Əsgər Rəsulov:
bir dost və alim kimi
Bir-iki il əvvəl qəzetlərdən birinin
“Dostlarınız çoxdurmu, insanlar niyə dost olurlar?”
sualına cavabım səhv-düz belə olmuşdu:
“Etibarsızları həə. Mənə
görə, əsl dostluq təmənnasız adamların (iki
və daha çox) könüllü ittifaqıdı. Fikir vermisinizsə, insan yaşlaşdıqca
dostları da seyrəlir”.
Təbii
ki, mən burda əcəlin əldən aldıqlarını
nəzərdə tutmamışam, onu demək istəmişəm
ki, axıra darvazası gen, səbri
çox, iddiası az
olanlar qalır. O sözü deyəndə,
dostların şərti olaraq dörd qismə (gərək,
görək, çörək, ürək) bölündüyü fikrini eşitməyimdən, nə
az, nə çox, bir qərinədən artıq vaxt keçdiyini də söyləməliyəm.
Sinnimin bu çağında daha ona da şübhəm qalmayıb ki, zaman dəyişdiyi kimi, bu gün dostların çeşidləri
də az qala ədədi silsilə
ilə artmaqdadı və tərslikdən bu dünyanın daşı elə
qoyulub ki, onların hər biri
ilə təmasda olmağa, münasibət saxlamağa istər-istəməz
məcbursan, ən azı ona görə ki, insanın dünyaya tənəffüs
yolları həm də onu əhatə edən dostları ilədi.
Əlqərəz...
Bu
yaxınlarda, daha dəqiq desək, mart ayının əvvəlində
kiminsə təxmini də olsa, təsnif etdiyi o
dostluq bölgüsündə
tanışlığımızın lap siftə
günündən daima ürək sütununda qərarlaşan
Əsgər müəllimin bu dünyayla haqq-hesab çəkməyinin altmış, bizim dostluğumuzun isə düz qırx bir ili tamam olur. Elə
burdaca deyim ki, hələ tələbəlik illərindən
ona müəllim demişəm.Uzun illər ərzində bu bənzərsiz və halal
insanla bağlı müdam müşahidə etdiyim nə
olub? İndiyədək tanıdığım
dostlar içərisində Əsgər müəllim o təklərdəndir
ki, onu həmişə eyni cür görmüşəm. Əvvəl
yoldaşlığın, sonra insanlığın,
ardından isə dostluğun haqqı nəyi tələb eləyibsə, ona sədaqətlə
əməl eləyib. Sonralar
bilmişəm ki, bu
hələ cavanlıq illərindən ağır
oturub batman gələn Əsgər müəllimin
simasının dəyişməzliyi, xarakterinin kamilliyi və mənəvi
bütövlüyünün elə gözlə də
görünən bir fəzilətidi. Qızılgül
yağı kimi zərrə-zərrə toplanılan bu
yüksək əxlaqi dəyərləri onun yalnız parlaq şəxsiyyətlərə xas bir məharətlə
qoruyub saxlamasını isə nədənsə bir qayda olaraq
rezusunu heç vaxt dəyişməyən, hamıda anadangəlmə
olan qan qrupunun daimi stabilliyi ilə
müqayisə etmişəm. Belə insanlar tək-təkolur,
belə insanları həyat hər zaman yetirmir. İllah
da bizim günlərdə... İllah da mənəvi
aşınmanın, özünün ifadəsiylə desək,
“mənəvi çölləşmə”nin
pik nöqtəsinə çatdığı bir zamanda... Elə
burdaca həm xeyirxahlarıma, həm də bu ucu güləbətinli
yazının qəhrəmanına
bir deyəcəyim var:
“Qiyamçı”da mənlik və şəxsiyyətini
hər şeydən üstün tutan birsifətli Qəyyum, “Qaraqovaq çöllərində”
Qüdsi və Zülfü,
“Başsağlığı”nda
Seyfəli kimi müəllimlərin və digər ədəbi
obrazlarımın ətə-qana
dolmasında Əsgər müəllimin
xarakterindən süzülüb
gələn müxtəlif
insani dəyərlərin müstəsna rolu olub və bu
gün bunu gizlətməyimin artıq elə bir mənası
da qalmayıb; altmış yaş ağacdələn kimi elə
mənim də qapımı döyhadöydədi, o
taqqıltıları artıq mən də eşidirəm... Publisistik yazılarımda o adın niyə elə
ehtiramla, dönə-dönə və sıx-sıx çəkilməyinin
bir nədəni Əsgər müəllimin öz halal
haqqıdırsa, digəri də
məhz budur. Zəhmət
çəkib çox da uzağa getməmişəm, mənə
sadəcə ona
pünhan nəzərlərlə göz yetirmək,
xırda-para müşahidələr aparmaq qalıb... Beləliklə,
kimdi Əsgər müəllim?
Bir daha
sizlər də tanış olun: Əsgər
Rəsulov 3 mart 1954-cü ildə Naxçıvan şəhərində
anadan olub. Elə oradaca orta-internat məktəbini
bitirib. Bir il fəhlə işləyib.
1971-ci ildə daxil olduğu Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini
1976-cı ildə fərqlənmə diplomu ilə bitirib.
SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsi xətti
ilə dörd il Türkiyə Respublikasında tərcüməçi
işləyib.1980-ci ildən bu günə qədər məzunu
olduğu təhsil ocağında baş laborant, müəllim
(1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini
davam etdirir.1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində
mütərcim-referent işləmişdir.1983-cü ildə
filologiya elmləri üzrə namizədlik, 2005-ci ildə isə
doktorluq dissertasiyası müdafiə etmişdir.
2012-ci ilin noyabrında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin
rəis müavini vəzifəsinə təyin edilib.
lll
Bu rəsmi
statistikanın, ilk baxışda çox yığcam
görünən tərcümeyi-halın arxasında şərəfli
bir insan həyatı, zəhmətsevər və yorulmaz bir tədqiqatçı
ömrü dayanır. Ə.Rəsulov respublikamızda birinci dəfə
1989-cu ildə nəşr olunmuş və bu günə qədər
hər dəfə yenidən işlənib təkmilləşdirilərək
müxtəlif illərdə
dörd dəfə nəşr edilən ilk “Türk dili”
dərsliyinin (prof.R.Rüsəmovun həmmüəllifliyi ilə),
eləcə də” Türk sənədli-bədii nəsri”, “Tərcümə
nəzəriyyəsi müstəvisində Türkiyə
türkcəsi və Azərbaycan dili”, “Türkcə-rusca-azərbaycanca
dilçilik terminləri lüğəti”, “Dilmanc” kimi 10-a yaxın kitabın, 15 fənn
proqramının, ölkəmizdə və xaricdə nəşr
edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi
məqalənin müəllifidir. 20-yə
yaxın kitabın ixtisas və tərcümə redaktoru
olmuşdur. AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət
göstərən Dissertasiya şurasının üzvü
olan Əsgər müəllim indiyə qədər 20-yə
yaxın elmlər və fəlsəfə doktoru dissertasiya
işinin məsləhətçisi, rəhbəri və rəsmi
opponenti olmuşdur.
Türk
dilinin kamil mütəxəssislərindən sayılan şərqşünas-alim,
eyni zamanda lüğətçilik sahəsinin də peşəkarlarından
biri hesab olunur. İlk dəfə1988-ci ildə
professor R.Rüstəmovlabirlikdə tərtib etdiyi “Türkcə
– azərbaycanca
– rusca dilçilik terminləri lüğəti”, eləcə
də 2000-ci və 2012-ci illərdə nəşr etdirdikləri
“Türkcə – azərbaycanca –
rusca; Azərbaycanca – rusca – türkcə; Rusca-türkcə-azərbaycanca
dilçilik terminləri lüğəti” bu yöndə fəaliyyət
göstərən alim, aspirant, tələbə və mütəxəssislərin
stolüstü kitablarındandır.
Görkəmli
türkoloq eyni zamanda
filologiyamızın çox vacib sahələrindən
sayılan tərcümə işinin elmi-nəzəri prinsiplərinin
işlənib hazırlanmasında da söz sahiblərindən
biridir. Elmi əsərlərindən
bir neçəsi
bu mövzudadı və
söz yox ki, onların içərisində 2007-ci ildə nəşr
olunan “Tərcümə nəzəriyyəsi müstəvisində
Türkiyə türkcəsi və Azərbaycan dili”
monoqrafiyası olduqca önəmli yer tutur. Əsgər müəllim
müasir tərcüməşünaslığın nəzəriyyəçisi
kimi çıxış etməklə yanaşı, həm də
bu sahənin təcrübəsini də bilavasitə
yaşayır,
türk dilinə və əksinə tərcümələr
edir. Türk dilindən Azərbaycan dilinə çevrilən ona qədər
irihəcmli tərcümə kitabında da bir redaktor olaraq
onun mübarək imzası var.
Əsgər müəllimin
yaradıcılığından atüstü də olsa bəhs
edib, onun türk ədəbiyyatşünaslığında
xüsusi çəkisi və sanbalı olan “Türk sənədli-bədii
nəsri” (2004) monoqrafiyası haqda bir daha söz açmamaq
sadəcə nainsaflıq olardı. Türk ədəbiyyatının
keçib gəldiyi oluqca uzun bir yola bu qədər dərindən
bələdlik sadəcə heyrət doğurur. Olsun ki, sözügedən əsər məhz bu
baxımdan mənim nəzərimdə Azərbaycan
türkologiyasında keyfiyyətcə yeni bir hadisə idi. Hələ neçə il öncə yazdığım kimi, bu
monoqrafiyanı “roman kimi oxudum. Tək ona görə
yox ki, o, çox qiymətli və kamil bir tədqiqatişidir.
Heç ona görə də yox ki,
Əsgər Rəsulovun gözəl tədqiqatçı
qələmində türkədəb Mən bilən, daha
çox ona görəki, birincisi, bu kitab Əsgər müəllimin
öz əxlaqının və dəyişməyən simasının
güzgüsüdü, ikincisi isə, dərin savadı və
dəmir məntiqi ilə çox məharətlə adi nitq
normasına çevirə bildiyi gündəlik
danışıq tərzinin
sanki davamıdı”.
Çox
dərin inamımdı ki, əgər Əsgər müəllim
bu mükəmməl əsərdən savayı, heç nə
yazmasaydı belə, tək Azərbaycan şərqşünaslıq
elmi deyil, ümumtürk filologiyası tarixində də öz
dəyərli yerini tuta, layiq olduğu əsl qiyməti ala bilərdi.
Yeri gəlmişkən, deyim ki, bu iri çaplı təhlil və
tədqiqat nümunəsinin diqqətdən kənarda
qalmağı (dəyərli publisist-alim, professor Cahangir Məmmədlinin,
tanınmışyazıçı-mütərcim Nəriman
Əbdülrəhmanlının və bu sətirlərin
müəllifinin məqalələrini istisna etməklə) Azərbaycan-türk
ədəbi əlaqələri baxımından da bənzərsiz
bir mənbə və məxəz rolu oynayan bu qədər
dolğun məzmunlu kitabın qiymətinin vaxtında verilməməyi,
mütəxəssis rəylərinin ortaya qoyulmamağı dərin
təəssüf doğurur.
Burada görkəmli bir ziyalımızın elmi-pedaqoji fəaliyyətindən,
həyat və yaradıcılığından bəzi məqamların
üzərində dayanmaqda niyyətim onun Azərbaycan
türkologiyasında, elmi-nəzəri fikir tariximizdə yerini
və rolunu müəyyənləşdirmək deyil. Düzünə
qalarsa, bu heç mənim işim də deyil. Çətin ki, mən təkbaşına bunu
bacaram. Sadəcə hərdən fikirləşirsən
ki, o qiyməti kim
verməlidir, bu işə məsul
olanlarmı, oxucularmı, dostlarmı, ya zaman, tarix
özü? Bir
insan olaraq bilmək istədiyim həm də odur ki, görəsən,
ədalətin öz yerini tutması niyə bu qədər
uzun, məşəqqətli, yubanmış, çətin, hətta
bəzən qeyri-mümkün olur?
Onu
demişəmsə, gərək burasını da deyəm: rəy və resenziyaların bizdəki
“tarixi ənənə”sini göz önünə gətirəndə
sıradan olan bir əsəri göylərə qaldırmaqda
usta olan ədibi-naqabillərin, mətləbə elmsiz və
nadan yanaşma tərzi ilə seçilən bəsit təfəkkürlülərin yağlı-buğlu tərifinin
Əsgər müəllimə nə verəcəyinin cavabı
da əslində öz-özünə aydınlaşır. Kristal
xarakteri, dərin biliyi, fundamental savadı, parlaq zəkası,
fenomenal yaddaşı ilə o özü elə bir dəyərdi.
Dostluqda sadiq, münasibətdə təmənnasız,
diqqətdə əvəzsiz insandan və onun
yazıb-yaratdıqlarından söz açanlar, zənnimcə,
Əsgər müəllimdən daha çox, özlərini şərəfləndirmiş
olarlar.
lll
2006-cı ildə Əsgər Rəsul imzası ilə
onun hələlik yeganə olan “Dilmanc” şeir toplusu da
işıq üzü görüb. Elə
o illərdə bu dəyərli poetik nümunələrə
gözəl ədəbiyyatşünas Sabir Bəşirovun
kitab barədə incələmələri də xüsusi bir rəng qatdı.
Hiss elədiyim qədər, Əsgər müəllimin
bütün zaman və məkan ölçülərindən
ucada dayanan şair adına heç bir
iddiası yoxdu. “Türk sənədli-bədii nəsri”ndə
olduğu kimi, burda, xüsusən “Dilmanc” və “Reklam
arası” poemalarında da türk-Azərbaycan sevgisi
çulğaşır. Fərq bircə
poetik yanaşmadadır. Sadəcə
müəllif öz sözünü birində elmi, digərində
bədii üslubda deyib.
Söz
düşmüşkən, o cür iti müşahidə
qabiliyyəti, toplumdan fərqli təfəkkür tərzi,
parlaq zehniyyəti,
yaradıcılıq şövqü olub, dili, bədiyyatı,
sözün qədrini və qədərini dərindən bildiyi halda, Əsgər müəllimin nasir olmamağı, özünə
deməsəm də, sözün heç də xoş olmayan
mənasında, məni həmişə təəccübləndirib.
Bunu, daha əvvəllər
digər böyük bir fikir adamı Natiq Səfərovun
nümunəsində də görmüşdüm. O, nasir deyildi, dilimizə çevirdiyi
say-seçmə sənət
nümunələrinin azərbaycanca
avtoru idi və bir-iki müəllif yazısından
savayı, qəribədir ki, heç nə qələmə
almadı. Onu istəyən və sevənləri qəliz və
anlaşılmaz suallarla baş-başa qoyub çıxıb
getdi... Görünür, onun da yaddaşlarda qalmaq istəyi
sadəcə yazmamaqla imiş... Nə deyəsən, qəribə
şeydi...
Amma o da
var: həmişə diqqətdən kənarda qalmağı
xoşlayan, üzdə olmağı sevməyən Əsgər
müəllimin xeyli təbrik və dost sözü, publisistik
yazı, rəy və resenziyasını oxumuşam və
yaradıcılığının heç də az bir hissəsini
təşkil etməyən bu qism yazılarda hər şeydən
öncə diqqətimi
çəkən onun yüksək əyarlı
fikirləri, təhlilçi mədəniyyəti,
mətnə qeyri-standart yanaşma tərzi olub. Dövri mətbuatda
mütəmadi çap
olunan o yazılar bir
daha göstərir ki, ədəbi
cameədə baş verən yeniliklərdən hamıdan əvvəl
xəbər tutan, cari ədəbi-bədii prosesi qədərincə izləyən
(burda söhbət həm də dünya ədəbiyyatından
gedir) beş-üç nəfərdən biri də odur.
Əksər yaşıdlarından fərqli olaraq mütaliəsindən bir
gün də qalmır...
lll
Hərdən dostlarım
zəng vurur, filan söz nə deməkdi? Məsələn,
rindü-zahid,
aşüftə hal, silsileyi-müşki-tər və
ya bu qəbildən olan onlarca çətinanlaşılan ərəb-fars
mənşəli tərkib... Yaxud kimsə Qədir Rüstəmovun
“Sona bülbüllər”də Seyid Əzimdən
yanıqlı avazla oxuduğu:
Olqara
xalı mənəversələr,
qanıniçərəm,
Neyçün mənzil etmiş
arizi-cananımda?-
misrasının mənasını bilmək istəyir. Gərək
insafla deyəm,
bildiyim, hələ də unutmadığım
şeylər də olur ki, dərhal
cavab verirəm, yox, əksinədirsə, necə deyərlər,
vaxt itirmədən dosta zəng edirəm. O dost da mütləq
Əsgər müəllim olur. Klassik ədəbiyyatı, qəzəliyyat
və muğamı sevən o dostlarım arxayındılar, həm
də tam arxayındılar ki, mənə zəng edəndə
uzağı beş dəqiqəyə suallarına cavab
alacaqlar. Onlar
qiyabi də olsa, çoxdandır Əsgər
müəllimi tanıyırlar, bilirlər ki, belə bir
güvənc yerim var. Çətinə
düşən kimi ən azı onun vasitəsilə bir
çıxış yolu tapacam.
Əslində mənim dosta zəngim kitaba
baxmağım kimi bir şeydi. Amma
heç vaxt, hətta zarafatla da olsa, Əsgər müəllimə
deməmişəm ki, sən canlı ensiklopediyasan. Hərçənd bu
fikirdə həqiqət payı çoxdan çoxdur, nəinki zarafat.
lll
Qələm
dostlarımın çoxunu onunla mən tanış
etmişəm. Bir yerə cəm olmaq ehtiyacı
yaranırsa, mütləq Əsgər müəllimin
başına yığışırıq. Düzü,
buna görə özümü bir az
çəkirəm də. Maraqlıdır ki, Əsgər
müəllimin o dostlara diqqəti heç də məndən
az olmayıb. Ad günlərini məndən dəqiq
bilir, onları məndən əvvəl təbrik edir,
yaradıcılıq uğurlarını qiymətləndirməyi
özünə borc bilir. Əslində, bununla
o, ədəbi tənqidin görməli olduğu işi də
görür.
Onun Ziya
Paşa, Namiq Kamal, Nazim Hikmət, Nəcib Fazil Qısakürək,
Orxan Pamuk, Əlif Şəfəq, İskəndər Pala kimi
onlarca klassik və müasir türk sənətkarının
bədii publisistikası, sənədli nəsri və
romanlarına həsr olunan araşdırmalarında nə qədər
nəzəri-elmi və estetik ümumiləşdirmə, mətnə
yanaşmada ciddi münasibət görmüşəmsə, çagdaş ədəbiyyatımızın
və elmimizin tanınmış simalarından Azər
Abdulla, Ataxan Paşayev, Sona Vəliyeva,
Sabir Bəşirov, Nəriman Əbdülrəhmanlı,
Aqşin Babayev, Tofiq Məlikli, Rüfət Rüstəmov, Məhərrəm
Qasımlı, oxuduğunuz sətirlərin müəllifi və
başqalarının
yaradıcılığı ilə bağlı qələmə
aldığı
çoxsaylı ədəbi-tənqidi yazı, ədəbi portret, rəy
və resenziyada da həmin mənzərənin
şahidi olmuşam. Bu fakt o yazıların sadəcə
bir dost sözü yox, həm də
elmi-ədəbi
baxımdan da olduqca
maraqlı təhlil və
qiymətli araşdırma faktı olduğunu bir daha
ortaya qoyur. Digər tərəfdən,
bununla Əsgər müəllim həm də öz obrazını
yaratmış olur. Bu isə, məncə,
xasiyyət yox, xarakter nümunəsidir.
2007-ci ildə
Azərbaycan nasirlərinin əsərlərindən ibarət toplu Türkiyədə
çap ərəfəsində ikən özünə bir köynək
yaxın bildiyinə görə, məni
çağırıb, öz aramızda qalsın, dedi,bu amanat kitabınızın
çapıüçündü... Dəqiq qənaətimdi
ki, o bunu şan-şöhrət üçün etmirdi.
Əvvəla, onun
“Dörd dördlük” adlanan həmin kitaba tam müəlliflik
haqqı çatırdı. Redaktoru olduğu 312 səhifəlik
kitabın həm də iki dəfə korrekturasını eləmiş,
üstəlik ona türkcə olduqca maraqlı “ön
söz” də yazmışdı.
Toplunun adı da ona məxsus idi... Hiss etdiyim qədər, o
bunu ədəbiyyatımızın, əli respublikamızdan kənarda
çap olunmağa çatmayan dörd nasirimizin Türkiyədə
layiqli şəkildə təmsil olunması naminə
edirdi.
lll
Beləliklə...
Azərbaycan şərqşünaslıq elminin, xüsusən
türkologiyasının
inkişafında əvəzsiz xidmətləri olan
Əsgər Rəsulovun pedaqoji, elmi, publisistik və bədii yaradıcılığı bir
fakt olaraq ortadadır. Hərçənd o mənimçün
bir dost və insan kimi daha ucalarda dayanır. İntəhası
o da faktdır ki, o bu ucalığı məhz sözlə, qələm
və iradə ilə fəth eləyib.
Bu qeydlər
də yaradıcılıq və pedaqoji fəaliyyətinin ən
məhsuldar, ömrünün isə ən kamil
dövrünü yaşayan
etibarlı bir dost qarşısında vəfa borcu deyil, daim bəşəri
dəyərlərlə, yüksək ideallarla yaşayan,
cismində işıq və ürfan daşıyan
düz-dürüst, əməlpərvər bir ziyalımızın, konkret
olaraq isə Əsgər Rəsulovun insanlığına
sayğının, şəxsiyyətinə
ehtiramın sözlə çəkilmiş
eskizindən başqa bir şey deyil.
Bəlkə
də, üç-dörd yaş fərqlə biz bir nəslin
nümayəndəsi sayılmasaydıq, iyirmi yaşdan
üzübəri həmişə gözlərim önündə
olan, bu gün nurlu sifətinə ağ saçlarının
işığı da qarışmış bu ağır taxtalı elm və
mənəviyyat adamının altmış yaşının
tamam olmasına bir az şübhə ilə baxardım. Amma mən
həm də fələk sayanları sayıram axı: dağ
kimi altı
on il artıq arxada qalıb, gerçəkliklə necə
razılaşmaya bilərsən?
İntəhası... Elmi fikir tarixində, say-seçmə sənətkarlar pleyadasında yerin
varsa və onu halal zəhmət, sönmək bilməyən
yaradıcılıq şövqü, iradə və mübarizə əzminlə qazanmısansa, qəm etməyinə
dəyərmi?...
Uca
Allahdan can sağlığı, uzun
ömür, yeni yaradıcılıq uğurları və
işıqlı gələcək
arzusu ilə, dostlar adından:
23. 01. 2014
Əlabbas
525-ci qəzet.-
2014.- 15 fevral.- S.25;31.