uzaqdakı qızılgül
qarşı yalda, qaranlıqda
qara-qara yalquzaqlar...
külək qalxır,
qar tökülür,
canımı alır
sazaqlar...
ayağım altda buz var...
addım atıb,
yıxılıram,
covğunlar məni
aparır...
düşürəm, huşsuz
qalıram.
sübh üzünün
əlvanında,
pöhrə qızılgül
kolu var.
bu bəladan alar məni
nurundan gələn işıqlar...
Qurban
hamının tanıdığı
özüm
elə külünglər
çalır ki,
qəlbimdəki özümün
sıldırım qayalarına
odu gözümdən
çıxır.
qəlbimdəki özüm
qaranlığı işıq
parçalayan tək
parçalayır
hamının
tanıdığı özümü.
hamının
tanıdığı özüm
qurban
olsun
qəlbimdəki özümə...
yağışın gözəli
Allah! üz-gözümə indi
yağır yağışın
gözəli
sanki, şəfəqdən
süzülür –
bir az qəmzəli, məzəli.
mən heç bilmirdim ki, göylər,
mən heç bilmirdim ki, yağış
belə sərin, belə sirli
belə doğma danışarmış.
qəlbimdəki bir aləmin,
bir aləmi.... heç ömrümdə
görmədiyim bir gündədi-
dil açıbdı
pərdə-pərdə.
yağışla danışır
qəlbim
danışır hər işvəsiylə
qəlbim bir nəğmə oxuyur
yağışın sirli səsiylə.
sevgilər
məni uzaq elə, Tanrım!
üstündə nurun olmayan sevgilərdən.
yer üzü indi
iblis sevgilərin əlindədi...
...min illərin o üzündə,
tamahdan doğulan, hiylədən doğulan
kölgə sevgilər,
qurd sevgilər...
balalayır günbəgün,
çoxalır günbəgün...
duman kimi bürüyür hər yanı...
məni uzaq elə, Tanrım!
üstündə nurun olmayan sevgilərdən...
qəlb işıqlarını
bir at kimi
çullayıb mindikcə
dünya malı,
artır insanların
bir- birinə
kin-küdurəti, qəzəbi,
yalanı, nifrəti...
qan axır
dövrün yaralarından...
...nurun azaldıqca Tanrım
gözəllərin, igidlərin
təbəssümündən....
fitnə-fəsad boylanır
onların əməlindən....
qəlb işıqlarının
can verən vədəsidi,
Tanrım!
yağmurlar yıxmış
çiçək
qəlbimin kövrək
yerində
bir kövrək çiçək
boy verir.... qorxa – qorxa...
qalxmaq istəyir, qalxa bilmir...
yıxılır ömrümün
soyuğuna...
yağmurlar döyür
onu....
...ömrüm keçir indi
yer üzündən...
kainatın hansı
yerinin nurudu elə
işıq kimi axır sənin
üz-gözündən?
...sən tək
qalanda...
dünyanın ən sirli duyğuları
dörd yanını alanda...
mənim halımı
ağla...
səni sevirəmmi?
–məni sevirsənmi? – soruşdun məndən....
bunu bilirəmmi? soruşdum özümdən...
bir titrəyiş keçdi, işıqlar axdı
başdan ayağa
bədənimdən....
indiyədək duymadığım
bir nəğmə
dilləndi
göylərin,
qəlbimin dərinindən.....
...görmürsən nə gündəyəm?
bu sualdan sonra
daha özüm deyiləm.....
qarışdım kainata....
indi mənim sözümü
sübh üzü, baharda
narın-narın əsən
meh deyir....
ondan soruş....
arxdakı suyun səsini
eşitmirsən?
ondan soruş....
üfüqdən yeni boylanan Günəş
bu gün nə gözəlləşib...
nədən mənim
bəxtimə
bu sevda belə düşüb?
bu sualı düşüncək,
çəkdiyim ahdan soruş....
ömrüm boyu axtardığım səs
...mən dünyanı....
yeni tanıyan vədə...
...yer üzü ürəyimdə bulaq kimi,
nağıl kimi çağlayan vədə...
bir dəfə
baharın əvvəlində
bir çardaq altında durub
şıdırğı yağışla
çiçəkli bağın
iki aşiq- məşuq kimi
bir-birləriylə gülə-gülə,
sevdalar içində
atılıb düşdüklərinə
baxırdım...
...ağ-çəhrayı alma
çiçəklərindən
süzülən damlalar...
heyran-heyran baxan bir lalənin
ləçəyindən süzüldükcə
ürəyim üzülürdü.....
mən o zaman o yağışın, alma çiçəklərinin
o laləyə dediyi sözləri,
lalənin səsini
eşidirdim....
ömrüm boyu o sözlərin sehri içindəydim....
birdə nə vaxtsa....
o səsi eşidəcəyimi
bilirdim.....
yaman gec gəldin
ah, niyə gec gəldin?
yaman gec
gəldin!
yaş ötdü, qalmadı güman... gec gəldin...
səni tanıyırdım
ömrüm uzunu...
dünyaya göz açdım təbəssümündə.
özünsə, o vədə
yoxdun dünyada
hələ ki, nur idin çiçək
üstündə.
o nura boyanıb ömrüm, üz-gözüm
o nurdu qəlbimin binasın quran
o nurdu dünyada sən yoxkən hələ
ruhumdan ruhun tək qalxan, boylanan...
mən səni axtardım ömrüm uzunu...
nəyi gözəl gördüm, sənə oxşatdım...
həyatda yox idin, qəlbimdə vardın...
hər eşq şeirimdə səni anlatdım...
ah, niyə gec gəldin?
yaman gec
gəldin!
yaş ötdü, qalmadı güman... gec gəldin...
eşq məni qəhr elədi
eşq məni qəhr elədi,
yar mənə rəhm eləmir.
əlində əsiriyəm,
zülm edir, məhv eləmir.
hərdən qıyqacı
baxır,
hərdən də acı baxır
bir kiçik səhvim olsa,
unutmur, əfv eləmir...
özünü mələk
bilir –
buna ki, haqqı da var
neyləyir, düz
eyləyir,
mələklər səhv
eləmir.
halımı görür
özü –
sanki bir röya görür...
bilmir ki, nə gündəyəm?
bəyəm o fəhm
eləmir?
Əhməd bir diqqət elə,
bəs onun istəyi nə?
qurbanı qəbul
etmir,
nə ona sərf eləmir?
sizin dağlar
...sizin dağlar yer üzümü?
havası, suyu ayrıdı...
yolda daşların düzümü,
günəşi, ayı
ayrıdı...
çiçəyinin ətri,
rəngi
dalğa-dalğa dalğalanır...
dörd yandakı ilahilik
sirri kainatdan alır...
ruhunda lalə ruhu var-
sizin dağdakı lalənin...
sözlərindən ətri
gəlir
qızılgülün, nanənin...
sizin dağlar ürəyimdə
ilahi nağıl aləmi...
dindirdin o nağılları
mələklər olur beləmi?...
boynunda var sil-silə*
boynunda var sil-silə
nur verirsən hər telə
ay! nə gözəl
baxdın sən
sevdalı, gülə-gülə
üzündə sirli işıq,
sək-səkəylə qarışıq...
hər qurbana hazıram –
olmayım sənə
aşiq.
ruhun dinir ruhumda,
günah var “günahım”da?
alovuna bələnib
sözüm, səsim,
ahım da.
boynunda var sil-silə
asmısan bilə-bilə?
ha gizlətdim sevdamı
ürəyim verdi ələ....
boynunda var sil-silə..
hər teli gəlib dilə
elə soyuq danışma...
öldürmə bilə-bilə...
____
* xüsusi boyunbağı
adıdır
görmədim səni....
sən bu gün, bal pətəyinə
bənzəyirdin...
gözlərindəki suallar
arılar kimi dolanırdı, dönürdü...
nə gözəl bal daşıyırdı sözlərinə!....
üzündəki işıq
qədimlərdən qədimlərin
babaların,
nənələrin
üzündəki işığa
bənzəyirdi...
bu gün sənin boy-buxunun
bir sirli ağaca oxşayırdı-
boyuna
sarılmışdı
al ləçək dolu, sarmaşıq çiçək....
sübhün şəfəqlərinə
bənzəyirdin...
...özün deyildi
gördüyüm....
bu gün ha baxdım sənə
nəfəsini duysam belə...
görə bilmədim
üz-gözünü...
qəlbinin doğmalığı
qəlbimin sehrində
itirmişdi
sənin üz-gözünü...
qəlbinlə danışırdı
qəlbim....
sən yaranan gün...
mən səni
bilirsən nə vədə görmüşəm
ilk vədə?
sən bu dünyaya gəlməzdən
əvvəl...
mən səndən
bir az əvvəl gəlmişdim
yer üzünə....
kəndinizdə, təpələrin
üstüylə...
ağ bir duman yayılırdı
günəş şəfəqlərinə
nazlana-nazlana.
burum-burum burulduqca
o duman,
sanki bir gözəl boy verirdi,
layların arasından...
təbəssümü yayılırdı
yer üzünə....
bulağın başında,
lilparların arasında
bir sirli çiçək bitmişdi....
muştuluğu vardı, xəbər gətirmişdi....
bulaqdakı su
elə doğma güldü ki, üzümə...
bir əlçim meh, nəsə dedi
badam ağacının
yarpaqlarına...
anlaya bilmədim.....
bir dərənin başında, bir söyüd
ipək budaqlarını
çırpdı üzümə,
dayan! dedi
sənin mehribanlığınla
oxşadı üz-gözümü....
ağ buludların keçdiyi
günəşli, gömgöy səma
elə diqqətlə baxırdı ki, mənə...
göy üzündən yerə yağan
nur idimi, məlakələr idimi,
quşlar kimi
dövrə vururdular ətrafımda.....
hərdən
elə doğma külək əsirdi ki...
sənin indiki baxışların
yaylım-yaylım,
çəhrayı qarışıq ağ çiçəklər kimi baxırdı
bir alma ağacının yaxasından...
mən
bulud-bulud qarışırdım kainata...
üzünü görmədim illər uzunu...
qəlbimdə bir kövrək tel dindi hərdən....
...bilirsən nə qədər
soyuq keçdi ömrüm?...
sənimi gözləyirdim
bu uzun illər?....
sənin anan
səni dünyaya gətirməzdən əvvəl...
Əhməd Qəşəmoğlu
525-ci qəzet.-
2014.- 15 fevral.- S.29