Sevənlər mərd olurlar...
Azərbaycan Dövlət Akademik
Opera və balet teatrinin "toska" tamaşasi haqqinda qeydlər
Dünyaca şöhrətli İtaliya
bəstəkarlıq məktəbinin
ən qüdrətli nümayəndələrindən biri də Cakomo
Puççinidir. Onun adı
Cüzeppe Verdi kimi dahi musiqiçi ilə yanaşı çəkilir. Bəstəkarın
"Bohema", "Cio-Cio-San", "Toska" və s. operaları bu gün də
möhtəşəm teatrların
repertuarlarında öncül
mövqe tutur.
İndi əsas məqsəd Bakı səhnəsində
göstərilən "Toska"
operasının tamaşasından
aldığım təəssüratlarımı
sənətsevərlərimizlə bölüşməkdir. Fəqət bununla
yanaşı, "Toska"
ilə bağlı daha geniş rakursda söhbət açmağı məqsədəuyğun
hesab edirəm.
Cakomo Puççini
məşhur musiqiçilər
nəslindəndir. Onun babası
və atası da ömürlərini musiqiyə həsr ediblər. 1858-ci il dekabrın 23-də
anadan olmuş Cakomo Milan Konservatoriyasının
yetirməsidir. Elə ilk operaları
- "Villisi", "Edqar"
əsərlərinin tamaşalarından
dərhal sonra o, tanınmağa başladı.
Az sonra C.Puççini bir-birinin
ardınca "Bohema",
"Toska", "Cio-Cio-San", "Qərbli qız" operalarını
ərsəyə gətirdi.
Məhz həmin əsərlərin
səhnə təcəssümündən
dərhal sonra Cakomo dünyada daha böyük şöhrət qazandı.
Çünki adları sadalanan
operaların tamaşaları
bəstəkara yaradıcılıq
qələbələri bəxş
etdi. C.Puççini artıq öz
sağlığında klassik
bəstəkar "statusu"
almışdı. O, çoxsaylı
pərəstişkarlarının sevimlisinə çevrilmişdi.
Bəstəkarın operalarının tamaşaları təkcə
İtaliyada yox, dünyanın saysız-hesabsız
məşhur teatr kollektivləri içərisində
qüdrətli vokalçıların
yetişib təkmilləşməsinə
güclü təkan verib. Yeri gəlmişkən, "Toska" ilə bağlı bəzi məqamlara da diqqət çəkmək
istəyirəm.
Fransız dramaturq Viktor Sardunun "Toska" pyesinin süjeti uzun müddət C.Puççininin
diqqət mərkəzində
olub. İlk dəfə
o, "Toska"nı məşhur Sara Bernarın
iştirakı ilə
1883-cü ildə Milan Teatrında
görüb. Dramın ümumi
pafosu, İtaliya tarixində ən çətin bir məqamı əks etdirən maraqlı süjet xətti Puççininin duyğularına
cavab verirdi. Odur ki, bəstəkar yaxın dostları L.İllikadan və C.Cakoradan xahiş edir ki, həmin
pyesin motivləri əsasında libretto yazsınlar.
Son nəticədə üç pərdəli həmin libretto C.Puççininin
eyniadlı operasının
əsasını təşkil
edir. İlk dəfə 1890-cı ildə göstərilən
"Toska" operası
bu günədək də dünya teatrlarının səhnələrində
zəfər yürüşünü
davam etdirir.
C.Puççininin adı və yaradıcılığı Azərbaycanın
da klassik opera pərəstişkarlarına yaxşı
tanışdır. Onun
"Bohema", "Cio-Cio-San", xüsusən də "Toska" operalarının uğurlu
səhnə təcəssümü
təqdirəlayiqdi. Bu tamaşalarda çıxış
edən vokalçılar
sözün böyük
anlamında əsl məktəb keçmişlər.
İlk növbədə "Toska"
teatrımızın yaradıcılıq
tarixində xüsusi yer tutur.
Səhnəmizin Toskaları - görkəmli
vokalçılar Firəngiz
Əhmədova, Xuraman
Qasımova, Qərinə
Kərimova misilsiz ifaları ilə ürəklərdə iz qoyublar. Opera tamaşalarında
Kavaradossi, Skarpiya partiyalarının əvəzsiz
ifaçıları olmuş
Lütfiyar İmanov və Müslüm Maqomayev kimi sənət korifeylərinin
misilsiz çıxışları
heç zaman unudulmayacaq. Xatırladım ki, 1977-ci ilin
əvvəllərində "La-Skala"da qısamüddətli
təcrübi təhsilini
başa vurub Vətənə qayıdan
L.İmanov dərhal da səhnəyə çıxaraq məhz
"Toska" tamaşasında
Kavaradossi partiyasının
italyan dilində səhnə təcəssümü
ilə musiqili teatrımızın tarixində
yeni dolğun bir səhifə açmağa nail oldu.
Ümumiyyətlə deyək ki, bir məsələdə bakılı sənətsevərlərin
bəxtləri gətirib. Belə ki,
dünya şöhrətli
vokalçılar teatrımızın
qonaqları qismində
klassik operaların tamaşalarında, o cümlədən
də "Toska"da
əsas rollarda səhnəyə çıxıblar.
Bu mənada, qardaş
Türkiyədən olan
sənət ustalarının
çıxışları həmişə xüsusi
maraq doğurub, uğurla nəticələnib.
Dost diyarın ünlü sənətçiləri olan
Ayxan Boranın, Suna Koratın, Eşin Afşarın, Mete
Uğurun, Özgül
Tanyerinin, Atilla Manizadənin şəhərimizdə
müxtəlif opera tamaşalarında
misilsiz ifalarını
unutmaqmı olar?!
Bu gözəl ənənə
davam etməkdədir. Neçə
gün öncə
Ankara Opera və Balet Teatrının direktoru, eyni zamanda görkəmli
tenor kimi şərəfli
səhnə fəaliyyətini
də davam etdirən Aykut Çinar və İstanbul Opera və Balet Teatrının istedadlı solisti, dəyərli vokalçı
Dəniz Yetim "Toska" operasında müştərək iştirakları
ilə sözün həqiqi mənasında salondakılara əsl sənət çələngi
bağışladılar. Tamaşada digər
bir qastrolçu da iştirak edirdi. Belarus Opera və Balet Teatrının
solisti, vokalçıların
beynəlxalq müsabiqəsinin
laureatı, əməkdar
artist Vladimir Qromov Skarpia
partiyasını çox
uğurla təcəssüm
etdirdi. Bu qonağı da tamaşaçılarımız sürəkli alqışlarla
qarşıladılar. Onun Skarpiası bəzi məqamlarda Müslüm Maqomayevin ifa manerasını xatırladırdı.
Ancaq V.Qromov partiyanın dolğun təcəssümü naminə
öz fərdi yaradıcılıq potensialını
da səfərbər etməyə müvəffəq
ola bilmişdi.
Dəniz Yetim gözəl səsli bir vokalçı kimi Azərbaycan sənətsevərlərinə
yaxşı tanışdır. O, Bakıda
keçirilmiş vokalçıların
Bülbül adına Beynəlxalq müsabiqəsində "Qran-pri"
mükafatına layiq görülüb və sonradan "Toska" tamaşasında uğurlu
iştirakı ilə
yaddaşlarda qalıb.
Dəniz
Yetim dünyanın bir sıra məmləkətlərində
qastrollarda olub, müqtədir teatrların
tamaşalarında uğurlu
çıxışları ilə rəğbət qazanıb. Bakı səhnəsində "Toska" tamaşasındakı
növbəti çıxışında
biz bunun bir daha əyani şahidi olduq. Görkəmli vokalçının Toskası sadəlövhlüyü
qədər də çılğındır, qəti
və inadcıldır.
İstər lirik və istərsə dramatik səhnələrdə o, öz
səsini əla idarə etməklə eyni zamanda obrazın
səhnəqrafik həllində
artist olaraq bacarığını
göstərdi. Vokal
keyfiyyətlərini artistlik
istedadı ilə qovuşduran sənətçi
obrazın bitkin təcəssümünə nail oldu.
Aykut Çinarın
da ifası hər cür tərifə layiqdir. O da çox maraqlı yaradıcılıq ömrü
yaşayıb, müxtəlif
ölkələrdə keçirilən
musiqi ifaçılarının
müsabiqələrində iştirak edib, ödüllərə layiq
görülüb. Son bir
neçə ili Ankara Dövlət
Opera və Balet Teatrında çalışan
bu gözəl tenor eyni zamanda teatrın
direktoru vəzifəsini
daşıyır. Onun həm
klassik Qərb operalarının, həm də türk milli operalarının tamaşalarında canlandırdığı
obrazlar silsiləsi tamaşasıya unudulmaz anlar bəxş edir. Aykut Çinarın zəngin
yaradıcılığı, yüksək səhnə mədəniyyəti, ifa səviyyəsi hər zaman mətbuatın diqqət mərkəzindədir.
Özü də o, uğurlarını
yalnız doğma ölkəsinin səhnələrində
yox, dünyanın bir sıra teatrlarının
tamaşalarında qastrol
çıxışları zamanı əldə edib. Təsadüfi deyil ki, Aykut Ankara Konservatoriyasında
vokal sənətindən
dərs deyir.
A.Çinar səhnədə obrazın
dəyişkən məqamlarını
özünün yüksək
ifa mədəniyyəti
ilə dolğun açıqlamağa müvəffəq
oldu. İstər aşağı, istərsə də yüksək registrdə rəssam Kavaradossi partiyası ecazkar səs çalarlarında
dolğun təsir bağışladı.
"Toska"- C.Puççininin ən dəyərli operaları sırasında özünün zəngin, əlvan musiqisi ilə çox fərqlənir. Odur ki, operadakı partiyalar ifaçıdan yüksək sənətkarlıq bacarığı tələb edir. Biz həm Dəniz Yetimin, həm Aykut Çinarın, həm də belaruslu qonağımız Vladimir Qromovun ifalarında məhz belə bir səhnə ustaları ilə qarşılaşdığımıza əmin olduq.
Hazırda Bakı teatrının repertuarında özünə möhkəm yer alan "Toska" operası ilk dəfə təxminən 40 il bundan öncə Rusiyalı rejissor, Xalq artisti Aleksandr Petrovun quruluşunda tamaşaya qoyulub. Bir neçə dəfə üzərində bərpa işləri aparılsa da, quruluş əsasən əvvəlki təqdimatında tamaşaçılara çatdırılır. Dəyişən yalnız ifaçı solistlərdir.
Azərbaycan Akademik Opera və Balet Teatrının yaradıcılıq fəaliyyətində baş verən mühüm bir məsələ ilə əlaqədar da fikir söyləməyə ehtiyac var. Belə ki, Akif Məlikov teatrın direktoru təyinatını alandan sonra kollektiv novator axtarışları yolunda gözəçarpacaq nailiyyətlər qazanıb.
A.Məlikov dünyanın müxtəlif ölkələrindəki güclü truppaya malik teatr kollektivləri ilə sıx yaradıcılıq təması qurub, qüdrətli vokalçıların, dirijorların, balet ustalarının Bakı səhnəsində mütəmadi çıxışlarına nail olub. Yeni adlar, orijinal ifalar, böyük ustalıq səviyyəsi və s. həmişə tamaşaçıda maraq oyadır. Teatrda məhz belə yaradıcılıq yoluna üstünlük verilməsi həm yerli solistlərimizin öz sənətkarlıq səviyyələrini daha da yüksəltməsinə, həm də tələbkar tamaşaçılarımızın dünya şöhrətli sənət xadimlərini canlı görməklə onların ifalarından əsl estetik zövq almasına səbəb olur. Bu yolda teatra daha böyük uğurlar arzulayırıq.
525-ci qəzet.- 2014.- 28 fevral.- S.8.