İtaliyada çıxan "Çağdaş Azərbaycan
poeziyası"nın AYB-də təqdimatı olub
Ötən gün Yazıçılar
Birliyinin (AYB) Natəvan
klubunda İtaliyada çap olunmuş "Çağdaş Azərbaycan
poeziyası" ("La poesia
Azera contemporanea") toplusunun təqdimatı keçirilib.
Davide Qualtieri, Azərbaycan Yazıçılar
Birliyi, Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının
katibi Şahin Sayılov, Mais və Nəzakət Nuriyevlərin birgə təşəbbüsü və
səyi nəticəsində
işıq üzü
görmüş topluda
Xalq şairləri Məmməd Araz, Fikrət Qoca, şairlər Tofiq Abdin, Zakir Fəxri,
Əjdər Ol, Vaqif Bəhmənli, Rəşad Məcid, Ədalət Əsgəroğlu,
Qulu Ağsəs, Elçin Mirzəbəyli,
Laçın Məmişov,
Rəfail Tağızadə,
Həyat Şəmi, Elşad Ərşadoğlu,
Sevinc Mürvətqızı,
Bəsti Əlibəyli
və Feyziyyənin şeirləri yer alıb.
Kitaba önsözü
İtaliyanın məşhur
türkoloqu Giampiero Bellingeri yazıb. Önsözdə
Nizami Gəncəvi, Saib Təbrizi, Qövsi Təbrizi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Mirzə Əli Möcüz, Məhəmmədhüseyn
Şəhriyar kimi dahi şairlər yetirmiş Azərbaycanın əsrlərə
söykənən poeziya
ənənələrindən bəhs edilir. Kitabda Davide Qualtierinin yazısı da yer alıb. Müəllif yazıda kitabın ərsəyə
gəlməsində göstərilən
köməyə görə,
Şahin Sayılovun şəxsində, Əsir
və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasına,
eləcə də Nuriyevlər ailəsinə
- pianoçu Nəzakət
xanıma və xoreoqraf, İtaliyadakı
"Azəri" Mədəniyyət
Assosiasiyasının prezidenti
Mais Nuriyevə minnətdarlığını ifadə edib.
Təqdimat mərasimindəki giriş
sözündə AYB-nin
katibi Rəşad Məcid sözügedən
kitabdan, Milanda Azərbaycan poeziyasının
təntənəsindən danışıb:
"Konsert Fikrət Qocanın Cüzeppe Verdi haqqında yazdığı
şeirin italyancaya tərcüməsinin Davide
Qualtierinin ifasında səslənməsilə başlandı.
Davide Qualtieri öz bəstələrinin fonunda
Fikrət Qocanın şeirlərini italyanca oxudu. Konsert boyu həm italyan, həm də Azərbaycan musiqisinin sintez şəkildə müşayiəti
ilə şeirlər həm italyanca, həm də Azərbaycan dilində tamaşaçıların diqqətinə
çatdırıldı. Həmçinin Azərbaycan milli
geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə çıxış
edirdilər. Təxminən 40 nəfərdən ibarət
uşaq xorunun ifasında şeirlər Azərbaycan dilində də oxunurdu. Konsert çox bəyənildi, gur alqışlarla qarşılandı. Davide Qualtieri
çox istedadlı olmaqla yanaşı, öz sənətinə, poeziyaya böyük məhəbbət bəsləyən
yaradıcı insandır.
Belə bir istedadlı, sözə, musiqiyə sevgi dolu şəxsiyyətin
Azərbaycana maraq, rəğbət göstərməsi,
ölkəmizi sevməsi,
mədəniyyətimizin təbliği
ilə məşğul
olması bizim üçün böyük
şansdır. Çox sevindiricidir
ki, italyan xalqının belə bir istedadlı nümayəndəsi Azərbaycana
bu cür sevgiylə yanaşır.
Davide Qualtierinin fevralın 8-də
Milan Konservatoriyasında nümayiş
etdirdiyi sənət, onun qeyri-adi musiqi ilə Fikrət Qocanın şeirləri əsasında
yaradıb sərgilədiyi
möhtəşəm harmoniya
məni çox həyəcanlandırdı. Dünyanın qədim və
nüfuzlu musiqi məktəblərindən biri
olan Milan Konservatoriyasında
Azərbaycan şairinin
şeirlərindən ibarət
belə möhtəşəm
bir konsert təşkil etmək Davide Qualtierinin böyük istedadının,
güclü həvəsinin
göstəricisidir. Çox sevinirəm
ki, belə bir insan Azərbaycan
poeziyasına bu qədər maraq göstərir".
Xalq şairi Fikrət Qoca da Milan təəssüratlarını
qonaqlarla paylaşıb:
"Mənim şeirim
Azərbaycan ədəbiyyatında
bir damcıdır. Bu kitab isə
məni daha çox sevindirir. Burada təbii ki, Azərbaycan ədəbiyyatından
hamı təmsil olunmur. Amma nəzərə alaq ki, bu
şairlərin də
şeirlərini bir
professor təkbaşına tərcümə edib.
Bu təmənnasız tərcümə olunmuş
bir kitabdır. Görün, Davide Qualtierinin Azərbaycan ədəbiyyatına nə
qədər ehtiramı,
sevgisi var ki, belə böyük
bir iş ərsəyə gətirib.
İtalyanlar bu tədbirlə
həm də şeirə hərtərəfli
yanaşdıqlarını sübut etdilər. Azərbaycan və italyan musiqilərinin müşayiəti
ilə şeirlər səsləndikcə, səhnədə
italyan rəssam
Alessandra Vahid fantaziyasına
uyğun tablolar işləyirdi. Onlardan ən
çox Azərbaycanı
simvolizə edən qoca çinar tablosunu bəyəndim.
Yaxşı olar ki, bundan
sonra biz də klassiklərimizin yubileyini qeyd edərkən bu ənənədən istifadə edək. Gedib görməklə
yanaşı öyrənmək
də vacibdir".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli bu kitabı iki ay öncə Avropada həmkarı Vəfa xanıma bağışlananda gördüyünü
deyib. V.Bəhmənli Avropanın
hər baxımdan nəhəng bir ölkəsində, dünyanın
ən böyük mədəniyyət beşiklərindən
olan İtaliyada Azərbaycan şairlərinin
şeirlərinin tərcüməsi
və təqdimatını
çox böyük bir hadisə kimi qiymətləndirib:
"Bu kitab bizim üçün böyük
hədiyyədir. Bu işdə zəhməti olan hər kəsə
minnətdarlığımı bildiririrəm. Fikrət
müəllim düz deyir, bu maddi
vəsaitlə başa
gələn bir iş deyil, burada sevgi amili
əsas rol oynayır. Düşünürəm ki, Davide Qualtieri ilə, ümumiyyətlə, Azərbaycanı
belə sevən insanlarla əlaqələri
daha da sıxlaşdırmalıyıq".
V.Bəhmənli Azərbaycan
poeziyasının dünyanın
aparıcı 20 xarici
dilində tərcümə
olunması təklifi ilə də çıxış edib:
"Fərdi qaydada ədəbiyyatımız xaricdə
tərcümə və
çap olunur, amma bunun sistemli
şəkildə çapına
nail olmalıyıq. Bu, Azərbaycan ədəbiyyatının
sistemli təbliğatı
deməkdir. Fikrimcə, yaxşı
olardı ki, Azərbaycan nəsri, poeziyası 20 dildə xarici ölkələrdə
çap edilsin. İnanıram ki, dövlətimiz
də bu ideyaya dəstək verər".
Şair
Elçin Mirzəbəyli
bu kitabın nəşrini bütövlükdə
Azərbaycan ədəbiyyatı
üçün bir hadisə kimi dəyərləndirib: "Bu kitabın
nəşri mənim üçün bayramdır.
Bu prosesin davamını
gözləyirəm və
arzulayıram. Yazıçılar Birliyinin ədəbiyyatımızın
təbliği istiqamətində
aparılan bu prosesin önündə gedəcəyinə inanıram".
Şairə Həyat Şəmi
kitabın ərsəyə
gəlməsində əməyi
olan hər kəsə təşəkkürünü
çatdıraraq Azərbaycanın
öz müstəqilliyini
əldə etdikdən
sonra mədəni sahədə də sərhədlərin açılmasından
danışıb: "Müstəqillik
dövründə müasir
ədəbiyyatımızın təbliği, dünya miqyasında tanıdılması
istiqamətində böyük
işlər görülüb.
İtaliya qədim tarixi
olan bir ölkədir. Belə qədim
tarixi olan bir ölkədə çağdaş Azərbaycan
poeziyasının təqdimatı
böyük ədəbi
hadisədir".
Sonra şairə
kitabda yer almış "Adını
sən qoy" şeirini oxuyub.
Şair
Qulu Ağsəs kitabın nəşrində
zəhmət çəkənlərə
minnətdarlığını bildirib: "Şeirlərin
sətri tərcüməsini
həyata keçirən
Mais Nuriyevlə Fasebookda dost olmuşuq. O bildirir ki, İtaliyada
Azərbaycan ədəbiyyatına
böyük maraq
var".Sonra Qulu Ağsəs də kitabdakı şeirini oxuyub.
Xalq yazıçısı Mövlud Süleymanlı təqdimat mərasiminin başqa tədbirlərdən fərqləndiyini diqqətə çatdırıb: "Bu, gördüyümüz və görəcəyimiz başqa tədbirlərdən seçilir. Şeir başlanğıcdı, bütün işləri kənara qoyandan sonra görülən işdi. Bu mənada kitabda şeirləri olan bütün şairlərə böyük hörmətim var. Fikrət Qocanın istiqanlı, sevimli, ilıq yanaşmaları, Milandakı konsert haqqında təəssüratları çox xoşuma gəldi. Mən də Fikrət Qocanın təklifinə səs verirəm. Gəlin, biz də tədbirlərimizi İtaliyadakı kimi keçirək. Arzu edirəm ki, Azərbaycan ədəbiyyatının təbliğatı istiqamətində görülən belə işlər davamlı olsun".
AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri yekunlaşdıraraq topluda şeirləri dərc olunan şairləri təbrik edib, bu kitabın nəşrinə görə qürur hissi keçirdiyini dilə gətirib: "İtaliya sənət ölkəsidir və belə bir ölkədə Azərbaycan poeziyasının təqdim olunması, yüksək səviyyədə italyan oxucusuna çatdırılması çox fərəhli hadisədir. Biz gərək ədəbiyyatımızı dünyaya çıxaraq. Azərbaycan poeziyasını dünyanın əsas dillərinə - ingilis, rus, ispan, italyan, fransız, türk dilinə çevirmək lazımdır. İndiyədək Yazıçılar Birliyi tərəfindən belə işlər həyata keçirilib, bundan sonra da bu, davamlı şəkil almalıdır. İlk təşəbbüs kimi İtaliyada çıxan bu kitabın böyük əhəmiyyəti var".
Xatırladaq ki, fevralın 9-da sözügedən kitabın Milanın görkəmli bir yerində, La Skala teatrı ilə üzbəüz yerləşən qədim Milan bələdiyyə binasında təqdimatı keçirilib. Təqdimat mərasimi İtaliya mediasında da geniş şəkildə öz əksini tapıb. İtaliyanın bir sıra qəzet və internet saytlarında tədbirlərlə bağlı informasiya və reportajlar çap olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 14 fevral.- S.7.