Sevinc Çılğın: “Sevinc
qızıl, brilyant tanımasa da, insanları yaxşı
tanıyır”- Məhşurların xanımları
“Bilmirəm, Zahir məni bəyəndiyindən əsərlərimi bəyənir, yoxsa əsərlərimi bəyəndiyindən məni bəyənir”
Müsahibimiz
tanınmış şair və jurnalist Zahir Əzəmətin
heç də onun özündən az
tanınmayan xanımı şairə Sevinc
Çılğındır.
Tək
övlad ailənin ilkbeşiyi və sonbeşiyi
Bakıda, köhnə “Kubinka” adlanan məhəllədə
doğulub boya-başa çatmışam. Ailənin tək
övladıyam. Əhatə olunduğum cəmiyyət
digərlərindən çox fərqlənirdi. Mənim böyüdüyüm zamanlar “Kubinka”da
yazılmamış qanunlar var idi. Hər kəs
o qanunlara riayət etməyə borclu idi. Atam
adla deyilən ticarətçilərdən olub, anam evdar
qadın. Bizim nəsildə kitabla əlaqəsi olan elə
də çox adam yoxdur. Müəyyən
səbəblərə görə təhsil ala bilməyən
anam, öz yarımçıq arzularını mənim gələcəyimdə
görmək istəyirdi. Anamın istəyindən
asılı olmayaraq, özümün də kitablara
böyük marağım var idi. Özümü
tanıyandan kitabları, mütaliəni çox sevmişəm.
Oxumaqdan o qədər xoşum gəlirdi ki,
universiteti bitirdikdən sonra, bir də dərsə getməyəcəm
deyə oturub saatlarla ağlamışdım. Ağlım kəsəndən şeir yazıram.
Pis yazıram, yaxşı yazıram deyə bilmərəm
, amma əminəm ki,
yazmağı bacarıram. İbtidai sinfə ərəb
təmayüllü orta məktəbdə getdim. İlk şerimi üçüncü sinifdə
oxuyanda, vertolyot qəzası ilə bağlı
yazmışdım. O vaxt vətənpərvərlik
hisslərimdənmi ya nəsə başqa səbəbdənmi
ona aid şeir yazdım. Yadımdadır müəllimə
həmin şeiri bütün sinfə əzbərlətmişdi. Məktəbi bitirdikdən sonra, ali məktəbə qəbul olmaq
üçün sənədlərimi verdim. İxtisas
seçimini edərkən, universitetlərin sıralaması mən
yazdığım kimi olmadı. Beləliklə təsadüf
nəticəsində Qafqaz Universitetində “Türk dili və ədəbiyyatı ” fakultəsinə daxil
oldum. Universitetin bakalavr pilləsini əla qiymətlərlə
başa vurduqdan sonra, magistraturaya daxil oldum.
İlk
baxışdan məhəbbət
Kitab həvəskarı
olduğumdan tez-tez
kitabxanaya gedirdim. Orada Aynur adlı bir qızla tanış
oldum. Zaman keçdikcə Aynurla dostluq etməyə
başladıq. Bir gün mənə dedi ki , elə
kitabxananın nəzdində “Pərvanə” ədəbi məclisi
var. Müntəzəm olaraq oranın üzvü olan gənc
şairlərin toplantısı keçirilir, yazarlar
yığışıb müzakirələr aparır, eyni
zamanda bir-birlərinin fikirlərini şərh edirlər.Gəl
sən də orada iştirak et. Mən də bu təkliflə
razılaşdım. Birinci dəfə məclisdə
iştirakım çox yaxşı
qarşılanmışdı. İkinci dəfə
məni yığıncağa dəvət etdilər. Tərslikdən həmin gün başqa bir tədbirdə
olmalı idim. Saata baxdım ki, kitabxanaya da gedə bilərəm.
Bəzəkli-düzəkli heç
kitabxanalıq vəziyyətdə olmasam da, içəri girməyə
qərar verdim. Sıra mənə
çatanda, ayağa qaxıb, o vaxtlar hətta sözlərinə
mahnı da yazılmış şeirimi dinləyicilərə
təqdim etdim. Özündən razı halda şeiri
oxuyub qurtardıqdan sonra, keçən yığıncaqda
görmədiyim gənclərdən biri dedi ki, orta səviyyəli
şeirdir. Pis yazılmayıb. Görünür bu xanımın istedadı var. Bu
sözləri eşitdikdə çox əsəbləşdim.
Axı mən o şeirə görə çox
təriflər almışdım. Səbr
edə bilməyib özümdən çıxdım. Ümumiyyətlə
sən kimsən ki, mənim şeirim haqqında bu cür
danışırsan, deyə onun üstünə
qışqırmağa başladım. Sonradan
məlum oldu ki, bu, hansısa Zahir Əzəmət adlı bir
gənc şairdir. Sən demə həmin
qrupun köhnə üzvlərindən olan bu şairə hər
kəs hörmət edir, çox istedadlı hesab etdiklərindən
onun fikirlərini həvəslə dinləyirmişlər.
Həmin gün də üzvlərdən biri Zahirə xəbər verib ki,
məclisə yeni üzv yazılıb, gəl onun da şeirlərinə
qulaq as. O da gəlib həmişəki
kimi öz fikirləri ilə gənclərə məsləhətlər
verirmiş. Zahir həmişə mənə
deyir ki, sən içəri girəndə, başa
düşdüm ki, axtardığımı tapmışam.
O dəqiqə də sənə vuruldum. Nə dərəcədə
doğru olduğunu bilmirəm, hər halda özü belə
deyir.
İnadkar
qız və ya elçilik təxirə salınır
O gündən
sonra müntəzəm olaraq Zahirlə ədəbiyyat
mövzusunda müzakirələr aparırdıq. Bir yerdə olanda da
, telefonla danışanda da yalnız ədəbiyyatdan
danışırdıq. Yoldaşlarımızla
birlikdə kinoya gedir, tədbirlərdə iştirak edirdik.
Artıq uzun müddət idi ki, dostluğumuz
davam edirdi. Aramızda möhkəm bir
bağlılıq yaranmışdı. Yenə
yoldaşlarla birlikdə yığıncağa getmişdik.
Tədbirdən çıxdıqdan sonra, Zahir
bizlə sağollaşıb getdi. Dostlarımdan biri mənə
dedi ki, sən doğrudan görmürsən ki, o səni
sevir? Təəccübləndim:
“Yox bir, onun ağlı başındadır? Getsin
bir güzgüyə baxsın. Fikirləşsin
ki, kimə aşiq olub”. Ona yox demək
üçün səbəblərim çox idi. Xəyal edirdim ki, həyat yoldaşım
varlı-hallı, bakılı, yaraşıqlı oğlan
olacaq. (gülür) Özümü
Zahirdən uzaq tutmağa çalışırdım.
Hiss etsəm ki, bir az ona
yaxınlaşmışam tez bütün telefonları
keçirirdim, onun olduğu toplantılarda iştirak etmirdim. Zahirin ailəsi bir neçə dəfə bizə
elçiliyə gəlmək ərəfəsindəykən,
fikrimdən daşınmışam. Əlimdən
gələn hər şeyi edirdim ki, onunla yollarımız kəsişməsin.
Sultanlığa
əlvida
Ailədə tək uşaq idim, çox eqoist
böyümüşdüm. Düşünürdüm
ki, həyatımı kimsəylə paylaşa bilmərəm.
Ömür boyu bir adamla yaşamaq mənə
çox çətin görünürdü. Bir gün qəti qərara gəldim ki, Zahirlə
bütün yollarımızı ayırmaq vaxtı gəlib
çatıb. Özümçün bəhanələr
uyduraraq ondan ayrıldım. 40 gün birtəhər
Zahirsiz ötüşdüm. Bir gün
sosial şəbəkələrin birində Zahirə bir
xanım tərəfindən sevgi şeiri
yazıldığını gördüm. Dayana bilməyib həmin şeirin yanında bir
şeir də mən yazdım. Əhvalım
çox pozulmuşdu. Nə edəcəyimi
bilmirdim. Müdirin otağına girib, mən
gedirəm. Haraya getdiyimi bilmirəm, ölsəm ölərəm,
qalsam bəlkə qayıdaram , dedim. Ağlaya-ağlaya
çıxıb getdim. Hara getdiyimi
heç özüm də bilmirdim. Gözümü
açanda gördüm ki, ayaqlarım məni Zahirin iş
yerinə gətirib çıxarıb. Zahiri
saç-saqqal basmışdı. Artıq
40-cı gün idi ki, üzünü təmizləmirdi.
O, məni görəndə çox təəccüblənmişdi,
mənsə nə edəcəyimi bilmirdim. Qəfildən dedim
ki, yayda çəkdirdiyim şəkillərə baxırsan?
Dedi ki, hə. Sakitcə yanında oturub şəkilləri
açdım. Bir müddət heç
birimiz dillənmədik. Gözümüz
şəkildə olsa da, şəklə baxan yox idi. Zahirə dedim ki, əgər biz evlənəcəyiksə,
gəl tez evlənək , bəlkə onda
səndən qaça bilmədim. Həmin gün məni evə
ötürəndə dedi ki, cibimdə 20 qəpik var. Artıq bunların heç biri məni
maraqlandırmırdı, eybi yox dedim. İlk
öncə ailəm bizə qarşı çıxmağa
çalışsa da, nəhayətində istəyimizə
çatdıq. Elçilikdə əmim dedi ki, sizin ailənizi
araşdırmamışıq. Zahirin nə
işlə məşğul olduğunu bilmirik. Heç araşdırmaq fikrimiz də yoxdur. Sevinc qızıl, brilyant tanımasa da, insanları
yaxşı tanıyır. O seçibsə biz hə
deyirik. Tez bir zamanda toyumuzu etdik. İndi iki
övladımız dünyaya gəlib: qızımız Yavru,
oğlumuz Sezay. Bizim nişanımız da,
toyumuz da çox fərqli keçmişdi. Uşaqların adını qoyarkən də,
çalışdıq tam fərqli olsun.
Hər
şey yaxşılığa doğru
Nəhayət, Zahirlə evləndik. Dörd ay
böyük çətinliklərimiz oldu. Evimiz yox idi. Zahir işləmirdi.
Ömür boyu özünə bir fincan
çay tökməyən qız isə evdar xanım
olmuşdu. Maddi cəhətdən çox
sıxıntılar keçirirdik. Amma
bunların heç birini anamgilə bildirmədim. Ümidsizliyə qapılanda Zahir hər şey
yaxşı olacaq deyib mənə dəstək olurdu.
Zahirə inanırdım , bilirdim ki, o, bu
çətin vəziyyətdən çıxış yolu
tapacaq. Doğrudan da bizim həyatımızda hər
şey yaxşılığa doğru getdi. Zahirə
daha münasib iş təklif etdilər. Maddi vəziyyətimiz
yaxşılaşdı. Heç vaxt dəyişib
başqalaşmadı. İlk gündən
onu necə saf, çalışqan tanıdımsa elə də
qaldı. Hər ikimizin
yaradıcılıqla məşğul olması olduqca
müsbət haldır. Bir-birimizi daha
yaxşı anlayırıq. Yazdıqlarımı
birinci Zahirə oxuyuram. Heç vaxt irad
bildirməz. O mənim şeirimdən çox nəsrimi
bəyənir. Bu günlərdə nəsr sahəsində
özümü ciddi bir əsərlə sınağa çəkməyi
düşünürəm. Bilirəm ki bu
əsər də onun çox xoşuna gələcək.
Amma deyə bilmirəm, Zahir məni bəyəndiyindən
əsərlərimi bəyənir, yoxsa əsərlərimi bəyəndiyindən
məni bəyənir. (gülür)
Özümü xoşbəxt hesab edirəm, çünki mən uşaqlıq həvəsimi itirməmişəm. Bu qədər pozitiv görünməyimə baxmayaraq, ən kiçik hadisə, hərəkət məni ağlada bilər. Ümumiyyətlə həyatda hər şey çətindir. Mənə elə gəlir ki, Zahir olmasa heç nəyin öhdəsindən gəlməyə gücüm çatmaz. Yeri gələndə dostumdur, qardaşımdır, atamdır. Əla kişidir. Heç vaxt onunla evləndiyimə peşman olmamışam. Əvvəllər Zahiri gənc qız kimi sevirdim. İndi də bir qadın kimi sevirəm. O mənim hər şeyimdir, ölürəm onun üçün. (gülür)
Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR
İdeya müəllifi: Tofiq Abdin
525-ci qəzet.-
2014.- 22 fevral.- S.21.