Sufizm mövzusunda variasiyalar
Filologiya elmləri doktoru, professor Gülşən
Əliyeva-Kəngərli, öz
yaradıcılığını tamamilə sufizmə, onun
Şərq şeirinin, türk şeirinin ən görkəmli
nümayəndəsi olan Füzuli
yaradıcılığında meydana çıxan
xüsusiyyətlərinin öyrənilməsinə həsr
etmiş dəyərli alimimizdir. Onun bugünlərdə
Azərbaycan və ingilis dillərində çapdan
çıxmış “Sufizm (bədii-fəlsəfi cərəyan
kimi)” kitabı da bu yöndə növbəti uğurlu
addımdır. Gülşən Əliyeva-Kəngərlinin
klassik ədəbiyyata, onun poetikasına, Füzuli
yaradıcılığına, bu
yaradıcılığın müxtəlif xüsusiyyətlərinə
həsr etdiyi sanballı monoqrafiyaların məzmunu və
axarı göstərirdi ki, Gülşən xanım əvvəl-axır
bir mütəxəssis kimi sufizm haqqında da öz fikirlərini,
öz mülahizələrini söyləyəcək.
Əslində başqa şəkildə də
mümkün deyildi. Sufizmin mahiyyətini bilmədən,
sufizmin nə olduğunu anlamadan və bu fəlsəfi-bədii-dini-elmi
cərəyanı necə dərk etdiyini cəmiyyətə təqdim
etmədən, ümumiyyətlə, hər hansı tədqiqatçının
klassik ədəbiyyat barədə apardığı
araşdırma havadan asılı vəziyyətdə qala bilər.
Bu mənada, ancaq bu məsələni
araşdırıb, bu haqda nə
düşündüyünü cəmiyyətə təqdim
etdikdən sonra, hər hansısa orta əsrlər şairinin
yaradıcılığının mahiyyəti, məzmunu barədə
söz söyləmək olar. Bu baxımdan, Gülşən
Əliyeva bir çoxlarından fərqli olaraq, bir tədqiqatçı
kimi doğru istiqamət götürmüş, yeni
çıxan kitabıyla elmi mühitə, cəmiyyətə
sufizm haqqında öz mülahizələrini təqdim etməklə, eyni zamanda, bir tədqiqatçı
kimi orta əsrlər ədəbiyyatıyla, Füzuli
yaradıcılığıyla təsadüfi, fraqmental şəkildə
məşğul olmadığını, ona bir sistem
halında, özünəməxsus konsepsiya və nəzəri
müddəalarla
yanaşdığını sübut etməyi
bacarmışdır. Həmçinin, tədqiqatçı
sufizm haqqında yazan ilk və yaxud da son tədqiqatçı
olmadığını da çox gözəl anlayır: “ Min ildir ki, sufizm barəsində
yazılır. Biz bu yazılanlara yeni heç nə
əlavə etmək niyyətində deyilik. Fəqət az-çox orta çağlar klassik bədii-fəlsəfi
düşüncəsinə bələdliyimiz, xüsusən
orta çağların fəlsəfi poeziya zirvəsi, dahi Məhəmməd
Füzuliyə məhəbbətimiz sufizm haqqında bu kitabı
yazmağımıza səbəb oldu. Etiraf
edək ki, dahi qəlb şairi M.Füzulinin
yaradıcılığı... bizi Fizuli və sufizm, az sonra
isə sufizm mövzusuna yönəltdi.” Qeyd edək ki,
yalnız və yalnız Füzuli eşqinə, Füzuli
sevgisinə görə “Sufizmdən yazmaq kimi əbədi bəlaya
düçar olan” tədqiqatçı “sufizmə yalnız bədii
ədəbiyyatın, bədii düşüncənin
prizmasından cüzi bir nəzər saldığını”
da etiraf edir və elə o anda da həm oxucuların, həm də
öz qarşısında belə bir sual qoyur: “ sufizm bədii
sistemdir, ədəbi cərəyandır, ədəbi istiqamətdir,
yoxsa bədii üslub?!”
Bəri başdan qeyd edək ki, uzun illər sovet
filoloji-elmi-ədəbi fikrinin təqdim etdiyi romantizm ədəbi
metodu klassik Şərq ədəbiyyatının mahiyyətini
açmaqda aciz qaldı. Və yaxud da başqa sözlə desək,
onu bir yaradıcılıq hadisəsi kimi axıra qədər
aça bilmədi. İstər bizdə bu sahədə
yazılan tədqiqatlar, istərsə də Orta Asiyada, hətta,
Nəvai kimi şairin yaradıcılıq metodunu
araşdırmağa çalışan
araşdırıcılar, klassik ədəbiyyatın, o
cümlədən, Nəvai
yaradıcılığının
mahiyyətini, məğzini romantizm ədəbi metodunun
verdiyi imkanlar çərçivəsində axıra qədər
izah edə bilmədilər. Lakin dini-fəlsəfi-elmi sistem
olan sufizm və
onun tərkibində bir üsluba çevrilən bədii-fəlsəfi
düşüncə tərzinin nəzəri-estetik müddəaları
bu ədəbiyyatın mahiyyətini, məğzini tamamilə
açır. Bu mənada, Gülşən Əliyeva-Kəngərlinin
sufizmi dini-elmi-fəlsəfi sistem kimi qiymətləndirməsi, onun tərkib
hissələrindən birinə bədii-fəlsəfi cərəyan
kimi yanaşması və klassik ədəbiyyatı, o cümlədən,
Füzuli yaradıcılığını bu nəzəri-estetik
müddəalar üzərində təhlil müstəvisinə
çəkməsi özünü tamamilə doğruldur. Bu
məqsədlə sufizmin mənşəyinə, tarixinə
qısa bir ekskurs edən tədqiqatçı sufizmin hansı
əsaslarla islama bağlandığını, onun mənşəyini,
hansı ictimai-siyasi səbəblər üzündən
yarandığını, zahidlikdən sufiliyə keçidin
mərhələlərini, bu prosesin ziddiyyətlərini, ilk
zahidlərin, sufilərin kim olduğunu və nəhayət,
islam, sufi mədəniyyətində şəriətdən təriqətə
keçidin tarixi-sosioloji məqamlarını olduqca doğru
izah edərək, oxucuya məqsədinə uyğun olaraq
qısa, lakin ətraflı məlumat verir. Qeyd edək ki, bu məqamlar çoxsaylı mənbələrə
və elmi ədəbiyyata söykəndiyi üçün
müəllifin dediklərində heç bir şübhə
yeri qoymur və oxucunu inandırır. Daha
sonra müəllif sufizmin tarixi inkişafını izləyərək,
Şərq fəlsəfi-elmi-nəzəri fikrində olduqca
önəmli yer tutan Əbu Hamid əl-Qəzalinin və Məhəmməd
ibn əl-Ərəbinin həyat və
yaradıcılığlarına nəzər salır. Şərq fəlsəfi-elmi-nəzəri fikrində
bu dahilərin yerini və mövqeyini təqdim edir.
Müəllif bu məqamda, yəni bu dahi şəxsiyyətlərin
həyat və yaradıcılıqlarına nəzər salarkən,
bir qədər əvvəlki səhifələrdə dediyi
tezisi əsaslandırmağa çalışır: “...Sufizm
1200 ilə qədər yaxındır ki, tarixdə, xüsusilə
islam dünyasında öz nüfuzunu əzm və inadla
qoruyub saxlayır. Nədədir sufizmin
gücü?” Mənə elə gəlir
ki, Gülşən xanımı düşündürən
bu sual bu gün klassik ədəbiyyatla və dünyada gedən
ictimai-siyasi proseslərlə az-çox maraqlanan hər kəsi
düşündürür. Gülşən
xanım bu suala əl-Qəzalinin və İbn Ərəbinin
həyat və yaradıcılıqlarının mahiyyətini
izah etməklə cavab verir.
Professor Gülşən Əliyeva- Kəngərlinin
geniş elmi ictimaiyyətə təqdim etdiyi kitabın
uğurlu cəhətlərindən biri də əsərdə
qoyulan suallar, qaldırılan problemlərdir. Əslində
başqa şəkildə də mümkün deyildir. Klassik fəlsəfənin və ədəbiyyatın
enişli-yoxuşlu yolları, ziddiyyətli və sirli məqamları
və nəhayət, Şərq fəlsəfi fikrində
görkəmli yer tutan Şeyx Mahmud Şəbüstərinin
yaradıcılığı ilə tanışlıq
Gülşən xanımı da bir tədqiqatçı kimi
istər-istəməz belə fundamental suallar qaldırmağa
məcbur edir. Və bu suallara verilən
cavabların məğzindən asılı olmayaraq, bu
sualları bir problem şəklində dərk etməyin
özü artıq uğur əlamətidir. Bu dəqiq, elmi
ardıcıllıqla düzülən sualları oxuduqca, istər-istəməz
adamın ağlından belə bir fikir keçir: görəsən
Azərbaycan fəlsəfəsində və ədəbiyyatşünaslığında
belə suallar qoyulubmu və onların həllinə az da olsa cəhd
göstərilibmi?... Bir neçəsini
xatırlatdığımız kimi, həqiqətən də
bu suallar sufiliyin dərkində olduqca maraqlı məqamlardır:
“Sufizm bədii sistemdir, ədəbi cərəyandır, ədəbi
istiqamətdir, yoxsa bədii üslub?”, “Sufizm 1200 ilə
yaxındır ki, tarixdə, xüsusilə islam
dünyasında öz nüfuzunu əzm və inadla qoruyub
saxlayır, nədədir sufizmin gücü?”.
Bu suallardan sonra Gülşən xanım məntiqi
olaraq, daha iki problemi qaldırır. “Birincisi,
sufizmin intişarında (təkamülündə) bədii ədəbiyyatın
rolu nədən ibarətdir; ikincisi, sufizm (təsəvvüf)
ədəbiyyatın poetikasını hansı səviyyədə
təkmilləşdirdi?” Qeyd edək ki, bu
suallara cavab verərkən Gülşən xanım
özünü əsl ədəbiyyat tarixçisi kimi təqdim
edir və həm də təkcə Azərbaycan ədəbiyyatı
tarixçisi kimi yox, bütövlükdə Şərq ədəbiyyatına
bələd bir mütəxəssis kimi. Belə ki, ilk
növbədə, sufizmin intişarında bədii ədəbiyyatın
rolunu olduqca yüksək qiymətləndirən müəllif,
eyni zamanda, poeziyanın da mistik əsaslara söykəndiyinə
görə təqribən sufiliklə eyni mənşəyə
malik olduğunu söyləyərək, sufi
poeziyanın da Allahı dərk etmək vasitələrindən
biri olduğunu bildirir. Və üzərinə qızıl
suyu kimi sufi, irfan
təbəqəsi çəkilmiş poeziyanın
daha gözəl, daha möhtəşəm olduğunu söyləyir.
Orta əsrlər Şərq ədəbi-bədii fikri
dünya ədəbiyyatında həqiqətən də unikal
hadisədir. Şərq şairlərinin poeziyasını öyrəndikcə
onların hər birinin təkcə poeziyanın sirlərinə
deyil, eyni zamanda, fəlsəfənin də dərin
qatlarına bir peşəkar filosof kimi bələd
olduqları aydınlaşır. Bu mənada,
əgər Şərq poetikasının
qayda-qanunlarını bilmədən, onların
yaradıcılığını bədii söz sənəti
baxımından yozmaq nə qədər qüsurlu görünərsə,
eyni zamanda, Şərq fəlsəfi-elmi-nəzəri fikrinə
bələd olmadan da yaradıcılıqlarının mahiyyətini
açmaq bir o qədər yanlışlığa aparıb
çıxarar. Buna görə də
Gülşən Əliyeva-Kəngərli bu baxımdan da orta əsrlər
Şərq şairlərinin yaradıcılığına
olduqca düzgün mövqedən yanaşmış, təqribən,
XII-XVI əsrlər Şərq şeirində hər bir
şairin yerini, mövqeyini ədəbiyyatşünaslıq
elmində çoxdan gözlənildiyi kimi olduqca dəqiq
şəkildə müəyyən etmişdir. Doğrudur, ədəbiyyat tariximizdə hər bir
şairimizin yeri ədəbiyyatşünaslarımız tərəfindən
çoxdan müəyyən edilmişdir. Lakin
bu müəyyənləşmədə əsasən, bədii,
poetik söz ağırlığı öz üzərinə
götürərək, ilk cərgədə durmuş, bu
şairlərin yaradıcılıqlarının mahiyyəti,
məğzi isə demək olar ki, bir qədər arxa plana
keçmişdir. Gülşən Əliyeva-Kəngərli
isə ədəbiyyat tariximizə olan bu ənənəvi
baxışları bir kənara qoyaraq, şairlərimizin ədəbiyyat
tariximizdəki mövqelərini onların
yaradıcılıqlarının mahiyyətləri əsasında
müəyyən etməyə
çalışmışdır. Maraqlıdır ki, özü də
bu yanaşma ilə nəzər
salarkən, müəllif təkcə Azərbaycan ədəbiyyatı
tarixi ilə məhdudlaşmamış, çox doğru
olaraq, XII-XVI əsrlər Şərq ədəbiyyatına
küll halında nəzər salaraq, bu Şərq şairləri
arasında təkcə poetika, bədii söz sənəti
baxımından deyil, ideya-estetik, bədii mündəricə
baxımından da çox böyük varislik əlaqələrinin olduğunu müəyyən
etmişdir. XII-XVI əsrlər sufi ədəbiyyatının
inkişafından danışarkən, tədqiqatçının
ilk növbədə, Sənai Qəznəvi, Fəridəddin
Əttar, Əbdürrəhman Caminin adlarını çəkməsi,
daha sonra isə Əhməd Yəsəvi, Cəlaləddin
Rumi, Yunus Əmrə, Mahmud Şəbüstəri,
Marağalı Əvhədi və başqalarının
adlarını çəkərək, onların
yaradıcılıqları üzərində daha geniş
şəkildə dayanması, bu yaradıcılıqları
sufizm nöqteyi-nəzərindən qiymətləndirməsi olduqca təqdirəlayiqdir. Mən Gülşən xanımın bu mütəfəkkirlərin
həyat və yaradıcılıqları haqqında dediyi
fikirləri uzunçuluq etməmək xatirinə tədqiqat
müstəvisinə çıxarmaq fikrindən uzağam.
Lakin onun bu yaradıcı şəxslər və
sufizm haqqında dediyi bəzi
fikirləri tezis şəklində bir daha xatırlatmaq istəyirəm.
“Türk ədəbi-mədəni təfəkküründə
sufizmin ilk ifadəçisi Əhməd Yəsəvi
olmuşdur... Ə. Yəsəvinin bir irfançı alim kimi əsas
xidməti bu idi ki, o, sufizmi qədim türk-şaman mədəniyyəti
ilə birləşdirib... Ə.Yəsəvi sufizmdə ilk
türk təriqətini-Yəsəviliyi yaratmış birinci
böyük türkdür”... “Sufizmə təkcə
təfəkkür hadisəsi kimi baxmaq olmaz. Təfəkkür
hadisəsi sufizm haqqındakı elmdir... Sufizm kainatı bəsirət
gözü ilə görməyi bacaranların getdiyi yol və
bədii-fəlsəfi təlimdir. Sufinin gücü
ruhundadır. Ruhu insana Allah verir. Ruh
Allah əmanətidir...” “ Mövlana Cəlaləddin
Rumi Şeyx Nizami Gəncəvidən sonra farsca yazmış
ikinci böyük türk şairidir. Türk ədəbiyyatında
bir dahi – Nizami Gəncəvi “Şeyx”, iki dahi – Cəlaləddin
Rumi və Məhəmməd Füzuli “Mövlanə” tituluna
layiq görülüb və bütün dünya bunu məmnuniyyətlə
qəbul edib. İki Mövlanə türk ədəbiyyatında
sufizmin ən uca zirvəsi, 33 il ömür sürmüş əbədi
gənc Ş.Şəbüstəri isə bu zirvələrin
ağırlığını çiyinlərində saxlayan
əbədiyyət sütunudur...” “Şəms Təbrizi 35
yaşında olduqca gözəl, yaraşıqlı,
qürurlu, eyni zamanda, qeyri-adi dərəcədə də
savadlı, məlumatlı – sufizmi dərindən bilən,
dönməz əqidə sahibi, bəlağət elmlərinə
və ilahi vergisi olan çox cazibəli nitq mədəniyyətinə
malik, nitqi ilə insanları ovsunlayan, dəmir kimi məntiqi
ilə hər kəsi öz təsiri altına salan, magik
imkanlara malik, fərasətli şair və alim idi...” “Cəlaləddin
Rumi özündən əvvəlki böyük sufiləri – Sənai
və Əttarı, Mütənəbbini, böyük Mənsur
Həllacı, Bəyazid Bistamini, İmam Qəzalini, Dəmşqdə
dərs deyən İbn əl-Ərəbini yaxşı mənimsəmişdi.
Həqiqətən də onun əsas tezisi ...
belə idi. “Ömrümün hasili üç sözdən
artıq deyil: çiydim, bişdim, yandım”. “
Allah insanın qəlbində olmalıdır. Mən bu fikirdəyəm ki, Allah sevən ürəklərdə
gecələyir. Vaxtı yetmişkən
bir fikri də ərz edim. Bir var müdrik
elmlər, insanlar kitabları oxuyub filosof olur. Bu yer adamının ağlının imkanları
çevrəsində olan elmlərdir. Bir də
var mistik – səmavi, ilahi elmlər. Müdrikin bir kitab
oxuyub gəldiyi nəticəni mistik insanın (hadisənin, yer
üzünün) üzünə bir baxışla hasil
edir...” “Sufizmin ağıla, insan təfəkkürünə
münasibəti olduqca sərt idi. Sufizm nəzəriyyəçiləri
təsəvvüfdə əqli sevgilini yarıyolda qoyub
qaçan namərdə bənzədirlər. Ağıl insana Allah tərəfindən yer həqiqətlərini
dərk etmək üçün verilmişdir. Onun səma həqiqətlərinə gücü
çatmazdı. İlahi həqiqətləri,
o cümlədən də ilahi eşqi dərk etmək
üçün bəsirət gözü lazım idi”.
“Şəbüstəriyə görə kamil insan şəriəti özünə iç paltarı edən, ona bürünən, təriqəti özünə üst paltarı edən, onunla bəzənən, həqiqət onun zatının yeri olan, gözəl əxlaqla tanınan, elmi, təmizliyi, möminliyi ilə məşhur olan insandır”. “Sufizmin bizim ədəbiyyatdakı təkamül yolunu məhz belə müəyyənləşdirmək olar: fəlsəfədən poeziyaya! Şəbüstəri bu yolun nəzəri zirvəsi (və başlanğıcı!), Füzuli isə bu yolun poetik zirvəsi və yekunudur. Azərbaycan sufi poeziyasına Şəbüstərinin təqdim etdiyi hücrədən daxil olmaq mümkündür”. “Cami-cəm” poetik baxımdan Nizami Gəncəvinin, nəzəri-fəlsəfi baxımdan Şəbüstərinin yolunu davam etdirir”... “ İ.Nəsimi öz yaradıcılığı ilə anadilli şeirimizi elə bir məqama yetirdi ki, ondan sonra həm Türküstanda dahi Nəvai, həm də İraqda dahi Füzuli mərhələləri yarandı; obrazlı desək, Nəsimi Nəvaini Nəvai Füzulini yaratdı”. “Biz bu fikirdəyik ki, Şeyx Nizami Atabəylər dövlətinin zəfərinin, Nəsimi Şirvanşahlar dövlətinin əzəmətinin, Füzuli Səfəvilər dövlətinin kədərinin tərənnümçüsü idi...” Bəli, Gülşən xanım demişkən, Səfəvilər dövlətinin kədərinin tərənnümçüsü olan, kədərdən yazan Füzuli 500 il ərzində əslində bu kədəri bizim üçün o qədər doğmalaşdırdı ki, indi biz bu kədəri şərbət kimi içirik. Bu məqamda, mən Gülşən xanımın Füzuli haqqında dediyi bütün fikirlərlə razılaşaraq, özüm də bir sual qoymaq istəyirəm. Böyük söz xiridarı olmaqdan əlavə, nədədir Füzuli sənətinin gücü? Təbii ki, mən də bu suala Gülşən xanıma qoşulub ilk növbədə onun kimi cavab vermək istəyirəm: sufizmdə, eşqdə. Bu mənada, bizə elə gəlir ki, professor Gülşən Əliyeva-Kəngərli də bütövlükdə Füzuliyə sufi deyərkən heç də səhv etməmiş, Füzulinin dünyagörüşünü, yaradıcılığının mündəricəsini doğru-düzgün təyin etmişdir. Sadəcə olaraq, Gülşən xanımın dediklərinə bircə onu əlavə etmək olar ki, Füzuli hər bir sufinin keçdiyi şəriət, təriqət, mərifət, həqiqət yollarında mərifətə çatmış şairimizdir. Ümumiyyətlə, tədqiqatçılar bütövlükdə mərifətə çatan iki şairin olduğunu söyləyirlər. Onların ikisi də Gülşən xanım demişkən, türk və ikisi də mövlanədir. Biri Mövlanə Cəlaləddin Rumi, ikincisi isə Mövlanə Füzulidir. Ona görə də hər iki şairin yaratdığı əsərlər yarandığı gündən bəri biri farsdilli poeziyada, digəri isə türkdilli poeziyada solmur və öz təravətlərini itirmirlər. Beləliklə, mən bu kiçik yazını Gülşən xanımın sufizm barədə dediyi sözlərlə, gəldiyi nəticələrlə bitirmək istəyirəm: “ IX əsrdən üzü bəri bütün dünyanın düşünən adamlarının – filosof, yazıçı, şair, tarixçi, hüquqşünas və ədəbiyyat nəzəriyyəçilərinin diqqətini öz cazibəsində saxlayan SUFİZM elə bir bədii –fəlsəfi cərəyandır ki, onu izah etmək olmaz. Sufizm ədədlər sırasında sonsuzluq, cümlədə üç nöqtədir. O, “Bəşəriyyət və Əbədiyyət” problemidir. Məxluq xaliqi görməyincə sufizm bitməyəcək. Həll olunmayacaq... Ona görə də məxluqun xaliqə mistik-ilahi sevgi yolu-sufizm davam edir”. Lakin Şərq mistik düşüncə tərzində bir ariflik məqamı da var. Bizə elə glir ki, ariflə sufinin oxşar və fərqli cəhətləri, Füzulinin sufilərə və ariflərə münasibətinin müxtəlif problemlərinin həll olunmasının da vaxtı çoxdan gəlib çatmışdır. Bu mənada, mən bu problemin həllini də Gülşən xanımdan gözləyir və onun bir neçə dəfə Dədə Qorquda müraciət etdiyi kimi, mən də Dədə Qorqudun dili ilə Dədə Qorqudun bir sözünün semantikasını dəyişib, ona müraciət etmək istəyirəm: Yolun uğurlu, qələmin iti olsun, xanım, hey!
Tərlan
QULİYEV
Filologiya elmləri
doktoru
525-ci qəzet.-
2014.- 15 fevral.- S.24.