Ömrün zirvəsi...
Mən
Arif müəllimin yubileyi ilə əlaqədar ona nə
töhfə edəcəyimi çox götür-qoy
etdim.Axırda qərara gəldim ki, uşaqlıq, gənclik,
ahıllıq xatirələrimi Arif qardaşımın bir
övlad, bir qardaş, bir ata, bir baba, bir dost, bir yoldaş, ən
ümdəsi bir insan kimi onun haqqında olan müşahidələrimi,
ülvü hisslərimi göz önündən
keçirib ağ vərəqə
köçürüm.
Onunla ünsiyyətdə olan hər kəs onun alicənablığına,
sadəliyinə, ağıllı məsləhətlərinə
qulaq asdıqca, ona qəlbən, ürəkdən valeh olmaya
bilməz. Arif müəllimin bu insani xüsusiyyətləri
heç də təəccüblü deyil. O elə bir
ailədə dünyaya göz açıb böyüyüb
ki, həmişə səmimiyyət, qayğıkeşlik,
adamlara insani münasibət görüb.
Mir Cəlal əminin, Püstə xalanın evlərinin
qapısı kimliyindən asılı olmayaraq, hamının
üzünə açıq olub. O evə pənah gətirənlər
xalq diliylə desək, ordan məyus, əliboş
qayıtmayıblar. O ev həmişə
qonaqlı-qaralı olub. Mir Cəlal əmi hər gün bədii,
elmi əsərlər yazıb-yaradıbsa, Azərbaycan
Dövlət Universitetinin auditoriyalarında
xalqımızın gələcəyi olan övladlarına
bilik, savad veribsə, öyrədibsə, Püstə xala da hər gün öz həyat
yoldaşına, uşaqlarına, qayğı göstərib.
O, bu qonaqlı-qaralı evə gələn, deyərdim ki,
ardı-arası kəsilməyən adamların
hamısına süfrə açıb, kimliyindən
asılı olmayaraq süfrəsiz, yeməksiz yola salmayıb.
Belə
bir ailədə dünyaya göz açan, boya-başa
çatan Arif qardaşım istəsə də başqa
cür ola bilməzdi. Arif müəllimin
xalqa, Vətən övladlarına, insanlara
bağlılığı, hər şeydən əvvəl
onun göz açdığı, boya-başa
çatdığı doğma evindən, atası Mir Cəlal
əminin, anası Püstə xalanın tərbiyəsindən
irəli gəlir.
Kimliyindən asılı olmayaraq, ata evinə gecəli-gündüzlü
gələn adamlara insani münasibət, qonaqpərvərlik,
görünür kiçik yaşlarından Arif
qardaşımın canına, qanına və ən ümdəsi
xasiyyətinə hopub. Atalar yaxşı deyiblər: "Aşıq
gördüyünü çağırar".
İndiyəcən yadımdadır, Arif qardaş
Moskvaya, sonralar Odessaya oxumağa yola salınanda, ya yay tətilinə
gələndə həmişə onlarda, bizdə, geninə-boluna
açılan süfrələrin şahidi olmuşam. Püstə xalagildə
içdiyim ağzı probkalı şüşə
butulkalarda qazlı, ətirli gürcü limonadı
"Sitroda"nın dadı üstündən
60-65 ilə müddət keçsə də bu günkü
kimi yadımdadır. Arif müəllimin
qardaşım Oktaya böyük qardaş dediyini, bəzən
mənə "Süleyman əmimin oğlu" deyə
müraciət etdiyini xatırlayıram. Mən
isə Arif müəllimə yazılı müraciətlərimdə
həmişə "Mir Cəlal əminin, Püstə
xalanın ləyaqətli oğlu" deyə müraciət
etmişəm və bu günə kimi də ona böyük
qardaş gözü ilə baxıram.
Arif
müəllimin ömür-gün yoldaşı Azərbaycanın
ilk qadın şərqşünası, Azərbaycanda ərəb
ədəbiyyatşünaslığı məktəbinin
banilərindən biri, filologiya elmləri doktoru, professor Aida xanım dünya şərqşünaslıq
elminə dəyərli töhfələr verib.
Görkəmli
jurnalist, ictimai xadim, alicənab insan, atamın yaxın qələm
dostu Nəsir müəllimin, Kövhər xanımın
qızı kimi, Mir Cəlal əminin, Püstə xalanın gəlini
kimi Aida xanım böyük nüfuz sahibi olan bu insanların
adını həmişə layiqincə doğruldub.
Mir Cəlal əmi "Sizin şah əsəriniz
hansıdır?" sualına həmişə "Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir"
cavabını verərdi. Arif müəllim də,
atası Mir Cəlal əmi kimi "mənim şah əsərim
övladlarımdır" deyir.
Mən isə deyərdim onun balaları - iki qız
övladı təkcə Arif müəllimin deyil,
bütün Azərbaycanın şah əsəridir.
Mən mərd
insan Arif müəllimin,
xanımlar xanımı görkəmli şərqşünas
alim Aida xanımın xanım qızlarını Azərbaycan
xalqının orijinal düşüncəli, fitri
istedadlı, qeyri-adi təşkilatçılıq qabiliyyətinə,
ən ümdəsi alicənab,
xeyirxah, tükənməz enerjili bu zərif xanımlara təbrikimdə
dünyanın ən əziz neməti olan möhkəm can
sağlığı, ailə xoşbəxtliyi,
balalarından, nəvələrindən gözü dolusu nəticə-kötücə
görməyi arzulamışam. Övladlarının ləyaqəti
və şücaəti Arif müəllimin ömrünü daha da mənalı
edir. Fransız mütəfəkkiri Mişel
Mantenin "Yaxşılıq elminə yiyələnməyən
hər bir kəsə bütün elmlər yalnız ziyan gətirər"
fikri ilə mən tam razıyam. Bizim Arif müəllim ən
ümdəsi ali yaxşılıq elminə
ən yüksək dərəcədə yiyələnib.
Arif müəllimdən müsahibələrin birində
soruşurlar ki, qızınıza - Mehriban xanıma nə
tövsiyə edərdiniz? Arif müəllim özünə
xas tərzdə müdrik cavab verir: "O, mənim
ağıllı, həssas qızımdır, özü bilir
ki, bütün bir ölkə, hətta xaricdə də onun
sözlərini, hərəkətlərini, gördüyü
işləri izləyir, haqqında fikir yürüdür, rəy
formalaşdırırlar". Arif müəllim
tələbələrinə, xalqın övladlarına da
öz balaları kimi baxır, qayğı göstərir.
Azərbaycanın
birinci xanımı - Heydər Əliyev fondunun prezidenti, Milli Məclisin
üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanımın respublikada, respublikadan kənarda, xarici dövlətlərdə
gördüyü tükənməz, xeyirxah işlərdən,
onun fəaliyyətinə dünya ölkələrinin rəhbərləri
tərəfindən verilən yüksək qiymətdən,
layiq görüldüyü yüksək səviyyəli təltiflərdən
günlərlə danışmaq, cild-cild kitablar yazmaq olar.
Arif müəllimin, iki qız övladı
başqaları kimi yaxalarını kənara çəkib tək
özlərinin, ailələrinin qeydinə qalmayaraq, tərbiyə
aldıqları ataları kimi, anaları Aida xanım kimi xalq
üçün gecəli-gündüzlü
çalışırlar.
Nərgiz xanımın rektor olduğu universitet
dünyanın ən nüfuzlu universitetlərindən biridir. Dünya
şöhrətli alimləri təhsilə cəlb etmək,
onlara şərait yaratmaq, onlarla ünsiyətdə olmaq,
xalqın diliylə desək, "hər kişinin işi
deyil". O ki qaldı belə zərif bir xanım ola. Nərgiz
xanımın universitetə dəvət etdiyi müəllimlər
yalnız bizim balalarımıza təhsil verməklə kifayətlənmirlər.
Onlar Azərbaycan haqqında, azərbaycanlılar
barədə dünyaya öz fikirlərini bildirir, yayır,
çatdırırlar.
Bizim ailələrin bir-birinə olan isti münasibətindən
bir misal da çəkmək istəyirəm. Yadımdadır,
yay aylarından birində Azərbaycan rayonlarına istirahətə
getmək üçün atam Mir Cəlal əminin xüsusi
"Pobeda" maşınını istəyib
almışdı. Baxmayaraq ki, yay ayı idi, Mir Cəlal əminin
özünə də, ailəsinə də maşın
lazım olacaqdı. Bəli, Mir Cəlal əmi
belə insan idi.
Arif müəllim Aviasiya Akademiyasında rektor,
bacısı Elmira xanım musiqi kollecində müəllimə,
Ədibə xanım ADU-da kafedra müdiri kimi Azərbaycan
elminə öz töhfələrini verirlər. Qardaşı Hafiz müəllim,
dahi Heydər Əliyev akademiyasının əlaçı məzunu
Amerikadakı səfirlik fəaliyyətindən sonra dincələcəyini,
nəvələri ilə məşğul olacağını
desə də, onun "Bir səfirin manifesti" əsəri
haqda yazdığım geniş məqaləmdə həmyaşıd,
həmsöhbət olduğum
üçün ona tövsiyə etmişdim ki, hələ
tezdi, nəvələr gözləyər.
Sən xalqın üçün bu günə
kimi çalışdığın kimi, bu gündən sonra
da çalışmalısan. Şükür
olsun, necə ki, Amerika kimi bir fövqəldövlətdə
yeni addımlayan müstəqil Azərbaycanın, atalar
demişkən, quru yurdda, səfirliyini təşkil etdin,
yaratdın, möhtəşəm fəaliyyətə
başladın. Bircə onu demək kifayətdir
ki, səfir işlədiyi 14 ilə yaxın bir dövrün
on ilini dünya şöhrətli Heydər Əliyev kimi bir
dahi ilə işləmək hər insana nəsib olmur.
Eləcə
də demək olar ki, quru yurdda "Diplomatik Akademiya"
yaratmaq, az müddət ərzində hər
bir şəraiti olan müasir təhsil şəhəri
yaradıb, fəaliyyətə başlayıb, dünyaya
tanıtmaq, bu, hər insanın bacardığı iş
deyil. Hafiz "Bir səfirin manifesti" əsərində
yazır: "Mir Cəlal ailəsində bir sıra prinsiplər
daima ali tutulardı: qürur yaltaqlığa yol verməzdi,
sözün qiyməti baha idi, boş yerə havaya
atılmazdı, nəhayət, şəxsiyyətin bütövlüyü
hər şeydən üstün tutulardı. Həqiqətən də bizim ailə üzvləri
bir şəxsiyyət kimi böyüdü, bir şəxsiyyət
kimi fəaliyyətə başladı".
Arif
müəllim 1996-cı ildə Milli Avia siya Akademiyasına
rektor təyin olunan gündən çiyinlərinə
çox ağır
yük götürüb. Ona qədər Akademiyada rus dilində
olan tədrisin ana dilində keçirilməsinə nail olub.
Akademiyada yeni-yeni fakültələr, kafedralar
yaradıb. Arif müəllim şəxsi nüfuzundan istifadə
edərək görkəmli alimləri tədrisə cəlb
edib, kafedra müdiri təyin edib. Hörmət
və nüfuz sahibi olan rektor tədrisə hətta kənar
ölkələrin görkəmli alimlərini də dəvət
edir. Texniki akademiyada humanitar fənnlərin
tədrisinə başlanılıb. Tədrisin
yüksək səviyyədə təşkili
üçün tələbələrə, müəllimlərə
yüksək səviyyədə şərait yaradılıb.
Yeni-yeni müasir üslubda tədris
korpusları, tələbə yataqxanaları, tələbə
yeməkxanaları, idman kompleksi inşa edilib. Akademiyada tədris yüksək səviyyədə
aparıldığı kimi, bu bina da müasir zövqlə
inşa olunub. Akademiyanın ərazisi
yaşıllığa, gül-çiçəyə
bürünüb, qərq olub.
Bunların hamısına - tədrisə də, tikintiyə
də Arif müəllim özü şəxsən nəzarət
edir. Arif
müəllim dünya şöhrətli alim olduğu kimi çox
bacarıqlı, zövqlü, işgüzar təşkilatçılıq
istedadına malik bir insandır.
Onun rəhbərliyi altında 10-a yaxın elmlər
doktoru, 30-a yaxın elmlər namizədi müdafiə edib.
Arif müəllim 500-ə yaxın elmi məqalənin,
40-a yaxın kitab və monoqrafiyanın, çoxlu sayda ixtira və
patentin müəllifidir. Arif müəllim
istedadlı insanı dərhal görür, qiymətləndirir,
ona dayaq olur. Onun fikrincə tələbə hərtərəfli
biliyə, savada
yiyələnməlidir. Arif müəllim öz elmi məktəbini
yaradıb. Bunları görən
insanı heyrət bürüyür; görəsən bu
insanda bu tükənməz enerji, həvəs haradandır.
Mən isə deyərdim bu enerji, həvəs Arif müəllimdə
Vətəninə, xalqına, xalqının gələcəyi
olan övladlarına olan məhəbbətindən
qaynaqlanır.
Püstə xalanın şaqqanaq çəkərək,
dağ şəlaləsi tək gülüşü indi də
gözümün qabağında, səsi
qulaqlarımdadır. Hər gördüyü işi-ailəsinə
qulluğu, qonaq qarşılayıb - yola salmağı ürəkdən etdiyi kimi,
gülüşü də ürəkdən idi, təbii idi.
Mən özüm dəfələrlə bizim sevincli günlərimizdə Mir Cəlal əminin, Püstə xalanın necə sevindiklərini, kədərli günlərimizdə bizim yaxın qohumlarımızdan da çox kədərləndiyinin şahidi olmuşam.
Ailələrimiz bir-birinin sevincinə ürəkdən şadlandığı kimi, bir-birinin kədərinə də ürəkdən acıyıblar. Püstə xalanın bizim evdə xeyirdə-şərdə ev adamı kimi əl-ayaq elədiyi kimi, anamın da onlarda əl- ayaq elədiyini dəfələrlə görmüşəm.
Mir Cəlal əminin atam haqqında, atamın Mir Cəlal əmi haqqında dediklərini eşitmişəm, səmimi yazılarını oxumuşam, şəkillərini görmüşəm. Atam Süleyman kişi həmişə Püstə xalaya, Püstə xanım deyil, Püstə bacı deyə müraciət edib.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Paşayev elmi kəşflərinə görə dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, apardığı ictimai-pedaqoji işlərin müqabilində xarici dövlətlərin yüksək orden, medalları ilə təltif olunub. Arif müəllimin elmi əsərləri, kəşfləri barədə dünya şöhrətli alimlər öz fikirlərini yazıblar, söyləyiblər.
Arif müəllim eşitsə, bilsə ki, hansısa bir insanın nəyəsə ehtiyacı var, əgər o ehtiyacı ödəmək imkanı daxilindədirsə, bacardığı qədər kömək edib, o işi yoluna qoyacaq. Ot kökü üstə bitər, deyiblər. Arif qardaşım da göz açıb ata-anasından elə görüb və onların yolunu layiqincə davam etdirir. Ona görə də artıq bir ailənin deyil, bir nəslin, bir obanın, bir xalqın ağsaqqalına çevrilib. Xalqımızın həmişə ağsaqqala, müdrik sözə, məsləhətə ehtiyacı olub.
Ağac bar verdikcə başını aşağa dikər.
Arif müəllimin təvazökarlığı, sadəliyi insanı valeh edir. Bəzən öz-özünə sual edirsən, düşünürsən, dünya səviyyəli elmi kəşfləri olan, dünya elmində saysız-hesabsız nailiyyətləri olan bir insan nədən bu qədər sadə olur?
Bəli, Arif müəllim dünya elminin zirvəsinə yüksələ-yüksələ, insanlığın da zirvəsinə yüksəlib. O, öz fitri istedadı və zəhmətiylə bütün zirvələri fəth edib. Yubileyi münasibətilə yazdığım bu yazının sonunda mən arzu edərdim ki, Arif qardaşım bu müdrikliklə, bu işgüzarlıqla, bu enerjilə, bu insaniyyətliklə bütün zirvələri fəth etdiyi kimi uzunömürlülük zirvəsini də fəth etsin. Amin!!!
Hörmətlə,
Aqil Süleyman
oğlu Rəhimov
525-ci qəzet.-
2014.- 14 fevral.- S.4.