Tofiq Abdinin ölüm haqqında ölümsüz
şeirləri
...bəlkə bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox.
minindən biri:
bu dünyadan gedəndə
onları tapşıra
biləcəyim
kimsəm yox!!!
ömrün bu çağına gəlib
çıxdım ki,
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi
bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa, bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı
yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı
gördüm...
buludundan qorxdum,çayından
qorxdum
başımın üstündə
fır-fır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin
sayı azaldı
mənə nə oldusa
döz, dur dedilər
sənin alın
yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi
barı,
rahat yaşayardı mənsiz qalanlar...
lll
bu qorxu o tindəymiş
həmən qarşıma
çıxdı
çıxıb bir yad gözündən
həmən içimə
axdı
mən necə görməmişəm
mən necə kor olmuşam
bu yaşda bu qorxunu
içimə doldurmuşam
ha çabala,ha vuruş
ata bilmərəm onu
heç belə
gözləmirdim
mən ömrümün
sonunu
yazıq ömrümə
yazıq
məni güdürmüş
bu şər
atalar düz deyibmiş:
qorxan gözə çöp düşər
lll
gedirsiniz...
kiminizi ürək çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
gedirsiniz...
bu dünyayla tənha buraxıb məni
gedirsiniz...
sizsiz mənim ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim
açıq qalacaq
inanmıram
birinizi tapa bilim
o dünya məkanında
üzümə açılan
qapılar
bağlanacaq
ömrün laməkan
qapqara dumanında
yuxuları rahatsız
edəcəm
ayılanda
gözlərinizdən
qərib-qərib çəkilib
gedəcəm
yenidən yuxulara qayıtmağa
qayıdıramsa
demək ki, varam
bu da bir yalan ki
sağam ona görə uydururam...
lll
nəvələrim,
sizi sevməyimə
zəhər qatanlar olacaq
düşünürdüm
oldu...
bu zəhər tavandan axırmış,
liftlə qalxırmış
böyrümdə başımda
fırlanırmış
qan təzyiqindən
fırlanan həyatım
kimi
sizi sevəcəm unudulmayan bayatı kimi
sizi sevəcəm məndən sonra yaşaya biləcək
şeirlərimin həyatı
kimi
məhkumam sizi sevməyə
allah əlini uzat
şəfqət at
içimə...
məni hazırla
içi dolu şəfqətlə ölməyə...
lll
Öləndən sonra,
çox demirəm,
bir azacıq üşüyə bilsəydim
qışda
canım bir azcıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir oyana bilsəydim
hər sabah
oyandığım kimi Dan üzü
gəlib öpə
bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan
düzündən
oyana bilsəydim
bir daha ölməzdim, düşünürəm...
lll
oğlum,
bu şeiri yazana qədər
deməsəm də sənə
bilirsən
iki babanı itirmişəm
bir nənəni
dözüm verib allah mənə
özü onları
apardığı üçün
ölüm yolunda
neyçin belə
fikirlisən neyçin
ətrafındı iki gözəl oğul balan
başının üstündə
bir bəlan
amma bu bəla oğul balaların deyil
alın yazın
bir gün səni anlayacaqlar
mən olmasam da o gün
ruhum duyacaq...
yenidən başlayacaq
ömrüm...
525-ci qəzet.- 2014.- 26 fevral.- S.8.