəffaf,
demokratik, obyektiv şəraitdə həyata
keçirilməsi, bu
zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum
səviyyədə qorunması
baxımından hakimlər
korpusunun sağlamlaşdırılması
vacib şərtlərdən
biridir.
19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman bu istiqamətdə ilk konseptual sənədlərdən olub. Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ötən illərdə dövlət başçısının fərmanından irəli gələn vəzifələrin icrası üçün geniş tədbirlər planı hazırlayıb həyata keçirib. Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələrinin yaradılması və fəaliyyətə başlaması məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm addımdır. Fərman əsasında yaradılmış Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilməsi üçün onların peşə səviyyəsinin daha da yüksəldilməsini təmin edir. Fərman əsasında Azərbaycanın məhkəmə sistemi tarixində ilk dəfə olaraq Hakimlərin Etik Davranış Kodeksinin hazırlanıb təsdiq edilməsi də mühüm uğurlardan biri kimi vurğulanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınması da fərmanın müstəsna əhəmiyyətinə dəlalət edir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olduğundan məhkəmələr İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərini rəhbər tutmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini öyrənməli, öz fəaliyyətlərində həmin Konvensiyanın müddəalarından bəhrələnməlidirlər.
Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılıb.
Ümumiyyətlə istər Konstitusiyaya edilən əlavə və dəyişikliklər, istərsə də digər müxtəlif qanunlara olan dəyişikliklər mütərəqqi xarakter daşımaqla, ölkədə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Heç şübhə yox ki, bu dəyişikliklər demokratik, hüquqi inkişafın keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla yanaşı, ölkədə həyata keçirilən vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirir.
AQİL
525-ci qəzet.-
2014.- 13 feral.- S.6.