Moskvada Afaq Şıxlının yaradıcılıq gecəsi olub  

 

 

Moskva Millətlər evində şairə-publisist Rusiya Avrasiya Yazarlar birliklərinin üzvü Afaq Şıxlının yaradıcılığına həsr olunmuş gecə keçirildi.

"Şəhriyar" Ədəbi-mədəni cəmiyyətinin təşkil etidyi gecə Afaq Şıxlının yaradıcılığından bəhs edən videosüjetlə başladı. "Şeirlər şairlərin övladları kimidir. Doğma övladlarına məhəbbət qayğı payından kəsmək hesabına doğulur, o şeirlər. Bəlkə elə ona görədir ki, o övladlar şair ata-anaları üçün deyil, sadəcə ata-anaları üçün darıxır, onları istəyirlər".

Gecədə Afaq Şıxlının qızı, ÜAK saytının baş redaktoru Nilufər A. Şıxlı anası haqqında nitqinə elə şairənin yuxarıda söylədiyi bu sözlərdən yola çıxaraq başladı.

 "Anaya məhəbbət - uşağın doğulduğu andan hiss etdiyi ilk məhəbbətdir. O insanın mayasındadır. Ona görə ananı ana kimi sevmək təbii ki, asandır. Amma ananı həm şairə kimi sevmək - bax bu çox çətindir. mən bu illər ərzində onu təkcə anam kimi deyil, yüzlərlə oxucusunun ürəyini fəth etmiş tanınmış şairə Afaq Şıxlı kimi sevməyi öyrəndim".

 Nilufər A. Şıxlı anasının onlara-övladlarına ayıracağı vaxtdan kəsib şeirə verməsindən kədərlənsə , "hər bir şeir yazılıb yığılıb kitab halına düşdükdən sonra o kitabları vərəqləyib oxuduqca anlayırsan ki, bu belə olmalıdır ona qarşı çıxmaq günahdır", - qənaətinə gəldiyini söylədi.

"Şəhriyar" Ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov şairə Afaq Şıxlının həyat yaradıcılıq yoluna qısa nəzər salaraq onun Moskva ədəbi mühitinə gəlişindən az bir zamanda bir neçə kitaba imza atmasından danışdı. Sonra şairəni səhnəyə dəvət etdi.

Boynunda Azərbaycan qadınının simvolu olan kəlağayı ilə səhnəyə çıxan Afaq Şıxlı bu gecəni təşkil edənlərə minnətdarlıqla, Azərbaycan poeziyası ətrafına toplaşanları salamladı.

 "Qürbət biz qələm adamlarını bir az daha kövrək edir. Mənə elə gəlir ki, bu kövrəklik altında Vətənə ikiqat atrıq sevgi gizlənib. Biz oranın nisgilini qəlbimizdən süzülən poetik misralarla söndürürük", - dedi.

 Onu sözün yaxşı mənasında təsirləndirən bu gecədə "çatmayanlardan" danışdı.

"Bu gecə bu sevinci mənimlə birgə paylaşmaq istədiyim anam Mirvari çatmır. Yol uzaq, yaş da o yaş deyil deyə gələ bilməyib. Bakinin baş geoloqu mənim rəhmətlik atam Arif Şıxlınski çatmır. Məni tərbiyə edən ədəbiyyatı mənə sevdirən rəhmətlik bibim çatmır. bir əmim - Xalq yazıçısı İsmayıl Şıxlı çatmır ".

Gecənin nüfuzlu qonağı - Türkiyədən şairənin yubileyinə gələn şair Məmməd İsmayıl "Şeirə sevgi, sözə sevgi - Allaha sevgidir!" - dedi.

"Şükürlər olsun ki, bizdən sonra gələnlər - gənclər var. İsmayıl Şıxlı nəslinin ən böyük uğuru Afaq Şıxlıdır".

 Məmməd İsmayıl onu da əlavə etdi ki, əgər ədəbi mühitdə son iki ildə əldə edilən nailiyyətlər üzrə yarış keçirilsəydi, Afaq Şıxlı məhsuldarlıq baxımından sözsüz ki, qalib gələrdi. "Mən ona həyatda sənətdə uğur arzulayıram", - sözlərilə fikrinə yekun vurdu.

Yaradıcılıq gecəsində çıxış edən "Ocaq" ədəbi ictimai cəmiyyətinin sədri, AYB Moskva bölməsinin rəhbəri, türkoloq alim, professor Tofiq Məlikli isə Afaq Şıxlı nəzmindən söz açaraq, "onun şeirlərini sevdirən - o şeirlərdə səmimiyyətin olmasıdır", - söylədi.

"Afaq Şıxlı yazdığı şeirlərə ürəyini qoyub yazır. Ona görə o şeirlər belə axıcı gözəl alınır. Onun şeirlərində diqqəti çəkən iki məqam var - sevgi obrazlılıq. Onun şeirlərinin leytmotivi məhz bu iki hiss üzərində qurulub. Şeiri oxuduqca ondan aldığın duyğu obrazlı olaraq gözün önündə canlanır".

O şairənin qızının çıxışından mütəəssir olduğunu da gizlətməyərək M. Qorkinin oğluna verdiyi kitabda avtoqraf kimi " Ən gözəl əsərim olan oğluma" yazdığını xatırladaraq, "Afaq xanım, sizin ən böyük əsəriniz Nilufər Şıxlıdır!"- dedi.

MDLU-nun Azərbaycan dili mədəniyyəti mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Bella Musayeva Afaq Şıxlının bütün kitablarını, mətbuatda gedən çıxışlarını oxuduğunu qeyd etdi.

 "Afaq xanım, müsahibələrinizin birində mən şairə yox, şairəm deyirsiniz. Mən bu fikirlə razılaşmıram. Sizin şeirlərinizdə zəriflik, incəlik, məlahət var. Və şairə sözü də, elə bununla asossiasiya olunur".

O Afaq xanımı Azərbaycan şairələri Məshəti Gəncəvi, Xurşudbanu Natəvan, Nigar Rəfibəyli kimi şairələrimizə bənzətdiyini bildirdi.

Rusiya Yazıçılar Birliyinin üzvləri şair-tərcüməçi Mixail Sinelnikov, Sergey Karatov, şairlər Sultan Mərzili, Nəsib Nəbioğlu, İlham Bədəlbəyli, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi Manaf Ağayev, müəllimlər Xalidə Səmədova, Mehriban Abdullayeva və digər çıxış edənlər Afaq Şıxlının yaradıcılığına qiymət verərək onun şeirlərindəki poetik sözə vurğunluqdan, Vətən, qürbət mövzusunun incə şair ruhu ilə qələmə alınmasından söz açdılar.

Gecədə Azərbaycanın əməkdar artisti tarzən Qorxmaz Axundovun rəhbərliyi altında muğam üçlüyünün müşayiətilə şairənin qəzəlləri ifa edildi.

Abbas Alıyev, Orxan Türkoğlunun sazda səsləndirdiyi havalar yaradıcılıq gecəsinin xoş abu-havasına şirin ovqat qatdı.

 MDDU-nun rus tələbələrinin Afaq xanımın şeirlərini ana dilimizdə səsləndirmələri, 157 saylı Azərbaycan etno-təmayüllü məktəbin şagirdlərinin hazırladığı kompozisiya, Rusiya Gözəllik və İstedadlar müsabiqəsinin laureatı Nigar Zakirovanın skripkada ifası alqışlarla qarşılandı.

Saratovdan gələn qonaq, gənc naşir Ramilə Bəşirzadənin Afaq Şıxlının "Yeddidən biri. Bədii tərcümələr" kitabını cap edərək şairəyə hədiyyə etməsi və rəssam İlhamə Qurbanovanın bir dəstə çiçək yerinə, yağlı boya ilə kətan üzərinə işlədiyi "Qızılgül dəstəsi" rəsm əsərini ərməğan etməsi isə şairəyə gözlənilməz və xoş bir sürpriz oldu.

Gecədə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının Rusiyada və Türkiyədə təbliğinə və inkişafına töhfə verənlər - 18 Mart Çanaqqala universitetinin professoru, şair Məmməd İsmayıl, şairə Afaq Şıxlı, alim, mühəndis, Saratov "Volqopromstroybezopastnosti" elmi-texniki təhqiqat mərkəzinin rəhbəri Rafail Qəribov və 157 saylı məktəbin metodisti Sevil İsmayılovaya "Şəhriyar" ƏMC-nin diplomu təqdim edildi.

Yaradıcılıq gecəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, ÜAK-ın, "Ocaq" cəmiyyətinin, Azərbaycan Mədəniyyət və Həmrəylik mərkəzinin, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun nümayəndələri, Moskva Yazarlar Birliyinin katibi A. Anançev, Yuri Kuznetsovu ana dilimizə tərcümə edən Xalid Xoca, şairlər Əşrəf Hüseynli, Yavər Həsən,  Əliş Əvəz və başqaları iştirak edirdilər.

 

Tünzalə Vəliqızı

525-ci qəzet.- 2014.- 26 fevral.- S.7.