"Qarpızları qurban kəsdik
Çillə gecəsində"
Bu yazımda daşları çox sevən, daşları ən sevgili yoldaşları-dostları bilən, onların dilini anlayan, "daşların sirrini bilmək üçün daşa çevrilərək keçmişlərindən, gələcəklərindən onların öz dillərində danışmağı" bacaran "Başına dolanıram, Daşın oluram, Başıma düşürsən, Başımdan bitir daşlar" fəlsəfəsilə yazıb-yaradan gənc bir şairdən -çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələ-rindən olan Ramin Cahangirzadədən bəhs etmək istəyirəm...Və onun içində bulunduğumuz zamanla-fevral ayının ikinci yarısı, başqa sözlə desək, kiçik çillənin son günləri ilə tam uyğun gələn, daha doğrusu böyük və kiçik çillənin mahiyyətinin açılmasına yönəlik bircə şeirindən-"Qarpızlanma" şeirindən...
O, 1978-ci
ildə Güney Azərbaycanın Muğan bölgəsində
dünyaya göz açıb. İbtidai və orta məktəbi
doğma yurdunda bitirdikdən sonra Təbriz şəhərində
ali təhsil alıb (1997-2001). Hazırda Güney Azərbaycanın Ərdəbil
şəhərində yaşayır. Bu günədək
Raminin sırf uşaqlar üçün yazdığı
"Ulduz" I və II (2004 və 2008-ci illərdə)
çap, "Gözləri gül açıbdı"
(2007), "Ay suda" (2011), "Nar" (I və II
çap-2013) adlı şeir məcmuələri işıq
üzü görüb və körpə fidanlara bir dünya
sevinc duyğuları yaşadıb...
2008-ci ildə
nəşr edilən "Dan yeli" dərgisinin
"Tarla" adlı özəl sayında
bütünlüklə uşaqlara həsr olunmuş şeirləri
toplayan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr
kitabını da elə həmin ildə çap etdirərək
oxucuların ixtiyarına verib... "Daşlar"
adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan
şöbəsinin maliyyə dəstəyi ilə Bakıda
("Nurlan", 2011) çap olunmuşdur. III cildlik
"Peşələr" və "Ailələr"
adlı dörd uşaq şeir məcmuəsi isə
hazırda çap prosesindədir....
Məhsuldar
şair "Doymuram səni içməkdən" (yeni
satirik şeirlər), "Mayallaq" (satirik nəsr əsərləri),
"Minimal satirik şeir və nəsr əsərləri"
- I və II cild, həmçinin uşaqlar üçün
yazdığı "Sel qızı", "Nazlı",
"Əlifba", "Dörd fəsil", "Xallı və
allı", "Qarışqam", "Rəqəmlər",
"Boyalar", "Çiyələk", "Elay və
İlkay", "Heyvanlar" (3 cilddə), "Küçə",
"Tiraxtur basdı qaza", "Dörd fəsil"
adlı şeir, "Orxan və mani" adlı hekayə məcmuələrini
çapa hazırlayıb...
Ünvanıma
göndərdiyi ömürlük orijinallığı ilə
diqqətimi çəkdiyindən haqqında qələmə
aldığım bu yazıya həmin ömürlüyü də
əlavə etməyi və oxuculara postmodernist şairi daha
yaxından tanıtmağı qərarlaşdırdım və
düşündüm ki, onun xarakterini özünəməxsus
tərcümeyi-halındakı bu misralarda sərgilənən
fikirlərdən daha gözəl açan ikinci bir vasitə ola bilməz:
"Yekə
- yekə cırmağıma baxmayın,
Çox
da yekə deyiləm:
Boyum 165
sm, çəkim 60 kq,
Adım
"Günəş tanrısının oğlu"
anlamını daşısa da,
Günəş
tanrısının oğlu deyiləm...
Sadəcə
anamın iztırablarından boy atıb boylanan,
Günəşdən çörəyi çıxan,
bir əkinçinin balasıyam.
Ayaqyalın bir uşaq idım.
Böyüyüb,
böyüyüb,
Yekəlib,
bu günə düşmüşəm...
İlan
ilində dünyaya ayaq basdığım üçün
Dilimdən
zəhər tökülür...
Hərdən
sürətlə gedib özümdən çıxsam da,
Çox
da uzağa gedən deyiləm...
Tez
qayıdıram özümə...
Ramin modern və postmodern üslubda yazdığı
maraqlı şeirləri ilə oxucuların diqqətini
çəkməyi bacarır. Onun
"Qarpızlanma" adlı yeni səpkili və yeni
biçimli şeiri 2013-cü ilin poeziya məhsuludur. Gənc
şairin bu şeiri ilin sonunda-dekabr (Aralıq) ayının
28-də yayınlamaqda məqsədi həm də Azərbaycan
xalqının Çillə bayramını qutlamaqdır...
Qeyd edək
ki, ilin iki çilləsi olur: Böyük və kiçik
çillələr. 40 gün davam edən
Böyük çillənin (21 dekabr-29 yanvar) ilk günü,
dekabrın 20-dən 21-nə keçən Çillə gecəsi
(Şəbi-Yelda) 365-366 günlük ilin ən uzun gecəsidir. Sonra isə 20
günlük Kiçik çillə (29 yanvar-18 fevral) gəlir.
Qədim inanclara görə, Günəş
allahı Mitranın anadan olan günüdür. Çünki həmin gündən sonra günlər
yavaş-yavaş uzanmağa başlayır, yəni, həmin
gecə xeyir qüvvəsi (Ahuraməzda) şər qüvvəsi
(Əhrimən) ilə kəskin mübarizəsi nəticəsində
işığın qaranlıq üzərində simvolik qələbə
çalır. Bayramın əsas
ideyası da budur. Xristianlıqda əsas
bayramlardan olan Milad bayramının da Çillə gecəsinə
oxşarlığı qeyd edilir. Çillə
gecəsi Avestada qeyd olunan qədim Zərdüştilik
bayramıdır. Bu gecə əsasən İranda (Şəbi-Yelda),
Türkiyədə və o taylı-bu taylı Azərbaycanın
müxtəlif şəhərlərində-Urmiya, Təbriz,
Ərdəbil, Zəncan, Xoy, Şəbüstər, Marağa,
Naxçıvan, Şəki, Gəncədə, həmçinin
kəndlərimizdə bu gecəni xüsusi şövqlə
qeyd edirlər.
Çillə gecəsində qarın yağması yeni
ildə məhsulun bol olacağını şərtləndirən
əlamətdar bir hadisə sayılır və bu fakt insanlara
sevinc, ətrafa isə həzin bir sakitlik, təmizlik,
paklıq gətirir. Həmin gecə ailə üzvləri, qohum-qardaş,
dost-tanış bir yerə yığışır, səmimi
məclis qurur və ilin ən uzun gecəsini növbənöv
meyvə-nar, alma, heyva, portağal, narıngi və s., müxtəlif
şirniyyatlar-qoz halvası, kök halvası, paxlava, qoz,
fındıq, balqabaq, günəbaxan tumu və s. yeməklə
qeyd edir və sübhədək oyaq qalır, sanki zamanın
uzunluğuna meydan oxuyaraq guya onu qısaldırlar. Bu gecənin ən əhəmiyyətli
atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq
bir qarpız kəsməlidir. Əgər
yeni evlənən-ailə quranlar varsa, onlara da valideynləri
qarpız hədiyyə edirlər. Çillə gecəsi
törənləri xalq şeirində də xüsusi olaraq vəsf
olunmuşdur:
Qovub
qışı, ayazı,
Kəsdik çillə qarpızı.
Allah
yetirsin ruzı
El
qalmasın
tamarzı…(http://www.dgtyb.org/news)
Bu motiv, göründüyü kimi, Ramin Cahangirzadə
şeirinə təsadüfən gəlməyib. Motiv ənənəvidir,
amma ənənəviyə yanaşma metodu tamamilə yenidir.
Yeni təfəkkürlü modernist şair
"Qarpızlanma" şeirini məhz Çillə gecəsi
hər bir türkün evinə sevinc gətirən içi
qan kimi qıpqırmızı qarpızlara-Çillə
qarpızlarına həsr etdi. Eyni zamanda Vətən
daşı olmağı bacaran şair bu uzun gecədə kimsəsiz,
yalqız və yuvasız qusları, yurdsuz, evsiz-eşiksiz
qarındaşlarını da unutmayıb, bu orijinal əsəri
onlara da ünvanlayıb... Lakin şairin əsas hadisəyə
münasibəti elə birinci bənddəcə,
bıçağı çəkən kimi Çillə
qarpızının cırhacırla kəsilməsi, qapqara
qarpızlardan axan qırmızı suyun ürəkdən axan
qana bənzədilməsilə bitir, sonra isə
yaşadığı həyatın reallıqlarına
söykənən fərdi düşüncə və
yozumları sıralanır:
Pıçaq
çək! Cırhacır düşəcək!
Bax! Qara
qarpızların da ürəyindən
Qan
süzüləcək!..
Türkiyədə Çillə gecəsi, yəni ilin ən
uzun, ən qaranlıq gecəsi ilə bağlı Osmanlı
imperatorluğu dönəmində yaranmış bir beyt
günümüzədək yaşamaqdadır. Beytin müəllifi maraqlı
paralellər aparır və qeyd edir ki, bu zülmət gecənin
uzunluğunu, neçə üzücü saat çəkdiyini
qəmə tuş gələnlər, dözülməz kədərə
mübtəla olanlar bilər, yəni dərdli insanın gecəsi
bitməz, səhəri açılmaz:
Şeb-i
yeldayı müneccim ile muvakkit ne bilir
Müptela-yı
gama sor kim geceler kaç saat?
(http://www.dgtyb.org/news)
Eyni mənanı Türküstanın ünlü
şairi İshakxan İbrətin "Ahımın
tüstüsündən həyatım, Yelda gecəsitək
qara olubdur" beytində də izləmək imkanını
etnoqraf alim Güllü Yoloğlu "21 dekabr - Çillə
Gecəsi" yazısında (www.ayna.az) yaradıb. Şair növbəti beytdə
yaşadığı cəmiyyətdə müşahidə
etdiyi postmodernist mövqeyini sərgiləyir:
Qoltuqlarında
qarpız gəzdirənlər
Dünyanı
qarpızla almaq istəyirlər
Misralarda hədsiz lovğalanan yalançı işbazlar
nəzərdə tutulur. Belə adamlar fərsiz, simasız, yaltaq insanlar tərəfindən
o qədər yersiz tərif yağışına tutulur,
"qoltuqlarına qarpız verilir" ki, bu işbazlar
qarpız kimi şişirlər və dünyanı
ayaqları altında sanırlar və hər şeyə
küy-kələklə nail ola biləcəklərini
düşünürlər. "Bir əldə
iki qarpız tutmaq olmaz" ata sözünü yaxşı
bilsə də, Ramin, əsl postmodernist-yenilikçi və əskici-klassik
tərzlərin hər ikisini bir əldə tutmağı
bacarır. Ancaq bu iki cəhətin vəhdətindən
yeni təfəkkürün işığında yaranan fikrin
mahiyyətinə varmaq o qədər də asan olmur. Məhz bu səbəbdən Klement Qrinberq
yazırdı ki, "Yüksək sənət yaratmaq adətən
çətin və üzücü bir işdir, amma modernizmdə
yüksək sənəti anlamaq yaratmaqdan da çətindir."
Qarpızlanmağınızı
dilimləyib yedim
Keçəl
olmaqdan qorxub
Qabığını
yeməkdən çəkindim
"Hər
bir şəxs, hər bir şey, hər bir əlaqə
mütləq şəkildə istənilən başqa
şeyi mənalandıra bilər" deyib Valter Benyamin...
Şeirdə
bu mənalandırmanın öhdəsindən bacarıqla gələn
şair qarpızlanan-yersiz lovğalanan adamların bu cəhətini
dilimlənən qarpız kimi bir andaca heçliyə
qovuşdurur... Və... "Keçəl olmaqdan qorxub
qabığını yeməkdən çəkinmək"
məsələsinə gəlir... Bəziləri
elədiklərini o qədər dilə gətirib başa
qaxınc edirlər ki, demək olar, "o şəxsin
başını keçəl edirlər." Bu məsələyə diqqət çəkən
Raminin insanın keçəlliyini qarpızın hamar səthinə
bənzətməsilə yaratdığı təşbeh də
diqqət çəkir.
"Qarpızları yeyəndən sonra, Tumlarını
yeməyin!
Yazıqsız!..Qarpızlara bağlanarsız!"
tövsiyəsi verilən sonrakı misraların alt
qatındakı fikirlər də asan anlaşılmır.
Yediyin toxumlar içində cücərər,
qarpızlaşarsan...eyhamı ilə əslində hər
şeyin, bütün həyatın-türklüyün,
azadlığın toxumdan cücərib boy verdiyini ironik tərzdə
oxucularına çatdıran yenilikçi şair bu işdə
bəlkə də artıq gecikdiyimizi
"Tağlarınız çürüyüb, Daha
qarpızlarızın Uralanmağının vaxtı
çatıb..." sətirlərində sərgiləyir...
Xalq deyimlərinə, folklorun qızıl səhifələri
olan inanclara söykənmə onun ədəbi ənənələr
boxçasının üstündə pərvaz etdiyinin
göstərgəsidir. Bu gün də bu inanc yaşayır,
qarpızı kəsərkən niyyət tutub "nəmnəmə"
deyilən arxa hissəsini dörd yerə bölüb
qarışdıraraq yerə atırlar. Əgər
üçü bir, biri də ayrı düşərsə
niyyətin gerçək olacaq... Bu inancın onun qələmindəki
əks-sədası da çox ilgincdir:
Qarpızın
nəmnəmənəsini kəsin!
Dörd
yerə bölün!
Sonra
ovuclarızın içində qarışdırın
Atın yerə!
Baxtız açılacaq!
Tək düşsə!
"Qarpız satırsız... Qarpız alırsız... Heç bilirsizmi, alıb satdığınız qarpızlar öz içlərini yeyirlər?!-dediyində də haqlıdır şair, çünki bəzən qarpızları kəsərkən içinin boşalıb tumlarının töküldüyünə təsadüf edilir və bu bir qarpız-məhsul ömrüdür, kəsilmə vaxtı keçincə xarab olur, amma bu sualla şeirin alt qatındakı məna haqqında fəhmlə düşünməyə yönləndirir oxucusunu - "-Ey qoltuğu qarpızlılar, yalançı qəhrəmanlar, içi və baçı boş siyasətçilər, qrafomanlar insanları, xalqı həmin boşluğa-heçliyə-bədbəxtliyə sürükləyirsiniz, çəkilin mənasız mövqeyinizdən!!! İbrahim Sel Ramin Cahangirzadənin modern şeirləri haqqında resenziyasında onu müasir şair adlandırır və müasir şeirin özəlliklərini belə şərh edir: "Müasir şeirdə miflə bu günün mistik möcüzələri, irreallıqla ən real həyat görüntüləri, zaman və zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır və bu dünya obrazında Yer vətəndaşı şairin öz dünyasını seyr edirsən (diasportv.com)" Doğru fikirdir, Ramin son bənddə yenə də xalqının mifoloji görüşlərinə baş vurur, Qurban bayramı ilə bağlı səhnəyə Çillə qarpızlarını gətirir və onları qurban kəsib öz dünyasının sətiraltı mənzərəsini cızıb:-Bəlkə bu qurbanlar qəbula keçər, Tanrı qara gecələrin uzunluğunu gödəldər və Güney xalqı azadlığına qovuşar!
Qarpızları qurban kəsdik
Çillə gecəsində
Bəlkə tanrı gecəmizi güdəltdi...
Təkcə "Qarpızlanma" şeirinin qısaca təhlilindən göründüyü kimi, Ramin Cahangirzadə müasir-modern, eyni zamanda postmodernist şairdir. O, Güney Azərbaycan türkcəsinin özəlliyini qoruyaraq özünəməxsus şirinlikdə fikrinin ifadəsinə nail ola bilir. Duyğusal və fəhm sahibi olan hər bir oxucunun anlaya biləcəyi biçimdə və məzmunda yazdığı şeirlərdə zamanın nəbzini, dövrün ritmini tutur, həyatın gerçəkliklərini əks etdirir, irreallıqla reallığı qovuşdurur.
Esmira Fuad
Filologiya üzrə Fəlsəfə
doktoru,
AMEA-nın aparıcı elmi
işçisi
525-ci qəzet.-
2014.- 21 fevral.- S.7.