Kreslo-adam

 (hekayə)

 

 

 

Uzun illər idi ki, kresloya pərçimlənmişdi.

Bir zamanlar lap təsadüfən ona vəzifə verdilər. Bu vəzifə müvəqqəti xarakter daşısa da, özündən yuxarıdakılarla necə dil tapdısa, elə o yuxarıdakılar dedilər ki, bu adamın anası yükünü yerə qoyanda heç demə hələ bu dünyada ilk çığırtısında bəyan eləmişdi ki, yer üzünə kreslo - vəzifə üçün gəlib. Kreslolar zamana dəbə görə dəyişsə , o, heç zaman xarakterini dəyişmədi. Yuxarıdakılarla həlim, gülərüz: "baş üstə!", "göz üstə!", "bu mənim vəzifə borcumdur!" yaxud "mənə etibar edib inana bilərsiniz" s. i. deyən Kreslo-adam özündən aşağıdakılarla elə rəftar edirdi ki, Əzrayıl onun yanında çox-çox mərhəmətli idi. Yəni Əzrayıl bir dəfəyə can alırdısa Kreslo-adam tabeliyindəkini gündə neçə dəfə istəsəydi öldürüb dirildərdi. İşdəki kreslosunun eynisi evində idi. İşdən dönən kimi tez-tələsik kreslo olan otağa keçər, əvvəlcə ona bir əl çəkərdi. Sanki Kreslo-adam kreslosu ilə görüşüb əhval-pürsanlıq edirdi. Çay-çörəyini yeyib-içəndə gözünü kreslosundan çəkməzdi. Ona elə gəlirdi ki, bir balaca kresloya qarşı etinasız olsa, bu kreslo raket olub göylərə uçacaq bir daha geri dönməyəcək.

Artıq kreslosunun birini-işdəkini itirmişdi. Kreslo-adam hələ ki, qocalmamışdı. Onun işdən uzaqlaşdırılmasını hərə öz bildiyi kimi yozurdu. Həqiqət isə bundan ibarət idi ki, o, istirahətdə olanda filankəsin oğlunu tanımayıb, onu uşaq yerinə qoyaraq təhqir etmiş üstündən yağlı şillə çəkərək yanındakı qızla birlikdə bardan qovdurmuşdu. Sonradan o filankəsin hüzurunda olanda demişdi:

- Niyə bu əllərim qırılmadı, dilim lal olmadı. O dəmdə gərək iflic olaydım. Xahiş edirəm çağırın o gələcəyin böyük dahisini, qoy o qız da yanında olsun, elə sizin gözünüzün qabağında məni söysün, döysün, dünyanın ən ağır sözlərilə təhqir eləsin, üstəlik istəsə lap öldürsün də. Bu mənim üçün ən şərəfli ölüm olar...

Filankəsə də elə filankəs deyərlər. Yerindən durub sakit addımlarla yeriyib onunla üz-üzə, göz-gözə durandan sonra üzünə bir lompa tüpürərək və üstündən də toppuş yanağına tapança səsi verən şillə çəkib demişdi:

- Elədiklərinin az da olsa borcunu qaytardım. Rədd ol!!!

Eh gidi dünya, gidi dünya! Filankəs bir vaxt onun tabeliyində olan cılız bir uşaq idi. İstədiyi qədər onu söyürdü, acılayırdı, bəzən də dolayırdı. Nə biləydi ki, bu cılız uşaq zaman gələcək peşmənkəsin qızını alacaqsonra da böyük (ağlagəlməz!) kresloya sahib duracaqdı. O, elə nalə çəkirdi ki, səsini heç kim eşitmirdi. Bunu içində edirdi. İstəmirdi bu naləni kimsə eşitsin. Yoxsa deyərdilər Kreslo-adam havalanıb.

Kreslo-adam evdəki kresloya elə pərçimlənmişdi ki, üstünə gələn həkim onu kreslodan qopara bilmədi. Yanına vurmaq istədiyi iynəni elə o kreslonun böyrünə soxdu. Bu, Kreslo-adama son nəfəsində ləzzət elədi.

Onu kreslosu ilə bir yerdə dəfn el ədilər. İndi o, qəbirüstü abidədən - kresloda oturmuş vəziyyətdə daş gözləri ilə gecə-gündüz məchul bir nöqtəyə baxırdı.

 

Əkrəm Qaflanoğlu

525-ci qəzet.- 2014.- 18 fevral.- S.7.