Vida sözü
Azərbaycan ədəbi-elmi ictimaiyyətinə
ağır itki üz verib. Tanınmış
alim, yazıçı-tərcüməçi,
Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü,
filologiya elmləri doktoru, professor Zeydulla
Abdulla oğlu Ağayev
uzun sürən xəstəlikdən sonra ömrünün 69-cu ilində
vəfat edib.
Zeydulla Ağayev 1945-ci il
martın 2-də Masallı
rayonunda anadan olub. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Pedaqoji Xarici dillər İnstitunun İngilis dili fakültəsinə daxil olub. Ali məktəbi
bitirdikdən sonra əmək fəaliyyətinə
institutda başlayıb,
orada çoxtirajlı
"Bilik" qəzetinin
redaktoru olub. Zeydulla Ağayev mətbuatda həm öz orijinal nəsr əsərləri, həm
də ingilis dilindən etdiyi tərcümələri ilə
çıxış edib.
Azərbaycan oxucusu onun tərcüməsində
C. London, A.Konan Doyl, T.
Drayzer, E. Sinkler, E. Heminqvey, C. Sommerfild, S. Moyem, A. Əzimov, A. Levin və başqalarının
roman, povest və hekayələri ilə tanış olublar. O, həm də "Müasir Azərbaycan nəsri"ni ingiliscəyə
çevirmiş ilk bədii
tərcümə sənətkarlarından idi. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının
bir sıra hekayələrini ingilis dilinə çevirmiş və çap etdirmişdi.
Zeydulla Ağayev bir sıra nəsr kitablarının da müəllifidir: onun qələmindən çıxan
"Məhəbbət nəğməsi",
"Beş günün
intizarı", "Yenilməzlik",
"Dünyanın düz
vaxtı" və s.
kitablarında təqdim
olunmuş roman, povest və hekayələri oxucular böyük maraqla qarşılayıblar.
Bu əsərlərdə qoyulan problemlər indi də öz
aktuallığını itirməyib.
Z. Ağayev Azərbaycan-ABŞ
ədəbi əlaqələrinin
ardıcıl tədqiqatçılarından
idi;onun Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq
və başqa yazıçılarla məktublaşması
haqqında müxtəlif
məqalələri, 1989-cu ildə Nyu-York şəhərində görkəmli
fantast yazıçı Ayzek
Əzimovdan aldığı
müsahibə respublika
mətbuatında dərc
olunmuşdu. Erməni
militarizminin iç üzünü tutarlı
faktlarla ifşa edən "Erməni genosidi" kitabı da Z. Ağayevin rəhbərliyi ilə ingilis dilindən tərcümə edilib keçmiş SSRİ məkanında
yayılmışdı.
Zeydulla müəllimin
1990-cı ildə "Yazıçı"
nəşriyyatında nəşr
etdirdiyi müasir Amerika yazıçısı
Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımız
tarixində birbaşa
ingilis dilindən tərcümə edilmiş
ilk romandır.
Z. Ağayev Azərbaycan
Dövlət Dillər
Universitetində elmi işlər üzrə prorektor, Ədəbiyyat tarixi kafedrasının müdiri vəzifələrində
çalışıb. 1980-ci ildə namizədlik,
1997-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, bir monoqrafiya, 70-ə yaxın elmi, yüzdən çox publisistik məqalənin müəllifidir. Onun yüzlərlə
tələbəsi, onlarla
dissertantı olub.
O, Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü,
"Qızıl qələm"
mükafatı laureatı
idi. Zeydulla müəllim iki il ABŞ-da
elmi ezamiyyətdə olmuş, Vaşinqton və Kaliforniya ştatlarının universitetlərində
çalışmışdı. O, Azərbaycan və ABŞ arasında ədəbi əlaqələrin möhkəmləndirilməsində
fəaliyyətinə görə
ABŞ-ın Luiziana ştatının Fəxri
vətəndaşı adına layiq görülüb.
Zeydulla müəllim səmimi insan, xeyirxah dost, mehriban, qayğıkeş
ailə başçısı
idi. Tanınmış ziyalı, alim,
istedadlı yazıçı
və tərcüməçi
Zeydulla Abdulla oğlu Ağayevin unudulmaz xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaq.
Allah rəhmət eləsin.
Dostlarından bir qrupu
525-ci qəzet.- 2014.- 18 fevral.- S.2.