Davud Nəsibin Özünü və
Sözünü xatırlayanda...
Uzun müddət idi ki, Davud Nəsib haqqında nəsə
yazmaq istəyirdim. Ancaq qərara gələ bilmirdim. Düşünürdüm ki, onun ruhunu birdən
narahat edərəm. Nəhayət qərara
gəldim. Bəlkə də yazmağım
yaxşıdır...
...Davudla
bizi ayıran vaxtdan 10 il keçir. 10 il bundan öncə əzrayıl maşın
donuna girərək alıb apardı əlimizdən Davud Nəsibi...
Yadımdadır!
O müdhiş mart günlərində Bakı Dövlət
Universitetinin müəllimi Şəlalə xanım
yazmışdı: "Yüzlərlə insana dağ çəkdi
onun faciəli ölümü... Dost-tanışlarını,
qohumlarını, ailəsini, can-ciyərlərini
sarsıtdı bu gedişi ilə ürəkləri, sinələri
dağladı, yandırıb-yaxdı..."
Artıq
10 ildir ki, biz onun yeni-yeni şeirlərini, publisist
yazılarını oxumuruq, onun duzlu və şirin söhbətlərini
eşitmirik, 10 ildir görmürük onun bir az kədər
qarışıq nurlu simasını...
10 il keçsə də, biz unuda bilmirik Davud Nəsibi...
Kimin yaddaşında necə qalıbsa, elə o boyda, o
biçimdə, o görkəmdə, o simada da ilişib
qalıb Davud Nəsib və hələ yaşayacaq onu sevənlərin
yaddaşında. Ən azı biz köç edənədək...
2002-ci ilin oktyabr ayı idi. Mənim dəvətimlə
Mingəçevirə gəlmişdi yenicə çapdan
çıxmış "Cavanşirsiz məmləkət"
romanının sevincini bölüşmək
üçün.
Onu bir şair kimi, ədəbiyyat adamı kimi, bir
eloğlu kimi qiyabi tanısam da, elə bir əlaqələrimiz
olmamışdı.
Davud Nəsib ilə ilk tanışlığım
telefon vasitəsilə olmuşdu. 2001-ci ilin sentyabr ayı idi. İş
telefonum zəng çaldı. Uzun zəng
idi. Dəstəyi götürdüm.
Xəttin o başında tanımadığım bir səs...
Şirin qazax ləhcəsində mənimlə hal-əhval
tutdu. Sonra isə
ərklə özünü təqdim etdi: "Davud Nəsibdi
danışan, Eloğlun". Bildirdi ki, mənimlə
əlaqə yaratmağı ona Mingəçevirdə
yaşayan, mehriban insan, duzlu hekayələr və maraqlı
romanlar müəllifi, ümumi tanışımız Nəsib
Bayramoğlu məsləhət bilib.
Bir qədər mehriban söhbətdən sonra
"Cavanşir" romanının vətənpərvərlik
tərbiyəsində mühüm rol oynayacağını,
hazırda Qarabağ savaşının hələ davam etdiyi
bir zamanda aktual mövzu olduğunu nəzərə alaraq, onun
Mingəçevirdə yayılmasına köməklik
göstərməyimi xahiş etdi. Eyni zamanda öz avtoqrafı ilə mənə "Cavanşir"
romanının bir nüsxəsini göndərdiyini bildirdi.
Avtoqrafda yazmışdı: "El oğlu! Oxu gör
Qazağın (Kasak)
iyini duya bilsən, mənə işarə elə".
Bundan sonra bizim telefon danışıqlarımız
müntəzəm və davamlı xarakter almağa
başladı.
2002-ci ilin mart ayında "Cavanşir"
romanının ikinci hissəsi "Cavanşirsiz məmləkət"
romanı nəşr edildi.
Romanın nəşrindən bir müddət keçəndən
sonra ona zəng edib hal-əhval tutdum, çox yüksək əhvalı
var idi. Sanki uzun illər içində cücərib göyərən
arzuları öz bəhrəsini vermişdi.
Mən onu Mingəçevirə dəvət elədim. O, dəvəti məmnuniyyətlə
qəbul etdi və bir neçə gündən sonra artıq
Mingəçevirdə idi. İstedadlı
jurnalist və dəyərli eloğlumuz Amil Aveylə gəlmişdi.
3 gün Mingəçevirdə olduğu
müddətdə demək olar ki, bir yerdə olduq.
Davudun Mingəçevirdə ilk görmək istədiyi
yer Mingəçevir su anbarı idi və biz elə birinci
gün su anbarının sahilinə getdik. O bir tərəfə
çəkilərək xeyli müddət sulara tamaşa etdi.
Mənə elə gəlirdi ki, o
öz-özündə nəsə danışır, nəyi
isə təhlil edir, nəyinsə haqq-hesabını
aparır.
Sonradan
bildim ki, niyə o "Cavanşirsiz Məmləkət"
romanının son hissəsində və son vərəqində
"Özümüz də qənim kəsildik
özümüzə: İçərişəhərin,
Ordubadın, Şəkinin, Gəncənin, Qəbələnin,
Bərdənin, Kasakın (Qazax), Dərbəndin, saymaqla
qurtaran deyil, yatmış yeraltı abidələrinin
altını üstünə çevirdik. Bəli, bəli,
biz! - Mən, sən, o! Sularda qərq elədik
daş dilli naxışları, izləri, Mingəçevirdə"
sözlərini niyə yana-yana yazmışdı.
Davud Mingəçevir
su anbarının sularına qərq olmuş qədim Samux dərəsi,
onun yerüstü, yeraltı abidələri haqqında ürək
ağrısı ilə danışır, Samux vadisini
Qafqazın Mesapotomiyası adlandırırdı...
Üç gün çox sürətlə keçdi. Bir tərəfdən o yeni
nəşr etdirdiyi "Cavanşir" və
"Cavanşirsiz Məmləkət" romanlarının bədii
dəyərindən, onun aktuallığından, gələcək
nəsillər üçün əhəmiyyətindən
ürəklə danışır, arada duzlu-məzəli
söhbətlərə keçir. Xalq şairi
Hüseyn Arifin dillər əzbəri olan lətifələrindən
söhbət açır, şeir söyləyir, bəzən
də bir tərəfə çəkilərək xəyallara
dalırdı.
Davud xalq qəhrəmanı Cavanşir haqqında elə
maraqla danışdırdı, sanki onunla bir zamanda
yaşamış, qəhrəmanlıqlarının şahidi
olmuşdu. Mənə
elə gəlirdi ki, Davud öz içində bir Cavanşir
obrazı yaratmışdı və tarixi şəxsiyyət
olan Cavanşirdən başqa bir də Davudun
yaratdığı Cavanşir...
...
Cavanşir barədə gələcək planlarından
danışır,
böyük Vətəninin bir hissəsi olan Qazaxda
at belində abidə ucaldılmasının zəruri
olduğunu bildirir, gələcəkdə yazdığı
romanlar əsasında bir kinossenari yazacağını və
Cavanşir barədə tarixi bədii film çəkəcəyi
barədə həvəslə danışırdı.
Üç gün çox sürətlə keçdi və
biz ayrılmalı olduq. Sən demə, bu görüş mənim Davud Nəsiblə
ilk və son görüşüm imiş...
Davud Nəsib ömrünün 40 ilini poeziyaya həsr
edib. Şeir yaradıcılığı ilə
yanaşı o uzun illər "Ədəbiyyat və incəsənət"
qəzetində poeziya şöbəsinə rəhbərlik
etmişdi. O dövrdə Azərbaycan ədəbi
mühitində nəhəng poeziya nümayəndələrinin
meydan suladığı bir vaxtda "Ədəbiyyat və incəsənət"
qəzetinin poeziya şöbəsinin müdiri işləmək elə-belə məsələ
deyildi.
Bununla
yanaşı, ömrünün çox hissəsini poeziyaya
xidmətə həsr etmiş bir yaradıcı insanın öz
yaradıcılığının belə az
araşdırılması bir təəssüf doğurur. Əlbəttə, bu məsələ ədəbiyyatşünasların
işidir. Bununla yanaşı, Davud Nəsib
şəxsiyyətinə və
yaradıcılığına məhəbbətdən yaranan
bu yazını yazmaq qərarına gəldim və əgər
qüsurlar olarsa, ilk növbədə Davud Nəsibin ruhundan,
sonra isə oxuculardan üzr istəyirəm.
Ədəbiyyat aləminə məlumdur ki, Davud Nəsib
yaradıcılığa şeirlə başlayıb və o,
şair kimi tanınıb. O da məlumdur ki, Davud poeziyaya hələ
çox gənc yaşlarında - 14 yaşı olanda
yazdığı və Qazax rayonunda çıxan "Qalibiyyət
bayrağı" qəzetində çap olunan "Mənim
doğma çayım, mənim Kür çayım"
şeiri ilə gəlib. Lakin onun
yaradıcılığına diqqət yetirərkən
"ata" mövzusunda yazdığı şeirlər və
poemalar istisna olmaqla, adama elə gəlir ki, Davud Nəsib
heç uşaq olmayıb və ya uşaqlıq
dövrünü yaşamayıb, o elə birdən-birə
böyük olub. Bu baxımdan Davud Nəsib poeziyası
sanki yaşa dolmuş, püxtələşmiş bir
şairin poeziyasıdır:
Mən odla,
ocaqla alışmamışam,
Qəlbimin odundan alışıram mən.
Dərdimi
heç kimə danışmamışam,
Dərdi dərd bilənə danışıram mən.
Davudun şeirlərində Vətənə, elə,
obaya, doğma insanlara bağlılıq çox
güclüdür. Bu bağlılığı onun
yaradıcılığında çox tez-tez duyulur. Belə
olmasaydı:
Vətən
məhəbbətli, Vətən ünvanlı,
Bir ürək
döyünür, köksümün altda -
kimi
gözəl misralar yaranmazdı.
Doğma
insanlara, ataya, anaya, qardaşa, övlada, qohumlara münasibət,
böyük, kiçik yerini, insanların, xüsusən
doğma insanların qədir-qiymətini bilmək Davudun
genetik yaddaşından, onun tərbiyəsindən, xarakterindən
irəli gəlir və bu hisslər onun
yaradıcılığından qabarıq keçir.
Və nəhayət bir neçə cümlə Davudun ata mövzusuna həsr etdiyi şeirlər barədə fikirlərimi bölüşmək istərdim. Davudun həyatı haqqında bir qədər məlumatlı olanlar bilirlər ki, o atasını görməyib. Davud hələ dünyaya gəlməmiş atası müharibəyə getmişdi.
Ata həsrətini dünyaya göz açdığı gündən hiss edən Davud böyüdükcə bu nisgili də onun bərabər böyümüş və sonradan onun yaradıcılığında bir mövzuya çevrilmişdir. Fikrimcə, Davudun yaradıcılığında mövzu baxımından ən çox müraciət olunan mövzudur. Mənim qənaətimcə, Ata həsrətli şeirləri ilə Davud Nəsib poeziyamıza bir "Ata" mövzusu gətirmişdir:
Bilməyənlər qoy bilsin...
...Qoy hamıya deyilsin.
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.
Bu dərddən
Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən
ölsəm, qəbrim üstə,
Salın
yada laylamı:
Çalın
mənim mahnımı,
Çalın ata laylamı.
"Ata
laylası"
Davud Nəsib yaradıcılığından söhbət
açarkən onun ömrünün son dövrlərində
yazdığı "Cavanşir" və "Cavanşirsiz
məmləkət" romanlarından danışmamaq
mümkün deyil. Uzun illərin gərgin
axtarışlarının və yaradıcılıq
istedadının nəticəsi olaraq, onun qələmindən
çox maraqlı romanlar çıxıb.
Mənim fikrimcə, Davud Nəsib elə bu romanları
yazmaqla özünü Azərbaycan ədəbiyyatı tarixinə
yazmış oldu. Davud Nəsibin hər iki romanı bir
çağırışdır, həyəcan təbilidir, gələcək
nəsillərə xitabdır və fikrimcə, o hər iki əsəri
yaratmaqla məqsədinə nail olub.
Ruhun
şad olsun, Davud!
Ramiz GÖYÜŞOV
525-ci qəzet.-
2014.- 21 fevral.- S.8.