Çingiz Abdullayev: "Xalqla yazıçı toqquşsa, yazıçı uduzur"  

 

"ÇOX YAZMAQDAN BARMAQLARIMDA "MAZOL" YARANIB"

 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN klubunun prezidenti Çingiz Abdullayevlə müsahibə

 

- Tez-tez səfərlərdə olursunuz. Bu cür səfərlər yaradıcılığınız üçün problem yaratmır?

 

- Təbii ki, öz təsirini göstərir. Amma getməmək də olmur. Mənim xaricdə təqdimatlarım keçirilir. İyunda Fransada təzə kitablarım çap olunacaq. İndi ora getməliyəm, görüşlər keçirməliyəm. Üzümüzə gələn həftə Moskvaya gedəcəyəm. Tanınmış aktyor, rejissor Yevgeni Mironov məndən icazə alıb əsərlərimə kino çəkmək istəyir. Hətta Amerikadan, Hollivuddan da bir rejissor təklif göndərib. Ona görə də xarici səfərlərə getmək məcburiyyətindəyəm. Mən həm də hüquqşünasam və bütün danışıqları şəxsən özüm aparıram. Düzdü, təyyarədən qorxsam da, ayda ən azı dörd - beş dəfə təyyarəylə səyahət edirəm.

 

- Romanlarınızın ssenarisi əsasında çox filmlər çəkilib?

 

- Əsərlərimin əsasında çəkilən kinolardan biri Tacikistanda, altısı Rusiyada ekranlaşdırılıb, iki filmi isə Azərbaycanda çəkiblər. "Məhkumlar"ı Mehriban Ələkbərzadə, "Tərsinə çevrilən dünya" isə Ənvər Əbluc. "Tərsinə çevrilən dünya" filmi mükafat da alıb. O filmi üç min general, zabit Heydər Əliyev adına sarayda izləmişdi. Ramil Usubov (Daxili işlər naziri - red) mənə dedi ki, bu film məni çox sarsıtdı.

 

- Bu yaxınlarda "Azərbaycan" jurnalında "Çağdaş Azərbaycan ədəbiyyatı: problemlər, mülahizələr" adlı dəyirmi masada yazıçı Seyran Səxavət "detektiv yazmağın ayıb" olduğunu deyib...

 

- Bu fikri tez-tez deyirlər. Qrim Qrin də, Orxan Pamuk da detektiv yazıb.

 

- Orxan Pamukun hansı əsəri detektivdir?

 

- Onun "Qara kitab"ı detektivdir. Dostoyevskinin də bütün kitabları detektivdir. Mənə çox adam deyir ki, mən də yaza bilərdim, nə var ki, orda. Bu cür danışan adama deyirəm, götür qələmi, yaz. Amma elə yaz ki, arvadından başqa heç olmasa beş adam oxusun. Bu gün internetdə milyonlarla kitab var. Yazıçılar Birliyinin yaxınlığında "Əli və Nino" kitab evi var. Orada qırx iki min adda kitab var. Ancaq orada yeganə rəf mənə aiddir.

 

- Vladimir Nabokov rus ədəbiyyatı ilə bağlı mühazirələrində Dostoyevskini təhqir etmək üçün onun yazdıqlarını "detektiv" adlandırır, indi Siz də o fikirdəsiniz?

 

- Mən hesab edirəm ki, bu, tam detektivdir. Detektivi oxuyanlar sonda nə olacağını bilmək istəyirlər. Dostoyevskinin əsərlərində altıncı, yeddinci səhifədə görürük ki, Raskolnikov iki qadını öldürür. Sonrakı altı hissədən ibarət kitabda Dostoyevski qətlin niyə törədildiyini göstərir. Heç şübhəsiz, Dostoyevskinin əsərləri böyük ustalıqla yazılıb və bunu milyonlarla adam oxuyur.

 

Bilirsiniz, mən təzə yazmağa başlayanda deyirdilər ki, Çingiz Abdullayev adlı siyasi detektiv yazan var? Məni Mərkəzi Komitəyə çağırdılar ki, siyasi detektiv yazmayın, bu sizin xörəyiniz deyil. Azərbaycanlısan, quldurdan yaz, milisdən yaz, prokurordan yaz, ancaq siyasi detektiv yazma. Hətta mənə deyirdilər ki, azərbaycanlılar gedib bazarda göyərti satsın, ya da qoyun otarsın. Bunu mənə ruslar deyirdi. İndi vəziyyət dəyişib, Rusiyanın kitabxanalarında mənim rəflərim var. Bizimkilər deyir ki, əşi, bizimki nə yaza bilər? Buna sevinmək lazımdır. Moskvadakı kitab evlərində sənin həmyerlinin rəfi var, amma Nabokovun yoxdur. Baxmayaraq ki, o məndən milyon qat böyük yazıçıdır.

 

- Ölkə daxilində sizi bəyənməyənlərdən danışdınız. Əkrəm Əylisli də dəfələrlə Sizi yazıçı hesab etmədiyini deyib: "Bu adamın yazıçılığa aidiyyəti yoxdur. Nyu-Yorkda "Azadlıq heykəli"nin yerində yazıçı kimi Çingiz Abdullayevin heykəli qoyulsa, yenə də onu yazıçı hesab etməyəcəm".

 

- (gülür) Amma Əkrəm həmin açıqlamasında maraqlı bir fikir də demişdi ki, mənim uşaqlarım Çingizin kitablarını oxuyur. Mənim övladlarım isə heç Əkrəmin adını da tanımır. Bu, onun faciəsidir. Mən şirin çörək deyiləm ki, hamının xoşuna gəlim. Bizim hörmətli Prezident İlham Əliyev də deyib ki, mən Çingiz Abdullayevi oxumuşam. Mən bunu fəxrlə deyirəm. Azərbaycanda iyirmi sanballı adamın adını çəkə bilərəm ki, onlar mənim kitablarımı oxuyur. Baş nazir Artur Rəsizadə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov, bəstəkar Fərhad Bədəlbəyli məni oxuyur.

 

- Misilsiz bir məhsuldarlığınız var. Keçən ilin avqustunda verdiyiniz müsahibədə yüz səksən yeddi roman yazdığınızı demişdiniz.

 

- Artıq yüz doxsan üçə çatıb. Hər aya bir kitab yazıram. Əslində siz də yaza bilərsiniz. Hər gün on səhifə yaza bilsəniz, bir ayda üç yüz səhifə olacaq.

 

- Jorj Simenon, Aqata Kristi kimi klassiklərdən də çox yazmısınız. Bunun sirri nədədir?

 

- Heç bir sirr-filan yoxdur. Çox yazmaqdan barmaqlarımda "mazol" yaranıb. Aleksandr Düma deyir ki, mənim əlim yazıçı əli deyil, fəhlə əlidir. Elə olur ki, səhər saat doqquzda stula oturub, iyirmi səkkiz saatdan sonra dururam. Ancaq çay içirəm. Siqaret də çəkmirəm. Nə vaxtsa mənə desəydilər ki, iyirmi səkkiz saat uzana bilərsən, təbii ki, "yox" cavabı verərdim. Amma iyirmi səkkiz saat yazı yazıram. Çünki orda yaşayıram. Yazı prosesi mənə maraqlıdır. Həm də uğur adamı daha da qaldırır. Mən bilirəm ki, yazanda mənə pul verirlər. Kitabımı nəşriyyatlara yollayanda oxumadan qonorarı dərhal hesabıma göndərirlər. Bir dəfə atam soruşdu ki, bəyəm qonorar verməsələr yazmayacaqsan? Mənim mağazam, restoranım yoxdur. Qonorarsız necə yaşayacağımı təsəvvür edə bilmirəm, ancaq hər halda yazacaqdım. O biri tərəfdən də mən sevinirəm ki, xaricdə milyonlarla insan kitablarımı oxuyur. Beş il əvvəl "Oqonyok" jurnalı yazmışdı ki, Çingiz Abdullayev adlı insan yoxdur. Bir yazıçı bu qədər kitab yaza bilməz. Dörd adam - müstəntiq, KQB-nin işçisi, jurnalist və kriminalist birləşib bir yerdə kitab yazırlar. Mən onlara məktub yolladım ki, indi leksik ekspertizalar var, kitablarımı yoxlayın, səhv tapsanız, sizə on min dollar pul verəcəyəm, tapmasanız siz mənə bir rubl ödəyib, üzr istəyəcəksiniz. Mixail Qusmanla Viktor Loşak Bakı Slavyan Universitetində altı yüz adamın yanında mənə bir rubl verib üzr istədilər.

 

- Sirr deyilsə nə qədər qonorar alırsınız?

 

- Baxır kitaba da. Məsələn, Rusiyadan daha çox qonorar alıram, nəinki Fransadan. Ümumilikdə mən ən çox qonorar alan müəlliflərin siyahısında yer alıram. Mənim ssenarilərimin qiyməti əlli min dollardır. Bu qonorardan 38 faiz vergi tuturlar. Yəni 19 min dollar vergi verirəm. Təbii ki, heç bir müğənni, yazıçı, rəssam, yaxud da jurnalist bu qədər vergi ödəmir. Azərbaycandan isə yalnız son iki ildə qonorar alıram, onu da Şahbaz Xuduoğlu verir. Ümumiyyətlə, mən iyirmi ildir ki, qonorar almırdım. Bunu hamı bilir. Həmin pulları uşaq evlərinə köçürürdüm.

 

- Bizim yazıçıların tanınmaq problemi var. Təbii ki, siz istisnasınız. Məşhurluğunuz digər yazıçılara münasibətdə özünüzü onlardan üstün görmə kimi "keyfiyyətlər" yaratmır?

 

- Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza keçən il Azərbaycanda ən çox satılan kitabların siyahısını mənə təqdim etdi. Ən çox satılan on kitabdan doqquzu mənimdir. Həmişə bizim yazıçılara deyirəm ki, qurban olum, əgər sizi Bakıda oxumurlarsa, Fransada niyə oxumalıdırlar? Cavanlara da deyirəm ki, çalışın kitabınızı oxumaq istəsinlər. Yazıçı təvazökar ola bilməz. Sən yazırsan ki, oxusunlar də. Deyirlər, tanınmırıq. Elə et ki, tanısınlar da. Bəyəm Fransadakılar mənim qohumlarımdı, ya İslandiyadakılar? Cavan uşaqlar yanıma gəlib deyir ki, istəyirik bizi də sizin kimi tanısınlar. Necə edək? Deyirəm kitab oxuyun, mənim yox ha, ümumiyyətlə, kitab oxuyun. Onlara siyahı da vermişəm ki, dünyada bu gün daha çox kimi tanıyırlar, daha çox kimləri oxuyurlar.

 

- Həmin siyahıdakı müəlliflərin adını çəkə bilərsinizmi? Qoy, oxucularımız da bilsinlər.

 

- Mişel Uelbek, Umberto Eko, Zaxar Prilepin, Sergey Lukyanenko...

 

- Deyəsən, Boris Akunindən xoşunuz gəlmir.

 

- Necə yəni xoşum gəlmir?

 

- Bir yazınızda yazmışdınız ki, onun əsərinə baxan kimi necə bitəcəyini bildim.

 

- Boris Akunin açıq deyir ki, yaponlardan köçürürəm. Bu mənim xoşuma gəlmir. Gürcüstanda Vaza Leşava var, çox xoşuma gəlir. İyirmi üç yaşlı oğlandır. Polşada Marian Dobrovskinin adını çəkə bilərəm. Onun iyirmi yeddi yaşı var. Məhz cavanlar yazanda maraqlı olur. Yaşlılar janrları bir az sevmir. Bizim cavanların bəziləri deyir ki, postmodernistdilər. Orxan Pamuk Bakıda qonaq olanda Anar ona dedi ki, hamı sizə postmodernist deyir. Siz buna necə baxırsınız? Bu söhbət mənim yanımda olub. Orxan Pamuk güldü. Dedi, indiyə kimi başa düşməmişəm ki, bu postmodernistlik nədir. Yaşı otuzu, qırxı keçən adamlar fikirləşir ki, janrlardan istifadə edib oynamaq, nəsə yaratmaq olar. Əslində belə deyil. Maraqlı yazı maraqlı, maraqsız yazı da maraqsız olur.

 

- Azərbaycan ədəbiyyatında postmodernist yazıçılar heç yoxdur?

 

- Əlbəttə ki, var. Mən hesab edirəm ki, Elçin postmodernist yazıçıdır.

 

- Bəs Kamal Abdulla?

 

- Bəli, o da postmodernist yazıçıdır. Kamal Abdullanın kitabları daha çox kulturoloji və ədəbiyyatşünaslıqdır. Bax, onun kitabı min nüsxəylə Moskvada çap olunub. Min nüsxənin hamısı satılsa, bu da uğurdur. Mən buna ancaq sevinə bilərəm. Bir dəfə yanımda Şenderoviçlə İlya Dadaşidze mübahisə edirdilər. İlya estet idi, o deyirdi ki, axı Düma yazıçı deyil. Yazdıqları uşaqlar üçündü. Şenderoviç də ona dedi ki, onda "Hamımız birimiz yolunda, birimiz hamımız yolunda" kimi bir cümlə yaz, sən öləndən yüz il sonra o misra bütün dünya dillərinə tərcümə olunsun. Umberto Eko "Aristotelski poetika" deyir. Bu o deməkdir ki, kitabı oxumaq üçün istək olmalıdır. Bu baxımdan mənim xoşuma gəlmir, deyirlər mən də yaza bilərəm. Heç kəs səni saxlamır, otur yaz. Çap edə bilmirsən, internetə qoy. Çox çətindir yazmaq, bunu başa düşmürlər. Deyirlər nə var axı, rusca yazır, qurban olum, rusca yazmaq milyon qat çətindir. Azərbaycan dilində yazsam ancaq bizimkilər oxuyacaqdı. Ancaq internetə rus dilində dörd yüz milyon kitab var. İndi sən elə yazmalısan ki, məhz sənin kitabını seçib oxusunlar. Bu çox çətindir. Mişel Uelbekin adını çəkdim. Onun platforması çox xoşuma gəlir. Onun əsərini Anara göstərdim. Dedim, Anar müəllim, mən heç vaxt belə kitab yaza bilmərəm. Əsərdə qəhrəman atasının dəfninə gəlir və atasının cinsiyyət orqanına baxa-baxa düşünür ki, atası anasıyla necə yatıb. Azərbaycan yazıçısı bunu yaza bilməz. Ona görə yox ki, mən bundan yazmağı bacarmaram, ona görə ki, arada sərhəd var. Sadəcə o sərhədi keçə bilmərəm. Məsələn, Nobel mükafatı laureatı Herta Müller kimi lezbiyanlardan-filan yazmaq xoşuma gəlmir. Bir dəfə Fərhad Bədəlbəyli dedi ki, səni elə bil seksual şeylərdən yazmağa nəsə qoymur. Mən də ona dedim ki, bu cür yaza bilmərəm.

 

- Amma son zamanlar daha çox qadınlar yazdığınız kitablarda açıq-saçıq səhnələrin çoxluğundan danışır.

 

- Bəli, daha çox qadınlarla bağlı səhnələr var. Əvvəllər detektivi daha çox kişilər oxuyurdu. Mən indi bilmişəm ki, saysız-hesabsız qadın oxucularım var. Bir fanklubda on bir min, digər fanklubda səkkiz min qadın var. Bu fakt, açığı, məni çox təəccübləndirdi. Dörd kitabım var ki, bunu qadın adından yazmışam. Mənə deyirlər ki, sən bunu yaza bilməzsən, bunu qadın yazıb. Qadın hissiyyatı mənə maraqlıdır. Ancaq düz deyirsiniz, bir az pərdəni götürürəm.

 

- Məşhur olsanız da, ən çox tənqid olunan bir qurumun, Yazıçılar Birliyinin katibisiniz. Bunlar birlikdə təzad yaratmır ki?

 

- Nə təzad?! Mən bilirəm ki, bizi tənqid edirlər. Onlar bundan yaxşısını qura bilsələr, qoy gəlib qursunlar. Amma qura bilməyəcəklər. Biz ənənələri saxlayırıq. Mən Xalq şairi Səməd Vurğunun kabinetində otururam. Siz bilirsiniz ki, postsovet məkanında yalnız Azərbaycanda Yazıçılar Birliyi parçalanmayıb qalıb? Gürcüstanda iki, Ermənistanda üç, Rusiyada dörd Yazıçılar Birliyi var. Yeganə bizdə qalıb. Pis və ya yaxşı biz bunu saxlaya bilmişik. Özü də çox çətinliklə saxlamışıq. Yazıçılar Birliyinin binasını Böyük Britaniya səfirliyinə vermək istəyirdilər. Yusif Səmədoğlu mənim yanımda Pənah Hüseynova zəng vurub dedi ki, kim bura gəlsə, onu güllələyəcəm. Belə hesab edirəm ki, Azərbaycanda ən müqəddəs yer, Şeyx məni bağışlasın, Yazıçılar Birliyidir. Bunu tam məsuliyyətlə deyirəm.

 

- Sizcə Kamal Abdulla, Afaq Məsud, Seyran Səxavət, Aqil Abbas Xalq yazıçısı olmalıdır?

 

- Kamal Abdullanın yaxşı bir sözü var, deyir Biləcəridən o yana heç olmasa səni oxumalıdırlar. Mən hesab edirəm ki, Afaq Məsud çox gözəl yazıçıdır, Kamal Abdullanın isə dünyada nə qədər kitabı çıxır. Qırx altı yaşında Xalq yazıçısı fəxri adı alan yeganə yazıçı mənəm. Fəxri ad almağımı üç gün zarafat saymışam. Özüm cənab prezidentə yaxınlaşdım ki, mən çox cavanam, çox sağ olun. Dedi ki, mən bilirəm, kimə nə ad verirəm. Məni fəxri ada Yazıçılar Birliyi təqdim etməyib. Burda da heç kimin arasında fərq qoymamışam, yalnız təşkilatı məsələlərə cavabdehəm. Sizin fəxri adlarla bağlı sualınıza yaxşı olar ki, təşkilatın başqa katibləri cavab versin. Mənim milyonlarla kitabım satılıb, postsovet məkanında ən cavan Xalq yazıçısıyam. Ona görə kimisə fərqləndirmək istəmirəm. Məndən inciyə bilərlər. Ümumiyyətlə, düşünürəm ki, min səkkiz yüz adamın hamısı dahidir. Yeganə adam mənəm ki, özüm üçün yazıram, mən dahi deyiləm (gülür).

 

- Facebookda sizin adınızdan Qarabağ münaqişəsi haqda əsər yazmayacağınız haqda bir fikir yayıldı. Bu fikir nə dərəcədə düzgündür?

 

- Belə bir şey olmayıb. "Facebook"da altı Çingiz Abdullayev var, beşi mən deyiləm. Mənim xalam oğlu da Qarabağda şəhid olub. Bu elə məsələdir ki, sən öz xalqına zərbə vurmamalısan. Əsl yazıçı səhvləri də, düzləri də göstərməlidir. Mənim "Qara yanvar" sənədli kitabım çap olunub. "Əclaflar qanunu" kitabım da Azərbaycan dilinə tərcümə olunub. O vaxt bu əsəri yazanda İsmayıl Şıxlı mənə dedi ki, sən meyitlərin necə dəyişdirilməsini yoxlamısan? Dedim ki, yoxlamışam. Mən hər kitabımda bu mövzuya toxunuram. İndi beş cildliyimin üzərində işləyirəm. Doxsan birinci ildən bu yana nə baş verib, onları qələmə almışam. İndi altı aylıq bir fasilə götürüb saqa yazmaq istəyirəm. Detektiv yox, məhz saqa. Xalqımız iyirminci əsrdə necə inkişaf edib, necə faciələr yaşayıb bunları yazmaq istəyirəm. Yazıçı mənim üçün ilahi kimi bir şeydir, o dünya yaradır.

 

Mən ona pis baxıram ki, sənin yazdığından düşmənlər istifadə edir. Bəlkə də mənimlə razı olmayacaqsınız. İkinci Dünya Müharibəsi vaxtı müsavatçılar Hitlerlə görüşüblər. Mənə görə onların hamısı xaindir. Bunu söyləyəndə mənə deyirlər ki, sən düz danışmırsan, onlar xalqa qarşı yox, Stalinə, kommunizmə qarşı vuruşurdular. Onda sual verirəm, ancaq heç kəs də cavab vermək istəmir: indiki hakimiyyətin siyasətini bəyənməyən adamlar var, indi həmin adamlar ermənilərlə birləşib Gəncəni yandırmalıdırlar?! Faşistlərlə birləşib mənim iki əmimi öldürənlər xain deyil? Deyirlər Stalinə qarşı vuruşurdular. Bu yalandır. Sən xalqına qarşı çıxmamalısan. Biz də PEN klubun adından müraciət etdik ki, yazıçıya qarşı nalayiq hərəkətlər etmək olmaz. Yazıçı nə istəsə yaza bilər. Bu cür axmaq şeylər bizi milyon dəfə biabır edir. Bu qulaq kəsmək...

 

- Kitab yandırmaq...

 

- Kitab yandırmaq lap dəhşətdir. Dövlətlə yazıçı toqquşanda yazıçı həmişə udur, ancaq xalqla yazıçı toqquşsa, yazıçı uduzur. Bu var, xalqa qarşı getmək olmaz. Mən bu haqda yazmışam.

 

- Bir çox adamlar sizi Yazıçılar Birliyinin yeni sədri kimi görür...

 

- Mən hesab edirəm ki, Anar postunda qalmalıdır. O vaxtlar Yazıçılar Birliyində qazaxlılarla qarabağlıların arasında konflikt baş vermişdi. Bir-birini öldürürdülər. Mehdi Hüseyn bu hadisələrə görə öldü. Anar bu söz-söhbəti aradan götürdü. Qazaxlı Yusif Səmədoğlu ilə qarabağlı Çingiz Abdullayevi katib seçməklə bu söhbətlərin kökü kəsildi. Anar çox iş görüb. Təvazökarlıqdan uzaq olsa da, sizə bir şey deyim ki, dünya ədəbiyyatını bilən beş nəfər varsa, o beş nəfərdən biri mənəm. Amma Azərbaycan ədəbiyyatını Anar kimi bilən ikinci adam yoxdur. Anar yeganə adamdır ki, "Min beş yüz ilin oğuz şeiri"ni yazıb. Bunu institut hazırlamalı idi. Amma bu onu özü yazıb, özü toplayıb. Danışmaqla deyil, çox adam onu tənqid edir. Ancaq Anar kimi ikinci vicdanlı, namuslu adam tanımıram. Özümü xoşbəxt hesab edirəm ki, iyirmi beş ildir belə bir insanla işləyirəm.

 

- Bəs öz sədrliyinizə necə baxırsınız?

 

- Mənə səs verəcəklərinə inanmıram.

 

kulis.az

 

525-ci qəzet.- 2014.- 26 fevral.- S.7.