“Əruz mənim ürəyimin
döyüntüsüdür”
Şair-qəzəlxan,
yazıçı-ssenarist İlqar Fəhmi Gənc Ədiblər
Məktəbinin qonağı olub
Çoxumuz onu sadəcə yazıçı-ssenarist
kimi tanıyırıq. O isə həmişə qəzəlxan olduğunu
vurğulayır. Gənc Ədiblər Məktəbinin
budəfəki qonağı şair İlqar Fəhmidir. Görüşümüz 12 fevralda,
Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutur.
Tədbiri giriş sözü ilə açan
Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad
Məcid qonağımızı belə xarakterizə edir:
“İlqar Fəhmi mənim inandığım, güvəndiyim
bir yaradıcı adamdır. Mən onun həm nəsrini,
həm şeirlərini, həm də ədəbiyyata
baxışını sevirəm. İlqar
Fəhmi ilə mənim bir məsələdə fikrimiz
üstə-üstə düşmür. Bu
da istedad və zəhmətlə bağlıdır. Əlif Şəfəq deyir ki, uğur qazanmaq
üçün on yeddi faiz istedad, səksən üç
faiz isə zəhmət lazımdır. Mən
də fikirləşirəm ki, zəhmət çox vacibdir.
Ən istedadlı adam özünə
arxayın olub, öz üzərində
çalışmırsa, zəhmətdən qaçırsa,
onun istedadı tezliklə itib-batır. Ancaq mənə
elə gəlir ki, istedad otuz-qırx faiz, ya da əlli-əlli
olmalıdır. İlqar isə deyir ki, bir
faiz istedaddır, doxsan doqquz faiz zəhmət. İlqar son illər öz üzərində ən
çox çalışan, zəhmət çəkən
yazıçıdır. O, həm nəsr, həm
ssenarilər, həm də pyes yazır və bunların
hamısını keyfiyyətli şəkildə edir. Bu gün Azərbaycan ədəbiyyatında “roman
yazmışam” deyib qürrələnənlər heç
İlqar Fəhminin bir faizi belə deyillər. Mən həmişə istedadlı adamlarla qürur
duymuşam. İlqarla bir yerdə işlədiyim, onunla
dost olduğum üçün fəxr edirəm”.
Sonra
İlqar Fəhmi axır vaxtlar mü əyyən problemlərə
görə müasir gəncliyi izləyə bilmədiyini,
bunun üçün hər kəsin
yaradıcılığına ayrı-ayrılıqda fikir
bildirə bilməyəcəyi üçün təəssüfləndiyi
bildirir və yaradıcılıq sirlərini, yazı
haqqında fikirlərini bölüşür: “
Mənim aləmimdə yaradıcılıq psixi
prosesdir. Normal adam yazı yazmaz, sənətlə
məşğul olmaz. Hər bir insan
reallıqdan zövq almalıdır. İnsan o həzzi ala bilməyəndə
onu mücərrəd müstəvidə qurmağa
çalışır. İnsanda şeir yazmaq
istəyi o zaman yaranır ki, sən həyatdakı gözəllikdən
zövq ala bilmirsən, elə bil, nəsə
yarımçıqdır. İstedadlı
insan o zaman böyük sənətkara çevrilir ki,
uşaqlıq və gənclik dövründə psixikası
ciddi zədələnir. O mənada ki, həmin
insanın reallıqla özü arasında problemləri
başlayır. O, reallıqda özünü tapa bilmir. İnsanın reallıqda diqqət çəkiləsi
bir şeyi olmayanda onu sənətlə kompensasiya edir. Reallıqda edə bilmədiyini sənətin
gücünə ötüb keçmək istəyir. İkinci məsələ də budur ki, həddən
artıq ciddi zədə almış insan sənət vasitəsi
ilə özünü rahatlaşdırır. Məsələn, Sorokin deyirdi ki, mən yazmasam, gərək
dəlixanaya düşəm. Onun gözəl
əsərləri olsa da, içi mənfi enerji ilə doludur.
Üçüncü isə aristokratların sənətidir.
Onlar o qədər gözəllik vurğunudurlar
ki, real həyatdakı gözəllik onları əsəbləşdirir
və sənətdə həyatda olandan daha gözəlini
yaratmağa başlayırlar. Romantizmi
aristokratlar yaradıb, özünü təsdiq edə bilməyənlər
realizm cərəyanına üstünlük verirlər, o
adamlar ki, sənət vasitəsi ilə
özü-özünü “müalicə” edir onların əsərlərində
psixoloji dərinlik olur. İstedadın
hansı formada üzə çıxmağı insanın
xarakterindən, düşdüyü mühitdən
aslıdır. İstedad və zəhmət
məsələsində isə, məncə, şeirdə
istedad əlli-altmış faiz olmalıdır. Ancaq nəsrdə, kinoda, pyesdə istedaddan daha
çox zəhmətin rolu böyükdür.
Mənim sizə başlıca tövsiyəm budur ki,
özünüzü tanıyın. Ən vacibi
özünü tanımaqdır. Bu mənada
ki, məsələn, mən yeniyetmə vaxtımdan hiss edirdim
ki, kollektivdə qaynayıb-qarışmaq çətindir.
Kollektiv müzakirə, istirahət, iş mənlik deyil.
Başa düşdüm ki, mən heç vaxt rejissor ola bilməyəcəm, futbolçu ola bilməyəcəm.
Çünki bir neçə adamın birləşib
hansısa iş ortaya qoymasının mexanizmini bilmirəm. Ona görə də mən bu sahəyə gəldim”.
İlqar Fəhmi sözünü bitirən kimi, GƏM
üzvlərinin sərbəst şeirlə bağlı
mübahisəsi düşür. Hər kəs bu barədə
öz fikirlərini bildirir. Əksəriyyət
hər yazılana sərbəst şeir adı verməyin
doğru olmadığını bildirir. Bütün
fikirləri diqqətlə dinləyən qonağımız
bu barədə öz fikrini bildirir: “ Sərbəst
şeirin forması yoxdur. Əruzda qafiyə
sınanda bunu kiməsə sübut etmək olur, lakin sərbəst
şeirdə bu mümkün deyil. Mən Nazim Hikməti
bir xeyli oxuyanda sonra onun estetikasını hiss elədim. Bunun üçün müəyyən vaxt keçməsi
lazımdır. Sərbəst şeirin,
abstrakt sənətin yaxşı, ya da pis olduğunu məntiqi
cəhətdən sübut edə bilməzsən. Məsələn, deyirik ki, adi, bir də qeyri-adi.
Yəni adidən kənar nə varsa, qeyri-adiyə
daxildir. Sərbəst şeir də belədir.
Formadan kənar nə yazılırsa,
hamısı ona daxildir”.
GƏM-in
koordinatoru Emin Piri ədəbiyyatın maddi gəlir gətirməməsindən,
ədəbiyyat adamının ağır
dolanışığından, qonorarların çox az olmasından şikayət edir və
qonağımızdan ədəbiyyatla necə gəlir əldə
etməyin sirlərini açıqlamasını xahiş edir.
Qonağımız Eminin bu xahişinə maraqlı bir
cavab verir. Sənətin
necə gəlir gətirməsi məsələsinə
toxunur: “Əslində, mən istəyərəm ki, hər
şey elə bur cür də qalsın. Sənətlə
pul qazanmaq şəraiti yarananda sənət bazara çevriləcək.
Mən heç vaxt nəyəsə görə
qəzəl yazmamışam. İndi fikirləşirəm
ki, bəlkə də, hər qəzəlimə əlli manat
versəydilər, günə iyirmi qəzəl yazardım.
Məsələn, bəzi yazarlar ilk əsərlərini
yazırlar. Baxırsan ki, burada müəyyən
yazıçı təfəkkürü var. Adətən
yazıçı bundan sonra üç-dörd il öz üzərində işləməli,
hər yeni əsəri əvvəlkindən yaxşı
olmalıdır. Ancaq nəşriyyat
yazıçını yazmağa tələsdirir. Hətta ona əvvəlcədən pul da verir. Nəyə görə? Çünki artıq
həmin yazıçının adı hallanıb, oxucular onu
tanıyır, beş ildən sonra isə
onu yenidən reklam etmək lazım olacaq. Buna
görə isə nəşriyyat əlavə pul xərcləməlidir.
Beləliklə, bazar səni ona tabe olmağa məcbur
edir. Mənə elə gəlir ki, sənətin
özündən kənarda pul qazanmaq lazımdır. Deyək ki, sən yazıçısan və pulunu qəzetdən
qazanırsan. Bu yazıçı
üçün çox ziyandır. Artıq həmin adam roman yazanda qeyri-ixtiyari olaraq publisist kimi
yazır. Gənclik illərimizdə də bizə
bu işdə maddi gəlirin olmadığını deyirdilər.
O vaxt “Ulduz” jurnalının baş redaktoru Ələkbər
Salahzadə – “ən birinci çörək pulu məsələnizi
həll edin” – deyəndə gülürdük. Biz
də həmişə deyirdik ki, Ələkbər müəllim,
biz ac olsaq da, bu sənətin arxasınca gedəcəyik.
Mən sonra Ələkbər müəllimdən
bu sözün mənasını soruşdum. Dedi ki, mən
hiss edirdim, sizin çoxunuzda ədəbiyyat yanğısı
yoxdur. Bir müddət sonra bu hiss ötüb keçəcək
və bir də görəcəksiz ki, işsiz
qalmısınız”.
GƏM
üzvü Vəfa Mürsəlqızı romanlar əsasında
çəkilən filmlərin bəzən əsərdən
çox zəif olduğundan, “Aktrisa” romanı əsasında
çəkilən eyniadlı filmdən söhbət
açır və qonağımıza sualını
ünvanlayır: “Aktrisa” romanının ideyası necə
yarandı?”
İlqar
Fəhmi hər bir əsərin yaranması üçün həyatda
hansısa bir detalın qığılcım olduğunu,
“Aktrisa”nın da bu baxımdan istisna
olmadığını bildirir: “Mənim yazılarımın
çoxunda estetizm daha çox güclüdür. İstər şeir, istər nəsrdə
reallıqdan daha çox təsvir olunan hadisənin gözəlliyi
əhəmiyyət kəsb edir. Təbii
ki, o tipli əsərlər həyatda hansısa bir detaldan
götürülür. Bizim qonşu binada
məndən xoşu gələn bir qız vardı. Tez-tez pəncərənin qabağında
dayanırdı. Ümumiyyətlə,
heç bir şey sırf təxəyyüldən
yaranmır. Təxəyyülün özünü müşahidələr
formalaşdırır. Yazdıqlarımız ətrafımzda
olan hansısa hadisədən götürülür. Sadəcə hər kəs gördüyünü fərqli
formada yazır.
Realist insan hadisəni gördüyü kimi təsvir
edir, romantik onu bir az gözəlləşdirir, psixoloji insan
hadisəni daha da ağırlaşdırır”.
Elməddin Nicatın “Şair İlqar Fəhmi ilə yazıçı-ssenarist İlqar Fəhmi arasındakı ziddiyyətli və uyğun məqamlar hansıdır? Siz özünüzü necə tanıyırsınız, şair kimi, ya yazıçı-ssenarist kimi?” sualına qonağımız maraqlı bir cavab verir: “Bu mənə də maraqlı idi ki, niyə əvvəl şeir yazırdım, sonra isə nəsrə keçdim? Mən gördüm ki, şeirə yerləşməyən fikirlərim kənarda qalır. Əslində, mən nə yazsam da, yenə qəzəlxanam. Romanım da, ssenarilərim də qəzəlin qırıntılarıdır. Əruz mənim ürəyimin döyüntüsüdür. Sənət növlərinin asan yazıldığı bir dövrdə əruz kimi qəliz bir janrdan yapışmaq özü bir qəhrəmanlıqdır. Çünki sən elə yazmalısan ki, fikirlərini formaya sala biləsən”.
Daha sonra Emin Piri GƏM üzvləri arasında qəzəl yazanların da olduğunu vurğulayaraq qəzəldə dilin təmizliyi barədə onlara tövsiyələrini verməsini istəyir.
İlqar Fəhmi qəzəllərdə işlənən ərəb-fars sözlərinin bu gün də işlənməsi haqqında fikirlərini bildirir: “Bilirsiniz, bu ab-havanın min illik ənənəsi var. Bu janrın ən yaxşı nümunələri o dövrün dili ilə yazıldığı üçün belədir. Buna görə də o janrın içində bişən adam da özündən asılı olmadan həmin dildə yazır. Mən qəzəl dilimi dəyişmək üçün az qalsın başıma hava gələcək dərəcədə dəli olacaqdım. Mən Füzulinin, Seyid Əzimin kitablarını dost-tanışa payladım. Bu dili unutmaq üçün iki il tamam başqa şairləri oxudum. Və bu birdən-birə olmadı, hər şey yavaş-yavaş baş verdi. Həm də şeirdə fikirdən daha çox poetiklik əhəmiyyətlidir. Əgər sənin üçün fikir əhəmiyyətlidirsə, onu nəsr kimi yaz. Bir dəfə Füzuli ilə bağlı mübahisə yarandı. Bir qəzəlxan dedi ki, biz Füzulini fikrinə görə sevmirik. Onun dediklərini ondan əvvəl alimlər də deyiblər. Biz Füzulini ona görə sevirik ki, o, bu sözləri şair kimi deyib, ona çox gözəl poetik don geyindirə bilib”.
Növbəti sual isə yazıçı-ssenarist İlqar Fəhmiyədir: “Dörd-beş nəfərin bir yerdə ssenari yazması nə dərəcədə doğrudur?”
İlqar Fəhmi: “Əslində, sənətin bazarlaşan və bazarlaşmayan hissəsi var. Serial bazarlaşan hissədir. Məsələn, yazıçıya pul verib romanın müəllif hüququnu alırlar. Sonra həmin romanı ssenaristə verirlər. Bir neçə ssenarist romanın üzərində işləyib süjetlər qurur və axırda başqa biri də ona dialoq yazır. Yəni onlar hamısı bir yerdə yazmırlar. Ayrı-ayrılıqda əsər bir neçə mərhələdən keçə-keçə gəlir. İndi hansısa yazıçı bunu qəbul edir, kimsə də qəbul etmir. Bazarda belə bir şey var ki, əgər sən insanların istədiyini verə bilirsənsə, onu necə istehsal olunmasının əhəmiyyəti yoxdur”.
Qonağımıza sonuncu sual gənc yazar Bənövşədən gəlir: “Bəziləri on-on beş ilə bir roman yazır, bəziləri də hər ilə bir roman. Bunun hansı daha yaxşıdır?”
İlqar Fəhmi yaxşı və pis forma olmadığını, hər şeyin adamın özündən asılı olduğunu vurğulayır: “Əgər sənin içini narahat edən bir məsələ varsa, onu yavaş-yavaş yaza bilərsən. Əgər ötəri hisslərdən yazırsansa, onda nə qədər tez yazıb qurtarsan yaxşıdır. Çünki ötəri hiss belədir ki, onun yerini başqa bir hiss əvəz edir və keçmiş hiss sənin üçün marağını itirir”.
Daha sonra GƏM üzvlərindən Ümid Abbas, Şahinə Könül, Bənövşə Bayramova, Elçin Aslangil, Sadiq Babazadə, Şahanə Müşfiqqızı, Günay Ümid və digərləri şeirlərini oxuyurlar. Qonağımız gənc şairlərə öz iradlarını, tövsiyələrini bildirir. Tədbirin sonunda isə İlqar Fəhmi öz şeirlərindən bir neçəsini oxuyur.
GƏM-in növbəti tədbiri beləcə yekunlaşır.
Ramil Əhməd
525-ci qəzet.-
2014.- 15 fevral.- S.11;21.