Köhnə Tanışlar: Qərib Mehdi- 3
ONLAR
NƏ DEYİBLƏR
Məşğələlərimizdə mən sənin fikrinlə,
məhkəmələr cəza
verərkən ictimai ədaləti necə gözləməli, daha doğrusu, necə ölçməli olmalarını
izah edirəm.
...Beləliklə, sənin fikrin hüquq aləmində ədəbiyyatın
böyük təsir qüvvəsi kimi istifadə olunur. Sənə bildirməliyəm ki, hər dəfə sənin fikrini dinləyicilərə söyləyib
qurtaran kimi hamı ləzzətlə
və ürəkdən
sənə “Afərin!”
deyir.
Abdulla
İBRAHİMOV,
Respubika Ali Məhkəməsinin sabiq
sədri.
Mən Qərib Mehdinin tərcümeyi-halıyla tanış olandan sonra özümə “qəribə” sual verirəm. Görəsən, o, hamar həyat
yolu keçsəydi, ziyalı ailəsində doğulub, firavanlıq içində böyüsəydi,
nəticəsi nə cür olardı?
Şübhəsiz ki, o, uşaqlıqdan şəxsi istedadını
dərk edib yazıçılığa meyl
göstərərdi, bu
qədər enişli-yoxuşlu,
əziyyətli yollar keçməzdi.
Gülrux
ƏLİBƏYLİ,
tənqidçi.
Qərib Mehdi Gəncə şəhərində mənim
ilk dəfə ünsiyyətdə
olduğum, tanıdığım
yazıçıdır.
Dünyanın üzümüzə açdığı
inam qapıları bağlananda, döydüyümüz
sonuncu qapı onun qapısı, istisinə qızındığımız
sonuncu ocaq işartısı onun ocağı olub. Uçuruma yıxılan
insan əlləritək
əllərimiz sonuncu
ümid telindən üzüləndə o yapışıb
əllərimizdən. Beşikdən qəbrəcən başımız üstündə
yellənən ilgəkdən
neçə dəfə
o qurtarıb bizi.
Bunu yazmaqda məqsədim heç də Qərib Mehdini ilahiləşdirmək, müqəddəsləşdirmək,
bütə, səcdəgaha
çevirmək, çap
elədiyi beş-on şeirə görə ona təşəkkürümü
bildirmək deyil.
Dünyada ən çox
qorxduğum nankorluqdan
yaxa qurtarmaqdır.
Bir də, yaxşılığı
qiymətləndirmədikcə yamanlıq ayaq tutub yeriyir.
Nizami
AYDIN,
şəhid-şair.
__________________
– Gəncə ədəbi mühitini necə dəyərləndirə bilərsiniz?
Hər şey qaydasındadırmı,
yoxsa Bakıdakı kimi haqlı-haqsız iddialar baş alıb gedir?
– Yarım əsrdən çoxdur ki, Gəncə ədəbi mühitinin həm iştirakçısı, həm
də müşahidəçisiyəm.
Mühitin ağırlığı iki mərhumun – Altay Məmmədov və Fəridə xanım Əliyarbəylinin rəhbərlikləri
sayəsində yetişən
qüvvələrin üzərindədir.
Üç nəsildən ikisi
– gənc və orta nəsil gözə dəymir.
Ümid üzü qüruba gedən yaşlı nəslədir. Əlbəttə, bu uğursuzluqda zamanla birlikdə indiki rəhbər Məmməd Alimin günahı çoxdur.
Müqayisə həmişə fikrin açımına kömək
edir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar bəyin də idarəçiliyindən
narazılar var. Tərəflər
arasında fərqli fikir cızığı mövcuddur. Cızığın bir tərəfində böyük çoxluğu
təmsil edən Anar bəy, o biri tərəfdə isə Birlik rəhbərliyinin idarəçiliyini
qəbul etməyən
və ya bu idarəçiliyə tənqidi yanaşan azlıq dayanır. Anar etirazçılarla dil tapmağa çalışır,
hətta onlardan qələmilə seçilənləri
Prezident təqaüdünə
təqdim edir. Bunlar fikir ayrılığına
yaxşı nümunələrdir.
Yazıçılar Birliyinin Gəncə qoluna rəhbərlik edən şair Məmməd Alim isə başqa idarəçiliyə üstünlük
verir. Bu hal
onun barışmazları
ilə arasında cızıq yox, hündür, aşılmaz
bir divar yaradıb. Divarın bir tərəfində
Gəncənin bütün
ədəbi qüvvələri,
o biri tərəfində
isə təkəbbürü,
qayğısızlığı ilə özünü təkləyən Məmməd
Alim qərar tutub. Özünü düşünməyə, sevməzliyə, həssas
yaradıcı adamlara
yuxarıdan aşağı
baxmağa qarşı
tərəf adekvat cavab verir. Rəhbərin təşkil etdiyi
tədbirlərdə Birlik
üzvləri iştirak
etmir. Həmkarları ilə ya küsülü olur, ya da soyuq
salamla kifayətlənir.
Şöbənin özündən başqa cəmi bir yaradıcı işçisi var – tanınmış uşaq
şairi, birillik Prezident təqaüdçüsü
Aləmzər xanım
Əlizadə. Görün anormal
hal hansı səviyyədədir ki, bu rəhbər öz yeganə yaradıcı işçisi
ilə də danışmır. Deyiləsi
başqa mətləblər
də var. Ancaq...
– Sizə həm də uzun müddət
Gəncədə fəaliyyət
göstərən adıbəlli
“İlham” ədəbi
birliyinə rəhbərlik
etmisiniz. Bu barədə...
– Gəncədə, Alimlər
Evi nəzdində fəaliyyət göstərən
“İlham” ədəbi
birliyinin təvəllüd
tarixi belədir:
1979-cu il. Bədii məhsullarımız 1980-ci ilin
mart ayında qəzet-jurnal
səhifələrinə çıxdı.
Bu birlik bəlkə
də AYB-dən sonra özünün möhürü, bankda hesab nömrəsi olan ilk müstəqil ədəbi məclis idi.
Zaman keçdikcə
“İlham” gurlaşdı,
mübahisəli müzakirələrə
tab gətirən üzvlərimiz
püxtələşdi. Qəşəm
Nəcəfzadənin, Sərvaz
Hüseynoğlunun, Musa Urudun,
Nizami Aydının, Elçin İsgəndərzadənin,
Eldar İsgəndərzadənin,
Xəzangülün, Fərruxə
Pərişanın, Vahid
Aslanın, Rəhmanın,
Firəngiz İdrisqızının
və s. şeirləri,
hekayələri və
tənqidi məqalələri
yerli və mərkəzi mətbuatda tez-tez görünməyə
başladı. Bəzi üzvlərimiz
– Elçin, Qəşəm,
Sərvaz, Musa və Xəzangülün imzaları
respublika sərhədlərini
aşıb dünya ədəbiyyatına qovuşdu.
“İlham” ədəbi
birliyi şəhid-şairimiz
Nizami Aydının adını daşıyan
Beynəlxalq mükafat
təsis etdi. Özündən başqa yaşı 31-i adlamamış (N.Aydının
yaşı) dörd nəfər – Elçin, Fərruxə, Eldar və Musa bu müqəddəs mükafatın
laureatları oldular.
Ömrümün 30 ilini gənc
qüvvələrin istedadlarının
üzə çıxmasına
sərf etdim. Və bundan bir an da
olsun peşmançılıq
çəkmədim. Vurğunluqla
dolu bu könüllü
xidmətimi şair-publisist
Sərvaz Hüseynoğlu
belə dəyərləndirir:
“Qərib Mehdi də bir insan
olaraq, bir yazıçı olaraq özünü yetirmələrinin
yolunda qurban verən sənətkardır.
O, özünə qismət
olası xoşbəxtliyi
yetirmələrinə bağışladı”.
Əlavə sözə ehtiyac duymuram.
Gələcəkdə anılacağammı? Üç ümid yerin var: doğma övladlarım, kitab övladlarım və bir də ədəbi
övladlarım. Onların içində
“İlham”çılar daha
güclü görünürlər.
– Hər halda vətəndaş olaraq əməkli, təqaüdçü
yaşına gəlmisiz.
Bu yeni həyat
necə yaşanır?
– Qələmim işləkdir. Ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıram. Çağdaş Gəncə ədəbi mühitini başdan-başa (4 kitab) qələmə almışam. Yazanda, kiminsə hayına yetəndə ruhən təzələnir, cavanlaşıram. Ancaq pensiya alanda, biri “baba” deyəndə, işdən kənarlaşdırılmaq təlaşı canımı bürüyəndə görürəm ki, 77 yaşı tamamlamışam. Ömür qatarının son dayanacağa yaxınlaşdığını qəbul edirəm. Bu 77 ili necə yaşamışam? Maraqlanan bu yaşamdan imtina da edər, örnək də götürər. Bu necə yaşamdır? Bir neçə kəlmə də bu barədə demək istəyirəm.
İndi göylərdə iki cür quş süzür. Birinin işləyi benzinə möhtac motordur (təyyarə), o birisininki qana möhtac ürək (göyərçin). Biri sünidir, o biri təbii. İxtiyarı özündə olmayan süni quş kimsə tərəfindən idarə olunur, reyslərlə uçur, tutulmuş cədvələ əməl edir. Təbii, canlı quş isə azaddır, istədiyi səmtə, istədiyi qata qanad çala bilir. Sərbəstliyə, azadlığa təşnə bir yaradıcı adam kimi, mən quş ömrü yaşayıram. Mükafatlarımı da belə yaşamdan qazanıram, zərbələrimi də belə yaşamdan alıram. Heç biri gözlənilməz acı sonluqdan sığorta olunmayıb. Metal quş qəzaya uğrayanda, özü ilə birlikdə onlarla adam məhv olur. Canlı quş çalağana tuş gələndə, başqasına ziyan vermədən yeganə varlığından, yükündən – canından olur. Bu qoca vaxtında da mən azad, səma arzulu quş ömrü yaşayıram. Bu yerdə yaşımla bağlı yazdığım şeirimdən bir bənd yadıma düşdü:
Söz düşübdü söz, baxtına,
Bir söz de, çəksin vaxtına,
Çıxdın 70-in taxtına,
Qulağına yaş nə deyir?
İndilik qulağıma deyilən söz budur: “Vaxt daralır. Başda baş redaktor Rəşad Məcid olmaqla hamının qəzeti olan “525-ci qəzet”in bütün yaradıcı kollektivinə, sənə müsahibə üçün yaratdıqları imkana görə səmimi təşəkkürlərini bildir”. Məsləhətə qulaq asıb sonsuz təşəkkürlərimi bildirib hamınızla sağollaşıram.
Noyabr, 2013
Nasirin şairliyi
Qərib Mehdidən şeirlər
TƏLƏSDİN...
Söz var iti qılınc,
Söz var qoşa qanaddır.
Söz var təsəlli, qılıq,
söz var fitnə-fəsaddır.
Söz var şirinliyi
meydan oxuyur şəkərə,
söz var zəqqutun –
qohumluğu çatır bibərə.
Tələsdin, əziz dost.
Yersiz bir söz açıldı
hirsin lüləsindən.
Hədəfi olmasa da,
qoruna bil
mədim
nahaq gülləsindən.
Haqq söz acı olsa da,
şirin dadır.
Nahaq söz könül yıxır,
ürək qanadır.
Nəyə lazım
belə sözlər, nəyə?
Nə səni qaldırmağa
gücü çatandır,
nə məni endirməyə.
Bil ki, haqq sözün
ədalətdən,
həqiqətdən vizası olur.
Bil ki, nahaq sözün
iki dost,
iki qəlb arasında
qəzası olur.
SAXLA, GÖY MƏNİ...
Ayaqlara düşdü adım,
Tacına çevrildi yadım.
Bu yerlə dil tapanmadım,
Saxla, göy məni-göy məni.
Sinəmə əkdim ahını,
Dosta verdim sabahımı.
Bağışlama “günahımı”,
Dağla, göy məni-göy məni.
Eniş idim – diklənmişəm,
Qayğısızdım – yüklənmişəm,
Allah kimi təklənmişəm,
Yoxla, göy məni-göy məni.
Baha idim, ucuz tutdu,
Bilməm niyə tez unutdu?..
Sənin ki, gözün buluddu –
Ağla, göy məni-göy məni.
Niyə seçdin dağ olmağı?..
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Təpə kimi əyilsəydin,
gülün olardı.
Dərə kimi ovulsaydın,
selin olardı.
Düzən kimi yayılsaydın,
yolun olardı.
Niyə seçdin dağ olmağı?
Günəşə ilkin salam vermək
sənəmi qalmışdı?
Zülmətə ilkin sinə gərmək
sənəmi qalmışdı?
Gərək, yerin dərdini
göyə deyəydin?
Gərək, göyün sözünü
yerə endirəydin?
Allaha hamıdan yaxın olmaq
cəzasız qalmaz.
Dünyanın hər yerindən baxılmaq
cəzasız qalmaz.
Bilmədin,
şimşək şallağa tutacaq?
Bilmədin,
şaxta ürəyində donacaq?
Bilmədin,
dolu başını döyəcək?
Bilmədin,
bulud qaranı geyəcək?
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Təpə ol – gülün olsun.
Dərə ol – selin olsun.
Ay dəli, ağlın olsun,
Üzmə axına qarşı:
“Bəli!” de – pulun
olsun.
Niyə seçdin dağ olmağı?
Niyə
seçdin ucalmağı?..
Son
Tofiq ABDİN
525-ci qəzet.- 2014.- 15 fevral.- S.23