“Qız yükü, duz yükü” və
ya erkən nikahın fəsadları
və ya erkən nikahın fəsadları
Ailə qurmaq insan həyatının ən əlamətdar
hadisəsidir.
Bu addımı elə atmaq lazımdır ki,
sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə
erkən nikahla bağlıdır. Erkən
nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini
keçmədən qurulan ailələr hesab olunur. Erkən nikah iki cür həyata keçirilir. Valideynlərin istəyi
və məcburiyyəti ilə və bilavasitə qızın
öz razılığı əsasında. Yəni
onların həyatında sevdikləri şəxs olur və
erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər.
Bunları bir-birindən fərqləndirmək
lazımdır. Birmənalı şəkildə
demək olmaz ki, erkən nikahlar hamısı uğursuz olur.
Lakin son zamanlar xüsusilə bəzi regionlarda
sırf valideynlərin təkidi ilə qızların erkən
yaşda ailə həyatı qurması hallarına rast gəlirik
və bu, öz fəsadlarını biruzə verir.
Görəsən bəzi qızlar niyə təhsilə
yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə
qədər qız məktəbi bitirmədən, həyatı
başa düşmədən ər məktəbinə daxil
olur. Bu hal regionlarda daha çox baş versə də
qarşısını alan yoxdur.
Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran
və ya
nişanlanan qızların adları məktəb
jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa
savadsız valideyn edə bilər, amma həmin məktəbin
müdirinin də
buna normal münasibət göstərməsi nə
dərəcədə düzgündür?!
Məlum
məsələdir ki, valideynlər çox vaxt öz
övladlarını pula,var-dövlətə
satırlar. Lakin fikirləşmirlər ki,bunun sonu çox vaxt pis nəticələnir.
Beləcə, qız erkən yaşında bədbəxt
olur. Valideynlərin sonrakı
peşmançılığı isə heç nəyə
yaramır. Son illərin statistikası
göstərir ki, ölən uşaqların valideynləri məhz
erkən yaşlı analardır. Biz bu
cür hallara yol verməklə gələcəyimizi öz əllərimizlə
məhv edirik. Çünki bu uşaqlardan
gözəl həkim, müəllimə, hər hansı sənət
sahibləri çıxa bilər. İstənilən
halda gözəl ailəyə nəsib olmaq olar, lakin hər
hansı sənəd sahibi olmaq üçün mütləq
məktəb, universitet bitirməlisən.
Nikah və onunla əlaqəli məsələləri Azərbaycan
Respublikasının Ailə Məcəlləsi tənzimləyir. Nikahın bağlanması üçün nikaha
daxil olan şəxslərin
yazılı razılığı və onların nikah
yaşına çatmaları zəruridir. 2011-ci ilə qədər
ölkəmizdə nikah yaşı qadınlar
üçün 17, kişilər üçün isə 18
olsa da, 2011-ci il noyabrın 15-dən etibarən Ailə Məcəlləsinə
edilən dəyişikliyə əsasən nikah yaşı
kişi və qadınlar üçün 18 yaş müəyyən
olunub. Qanun bəzi hallarda nikah yaşının
1 yaş azaldılmasına yol verir. Belə ki bəzi
üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən
və nikah yaşına çatmayan şəxslərin
yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti
orqanı onların xahişi ilə nikah yaşının 1
ildən çox olmayaraq azaldılmasına icazə verə
bilər. Bu səbəblər daha çox nikaha
girmək istəyən tərəflərin ailə vəziyyətləri
ilə bağlı olur. Məsələn, onların
valideynləri ağır xəstə olduqda, qız hamilə
olduqda, hərbi xidmətə çağırışla əlaqədar
və s. hallarda tərəflər 17 yaşında nikaha daxil
ola bilərlər. Maraqlı burasıdır ki,
həmin Ailə Məcəlləsi 18 yaşa çatmayan
şəxsləri uşaq hesab edir. Yəqin biz
hansısa toy şənliyində 16-17 yaşlı bəy və
ya gəlinə hələ uşaq olduğunu xatırlatsaq nəinki
onların, hətta valideynlərin də ciddi
qınağına tuş gələrik.
Mövzu
ilə əlaqədar Birgə İşçi Qrupunun “Qaynar Xətt
“ Xidmətinin hüquqşünası
Ülviyyə Rəhimova suallarımızı
cavablandıraraq öz fikirlərini bildirib.
–Sizcə,
nikah yaşına çatmayan şəxslərin xahişi ilə
müvafiq icra hakimiyyəti orqanlarının üzrlü səbəb
olduqda müddəti 1 il azaltması nə
dərəcədə düzgündür?
–Nikah ailə
hüquq münasibətlərini yaradan önəmli hüquq
faktıdır. Nikah kişi və
qadının qanunla nəzərdə tutulan qaydada ailə
qurmaq üçün bağlanan azad və könüllü
ittifaqıdır. Fikrimcə ölkəmizdə sözü
gedən yaş həddinin azaldılması halları daha çox qadınlara
şamil olunur. Təcrübə göstərir ki,
keçmiş illərdən fərqli olaraq kütləvi
olmasa da, indi də belə hallar xeyli sayda var. İnternet
portallarında bu istiqamətdə aparılan araşdırmaya nəzər yetirsək.
UNİSEF-in açıqlamasına əsasən Azərbaycanda
1 il ərzində təxminən 15 yaşına çatmayan 5
minə qədər qızın ailə qurması barədə
informasiyalara rast gələ bilərik. Bu halda nəinki
könüllü, ümumiyyətlə nikahdan söhbət
gedə bilməz. Ən azından ona görə ki, o yaşda uşaq
hələ ailə məfhumunun mahiyyətini anlamır. Yaxud da əksinə, gənc qız ailənin nə
demək olduğunu dərk etsə də, o, erkən yaşda ərə
getmək haqda yox, təhsil almaq və karyera haqqında
düşünür. Lakin yenə də
“milli” dediyimiz adət-ənənələr hələ nikah
yaşında olmayan və ya olsa da, ailə qurmaq həvəsində
olmayan qıza valideynlərinə etiraz etməyə imkan
vermir. Və beləcə
könülsüz ailə qurulur. Məlumat
üçün bildirim ki, bu hal bir sıra bölgələrimizdə,
xüsusilə kəndlərimizdə daha aktualdır. Uşaq
hüquqları haqqında AR Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında
Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan
şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların
nikaha daxil olması insan hüquqlarının pozulması hesab
olunur. Azərbaycanda
nikah Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbələri (rayon tabeli şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə icra
hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən
nikaha daxil olmaq istəyən şəxslərin ərizə
verdikləri gündən 1 ay sonra onların iştirakı ilə
bağlanır.
–Statistikaya
əsasən əvvəlki illərlə müqayisədə
erkən nikahların sayı artıb ya azalıb?
–Statistika
göstərir ki, 2011-ci ildə 18 yaşınadək olan
nikahların sayı 5138
olduğu halda
2012-ci ildə bu göstərici 295 olub. Qeyd edim ki, 18
yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq
dərəcədə azalmanın müşahidə
olunmasının əsas səbəbi Azərbaycanda ailə
qurmaq üçün minimum yaş həddinin kişilərdə
və qadınlarda 18 yaşın müəyyən
olunmasıdır. Bildiyimiz kimi bu cür
nikahlar dövlət tərəfindən qeydə
alınmadığına görə onların rəsmi
statistikasını aparmaq bir qədər çətindir.
Bu, əsasən doğulan uşaqların
sayına görə müəyyən olunur.
–Qanunda
erkən nikaha girənlər üçün hansı cəza
tədbirləri nəzərdə tutulub?
–Qızlarımızın
valideynləri tərəfindən nikah yaşına
çatmadan ailə qurmağa məcbur edilməsi hətta elə
bir həddə çatıb ki, bunun inzibati qaydada
qarşısının alınmasına zərurət
yaranıb. Məhz buna görə də
qadını nikaha daxil olmağa məcbur etməni əngəlləmək
üçün 2011-ci ildə ölkəmizin Cinayət Məcəlləsində
(CM) bu problemlə bağlı maddəyə dəyişiklik
edildi. AR Cinayət Məcəlləsinə
edilən əlavəyə əsasən qadını nikaha
daxil olmağa məcbur etməyə görə cəza tədbirləri
müəyyən olunub. Həmçinin
qanunvericilikdə yetkinlik yaşına çatmış tərəfindən
aşkar surətdə on altı yaşına çatmayan
şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli başqa hərəkətlər etməyə görə
də sanksiya nəzərdə tutulub. Düşünürəm
ki, valideynlərin çoxu bu dəyişiklikdən xəbərsiz
olduğundan öz əməllərini davam etdirirlər.
Müşahidələr göstərir ki, nikahın rəsmi
qurumlar tərəfindən qeydiyyata alınmasında ən maraqlı
tərəf qadınlardır. Bu ona görə
belədir ki, qadınlar evlilik dövründə və ya
boşanma olarsa qarşılaşdıqları vəziyyəti
hüquqi baxımdan müdafiə altına almaq istəyirlər.
Çünki bu, qadının bir çox (əmlak,
qeydiyyat, atalığın müəyyən olunması və
s. kimi) hüquqlardan məhrum olmasına gətirib
çıxarır.
–Sizcə,
erkən nikahın qarşısının alınması
üçün hansı tədbirlər görülməlidir?
–Bu
gün qadın-kişi hüquqlarının bərabərliyindən
danışırıqsa, qadınlara bərabər imkanlar,
verilməsini tələb ediriksə, qızlarımız təhsildən
yayınıb erkən nikaha gedirsə, bu zaman hansı bərabərlikdən
söhbət gedə bilər? Fikrimcə, bölgələrdə, ictimaiyyət
arasında güclü təbliğat, maarifləndirmə
işlərinin aparılması, qanunvericilikdə nəzərdə
tutulan sanksiyaların tətbiqinin kütləviləşdirilməsi
məqsədə uyğun olardı.
Erkən
nikaha girən şəxslərin bir sıra sahələrlə
yanaşı onların səhhətində, psixologiyasında
da ciddi problemlər ortaya çıxır. Həkimlərin
fikrinə görə, erkən nikaha daxil olan qızların
sağlamlıq problemləri daha çox olur. Erkən
yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar
ortaya çıxarır , həm də xəstə,
müxtəlif çatışmazlıqları olan
uşaqların dünyaya gəlməsinə səbəb olur.
Tibbi cəhətdən də 18 yaşına
catmayan qızlar ana olmaq iqtidarında deyillər.
Mövzu əlaqədar Bakı Dövlət Universitetinin
Sosial və Pedaqoji Psixologiya kafedrasında çalışan
psixoloq Mətanət Mahmudovanın erkən nikaha daxil olan
şəxslərin psixologiyasında yaranan problemlərlə
bağlı fikirlərini də öyrəndik.
–Qızların
erkən yaşda ailə qurmasına əsas səbəb nədi?
–Fikrimcə, bu, daha çox maddi problemlərlə əlaqədardır. Ailələrin qız övladına duz yükü kimi baxması, “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununlada öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər.
–Araşdırmalarınız bu sahədə hansı problemləri ortaya çıxarıb?
–Erkən nikah quran ailələrdə bir sıra problemlər yaşanır, xüsusilə qızlarda ciddi sağlamlıq problemləri, ana rolunun cətinlikləri,mənəvi- emosional problemlər, dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı ciddi problemlər yaranır.
–Erkən nikahda əsas məsuliyyət kimin üzərinə düşür?
–Erkən nikaha daxil olan şəxs ailənin məsuliyyətini anlamadan nigah qurur. Təbii ki burda məsuliyyət valideynlərin üzərinə və eyni zamanda erkən nikahda tərəflərdən biri daha yetkin yaşda olarsa, onun da üzərinə düşür.
–Bu yaşda ailə quran şəxslərin psixologiyasında hansı problemlər yaranır?
–Erkən
nikaha daxil olanlar
psixoloji problemlər
yaşayır. Bir şəxsiyyət kimi formalaşmasında
müəyyən baryerlər yaranır, ailə, məişət
qayğıları, övlad məsuiyyəti onlara stress və gərginlik gətirir.
Öz yaşıdlarından geri qalırlar.
Fikrimcə, bu cür nikahların qarşısını almaq üçün gənclərin,
cəmiyyətin maarifləndirilməsi əsas məqam
çıxış etməlidir. Bu yöndə müxtəlif səpkili
seminarların keçirilməsi çox gözəl effekt verər.
Erkən nikahın törətdiyi fəsadlar
haqda geniş məlumatlandırma erkən nikahın
qarşısının alınmasında mühüm tədbir
kimi çıxış edir.
Erkən nikahın hazırda cəmiyyətimizin probleminə
çevrildiyini danmaq olmaz. Yaxın tarix sübut edir ki, ölkədə
ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin
etməklə, maarifçilik və vətəndaş məsuliyyətini
artırmaqla bu problemə “əlvida” demək
mümkündür.
Samirə QULİYEVA
525-ci qəzet.-
2014.- 15 fevral.- S.12.