Paşa
Cavanşir
Yusifli
Bu
yazını yazmaq fikrinə düşəndə
başlıq haqqında bir elə düşünmədim,
dostum Paşanın adı çox şeydən xəbər
verir; bəzi dostları ona Paşa, bəziləri Kərimov,
bəziləri isə sadəcə "Paşa müəllim"
deyə müraciət edirlər. Paşanın
55 yaşı tamam oldu. Yaradıcılığa şeirlə
başlayan, ancaq şeirdən tez bir zamanda vaz keçib gizli
şairliyi seçdi, həm də, bəlkə də şeir
yox, poeziya, şairlik müqəddəsdir, elə bir şeydir
ki, gizlində
olduğu üçün onu qaralamaq, şərləmək və
.... çərlətmək olmur. Paşa özünün olan şeylərdən
başqaları üçün çox asanlıqla vaz
keçə bilən adamdır, bu şəxsən mənə
çox dəhşətli təsir edir, necə yəni, kimsə
sənə doğru gəlir ki, əlindəkinə sahib olsun,
sənsə onun bir nəfəs məsafəsinə
çatmamış əlindəki görünən yerə
tullayırsan.
Bəzən
haqq qazanır insan öləndə...
Paşanın
atasının yazdığı bu misralar təkcə adi
şeir misrası deyil, həyatın elə bir faktıdır
ki, onun üstündən keçmək, çoşmaq, pafos
nümayiş etdirmək olmur. Paşanın
atası pafosu sevmirdi. Paşa Allahı da
pafosla sevən insanları dərhal bağışlayır, nəyi
var tez bir zamanda əta eləyir ki, bu adamlar Allahdan
küsüb bütün bəşəriyyətə
düşmən kəsilməsinlər.
Sənin
qiymətini vermirlər, olur,
Onu bəxş
edirlər bir qeyrisinə,
Həmin
qeyrisi də bu qiymətini
Bir rişxənd halında qaytarır sənə.
Ürəyim
sakitcə-sakitcə deyir:
Onun
rişxəndi də özünün deyil...
Görkəmli
adamları adi təbrik formatında bir qayda var: əsərlərinin
adlarını çəkməlisən, gördüyü
işləri sadalamalısan, yazdığı məqalə və
kitabları önə çıxarmalısan. Ancaq
bu görkəmli elm və ya sənət adamının
çəkdiyi əzablar, daddığı sevinclər,
möhnət, həm də əlacsız qalıb əyninə
köynək əvəzi geyindiyi möhnət kadr arxasında
qalır. Vaxtilə Paşa Orham Şaik Gökyaydan bir məqalə
tərcümə etmişdi: sehrli köynəklər. Fakt orta
əsrlərə aid idi, şahlar bu köynəyi geyinirdilər,
o ümidlə ki, o köynəyə nizə, ox, qılınc
batmasın. İndiki dövrdə bu sehrli
köynəyin yerini alimin tərtib etdiyi, yazdığı
kitablar tuta bilər. Ancaq indi "filoloji bazara"
baxdıqda bu köynəyin süzüldüyünün
şahidi oluruq, yəni buna ox da hədərdir, özü
süzülüb düşəcək... Paşa uzun illərdir
(1982-ci ildən bu günə qədər) bir sıra mənbələri
hazırlayıb, çap etdirib, o ümidlə ki, Azərbaycan
ədəbiyyatı tarixi mükəmməl biçimli olsun,
zəngin faktlara əsaslansın, çünki ədəbiyyat
tarixi konsepsiyası göydəndüşmə bir şey deyildir,
millətin ədəbi zövqünü formalaşdıran mənbələrin
içindəki mahiyyətdən irəli gəlir. Etiraf etmək
lazımdır ki, bizim hazırkı ədəbiyyat tariximiz bu
prinsiplərin heç birinə əsaslanmır, yaxud cavab
vermir (müəlliflərsə bunun fərqində belə
deyillər, çünki bilmədikləri şeyin fərqində
olmaq anormallıq olardı) ortada konsepsiya yoxdur, şair və
yazıçıların ixtiyari
ardıcıllığından ibarətdir, kombinasiya var,
konsepsiya yoxdur, ədəbi inkişaf və təkamülü
şərtləndirən, onun perspektivini göstərən
amillər yoxdur. Bunun üçün isə ilk
növbədə faktlar aşkara
çıxarılmalıdır, mətnlər çap edilməlidir,
ən əsası isə bu fakt və mənbələri
ümumiləşdirə bilən beyinlər, təfəkkür
olmalıdır. İndiki halında klassik ədəbiyyatı
qoyuram bir kənara, heç sovet dövrü ədəbiyyatının
analitik şərhi yoxdur. Dönüb deyə
bilərsiniz ki, düz demirsən, filan-filan kitablar
çıxıb, onları filan yerlərdə müzakirə
ediblər, haqqında gülü burnunda yazılar yazıblar.
Bəli, düz deyirsiniz, gülü burnunda... Mən o
kitabları oxuya bilmədim, içindəki səfsəfəyə,
faktları çeynəyib, şişirtdiyinə və sair və
ilaxır xüsusiyyətlərinə görə... Bariz nümunə kimi, yaxınlarda XIX əsr ədəbiyyatının
aqoniya olması, buna verilən cavablar və ortadakı kədərli
çaşqınlıq göstərilə bilər.
Bax, bu məsələlərin həll edilməsi
üçün Paşa çox işlər görüb. Paşa, bəri başdan
deyim ki, hələ ilk gənclik illərindən dünya ədəbiyyatını,
onun dönüş və təkamül mərhələlərini
çox gözəl şəkildə mənimsəmiş, az sayda olsa da yazılar yazmış, erudisiya və
biliyi ilə auditoriyanı sözün əsl mənasında
heyrətləndirmişdi. Yadınızdadırsa, Frans
Kafkanın "Qəsr" romanı "Zarubejnaya
literatura" jurnalında çap ediləndən sonra onu
oxuyan və haqqında çox maraqlı bir esse yazan da
Paşa olmuşdu. Bu misalları çəkməyə
də bilərdim, ancaq sən milli ədəbiyyatın normal
tarixi haqqında düşünürsənsə dünya ədəbiyyatını,
buradakı keçid mərhələlərini bilməlisən.
Və belə olmadığı
üçündür ki, bizdə tipologiya və genezis məsələsində
həmişə çaşqınlıqlar olmuşdur. Yəni, Azərbaycan ədəbiyyatının normal
tarixini yaza bilmək üçün sən dünya ədəbiyyatının
da bilicisi olmalısan. 60-cı illərdə
yazılmasına baxmayaraq, Əli Sultanlının "Azərbaycan
dramaturgiyasının inkişaf yolları" monoqrafiyası bu gün də
maraqla oxunur. Əli Sultanlı sıradan bir tədqiqatçı
deyildi. İndi
klassik ədəbiyyat haqqında elə gülməli
yazılar peyda olur ki, özünü sıxıb
saxlayırsan ki, müəllif əsərinin şedevr
olması fikrindən qəti olaraq daşınmasın.
Ancaq bir az keçir, bu yazıları elə
təbliğ edirlər ki, mat-məəttəl
qalırsan. Bilmirəm bunu necə
deyim ki, heç kəsin xətrinə dəyməsin: səfehlik
də bir məziyyətdir.
Paşanın
həyatı, taleyi, elmi yaradıcılığında elə
dönəmlər var ki, bəzən, bəzi məqamlarda
yaradıcılığın həyata, yaxud əksinə həyatın
yaradıcılığa çevrildiyini bir anlığa
unudursan, o mənada ki, tariximizin müxtəlif səhifələri
arasında ovulub külə dönmüş mətləblər
dirilir, insan bəzən o məqamların içində
yaşamaq istəyir, o mətnləri qələmə alan
katibin dizinin yanında olmaq istəyir.
Paşanın bu taleyinin izləri atasının ona həsr
etdiyi şeirlərdə də mövcuddur.
Dostumla
bayaqdan bir qoca haqda
Yenə nə bilirik deyirik bir-bir.
Oğlumun
çərtdiyi rəngli karandaş
Bizim kəlmələri göydə dənləyir.
Paşa Əlioğlu 1991-ci ildə " Qövsi Təbrizi "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, əlyazma abidələrimizin mahir və məhsuldar tədqiqatçısı kimi tanınmışdır. Paşa Kərimov Əlyazmalar İnstitutunda, dünyanın müxtəlif əlyazma xəzinələrində saxlanan onlarla əlyazmalarımızı aşkar edərək araşdırmış, kitab halında geniş ön sözlə çap etdirmiş, yazılı abidələrimizin tədqiqinə monoqrafiyalar, həm də xarici ölkələrdə işıq üzü görmüş çoxsaylı məqalələr həsr etmişdir. Rəsmi informasiyada açıqlanır ki, "... İlk dəfə olaraq XVI-XVII əsr şairlərimiz Yusif bəy Ustaclu, Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Məczub Təbrizi, Təsir Təbrizi və başqalarının türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra digər abidələrimizi çap etdirmişdir.
P.Kərimov Əlyazmalar İnstitutunda işlədiyi müddətdə xarici ölkələrin kitabxana və muzeylərində saxlanan yazılı abidələrimizin surətlərinin əldə edilməsinə xüsusi fikir vermiş, yüzlərlə əlyazmamızın surətinin çıxarılaraq tədqiqata cəlb edilməsinə nail olmuşdur..."
Onun ölkəmizə gətirdiyi, tədqiqata cəlb etdiyi yazılı abidələrimizin köməyi ilə tariximiz, ədəbiyyat, dil və mədəniyyət tariximiz barəsində yeni söz demək mümkün olmuşdur. P.Kərimovun "Əlican Qövsi Təbrizi "Divanı"ının tekstoloji tədqiqi", "XVII əsr anadilli Azərbaycan lirikası", "XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret oçerklər)", "Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı" monoqrafiyaları, ölkəmizdə və xaricdə çap edilmiş çoxsaylı məqalələri araşdırılan əlyazma materiallarının coxluğu, elmi-nəzəri səviyyəsinin yüksəkliyi ilə diqqətimizi cəlb edir. 2013-cü ildə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı"na layiq görülübdür.
Məncə, mənim sadalamadığım nəşrləri də nəzərə alsaq, bu qədər işlər görən insana, filoloqa ən azı təşəkkür düşür.
Paşa
525-ci qəzet.-
2014.- 18 fevral.- S.7.