Düsen Kaseinov:
"Azərbaycan TÜRKSOY-da yüksək
səviyyədə fəallığı ilə seçilir"
Müsahibimiz Beynəlxalq Türk
Mədəniyyət Təşkilatı
- TÜRKSOY-un baş katibi
Düsen Kaseinovdur. Qeyd edək ki, bu
günlərdə qurum
rəhbəri Bakıda
səfərdə olub
və ona
"TÜRKSOY-un 20 illiyi" yubiley medalı təqdim edilib. D.Kaseinov öncə bu il üçün TÜRKSOY-un yeni
layihələrindən danışıb:
- TÜRKSOY ənənəvi
olaraq hər ili türk
xalqının görkəmli
şəxsiyyətlərinin, yubileyləri qeyd olunan məşhur ədəbiyyat, mədəniyyət
xadimlərinin şərəfinə
onların adı ilə adlandırır. Təşkilatın 20 illik
yubileyi çərçivəsində
ötən il oktyabrın 3-də Ankarada
üzv ölkələrin
mədəniyyət nazirlərin
iştirakı ilə
keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında 2014-cü ili
"Türkmən şairi
Məhdimqulu ili" və "Qırğız
şairi Toktoqul ili" elan etmişik. Bu il
Məhdimqulu Fəraqinin
290 illiyi qeyd olunacaq. Onun yaradıcılığı türkmən ədəbiyyatında
mühüm mərhələ
hesab olunur. Eyni zamanda görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək.
Yanvarın sonundan TÜRKSOY-un Ankaradakı qərargahında
hər iki şəxsiyyətin xatirə
ilinə start vermişik.
Bundan başqa,
bizim digər ənənəvi tədbirlərimiz
var. Bildiyiniz kimi, artıq üçüncü
ildir ki, "Türk dünyası mədəniyyət paytaxtı"
layihəsi həyata keçirilir. Birinci dəfə Astana, ötən
il Əskişəhər
paytaxt seçildi. Bu il isə
Tatarıstanın Kazan şəhəri
türk mədəniyyətinin
paytaxtı olacaq. Üzv ölkələrdən
mədəniyyət xadimləri,
şairlər, yazıçılar,
teatr kollektivləri, rəssamlar il
ərzində Kazanda bir araya gələcəklər.
Artıq
açılış təqvimi
də bəllidir.
Biz "Türk dünyası mədəniyyət
paytaxtı" layihəsini
bahar bayramımız olan Novruzda yekunlaşdırıb,
növbəti paytaxt ilinə başlayırıq.
Ona görə də builki Novruzda hər kəsi Əskişəhərə dəvət
edirik. Martın sonlarında Əskişəhərin
paytaxt statusu bitir və estafeti
Kazan qəbul edir.
Bu mərasim isə
aprelin 26-da baş tutacaq.
- Ötən il
TÜRKSOY-un da təşkilatçısı
olduğu bir yeni mədəniyyət layihəsi - "Türkvizyon"
mahnı müsabiqəsi
ilə yekunlaşdı.
Tədbirin təşkilatçılığı
və ümumi nəticələr sizi nə dərəcədə
qane etdi?
- Bu müsabiqə bizim çoxdankı istəyimiz
idi və bununla bağlı fikirlər uzun müddət idi, səslənirdi. Nəhayət, biz bu tədbiri
reallaşdıra bildik
və sevindirici haldır ki, müsabiqə "Türk
dünyası mədəniyyət
paytaxtı" Əskişəhərdə
baş tutdu. Hesab edirəm ki, layihənin yüksək səviyyədə gerçəkləşməsi
üçün təşkilatçılar
əllərindən gələni
etdilər. Əlbəttə, təşkilatçılıq çox mürəkkəb
bir prosesdir. Düşünürəm ki, tədbirdə
bəlkə də təcrübə kifayət
deyildi. Amma onun televiziya
ilə birbaşa yayımı da göstərdi ki, təşkilatçılıq yüksək səviyyədədir.
Müəyyən çatışmazlıqlar
isə bu il Kazanda
keçiriləcək növbəti
müsabiqədə aradan
qaldırılacaq.
-
TÜRKSOY ənənəvi olaraq türkdilli xalqların şairlərini,
rəssamlarını, teatr
xadimlərini, opera sənətçilərini
bir araya gətirir, təcrübə
mübadiləsi məqsədilə
layihələr gerçəkləşdirir.
Bu il hansı
yeniliklər gözlənilir?
- Artıq bizim coğrafiyamız genişlənir.
Əgər əvvəllər
tədbirlər Türkiyədə
keçirilməklə məhdudlaşırdısa,
amma indi başqa türkdilli ölkələr də mühüm layihələrimizə
ev sahibliyi
edirlər. Artıq bizim ölkələrin
vilayət mərkəzlərində
təşəbbüslər qaldırılır, insanların
böyük hissəsi,
təşkilatlar bizimlə
birgə işləmək
istəyirlər. Məsələn,
bu il
Azərbaycan Bəstəkarlar
İttifaqının 80 yaşı
tamam olur və Qazaxıstan musiqiçiləri də bu tədbirə hazırlaşır. Onlar öz
repertuarlarına Azərbaycan
bəstəkarlarının əsərlərini daxil ediblər. Qazaxıstan Bəstəkarlar İttifaqı isə 75 illiyini qeyd edir.
Öz növbəsində Azərbaycan
ifaçıları da
öz repertuarlarına
qazax musiqi nümunələrini daxil
ediblər. 2014-cü ildə
də qazax operası "Birjan və Sara"nın
müxtəlif ölkələrdə
nümayişi davam edəcək. Vaxtilə biz "Koroğlu" operasını da öz ölkələrimizdə
nümayiş etdirirdik.
Opera Qırğızıstanda - Bişkek Opera və Balet Teatrında səhnələşdirilmişdi, "Birjan və Sara" isə ötən il Türkiyədə
- Samsun Opera Teatrının ifasında təqdim olundu.
Bundan başqa, bu il də
türkdilli ölkələrin
şairlərinin müsabiqəsi
olan "Ak torna" ("Ağ durna") layihəsi davam edəcək. Həmçinin Qazaxıstanın Qızılorda şəhərində
Dədə Qorquda həsr olunmuş böyük konfrans keçiriləcək. Qazaxlar hesab
edirlər ki, məhz Dədə Qorqudun qəbri bu torpaqdadır. "Məhdimqulu ili"
ilə əlaqədar
olaraq şairin həyat və yaradıcılığına həsr
olunan tədbirlərdən
biri də Azərbaycanda gerçəkləşəcək.
Bu il Novruz
bayramı ilə bağlı yenidən Vaşinqtonda tədbirimiz olacaq. Biz oraya
musiqiçiləri, ifaçıları
aparacağıq. Bu tədbir artıq bir neçə ildir ki, Vaşinqtonda
yüksək səviyyədə
keçirilir.
Onu da qeyd edim ki, Azərbaycan TÜRKSOY-da yüksək səviyyədə fəallığı ilə seçilir. 2013-cü ildə TÜRKSOY-un 20 illik yubileyi dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edildi. Həmçinin Parisdə, Strasburqda, Astanada və digər şəhərlərdə yubiley tədbirlərimiz oldu. Bu tədbirlər çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri, məsələn, "Arşın mal alan"ın 100 illiyi geniş qeyd edildi. Var qüvvəmizlə mədəniyyətimizi təkcə öz ölkələrimizdə deyil, bütün dünyada təbliğ etməyə çalışırıq. Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Eyni kökdən qaynaqlanan müştərək mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu təbliğ edirik. Bu, birgə əməyimizin nəticəsidir. Ona görə də TÜRKSOY-un medallarına layiq görülən hər kəsi təbrik edirəm.
TÜRKSOY-a "Türk mədəniyyətinin hamisi" mükafatının verilməsinə gəlincə, təqdimat mərasimində də məlumat verildiyi kimi, 2013-cü ilin əvvəlində "Türküstan" qəzeti və "Ortaq Dəyərlər" İctimai Birliyinin təşkilatçılığı ilə "Türk dünyasına xidmət" devizi altında rəy sorğusu keçirilib. Məqsəd türk dövlətləri və toplumları arasında yaxınlaşma və inteqrasiya prosesinə ictimai dəstək vermək olub. Sorğunun yekunlarına görə türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə nominasiyası üzrə UNESCO ve İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və TÜRKSOY təşkilatı "Türk mədəniyyətinin hamisi" ödülünə layiq görülüb. Sevindirici haldır ki, sorğuda iştirak edənlər TÜRKSOY təşkilatının türk mədəni irsinin qorunması, dünyada təbliği sahəsində davamlı xidmətlərini qeyd ediblər. Türk coğrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyat adamlarının əsərlərinin nəşri, rəssamların dəstəklənməsi, xüsusilə BMT qərargahında türk dünyasının ortaq bayramı olan Novruz şənliyinin keçirilməsi TÜRKSOY-un fəaliyyətində böyük rəğbətlə qarşılanan hadisələrdir. Mükafata görə öz təşəkkürümü bildirirəm və əminliklə deyirəm ki, TÜRKSOY ailəsi bundan sonra da ona göstərilən etimadı doğrultmağa çalışacaq.
Pərvanə
525-ci qəzet.- 2014.- 18 fevral.- S.4.