Xocalı soyqırımı: tariximizin
dönüş nöqtəsi
Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. Mütəxəssislərin
hesablamalarına görə, son 200 ildə ən azı 22 müharibə
baş verib.
İyirmi birinci əsrin lap əvvəlindən - 2001-ci il 11 sentyabrdan ABŞ-ın "beynəlxalq
terrora qarşı müharibə" elan etməsini və bu
prosesin indiyədək davam etdiyini də nəzərə
alsaq, deyə bilərək ki, üçüncü minilliyin
bircə günü də savaşsız ötüşməyib. Bütün sivilizasiya tarixini əhatə
edən beş min illik zaman kəsiyində
150 milyondan artıq insan bu müharibələrdə həlak
olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə
baş vermiş müharibələrin payına
düşür. Təkcə İkinci Dünya
müharibəsindən sonra bütün dünyanın 151
yerində 231 silahlı konflikt baş verib ki, bunların da
yarıdan çoxu 1990-cı ildən - Soyuq Müharibə
qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf
edir. BMT-nin məlumatlarına görə, ötən
onilliklərdə silahlı konfliktlərdə həyatını
itirən mülki vətəndaşların sayı dramatik
şəkildə artıb, ümumi qurbanların 90 faizinə
çatıb. Bu acı reallığın səbəbini
İnsanın fitrətində,
onun malik olduğu "şər
başlanğıcın"
"xeyir başlanğıcı"nı üstələməsində
görən, bəşər tarixində yaşanmış və
yaşanacaq acı olayların qaçılmaz olduğunu iddia
edənlər də var. İkinci Dünya müharibəsinin
başlamasını öz nəzəriyyəsinin
doğruluğunun təsdiqi kimi qələmə verən və
bu müdhiş savaşa "haqq qazandırmağa" cəhd
edən Ziqmund Freyd kimi...
Amma bütün müharibələrin
içində
öz miqyası, qəddarlığı,
insanlığa sığmayan əməlləri ilə fərqlənən
elə cinayət aktları vardır ki, onlara Ziqmund Freyd də
heç bir vəchlə haqq qazandıra bilməzdi. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər
tarixinin ən dəhşətli hadisələrindən biri
olan Xocalı qətliamı məhz həmin cinayət
aktlarından biridir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə birləşmiş rus-erməni silahlı qüvvələri
Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə
həkk olunmuş Xocalı soyqırımını törətdi. Amansızlığına
görə dünya tarixində törədilmiş ən qəddar
cinayətləri belə üstələyən bu
soyqırımı aktı təkcə Azərbaycan türklərinə
qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə,
beynəlxalq sülhə qarşı törədilmiş ən
ağır cinayət idi. Xocalı faciəsinə
qədər Qarabağda baş verən bütün olaylar bu
faciənin məqsədli şəkildə həyata
keçirilən etnik təmizləmə siyasətinin tərkib
hissəsi olduğuna heç bir şübhə yeri qoymur.
Xocalının mühasirəyə alınaraq
mülki şəxslərin şəhəri tərk etməsinə
imkan verilməməsi ermənilərin əsl niyyətini
açıq şəkildə ortaya çıxarır.
O qanlı fevral gecəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər
Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv
edildi, 1275 nəfər əsir, 150 nəfər isə itkin
düşdü. Öldürdükləri uşaqların,
qocaların, qadınların cəsədlərini tanınmaz
hala salmaq qədər alçaq mənəviyyata və xəstə
təfəkkürə malik olan ermənilər bəşər
tarixində ermənilik adına əbədi
şərəfsizlik gətirən soyqırımı
aktına imza atdılar. Faciənin törədilməsindən
yalnız iki gün sonra hadisə yerinə çatmaq
mümkün oldu. Şahidlərin
qarşılaşdıqları tükürpərdici mənzərə
sözlə ifadə edilə bilməyəcək qədər
ağır və amansız idi. Bütün
tarixi, kökü və ruhu ilə yaşadığı
torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə
ayaq tutub yeriməyə başlamış məsum
uşaqların cəsədlərini soyuq qış fəslində
isti vətən torpağı öz ağuşuna
almışdı. Kim bilir, son nəfəslərində
istəkləri, diləkləri nə olmuşdu soydaşlarımızın. Nəsibləri
isə vətən torpağını qucaqlayaraq şəhidlik
zirvəsinə ucalmaq oldu...
Bu
qanlı hadisənin şahidi, bütün ailəsindən
yalnız qucağındakı körpə qızını və
4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana göz
yaşları içərisində, ürək parçalayan
Xocalı tarixçəsini söyləyir:
"Xocalıdakı ov silahlarını da camaatdan
almışdılar. Bizim özümüzü
müdafiə etməyə heç bir imkanımız yox idi.
Yalnız ərim tüfəngini gizlədib
saxlamışdı. Biz od-alov içərisindən
viran olmuş Xocalının kənarına güclə gəlib
çıxa bildik. Sonra gördük ki,
silahlılar bizi izləyərək, güllələr
yağdırır. Onlar bizə
çatıb öldürmək, ya da əsir götürmək
istəyirdilər. Ərim dayanıb onlara
atəş açmağa başladı. Qışqırdı
ki, "Qaçın, ələ keçməyin!" Ailəmizin üzvlərindən bir neçəsi
arxadan vurulub yerə sərildi. O isə hələ də
silahlılarla vuruşurdu. Mən ayaq yalın, baş
açıq, iki balamla uzaqlaşıb kol-kosun içində,
qaranlıqda gözdən itəndə güclə onun
bağırtısını eşidirdim: "Qaçın,
gizlənin, görünməyin!" Biz xilas
olduq. O isə şəhid..."
Azərbaycanlı Ər son nəfəsinə qədər
vuruşdu ki, özü ölsə də, ailəsi
düşmən əlinə keçməsin. Bu faciədən
möcüzəli təsadüf nəticəsində
qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin
ağır yükü altında inləyir. Milli Qəhrəmanımız
Çingiz Mustafayevin lentə aldığı dəhşətli
görüntülər Xocalı faciəsinin miqyasını
və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya
nümayiş etdirir. Elə ermənilərin
özləri də öz mənfur əməllərini etiraf
etməkdən çəkinmir, yazdıqları ilə özlərini
ifşa edirlər. Erməni millətçiliyinin və
separatizminin baş ideoloqu, körpə balaların qatili
Balayanın Xocalı hadisələrindən 4 il sonra
yazdığı "Qəlbimizin dirilməsi"
kitabını oxuyarkən bir daha bunun şahidi olursan: "...
Biz Xaçaturla uşaqların
saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz
artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə
mıxlamışdılar. Uşağın
səs-küyünü azaltmaq üçün Xaçatur
onun ağzına öldürdüyümüz anasının
kəsilmiş döşünü soxdu. Sonra
mən onun başının, döşünün və
qarnının dərisini soydum. O, qan itirməsindən 7
dəqiqə sonra öldü. Birinci
ixtisasıma görə həkim olduğum üçün
humanistəm və ona görə də uşağın
başına gətirdiklərimizdən sevinc duymadım.
Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə
böldü və itlərə atdı. Axşam
biz eyni hərəkətləri üç türk
uşağı ilə etdik. Mən erməni, vətənpərvər
və vətəndaş kimi borcumu yerinə yetirdim..."
Bu - XXI əsrdə
erməni faşistinin özü tərəfindən öz qələmi
ilə yaradılmış mükəmməl obrazı,
avtoportretidir!
Əslində, Xocalı hadisələri Azərbaycanda
sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq
hərəkatını boğmağa yönəlmiş
Qanlı Yanvar faciəsinin davamı idi. Xalqımızın
mübarizlik əzmini sındırmağa, Azərbaycanı
yenidən əsarət altına almağa yönəlmiş
zorakılıq aktı idi. Rus imperiyası törətmiş
olduğu 20 Yanvar faciəsində əldə edə bilmədiyinə
Xocalı faciəsində bilavasitə iştirak etməklə
nail olmaq istəyirdi. Qafqazın itirilməsini heç zaman həzm
edə bilməyən rus imperiyası Xocalı qətliamının
törədilməsinə göstərdiyi "dəstəklə"
yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana
öz gücünü nümayiş etdirdi və əsl niyyətini
ortaya qoydu. Xocalı soyqırımı əslində,
bütün dünya türklüyü qarşısına
atılan imperiya "əlcəyi" idi.
Son iki
yüz il ərzində imperiyanın köməyi ilə qədim
türk torpaqlarında məskunlaşmış, imperiya
boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını
məharətlə yerinə yetirməyə
alışmış, ən çətin anlarda
qonşularına dayaq olmaq əvəzinə xəyanət etməyi
adət etmiş ermənilər isə həmişə
olduğu kimi bu dəfə də məkrli imperiya siyasətinin
əsas ifaçıları kimi çıxış etdilər.
Nəticədə növbəti dəfə
torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur
edilsək də, müstəqillik idealından geri çəkilmədik.
Prezident İlham Əliyevin Xocalı soyqırımının
iyirminci ildönümü ilə əlaqədar Azərbaycan
xalqına müraciətində vurğuladığı kimi,
"...Xocalı soyqırımını törətməkdə
düşmənin məqsədi Azərbaycan xalqını
sarsıtmaq, suverenlik və ərazi bütövlüyü
uğrunda mübarizədən çəkindirmək və
torpaqlarımızı zorla ələ keçirmək olsa da,
bu ağır faciə xalqımızı daha da mətinləşdirdi,
qəhrəman oğul və qızlarımızı müqəddəs
Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli
və mütəşəkkil mübarizəyə səfərbər
etdi".
Ermənilər üçün müstəqillik
heç zaman milli məqsəd olmayıb və bu gün də
əsas şərt deyildir. Bu gün Ermənistanın
bütün sahələrdə Rusiyadan asılı vəziyyətə
düşməsi və həmişə olduğu kimi onun
"vassalı" və lazım olduqda isə
"forpostu" rolunda çıxış etməsi bunu bir
daha sübut edir. Vaxtilə, əhalisinin əhəmiyyətli
qismi Azərbaycan türklərindən və digər millətlərdən
ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə
fərqlidir. Etnik təmizləmə nəticəsində
digər millətlərin nümayəndələri zorla
öz tarixi yurd-yuvalarından didərgin salınmış və
qonşu dövlətlərdə məskunlaşmağa məcbur
olmuşlar. Ermənistan mono-etnik dövlətə
çevrilmişdir. Azərbaycanda isə vəziyyət
tamamilə fərqlidir. Azərbaycan həmişə
olduğu kimi bəşəri dəyərlərə, regionda
sülh və sabitliyə real təhlükə mənbəyi
olan mənfur qüvvələrə qarşı qətiyyətlə
mübarizə aparmaqdadır. Nə qədər çətin
olsa da, Azərbaycan
dövləti və xalqı təkcə öz milli
maraqları üçün deyil, bütövlükdə
ümumbəşəri dəyərlərinin qorunub
saxlanılması üçün öz mübarizəsini fədakarlıqla
davam etdirməkdədir. Azərbaycan
bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin
sülh və əmin-amanlıq şəraitində
yaşadığı, bütün dünyaya tolerantlıq
örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı
olan çoxsaylı etnik ermənilər də heçbir milli
ayrı-seçkiliyə məruz qalmadan bu gün Azərbaycanda yaşamaqda davam edirlər.
Bu fakt bir daha Azərbaycan xalqının
sülhpərvərliyini, dözümlülüyünü və
birgəyaşayış ənənələrinə,
multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Xocalı soyqırımının insanlıq əleyhinə
törədilmiş cinayət kimi tanıdılması təkcə
Azərbaycan üçün deyil, həm də dünya
birliyi üçün beynəlxalq əhəmiyyət kəsb
edir. Bu
baxımdan, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən Xocalı
hadisələrinin soyqırımı elan olunması xüsusi
əhəmiyyətə malik oldu. Həmin tarixdən
etibarən Xocalı faciəsi insanlığa qarşı
törədilmiş ən ağır cinayətlərdən
biri kimi daha geniş miqyasda anılmağa başlandı.
Ümummilli liderimizin vurğuladığı
kimi, "bütövlükdə Azərbaycan xalqına
qarşı yönəldilmiş Xocalı soyqırımı
öz ağlasığmaz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir". Heydər
Əliyev tərəfindən 1998-ci ildə imzalanmış
"Azərbaycanlıların soyqırımı
haqqında" Fərmanda soydaşlarımıza
qarşı törədilmiş kütləvi
qırğınların soyqırımı xarakteri
daşıması, azərbaycanlılara qarşı
aparılmış etnik təmizləmə siyasətinin
aparılması açıq şəkildə ifadə
olunmuşdur. Həmin fərmana uyğun olaraq,
31 mart günü son yüz ildən artıq müddətdə
davam edən qırğınların qurbanı olmuş
soydaşlarımızın xatirəsinə ehtiram əlaməti
olaraq Azərbaycanlıların soyqırımı günü
elan edilib.
Bu gün Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması prosesində
Xocalı soyqırımının tanıdılması
xüsusi yer tutur. Dövlət başçısı
çıxışlarında dəfələrlə
Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin
əsl niyyətlərini, bəşəriyyətə
qarşı törədilmiş ağır cinayət
aktının mahiyyətini açıq şəkildə ifadə
etmişdir. Prezident İlham Əliyev Quba
Soyqırımı Memorial Kompleskinin
açılışında qeyd edirdi: "Xocalı
soyqırımını törədənlər bu gün Ermənistan
rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında
baş vermişdir. Yəni, biz bunu "erməni
soyqırımı" mifi kimi heç bir əsası olmayan
mifologiya əsasında deyil, real faktlar əsasında
görürük. Videomateriallar, fotoşəkillər,
canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir
və reallıqdır".
Bu faciənin geniş miqyasda tanıdılması isə
hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun
vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə Baş
Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildən etibarən uğurla həyata
keçirilən "Xocalıya ədalət" beynəlxalq
kampaniyası artıq öz bəhrələrini verməkdədir.
Kampaniya çərçivəsində dünyanın bir
çox ölkəsində Xocalı faciəsinə həsr
olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin,
Ermənistan tərəfindən ölkəmizə
qarşı yürüdülən təcavüzkar siyasətin
mahiyyətinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında əhəmiyyətli rol
oynamaqdadır. "Xocalıya ədalət"
kampaniyasının ən uğurlu nəticəsi bu faciənin
Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina
kimi dövlətlərin parlamentləri, eləcə də bir
çox beynəlxalq təşkilatlar tərəfindən
soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində
dünya xalqlarının soydaşlarımıza qarşı
törədilmiş soyqırım aktı haqqında məlumatlandırılması
məqsədilə Xocalı şəhidlərinin xatirəsini
əbədiləşdirən abidələr
ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini
soyqırım aktı və insanlığa qarşı cinayət
kimi tanımaq tələbini irəli sürən müraciətini
artıq bütün dünyada on minlərlə
insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlərin olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu faktor, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyini göstərir. Amma Azərbaycanın qüdrətli və nizami orduya, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun sağalmayan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyünün taleyində tarixi dönüş nöqtəsi olmalıdır. Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azadlığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur. Bizim Qarabağ uğurumuz gələcək nəsillərimizi Azərbaycanın yeni tarixini yazmağa - Vətənimizi öz tarixi coğrafiyasının geniş miqyasına çıxarmağa ruhlandıra bilər!
Müqəddəs yurdlarımıza qayıtmaq arzusu ilə...
Cavanşir Feyziyev
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 26 fevral.- S.2;4.