Adı müqəddəs kitabda keçən
meyvə - zeytun
Yer kürəsində mövcud olan maddi varlıqlardan
heç birinin əbəs yerə yaranmaması və hərəsinin
özünə görə bir fəzilətinin, əhəmiyyətinin
olması hamıya məlumdur. Bu mənada gündəlik
həyatımızda qida rasionumuza daxil olan nemətlərdən
sayılan meyvələr də xüsusi rola və çəkiyə
malikdirlər. Heç təsadüfi deyil ki, müqəddəs
kitabımız olan Qurani-Kərimdə bəzi meyvələrin
adları çəkilib. Bunlardan biri də
zeytundur. Belə ki, buyurulur: "Vəttini vəz-zəytun."
"And olsun əncirə və zeytuna."İmam Rza (ə)
bu meyvə ilə bağlı fikrini belə ifadə edib:
"Zeytun bəlğəmi və qəm-qüssəni aradan
aparıb insanın əxlaqını düzəldir."
İmam Sadiq (ə) isə buyurub: "Zeytun peyğəmbərlərin
yeməyidir və kişinin nütfəsini
çoxaldır."
Qeyd olunanlar bir daha bu meyvənin nə qədər vacib və
həyati əhəmiyyətə malik olmasından xəbər
verir. Zeytun Cənubi
Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti
və tropik zonalarında yayılıb. 20-yə
yaxın növü var. Bu bitki həmişəyaşıl
halda 4 - 6, nadir hallarda isə 10 - 12 metr hündürlükdə
ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara
malikdir. Zeytun may-iyun aylarında
çiçək açır, meyvələri oktyabr-noyabrda
yetişir.
Meyvələrinin
lət hissəsində 70 %-ə qədər, toxumunda isə
25 - 30 % əla keyfiyyətli piyli yağ
vardır. Bu yağdan həm yeyinti sənayesində,
həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində
çox qədimdən becərilən qiymətli bitkidir. O hələ eramızdan
2500 il əvvəl qədim misirlilərin
diqqətini özünə cəlb edib. Meyvələrindən
və onun yağından bir sıra xəstəliklərə
qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və
s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli
ədviyyat kimi istifadə olunub.
Zeytun hazırda da ən qiymətli piyli yağlı
bitki, eləcə də bəzək bitkisi kimi dünyanın
bir sıra subtropik ölkələrində geniş miqyasda
yayılıb.
O sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri
Qara dəniz sahillərində, Krımda, Gürcüstanda becərilməkdədir.
Azərbaycanda son 40 - 45 ildə zeytuna diqqət daha da
artıb. Bu səbəbdən də uzun illər Abşeron
zeytun bağları ilə məşhur olub. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu
yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə
genişləndirilib. Ötən əsrin
70-ci illərinin əvvəllərində daha üç
ixtisaslaşdırılmış zeytunçuluq sovxozu
yaradılıb. Bundan başqa, Bilgəhdə,
Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik
sovxozlarında geniş ərazidə zeytun bağları
salınıb.
Durğunluğun
doğurduğu tənəzzül və ya qürub edən
günəşin işartısı
Dövlət müstəqilliyimizin ilk dövrlərində
- 90-cı illərdən sonra isə digər istehsal sahələri
kimi, zeytunçuluqda da geriləmə müşahidə
olunmağa başlayıb. Belə ki, müstəqillik
dövründə torpaqlar özəlləşdirildikdən
sonra zeytun ağaclarının xeyli hissəsi sıradan
çıxarılıb və yerdə qalan bağların məhsuldarlığı
da qayğısızlıq ucbatından aşağı
düşüb. Hazırda 1525 hektar zeytun
bağları sahəsinin 30 faizi baxımsızlıq səbəbindən
acınacaqlı vəziyyətdədir. Zeytunçuluq üzrə
ilk təsərrüfat isə 1949-cu ildə Zığda təşkil
edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu
bağdan 1955-ci ildə 7 tona qədər meyvə
yığılıb. 1949-1950-ci illərdən
sənaye əsasında zeytunun emalı üçün
kiçik zavod da tikilib və işə salınıb.
Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi
Cümşüd Naxçıvanski adına
Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsində
məcburi köçkünlər məskunlaşıb, qalan
hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər
tərəfindən özəlləşdirilib. Əvvəllər Azərbaycanda zeytun
bağlarının ümumi sahəsi 3 min hektar təşkil
edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına
görə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan və
Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna,
Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının
ərazisinə düşüb. Abşerondakı
zeytunçuluq sovxozları dağılandan sonra
bağların ərazisindən başqa məqsədlər
üçün istifadə edilməyə başlanıb.
Məhz bunun nəticəsində zeytun
bağlarının tutduğu ərazi yarıbayarı
azalıb. Nazirlikdən verilən məlumata
əsasən hazırda 2000 hektara yaxın zeytun bağları
var ki, həmin bağların da hamısı özəlləşdirilib.
Zeytun bağlarının bar verməsi
üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf
ki, bu sahə investorları bir o qədər cəlb etmir.
Bu qiymətli bitki ilə bağlı nazirlikdən verilən məlumatda
bildirilir: "Abşeronda zeytun bağlarının
salınması üçün müəyyən investisiya
qoyulmalıdır. Bu işə külli miqdarda
sərmayə yatırılmalıdır. Zeytun
təkcə yağı, turşuya qoyulmuş halda istifadədən
ibarət deyil. Zeytun ağacları həm
də, külək eroziyasının qarşısının
alınmasında effektlidir".
Bəxtinə
gün doğan həyat ağacı
Lakin hər
bağlı qapının bir açarı, hər qaranlıq
gecənin bir işıqlı sabahı olduğu kimi Azərbaycan
zeytununun da sahibi tapıldı. 1991-ci ildən
respublikamızda fəaliyyət göstərən, çoxli
sayda ərzaq məhsulları istehsal edən "Azərsun
Holdinq" şirkəti ondan çox məhsul
markalarının sırasına daha birini əlavə etdi.
Azərbaycan istehlakçısına zeytun məhsulu,
onun insan sağlamlığı və ümumilikdə tibbi əhəmiyyəti
ilə bağlı tanıtımı istiqamətində
çoxşaxəli fəaliyyət
reallaşdırılmağa başlandı. Nəticə
müsbətdir: az müddət ərzində
həm yeni zeytun bağları salındı, yeni istehsalat sahəsi
yaradıldı, həm də daxili bazarla yanaşı, ölkə
hüdudlarından da kənarda rəğbətlə
qarşılanan "Zeytun Bağları" markası
formalaşdı. Şirkət
təmsilçiləri Azərbaycanda istehsal olunan zeytun
yağlarının keyfiyyətinə görə bu sahədə
Avropa liderləri sayılan Yunanıstan və İspaniyadan
geri qalmadığını bildirirlər. Sosial xidmətlər
departamentindən aldığımız məlumatda qeyd olunur
ki, iki il əvvəl Yunanıstanın Krit
adasında keçirilən müsabiqədə hamı Azərbaycan
zeytununun keyfiyyətinə əmin olub. İndi
şirkət zeytunun xaricə ixracını genişləndirməyə
hazırlaşır. Bununla əlaqədar
olaraq, ölkədə zeytun ağaclarının
sayının artırılması mühüm hesab olunur.
Qeyd olunan layihələr çərçivəsində
Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən
yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun
ağacı əkilib. Bütövlükdə
60 hektar ərazidəki bataqlıq sahəyə 1 050 min kub metr
torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə
zeytun ağacları salınıb. Bu məqsədlə indiyədək
Bakıda və respublikanın digər ərazilərində
"Azərsun Holdinq"in əkdiyi zeytun
ağaclarının sayı 200 mindən artıqdır. Zeytunun bir sıra faydalarını xatırladan "Zeytun
bağları" marka təmsilçisi son vaxtlar Azərbaycanda
da zeytun yağının istifadəsinin
artdığını və ona tələbatın yüksəldiyini
bildirib. Eləcə də onun sözlərinə
görə, xarici ölkələrdə də Azərbaycanın
zeytun yağlarına maraq artır. Ölkədə
zeytun ağaclarının əkilməsi və qorunması ilə
bağlı keçən il Bakının Nizami rayonunda start
verilən layihə haqqında fikirlərini bölüşən
Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov
və marka təmsilçisi Ellada Şiriyeva "Zeytun
bağları" markası haqqında məlumat veriblər. Qeyd olunub ki, "Azərsun Holdinq"in zeytun
yağlarının istehsalı məqsədilə xammal
üçün istifadə olunan zeytun Bakı və Bakıətrafı
ərazilərdən yığılır, eləcə də
xaricdən gətirilir və Dübəndidəki Zeytun
Emalı Fabrikində emal olunur. Yerli sakinlərdən
xammal üçün zeytunun alınması nəticəsində
Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş
işlə təmin edilib. Qeyd edək ki,
layihəyə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin
qurumları, qeyri-hökumət təşkilatları və
ictimaiyyət cəlb olunub.
Ağac
meyvəsinə yerləşdirilən dərmanlar
Ümumiyyətlə zeytundan istehsal olunan
çoxçeşidli məhsullara görə o ərzaq təhlükəsizliyi
baxımından mühüm vasitələrdən biri olmaqla bərabər,
həm də tibbi əhəmiyyətinə görə də
seçilir.
Zeytun yağının yüksək miqdarda istehlak edildiyi
Aralıq Dənizi ölkələrində, ürək-damar xəstəlikləri
və xərçəngin daha az olması
diqqətə layiqdir. Zeytun yağının xərçəng
təhlükəsini azaltması isə tərkibinə qoyulan
fenolların güclü antioksidan təsirinə
bağlıdır. Bu maddələrin
antioksidan təsirləri səbəbi ilə DNT-yə zərər
verə biləcək maddələri təsirsiz hala gətirdikləri
və DNT üzərindəki xəsərin aradan qalxmasına
kömək etdikləri hesab olunur. Fikirlərimizi
faktlar üzərində qurmağa çalışaq. Alman Xərçəng Araşdırma Mərkəzindən
Ouen və yoldaşları zeytun yağının insan
sağlamlığı üzərində təsirlərini
analiz etdikləri bir çalışmada bu yağın tərkibində
olan fenolların antioksidan xüsusiyyətləri səbəbi
ilə bəzi xərçənglərin (qalın
bağırsaq, döş və dəri) və koroner ürək
xəstəliklərinin inkişafına mane olduğunu
bildirmişlər.
Yaponiyanın Kanazava Universitetindən Budiyanto və
yoldaşları isə xərçəng əmələ gətirici
ultra bənövşəyi şüalara məruz qoyulan
siçovullarda dəriyə tətbiq olunan zeytun
yağının təsirlərini incələyiblər. Siçovulları
üç qrupa ayıraraq, birinci qrupdakılara zeytun
yağı sürtməyiblər, ikinci qrupdakılara
şüalanmadan əvvəl, üçüncü qrupa isə
şüalanmadan sonra zeytun yağı sürtüblər.
Xərçəng əmələ gətirici şüalara məruz
qoyulduqdan sonra zeytun yağı sürtülən qrupda xərçəngin
daha az nisbətdə inkişaf etdiyini
müşahidə ediblər.
Ürəyimizi, damarlarımızı və xərçəng
mexanizmasını bilən Sonsuz Qüdrət Sahibi,
bunların dərmanını da yaxınlıqdakı bir
ağacın meyvəsinə yerləşdirib. Zeytun
yağının hələ kəşf edilməmiş
başqa xüsusiyyətlərinin də olduğuna alimlər
inanırlar. Bu xüsusiyyətlər ortaya
çıxdıqca istehlakı daha da artacaq, bununla
yanaşı, yeni dərman və müalicə
metodlarının da inkişafına imkan verəcəkdir.
Hazırda isə dərman və kosmetika sənayesində
qatqı maddəsi kimi geniş şəkildə istifadə
olunmaqdadır. Onsuz da xalq arasında illərdən
bəri bir sıra saç və dəri xəstəliyində
zeytun yağından istifadə edilməkdədir.
Yazıya
sözardı...
Aparılan müşahidələrdən
də göründüyü kimi, zeytunun Abşeronda becərilməsi
çox gözəl nəticə verir. Zığda
salınmış zeytun plantasiyası buna canlı sübutdur.
Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına,
Bakı şəhərinin küçələrinə
xüsusi ziynət verir, onları yaşıl dona
bürüyür. Abşeronda yetişdirilən
yüzlərcə ağac və kol bitkiləri arasında o
öz görkəmi ilə də nəzəri cəlb edir.
Biz düşünürük ki, respublikamızda zeytun
intibahının öncülü olan "Azərsun
Holdinq"lə yanaşı digər şirkətlər də
qeyd olunan sahəyə sərmayə yatırmaqla ölkəmizdə
zeytunçuluğun inkişafına xüsusi töhfələrini
vermiş olacaqlar. Beləliklə də, ölkə iqtisadiyyatının
qeyri-neft sektorunda daha bir gəlirli sahə üçün
perspektiv formalaşacaq və ÜDM-in xüsusi çəkisində
bu sektorun payı daha da artacaqdır.
Əli SƏLİMOV
"Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun bağları" - Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir".
Mövzunun istiqaməti: "Azərbaycan zeytunçuluğunun təbliği"
525-ci qəzet.- 2014.- 20 fevral.- S.8.