Yalan, aldatma, məkr və hiyləgərlik

 

 

   İsaak dedi ki, bir qədər ət gətir, xörəyi yedikdən sonra sənə xeyir-dua verəcəyəm. Bir qədər sonra Ceykob atasına yaxınlaşıb onu öpəndə, İsaak onun paltarının qoxusunu aldı və nəhayət, ona öz xeyir-duasını verdi. Əlavə etdi ki, sən bütün qohumlarını idarə edə biləcəksən və ananın törəmələri sənin qarşında təzim edəcəklər. Səni lənətləyənlər lənətə gələ və sənə xoşbəxtlik arzu edənlər xoşbəxt ola bilərlər.

İsaak xeyir-duasını bitirdikdən sonra Esey ovdan gəlib çıxdı. Baş verənlər barədə eşitdikdə bərkdən ağladı və atasından ona xeyir-dua verməyi xahiş etdi. İsaak cavabında dedi ki, qardaşın gəlib məni aldatdı, sənin xeyir-duanı özünə götürdü. Esey dedi: “Bu ikinci dəfədir ki, o, məni aldadır, bu heç də təəccüblü deyildir ki, onun adı Ceykobdur (Bu söz yəhudi dilində “aldatma” sözü kimi səslənir). O, ilk doğulan oğul kimi mənim hüquqlarıma yiyələndi, indi isə mənə çatacaq xeyir-duaya sahib çıxdı.

Atası ona dedi ki, artıq onu sənin ağan etmişəm. İndi heç nə qalmamışdır ki, sənin üçün də edim.

Esey Ceykoba nifrət edirdi, çünki xeyir-dua ona verilmişdi. Ona görə də atasının ölümü ilə əlaqədar olan matəmdən sonra onu öldürməyi qət etdi. Rebekka Eseyin planından agah olduqda Ceykobu öz qardaşı Labanın yanına göndərdi. Ana hər iki oğlunu eyni gündə itirmək istəmirdi.

Ceykob ora gələndə Labanın qızı Raxelə vuruldu. Dayısının iki qızı vardı, böyüyü Lea, kiçiyi isə Raxel idi. Raxel olduqca gözəl idi. Ceykob ona evlənmək istədikdə,  atası toydan sonra gecə onun yanına Leanı gətirdi və o, gəlinlə adəti qaydada davrandı. Səhəri gün Ceykob aldadıldığından hali oldu. Bir həftə sonra atası Raxeli də ona verdi. Lakin Raxelin uşağı olmurdu. Leanın isə ilk oğlu Reybek dünyaya gəldi, sonra isə ikinci oğlu Simeon doğuldu. İsaakın Raxelin kənizi Bilhadan da Den adlandırılan oğlu oldu. Nəhayət, Allah Raxeli də yada saldı, onun İosif adında oğlu oldu.

Bir adam Ceykobun yanına gəlib onunla güləşdi. Məğlub olmadığını görüb bu vaxt onun buduna bir təpik vurdu və Ceykob bundan daim axsamağa başladı. Ceykob onun adını soruşduqda, bunu demək istəmədi. Sonra o, Ceykoba xeyir-dua verdi və dedi ki, sənin adın artıq Ceykob olmayacaqdır. Sən Allahla və adamlarla mübarizə apardın və qalib gəldin. Beləliklə, sənin adın İsrael olacaqdır. Bu ad yəhudi dilində “O, Allahla mübaizə aparır” kimi səslənir.

Bir müddət sonra Labanın oğlanları da şikayətlənirdi ki, atalarına məxsus olan hər şeyi Ceykob ələ keçirdi, atamızın var-dövləti onunku oldu. Bu vaxt Sahib Ceykoba dedi ki, “öz atanın və qohumlarının torpaqlarına qayıt. Mən həmişə səninlə olacağam”. Ceykob dayısı qızları olan öz arvadlarına dedi ki, atanız məni aldadır, on dəfə mənim maaşımı dəyişib, azaltmışdır. Lakin onun mənə xətər toxundurmasına Allah imkan vermədi, çünki atamın Allahı mənimlədir. Arvadları Lea və Raxel də ona bu var-dövləti halal etdilər və bunu belə əsaslandırdılar ki, Allahın atamızın əlindən aldığı bütün sərvət bizə və bizim uşaqlarımıza məxsusdur. Laban Ceykobla saziş bağlamağa məcbur oldu.

Raxelin ikinci hamiləliyi çətin keçirdi, o, ikinci oğlunu doğdu, atası onu Bencamin adlandırdı. Sonra Raxel öldü.

Ceykobun aldatmalar seriyası öz taleyinə aid məsələ olduğundan, yalnız başqalarının mənafelərinə bir qədər zərbə vurmuşdu, lakin heç kəsin qanının tökülməsinə və ya hansısa bir qanlı hadisəyə səbəb olmamışdı. Onun ilk arvadı Leadan və kənizlərindən olan oğlanları isə məkrli hərəkətləri ilə qan axıdılmasına, bir tayfanın bütünlüklə məhv edilməsinə səbəb oldular. Raxeldən olan oğlanları İosif və Bencamin isə belə cinayətlərdə heç vaxt iştirak etməmişdilər.

Ceykobun Leadan olan qızı Dina Xana

anlı bir qadına qonaq gedəndə, Hivit tayfasının başçısı Hamorun oğlu Şexem qızı görüb, özüylə apardı və onu zorladı. Lakin qız o qədər cazibədar idi ki, oğlan ona vuruldu və onun məhəbbətini qazanmağa cəhd etdi. Qızın atasına isə dedi ki, onu özümə arvad almaq istəyirəm.

Ceykob qızının ləyaqətinin təhqir edildiyini eşidəndə, oğlanları çöldə mal-qaranın yanında olduğuna görə, onlar gələnə qədər heç nə etmədi. Şexemin atası Hamor Ceykobla danışıq aparmağa gəldi, bu vaxt onun oğlanları da çöldən qayıtmışdılar. Onlar bu hadisəni eşitdikdə qəzəbləndilər, çünki Şexem Ceykobun qızını zorlamaqla İsrail xalqını təhqir etmişdi. Hamor oğlunun Dinaya evlənməsinə razılıq verməyi xahiş etdi və əlavə etdi ki, bu bizim xalqla sizin aranızda qız alıb-vermək ənənəsini yaradacaqdır. Nə arzu etsəniz, onu edəcəyik, sərbəst ticarət apara biləcəksiniz.

Şexem də qızın atasına və qardaşlarına xahiş etdi ki, mənə bu yaxşılığı edin və siz nə istəsəniz, onu sizə verəcəyəm. Yalnız qoyun, mən onunla evlənim. Ceykobun oğlanları ona və atasına aldatma qaydasında cavab verdilər, dedilər ki, “biz razılaşa bilmərik ki, bacımız sünnət olunmamış adama ərə getsin. Bu bizim üçün biabırçılıq olardı. Biz yalnız o vaxt razılıq verə bilərik ki, sizin tayfadakı bütün kişi cinsindən olanlar da sünnət olunmaqla bizə bənzəsinlər. Onda biz qarşılıqlı nikahlara razılıq verərik. Biz sizin aranızda məskunlaşar və sizinlə bir xalq olarıq. Lakin əgər siz bizim şərtlərimizi qəbul etməsəniz, biz qızımızı götürüb, buranı tərk edəcəyik”.

Bu şərtlər Hamora və onun oğluna yaxşı olan kimi göründü. Şexem qıza vurulduğuna görə vaxt itirmədən həmin tələbi yerinə yetirmək istəyirdi. Hamor və oğlu öz həmşəhərliləri ilə danışdılar. Qoy biz onların qızlarına evlənək və öz qızlarımızı onlara ərə verək. Bircə şərtlə ki, bizim bütün kişi cinsindən olanlara sünnət edilməlidir. Çünki onlar sünnət olunmuş adamlardır. Bütün sakinlər Hamorun və oğlunun təklifi ilə razılaşdılar və şəhərdə kişi cinsindən olanların hamısına sünnət edildi.

Üç gün sonra adamlar hələ sünnət əməliyyatından yaralı olan vəziyyətdə, Dinanın qardaşları Simeon və Levi qılınclarını götürüb, heç bir şübhə yaranmasına imkan vermədən Hamorun şəhərinə gəldilər və onun özü və oğlu Şexem də daxil olmaqla bütün kişi cinsindən olanları qətlə yetirdilər. Sonra Dinanı Şexemin evindən götürüb, şəhəri tərk etdilər. Qırğından sonra Ceykobun digər oğlanları öz bacılarının biabırçılığına görə intiqam almaq üçün şəhəri qarət etdilər. Onlar mal-qara sürülərini, şəhərdə və tarlalarda qiymətli olan nə vardısa, hamısını apardılar. Onlar qadınları və uşaqları əsir götürdülər, onların evlərindəki hər şeyi soyğunçuluğa məruz qoydular.

Ceykob Simeona və Leviyə dedi ki, siz mənə bədbəxtlik gətirdiniz, indi hər kəs mənə nifrət edəcəkdir. Əgər onlar birləşib mənə hücum etsələr, bütün ailəmiz məhv olacaqdır. Onlar isə cavabında dedilər: Biz qoymarıq ki, bacımızla adi fahişə kimi davransınlar.

 Ceykobun böyük oğlanları təkcə Livit tayfasına qarşı etdikləri cinayətlə, şəhərin əhalisini qırmaq və soyğunçuluğa məruz qoymaq kimi dəhşətlərlə kifayətlənməyib, anadan ögey olan öz qardaşları İosifə qarşı da cinayət işlətməkdən, onu yadlara satmaq kimi bir xəyanətdən də çəkinmədilər. İosif bir gecə gördüyü yuxunu qardaşlarına danışanda, onlar ona daha çox nifrət etməyə başladılar. Atası sevimli arvadından olan və xüsusi olaraq əzizlədiyi oğlu İosifi çöldə sürüdən muğayat olan qardaşlarının yanına göndərdi. Onlar kiçik qardaşlarını hələ uzaqdan görüb, ona qəsd hazırlamışdılar, onu öldürməyi qərara almışdılar. İstəyirdilər ki, onu öldürüb, cəsədini quru quyulardan birinə atsınlar. Sonra deyə bilərdilər ki, onu yırtıcı vəhşi heyvan öldürdü. İstehza ilə deyirdilər ki, görən indi onun yuxuları nəyə çevriləcəkdir. Reybek adlı böyük qardaş İosifi xilas etməyə çalışaraq dedi ki, gəlin onu öldürməyək, kimsəsizlikdəki quyuya ataq, ancaq ona xətər toxundurmayaq. O, İosifi qardaşlarından xilas edib geriyə, atasının yanına göndərməyi planlaşdırırdı. İosif qardaşlarının yanına gəlib çatdıqda, onu bəzəkli əbasını cırdılar, sonra isə özünü quru olan quyuya atdılar.

Onlar oturub çörək yedikdə, qəflətən Misirə səfər edən işmayelitləri gördülər. Bu tacirlərin dəvələri ədviyyat və qətranla yüklənmişdi. Qardaşlardan Cuda adlısı o birilərinə  dedi ki, öz qardaşımızı öldürməkdən nə əldə edəcəyik, həm də üstümüzə qatil adı töküləcəkdir. Gəlin onu İşmayelitlərə sataq. Belə olsa, biz ona xətər toxundurmayacağıq, hər şeydən əvvəl o, bizim qardaşımızdır, bizim canımızdan və qanımızdandır. Qardaşlar bu təkliflə razılaşdılar. Tacirlər yaxınlaşdıqda, onlar İosifi quyudan çıxarıb, onu iyirmi parça gümüşə satdılar, işmayelitlər isə onu Misirə apardılar.

Sonra qardaşlar keçini öldürüb, İosifin əbasını qana buladılar və əbanı gətirib atasına verib dedilər: “Biz bunu tapdıq. Bu sənin oğluna məxsusdurmu?”

Ata əbanı tanıdı və dedi: “Hə, bu onunkudur. Hansısa vəhşi heyvan onu öldürmüşdür. Mənim oğlum İosif parça-parça edilmişdir!” Ceykob qəm-qüssədən paltarını cırıq-cırıq etdi, uzun müddət oğluna yas saxladı. Oğlanları və qızları ona təsəlli verməyə gəldilər, lakin o, hər cür təsəllidən imtina edirdi və dedi: “Mən ölulər dünyasına gedəcəyəm, ona qədər isə oğluma matəm saxlayacağam”.

Miisirdə isə tacirlər İosifi çarın məmurlarından biri olan Patifara satdılar, o, saray mühafizəsinin kapitanı idi. İosifin başına  özündən asılı olmayan yeni hadisələr gəldi. Patifarın arvadı bu gözəl oğlana vuruldu. Birlikdə yatağa girmək və intim yaxınlıq etmək barədəki onun cəhdlərinə İosif müqavimət göstərmək üçün çıxıb küçəyə qaçanda, əbası qadının əlində qaldı. Hiddətlənmiş qadın nökərərini çağırıb dedi ki, buna baxın, ərim bu yəhudini öz evinə gətirdi, ancaq o, bizi təhqir edir. O, otağıma gəlib, məni zorlamağa cəhd göstərdi, lakin mən bacardığım qədər qışqırdım. Mənim qışqırmağımı eşitdikdə bayıra qaçdı.

İosifin ağası arvadından bunları eşitdikdə qəzəbləndi, İosifi həbs etdirdi. Sonra məhbəsdə onun yuxuları yozmaq qabiliyyəti barədəki söhbətlər çara gəlib çatanda, çar öz dəhşətli yuxularını yozmaq üçün onu dustaqxanadan gətirtdi. Çarın yuxusunu heç kəs yoza bilmirdi. İosif isə yuxuların məzmununu eşitdikdən sonra çarın hər iki yuxusunun eyni məna verdiyini dedi.

Bir yuxusunda çar görmüşdü ki, Nil çayından yeddi kök, dərisindən yağ tökülən inək çıxdı, sonra arıq və sümükləri çıxmış yeddi inək gəldi. Arıq inəklər kök inəkləri yedilər. Digər yuxuda isə çar gövdəsindən ucalan yeddi dolu və yetişmiş taxıl sünbülünü görmüşdü. Sonra yeddi sünbül əmələ gəldi, onlar olduqca cılız olmaqla, səhra küləyi tərəfindən qovrulmuşdu. Çılız taxıl sünbülləri də dolu sünbülləri uddu. Heç bir münəccim bu yuxulara izah tapa bilməmişdi.

İosif çara dedi ki, Allah sizə işlərin necə olacağını bildirir. Yeddi inəyin də, yeddi sünbülün də hər biri yeddi il deməkdir. Allah nə etmək lazım olduğunu sənə göstərir. Yeddi il Misirin bütün ərazisində böyük bolluq olacaqdır. Bundan sonra aclığın yeddi ili gəlcəkdir və bütün yaxşı işlər yaddan çıxacaqdır, çünki aclıq ölkəni viran qoyacaqdır. Sizin yuxunuz belə məna verir ki, Allah bu vəziyyəti müəyən etmişdir və bunu yaxın gələcəkdə həyata keçirəcəkdir.

İosif çara dedi ki, indi siz müdrik adamlar seçib, ölkənin məsuliyyətini onların üzərinə qoymalısınız. Yeddi bolluq ili ərzində taxılın beşdə birini sonrakı dövr üçün saxlamalısınız. Göstəriş verin ki, yaxşı illər ərzində bütün ərzağı tədarük etsinlər, taxılı şəhərlərdəki anbarlara yığsınlar və onu mühafizə etsinlər. Bu ərzaq Misir xalqını bir ehtiyat kimi yeddi aclıq ilində təmin edəcəkdir. Bu yolla xalq aclığa məhkum olunmayacaqdır.

Çar İosifi Misirin qubernatoru təyin etdi, çar möhürü olan öz üzüyünü də İosifin barmağına taxdı. İosif Misir çarına xidmət edəndə onun otuz yaşı var idi. Yeddi bolluq ilində olduqca bol taxıl istehsal olundu. İosif onların hamısını tədarük edib, şəhərdəki anbarlara yığdırdı. Taxıl dənizdəki qum qədər bol idi. Yeddi bolluq ili Misirdə başa çatdı və İosifin əvvəldən dediyi kimi, yeddi aclıq ili başlandı. Bütün digər ölkələrdə də aclıq baş verdi. Misirin hər yerində isə ərzaq var idi. Aclıq şiddətlənəndə və bütün ölkəni ağzına alanda İosif anbarların hamısının qapısını açdı və misirlilərə taxıl satdı. Dünyanın hər yerindən adamlar İosifdən taxıl almağa gəlirdilər, çünki hər yerdə sərt aclıq mövcud idi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 15 fevral.- S.15.