"Aclıq" dərsi
(hekayə)
Qəşəm İsabəyli
Çılpaq divarlar idi, taxta
döşəmə idi,
cındır palaz idi, astarı yamaqlı yorğan-döşək
idi, bir də pişik balası kimi büzüşüb yatmış
oğlan uşağı. Bu uşağın da özündən-sözündən çox-çox böyük
adı vardı - Elat.
-Ana-a!.. - Elat yuxudan
ayılan kimi başını çevirib
gördü ki, otaqda tək qalıb. Yavaşca yerindən qalxdı;
paltarını geyib, dəhlizə keçdi.
Anası
əli qoynunda pəncərənin qabağında
dayanmışdı.
-Sabahın xeyir, ana-a-a...
-Allah sabahını xeyir eləsin, qurban olum! -Ana Elatı
bağrına basıb,
üzündən öpdü.
-Necəsən, ay bala?!
-Ölürəm...
-Səni istəməyənlər
ölsün, dədəm
qurban, nə olub?!
-Sancıdan qarnım doğranır.
-Özünü darıxdırma,
indi nanə-cövhərlə
ovxalayacam, keçib gedəcək!
-Çayımız var?!
-Dünəndən qalmadı.
-Olsun da?!
-Buz kimidi!
-Qızdır da...
-Qaz balonumuz boşalıb,
işığımız da
yanmır. Atan bu gün qonşudan pul alıb, borcumuzu verəcək. Məktəbdən
gələndə isti
çay içərsən,
Allah qoysa!
-Qəndimiz bəs?!
-Döşəkağına büküb
bir balon su saxlamışam ki, isinsin. Bir
stəkana tök, birdən içmə ha, soyuqdu,
boğazın gələr,
ağzında saxla, qurtum-qurtum ud.
-Ay ana, bura niyə
gəldik ey! Kəndimiz hayıf deyildi?! Heç olmasa yaşamağa isti evimiz vardı, doyunca yeməyə çörəyimiz vardı,
mal-qaramız vardı,
işığımız... qazımız... suyumuz... Burda nə var, hamısı
pulnandı. Bizim
də pulumuz yox!
-Ay bala, orda qala
bilərdik?! Özümüzü
öldürüb, iraq səndən, iraq səndən, meyitimizi də qurda-quşa yem eləyərdilər. Allaha
şükür ki, sağ-salamat bura gəlib çıxa bilmişik!
-Burda belə yaşamaqdansa, orda elə ölmək yaxşıydı, ay ana!
-Elə danışma, qurban olum, Allaha
acıq gedər! Niyə yadına salmırsan bəs, orda bir həyətdə gör neçə nəfər idik?! Baban hanı, əmilərin hanı, dayıların hanı, nənən hanı?! Heç bilmirik qəbirləri də hardadı! Bəs böyük qardaşın Səxavət?!.. - Ana donunun ətəyini gözlərinə
apardı. - Ciyərimə
dağ basdın, ay şəhid balam! - Hönkürdü...
lll
Elat bu gün də məktəbə ac gəlmişdi. Arada qarnı
curuldayanda bərkdən
öskürürdü ki,
eşidən olmasın.
Ancaq öz səsiylə öz qulağını batırırdı. Uşaqlar yer-yerdən
pıqqıldaşanda qıpqırmızı
qızarırdı. Hələ
söz atan da vardı:
-Qurbağa - qur-qur!
Müəllimə sinfə girən
kimi dərsə başladı:
-Bugünkü mövzumuzun
adı "Aclıq"dı.
Şagirdlər əvvəlcə bir-birinə,
sonra da müəlliməyə baxdılar:
-Aclıq?!
-Bəli.
Uşaqlar az qala xorla:
-Mmm... - elədilər.
-Kim aclıq haqqında danışa bilər?
Şagirdlər yenidən bir-birinə sarı çevrilib, çiyinlərini çəkdilər. Arxa cərgədən sünbül kimi nazik bir əl qalxdı.
-Olar mən danışım, müəllimə?!
-Ela-a-a-t?! Buyur.
-Əgər ana qab götürüb qonşudan un almağa gedirsə, buna deyirlər aclıq. Aclıq özü də
bir neçə yerə bölünür;
zəif aclıq, əsl aclıq, ölüm aclığı.
Hiss eləyəndə ki,
ürəyin yemək
istəyir, bu olur zəif aclıq. Elə ki, evi axtarırsan, ağzına
qoymağa bir tikə çörək tapmırsan, başlayır
qarnın curuldamağa.
Bu, əsl aclıq
sayılır. Bir də
var, ən böyük aclıq - ölüm aclığı.
-Ölüm aclığı?!-müəllimə qaşlarını çatdı.
-Bəli.
-O necə olur?! - Şagirdlər idi.
-Fasiləsiz mədə sancısı, qarın curultusu, başağrısı,
gözlərin qabağına
duman çökməsi,
ağızdan qara su açılması, başgicəllənməsi və
ögümək ölüm
aclığının əlamətləri
sayılır...
Uşaqların gözləri bərələ
qalmışdı:
-Biz bunları bilmirdik, müəllimə!
-Mən də çox şeyi bilmirəmmiş, demə!
Xocalı
qırğınından canlarını
qurtarıb, Bakının
gecəqondularından birinə
sığınan Qarabağ
qaçqının 10 yaşlı
oğlu Elat axır ki, müəllimədən
ilk "əla"sını aldı.
İsabəyli Qəşəm
525-ci qəzet.-
2014.- 26 fevral.- S.5.