Əməl sahibi
Azərbaycanın mədəniyyət tarixində,televiziya işi tarixində ad,imza və iz qoymuş
bir insan haqqında yazmaq üçün söz kasadlığı ola bilməz. Hər üç göstərici
üçün insanın
real əməl sahibi olması gərəkdir.
Hər üç hədəfə
çatmış şəxsin
missiyası karyera müddəti və perspektivi ilə ölçülməməlidir.
Azərbaycanın televiziya məkanında
özünəxas yeri
və rolu olan İctimai Televiziya mövcuddur.Hər
bir təsisatın beşiyi başında,bünövrəsində dayanmış
ilk şəxslərin adları
artıq tarixə yazılıb. İctimai Azərbaycanın televiziya məkanında özünəxas yeri və rolu olan
İctimai Televiziya mövcuddur. İctimai Televiziyanı
yaratmaq və Cənubi Qafqazın aparıcı ictimai televiziyasına çevirmək
isə İsmayıl Ömərovun adı ilə bağlıdır.
Yoxdan yaradılan, həm də xoşniyyətli təyinatı olan hər bir şey
təqdirəlayiqdir. İsmayıl Ömərov İctimai Televiziyanı demək olar ki, yoxdan
yaratdı. Ölkə rəhbərliyinin
etimadına arxalanaraq,
məsuliyyətin ağırlığını
dərk edərək işə başladı.
Nə məkan televiziya üçün hazırlıqlı
deyildi, nə də kollektiv formalaşmışdı. İsmayıl müəllimin
söykənə biləcəyi
mənəvi stimullaşdırıcı
dayaq nöqtələri
var idi: rəhbərliyin dəstəyi,
illəri arxada qoymuş televiziya təcrübəsi və yaradıcılıq şövqü.
Qısa zamanda professional nəticə
ortaya çıxartmaq
lazım idi.
...İctimai Televiziyanın açılması yönündə işlərin getdiyindən xəbərdar idim. 2006-cı ilin yay mövsümü idi. Əksəriyyətin, o cümlədən mənim istirahət məzuniyyətim dövrü idi. Tanınmış jurnalist Zərxanım Əhmədlinin telefon zəngini hörmətlə qarşıladım. Amma təklifin ciddiliyinin fərqinə varmadan xoşməramlığını dəyərləndirdim. Nə İctimai Televiziya haqqında yetərli bilgim var idi, nə də İsmayıl Ömərovu əyani olaraq tanıyırdım. Zərxanım Əhmədli adına üz tutduğum ünvan keçmiş "Ozon"zavodunun sovet dövründən qalma dağıntılı vəziyyətdə nimdaş binası oldu. Binanı, televiziya qurmalı kontingenti görəndə nəsə alınacağına daxilimdə bir şübhə yarandı. Pəncərəsiz, təmirsiz otaqlarda işə başlayan kadrlar müsabiqə ilə yığılan gənclər idi. Əksəriyyətin yaşı 30-a çatmırdı. Gənc, təcrübəsi zəif, amma yüksək entuziazmı ilk baxışdan bəlli olan bu insanlara qısa müddətdə ciddi bir iş görmək üçün etimad göstərmək böyük cəsarət tələb edirdi. Bu, mənim İsmayıl Ömərov haqqında ilk təəssüratım oldu: cəsarətlidir. Qısa söhbətimiz oldu. Hələ Azərbaycan Dövlət Televiziyasında çalışarkən onun rəhbərlik etdiyi redaksiyada mənim çıxışlarımı tövsiyə etdiyini bildirdi. Edilən təklif də mənim üçün gözlənilməz idi. İctimai Televiziyada nəzərdə tutulan verilişlərdən biri də tariximizlə bağlı olmalı idi. Adını da müəyyənləşdirdik: "Vətən tarixi". Xeyli müddət tanınmış ifaçıların ifasında hazırlanmış İctimai Televiziya "Himni"nin məzmununda yer alan "Vətən tarixi" il yarım efirdə oldu. Uzun müddət canlı efirdə izlənilən veriliş Azərbaycan tarixinin ən qədim zamanlarından başlayaraq XVI əsrə qədərki dövrünü işıqlandıra bildi. Tarixi günlərə təsadüf etdiyində,tariximizlə bağlı xarici tədqiqatçılar olduqda veriliş xüsusi mövzulara həsr olunurdu. "Vətən tarixi"nin meyarları tariximizi obyektiv işıqlandırmaq, tamaşaçıları maarifləndirmək idi. Yalnız hər mövzunun aparıcı, peşəkar mütəxəssisləri verilişə dəvət edilirdi. Mənim İctimai Televiziyada "Vətən tarixi" verilişinin aparıcısı olduğum dövrdə bir dəfə də olsa rəhbərliyin, şəxsən İsmayıl Ömərovun bu və ya digər şəkildə verilişlə bağlı müdaxiləsinə rast gəlmədim. İstər mövzuların, istərsə qonaqların seçimində tam səlahiyyətli idim. Digər verilişlər də tam yaradıcılıq ovqatına köklənmişdi. Onları da həmin sahələrin mütəxəssisləri aparırdı.
İctimai Televiziyanın açılışı 2006-cı il avqustun 29-da oldu. Yadımdadır, həmin gün "Vətən tarixi" də ilk verilişlərdən biri kimi efirə çıxdı və birinci həftə 4 verilişi nümayiş etdirildi. Qədim dövrümüzün ilk səhifələrini "Şirvanşahlar sarayı" məkanında çəkmişdik. Yaradıcı heyətin nə qədər əzmlə işə yanaşdıqlarının şahidi oldum. Sarayın həyətində ağır daşları çətinliklə qaldıraraq fon yaratdıqları, texniki çətinliklərin öhdəsindən səbrlə gəldiklərini gördüm. Artıq ilk addımlar atılmışdı. İctimai Televiziya efirdə idi. Sanki bir sehrli çubuqla televiziya binası qurulur,təkmilləşir,peşəkarlıqla verilişlər hazırlanır,müştərək layihələr,ictimai radio fəaliyyətə başlayır. Böyük gərginlik, zəhmətlə başa gələn bu prosesdə İsmayıl Ömərov həmişə özünəinamlı, qətiyyətli, məqsədyönlü, ən əsası xoşovqatlı görünürdü. Ən yüksək vəzifəlisindən ta ən aşağı çinli işçisinədək şəxsən tanıdığı, qayğısını əsirgəmədiyi xeyirxah ,eyni zamanda son dərəcə tələbkar, prinsipial rəhbər oldu. İsmayıl Ömərovun özünütəhlil, özünütənqid prinsipi ilə İctimai Televiziyanın fəaliyyətinin gündəlik monitorinqinə ciddi yanaşması məsuliyyəti və peşəkarlığı daha da gücləndirirdi.
Beynəlxalq əməkdaşlığa, beynəlxalq layihələrdə birgə iştiraka ilk dövrdən başlayaraq böyük önəm verirdi. Ölkə prezidentinin etimadını doğrultmağa, yəni Cənubi Qafqazın lider İctimai Televiziyasını yaratmaq niyyətini reallaşdırmağa səy göstərirdi.
Cəmiyyətin bütün sosial,siyasi təbəqələrinin marağını əhatə etməli bir televiziya yaratmaq asan məsələ deyildi. Avropa institutlarının mütəmadi rəylərini nəzərə almaq, qoyulan tələbləri təmin etmək bəzən müstəqil fəaliyyət xətti ilə kəsişməli olurdu. İctimai Televiziya bəzilərinin düşündüyü kimi kosmopolit məzmun daşımadı. Qloballaşan dünyanın sərbəst yayıldığı dəyərlərin milli-mənəvi dəyərləri üstələməsinə imkan vermədi.
Beynəlxalq musiqi festivallarının birbaşa yayımçısı, Azərbaycan təmsilçiliyinin təşkilatçısı olmaqla yanaşı adət-ənənələrimiz, musiqi sərvətimiz,söz sənətimiz İctimai Televiziya səviyyəsində yeni və yüksək məkan qazandı. Novruz çərşənbələrini İctimai Televiziyanın ocaqları ətrafında keçirtdik,saz-söz aşiqlərinin təşnəsinə su səpildi,intellekt və əxlaq nümayişli tok-şoular nüfuz qazandı. Qısa müddətdə Azərbaycan cəmiyyətinin elitar televiziyası imicinə sahib olan televiziya yaratmaq səriştəsini təsdiqlədi İsmayıl Ömərov. Özündən əvvəlki peşəkarlar nəslindən örnək götürəcək bir məktəb yaratmaq istəyirdi. Mənsəbindən, çinindən asılı olmayaraq desinlər: İsmayıl Ömərov məktəbinin yetirməsi. Məncə, İctimai Televiziyanın yaradılmasında iştirak etmiş, onunla çiyin-çiyinə çalışmış gənc nəsil həmin məktəbin yetirmələri, bəziləri də məzunlarıdır. Məramı aydın, məqsədi saf, iradəsi möhkəm insanlar geridə iz qoya bilirlər. Mən İsmayıl Ömərovu belə tanıdım, belə bildim: milli məfkurəli Əməl sahibi kimi.
Firdovsiyyə
ƏHMƏDOVA
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 20 fevral.- S.4.