Bəxtimizə
düşən şair...
OVCUMDAKI KİTAB
Uşaq yaşlarımda kitablarla oynamağı xoşlayardım. Bəlkə
də, oyuncaqlarım olsaydı, başqa cür olardı... Həm də Sabir demişkən, evimizdə “taxçada, boğçada, kasada, nimçədə vardı
kitab...”
Özümdən böyük qardaş-bacılarım
çox kitab oxuyurdular. Kitabların adını kağıza
yazıb məni kəndin kitabxanasına göndərərdilər. Kitabxanaçı əmim
qızı idi... Kitabları qolumun üstünə yığır, geri qaytarırdı. Nə isə,
evin kitab toplayanı, aparıb-gətirəni,
əsasən, mən olurdum. Bəlkə ona görəydi ki, artıq beş yaşımda
birinci sinfə gedirdim...
Qalın
kitablardan ev
qururdum. Bu “evin
içinə” kiçik
kitabları qoyurdum.
Bu kiçik kitabların
içində “əl
boyda” biri vardı ki, ovcuma sığdığından
onu əlimdən yerə qoymurdum. Bu kitabı da
evdə qoruyurdular.
Çünki kitabı Bəxtiyar
Vahadzadə tələbəsinə
– böyük qardaşım
Yusif İsmayıla hədiyyə etmişdi.
Sonraların məşhur publisist-yazıçısı
Y.İsmayıl o zamanlar
ADU-nun (BDU-nun) jurnalistika fakültəsində
oxuyurdu. Bir gün
Bəxtiyar müəllim
mühazirələrin birində
auditoriyaya müraciət
edir ki, içinizdə sürücülük
vəsiqəsi olan varmı? Qardaşım ayağa qalxır.
Dərsdən sonra onu bağa aparmasını xahiş edir. Beləliklə, hərdən
Bəxtiyar müəllim
maşınını qardaşıma
etibar edirmiş... Sonralar bir sənət adamı kimi dostluqları başlayır.
Xudu Məmmədov, B.Vahabzadə ilə söhbətlərindən xəsisliklə
də olsa, bizə də danışardı...
Bəxtimizə düşən şair
On iki yaşım
olardı. Ədəbiyyat dərnəyinə yazılmışdıq. Müəllimimiz
dedi ki, kimin şeir yazmaq qabiliyyəti varsa, yazıb gətirsin, divar qəzetinə verəcəyəm.
Mən də eləmədim tənbəllik, B.Vahabzadənin
şeir kitabından bir şeir köçürdüm
– “Televizor almışıq
biz”. “Şeirimi” ədəbiyyat müəlliminə
verdim. Sən demə, bacım
duyuq düşüb və müəllimə deyib ki, B.Vahabzadənin
kitabından köçürüb.
Şeir divar qəzetində çıxmadı. Sonralar bu
“plagiatlığımı” Bəxtiyar müəllimə
danışanda uğunub
getmişdi. Deyirdi
ki, yenə də ağılla yanaşmısan, yaşına-başına
uyğun şeir “yazmısan”...
Orta məktəbi
qurtardım, sənədlərimi
BDU-ya təqdim etdim. Orada oxumaq istəyirdim, Bəxtiyar müəllimdən dərs
almaq istəyirdim...
BDU-ya iki il daxil
ola bilmədim. Çox ruhdan düşmüşdüm.
Amma çalışmaqdan, oxumaqdan
bezmirdim. Eşitdiyim söz-söhbət
məni lap ruhdan salırdı. Deyirdilər ki,
bu biliklə APİ-yə getsəydi, indi orda oxuyurdu.
Axı BDU-da böyük adamların uşaqları oxuyur... Bu da atasız bir qız, necə
olacaq?..
1971-ci ilin sentyabr
ayında “Kommunist” qəzetində Bəxtiyar
müəllimin qəbul
imtahanları ilə bağlı bir məqaləsi dərc olunmuşdu. Bu məqalə
həyatıma bir gün kimi doğdu.
Bəxtiyar müəllimə həzin bir məktub yazdım. Mənim də artıq “böyük adam”ım vardı.
Az keçmədi
Bəxtiyar müəllim
cavab yazdı. Məktubu açıb oxumaq əvəzinə anamla birgə ağlayırdıq... Nə
isə...
Məktubdan sətirlər: “Mən
səni, sənin qəlbindəki oxumaq arzusunu, iztirablarını
çox yaxşı başa düşürəm.
Məqaləmdən sonra mənə
fikrini yazan gənclər çoxdur.
200-ə qədər məktub
almışam... Qəbul
qaydaları düz deyil... Nəticə bu olur ki, istedadlı, qabiliyyətli abituriyentlər
çöldə qalır,
istedadsız əzbərçilər
qəbul olunur. Mənim sənə məsləhətim: ruhdan
düşmə! Həyatın yolları çox dolayıdır. Bu yollardan keçmək üçün səbr və mətanət lazımdır. Sən
heç təsəvvür
eləyə bilməzsən
ki, bu məktubu
sənə yazan, hörmət bəslədiyin
şairin də böyük iztirabları və ağrıları var... Səbr! Səbr! Dünya xali deyil!
16.XI.71-ci il”.
Artıq
bu məktubdan sonra özümü “böyük adamın” qızı hesab edirdim... Növbəti ildə artıq universitetin filologiya fakültəsinin tələbəsi
idim... “Uzun, incə bir yola”
çıxmışdıq...
“Uzun, incə bir yol”
Bu yol filologiya fakültəsindən
keçir... I kursda oxuyurduq. Novruz bayramı idi. Universitetin əsas binasının qarşısında toplanmışdıq.
Daha çox filologiyanın tələbəsi vardı.
Çıxdıq yola, Bəxtiyar
müəllim qabaqda gedir, biz də əlimizdə səmənilər,
lalə-nərgizlər, bənövşə
dəstələri indiki
Cavid prospekti ilə, nümayişkaranə
Fəxri Xiyabana gedirdik. Yolda Politexnikin tələbələri
də bizə qoşuldu. Hamı bizə baxırdı.
Bəxtiyar müəllimi görənlər
ona qoşulurdu. Biz Şıxəli Qurbanovun məzarı üstündə dayandıq.
Kiçik çıxış
etdi Bəxtiyar müəllim... Bu o vaxtlar
idi ki, Seyran
Səxavət demişkən,
“sovet hökumətinin
zınqırovlu vaxtları
idi...” və biz elə buradan “uzun, incə bir yol”a çıxdıq...
və mən hələ o yolu gedirəm...
Mən ikinci kursda oxuyanda kiçik qardaşım universitetin hüquq fakültəsinə imtahan verirdi. İmtahan saat 15.00-da başlamışdı. Çox uzun çəkdi. Artıq qaranlıq düşmüşdü. Böyük qardaşımla gözləyirdik. Qardaşım yan skamyada əyləşmiş qadını və yanındakı qızı görüb dedi ki, Dilarə xanımla Gülzar da buradadı – Bəxtiyar müəllimin həyat yoldaşı və qızı. Onlara tərəf getdi, səmimi görüşdülər, məni də tanış etdi. Məlum oldu ki, Azər – Bəxtiyar müəllimin oğlu da imtahan verir. Qardaşım soruşdu ki, Bəxtiyar müəllim yəqin bir şeylər edə bilər. Dilarə xanım dedi ki, qəti qarışmır, deyir özü imtahan versin, qəbul olsun... Köhnə xatirələr danışdılar... Həmin il nə qardaşım, nə Azər qəbul olundu. Növbəti ildə qardaşım jurnalistikaya, Azər hüquq fakültəsinə daxil oldu... Sonralar kiçik qardaşımın həm Bəxtiyar müəllimlə, həm oğlu Azərlə səmimi münasibətləri yarandı...
Sonuncu kursda oxuyanda diplom işi mövzusu olaraq B.Vahabzadənin “Sənətkar və zaman” kitabını seçdim...
Bəxtiyar müəllimin dərsləri mühazirədən çox poeziya gecələrini xatırladırdı... Onun dərs cədvəlini götürüb mühazirələrinə gələrdilər. Auditoriyada arxada ayaq üstə dayananlar olurdu... Müxtəlif təbəqənin insanları...
“Mənim şairim...” – xalqın şairi
Müəllim işlədiyim illərdə zəngin bir ədəbiyyat kabineti yaratmışdım. Bəxtiyar Vahabzadənin rəsmini rəssama çəkdirdim, böyük portretlərin cərgəsinə vurdum, altından da Yevtuşenkonun onun haqqında dediyi sözləri yazıb asdıq divara...
Əski düşüncəli bir ədəbiyyat müəllimim vardı... Sevdiyi şair S.Rüstəm, sevdiyi əsər “Almaz” pyesi idi... Mənim sevdiyim şairlərə isteza edər, deyərdi ki, sənin Bəxtiyarın, sənin Cavidin, sənin Rəsulun... Bəli, onlar mənim idi...
Bəxtimizə düşən şair
Qızım XI sinifdə oxuyanda
bir inşa müsabiqəsinə
qatılmışdı. İnşanın adı belə idi: “Heyran olduğum insan”. O, B.Vahabzadədən
yazdı. İnşa qalib oldu və “Təzadlar” qəzetində çıxdı.
Çox keçmədi
ki, Bəxtiyar müəllimin həmin inşaya cavabı da elə “Təzadlar”da
çıxdı... Bir
şairin oxucusuna diqqəti, sayğısı
bu qədər olardı...
O əsərlərdə şair
ağır əməliyyat
keçirmişdi. Telefon əlaqəsi
saxladıq. Dedi ki, bu yazı
mənə məlhəm
kimi oldu.
Uzun, incə
bir yolda təkcə mən yürümürdüm. Qızım da
BDU-nun filologiyasında oxuyası
oldu. Diplom işini seçəndə
mənə dedi ki, qəribə bir şey oldu.
Elmi rəhbərimlə mövzulara
baxırdıq. Müəllim
barmağını bir
mövzunun üzərinə
qoymuşdu: “B.Vahabzadənin
şeirlərində dil
və üslub xüsusiyyətləri”. Müəllim
mənim son dərəcə
təəccübləndiyimin səbəbini soruşanda,
dedim ki, anamın da elmi işi Bəxtiyar
müəllimdən olub
– “Sənətkar və
zaman
Bəsti İSMAYILOVA
Tərtər şəhər 2
saylı məktəb-liseyin ədəbiyyat
müəllimi
525-ci qəzet.-
2014.- 22 fevral.- S.25.