"Roman və
zaman"
"525-ci
qəzet"də dərc edilən roman haqqında
diskussiyanın mətniylə maraqla tanış
oldum. Aparılan söhbətlər 27 il
bundan qabaq yazdığım və "Literaturnaya qazeta"da
dərc olunmuş essemi mənə xatırlatdı. Azərbaycan dilində indiyəcən nəşr
olunmamış bu mətni oxuculara çatdırmaq,
çağdaş oxucularla roman haqqında fikirlərimi
bölüşmək istədim. Onu da qeyd
edim ki, sovet dövründə yazılmış və
çap olunmuş bu essenin hər cümləsini, hər
sözünü eyniylə saxlamaqla roman haqqında o vaxtkı
fikirlərimin və ayrı-ayrı əsərlərə
verdiyim qiymətləri indi də bütövlükdə təkrar
edirəm. Yeri gəlmişkən, son
vaxtlar verilən ədəbi sorğuda Yusif Səmədoğlunun
klassik "Qətl günü" romanının birinci yerə
çıxması məni çox sevindirdi. Deməli, bulaşıq zamanın bütün
çalxantılarına rəğmən həqiqi dəyərlərə
malik olan ölməz sənət əsərləri
keçmişdə olduğu kimi, indi də layiq olduğu qiyməti
alır. Və heç şübhəsiz,
gələcəkdə də alacaq. Bu barədə
o vaxtkı yazımın son abzasında gətirdiyim fikir,
böyük Puşkinin fikri də bütün dövrlər
üçün danılmaz həqiqətdir.
25.11.2014
Roman və
zaman
Romandan danışaq. Əslində, burda nə var ki: onsuz
da biz bütün ömrümüz boyu roman oxuyuruq və hər
oxucu üçün, üstəlik, əgər həmin oxucu
həm də qələm adamıdırsa, romanla
"romanı" bütün mənəvi mövcudluğu
boyu davam edir. Yeniyetməlik çağlarımızda biz
"Kapitan Qrantın uşaqları", "Robinzon
Kruzo", "Ayvenqo", "Üç muşketyor",
"Tom Soyer və Heklberri Finn..."lə tanış oluruq.
Gənclik illərində "Səfillər"i,
"Ovod"u, "Polad necə bərkidi"ni
özümüz üçün kəşf edirik. Bir qədər sonra Servantes, Svift, Tolstoy, Dostoyevski,
Balzak kimi müəlliflərin klassik romanları mənəvi
həyatımıza daxil olur və ömrümüzün
sonunacan bizimlə qalır. Və hər ay - qalın,
nazik jurnallarda, yaxud ayrı-ayrı kitablarda bizim və əcnəbi
yazıçıların romanları ilə
tanışlıq, üstəlik, Bulqakov, Platonov, Nabokov,
H.Hesse, Muzil kimi necə deyərlər, bizə bir qədər
gec gəlib çatmış müəlliflərin
romanları...
Elə buradaca bir düyün əmələ gəlir. Əgər biz yuxarıda
adlarını çəkdiyimiz, həmçinin xeyli sayda digər
yazıçıların əsərlərini "roman"
kimi müəyyənləşdiririksə, bu halda roman
anlayışının konkret ədəbi janr kimi dəqiq
çərçivələrini cızmaq səlahiyyətinə
malik ola bilərikmi? Əgər "Tibo
ailəsi" romandısa, "İtirilmiş zamanın
sorağında" da romandı? "Forsaytlar
haqqında saqa" romandı, "Uliss" də romandı?
"Buddenbroklar" və "Proses" də
romandı? Onları realizm və modernizm
adıyla fərqləndirmək məsələnin olduqca sadə
çözümü olardı. Amma bu
halda "Ustad və Marqarita", "Yüz ilin tənhalığı"
kimi qeyri-ənənəvi romanları hara yazaq? O cümlədən
Erenburqun erkən, Katayevin ömrünün son dövründə
yazdığı əsərləri? Əgər belə bir
seçim aparılarsa, bu zaman deyək ki, Kafkanın həmin
o "modernləşmiş" "Proses"i eyni zamanda
faşizmin bütün özbaşınalıqlarını və
dəhşətlərini açıb göstərən
antitotalitar roman olduğu halda L.F. Selinin sırf ənənəvi
realist üslubda yazılmış "Gecənin sonuna səyahət"i
məğzi etibarilə olduqca mürtəce və antihumanist əsərdi.
Böyük Şoloxov həyatı necə deyərlər,
öz mövcud şəklində, olduğu kimi yaradır.
XX əsr nəsrinin digər zirvəsi Folknersə,
demək olar ki, hər şeyi - öz personajlarının
düşüncəsini və
dünyagörüşünü, hadisələrin məntiqi
ardıcıllığını, hətta vaxtın
özünü belə sanki cövhərləşdirir,
konsentrə edir. Qorkidə zaman öz
qanunauyğunluğu və ardıcıllığıyla
axıb getdiyi halda, M.Prustda vaxt sanki eynilə mikroskop altında
olduğu kimi donub qalır, Dos Passosda günün qəzet
xronikası kimi əks olunur, Markeçdə isə yüz il boyu dartılır. Və bütün bunlar
hamısı şübhəsiz ki, romandı...
Bəs keçmiş əyyamlarda necə? Bəlkə yalnız
"Qızıl eşşək" və "Qarqantua və
Pantaqruel" deyil, "Bibliya", "İliada"
"Odisseya" ilə birlikdə, "Şahnamə",
"Kitabi-Dədə Qorqud", protoierey Avvakumun əsərləri
də romandı? Mən hələ müəllifin
öz iradəsiylə roman kimi təqdim etdiyi "Yevgeni
Onegin"i demirəm.
Geniş mənada və anlamda götürsək, roman
tarixin müxtəlif dönəmlərində dünyanın
epik mənzərəsini və fəlsəfəsinin məğzini
dövrün tələbinə uyğun daha əhatəli,
qlobal və universal şəkildə əks etdirən nadir ədəbi
janrdı. Bu məqamda onun nəsrlə, yoxsa nəzmlə
yazılması, konkret süjetə, fabulaya malik olub-olmaması,
yaxud fəlsəfi-nəsihətvari mətnlərlə ifadə
edilib-edilməməsi (müasir dillə desək, essevari
yazılıb-yazılmaması) o qədər də önəmli
deyil. Əgər bu məntiqə istinad etsək,
bu zaman müasir romanın forma rəngarəngliyinin
izahını onun tarixi "qan yaddaşı"nda axtarıb
tapmaq olar.
Və bu halda söhbət romanın bir janr kimi
böhranından yox, onun rəngarəngliyinin,
imkanlarının müəyyən qədər tükənməsindən
gedə bilər. Roman isə daha geniş anlamda nə qədər ki,
insanın dünyanı və yer üzündə öz şəxsi
yerini anlamaq və dərk etmək tələbatı mövcud
olacaq, gerçəyi əks etdirmək baxımından ən
əhatəli bədii ədəbiyyat növü kimi yox ola bilməz. Roman sadəcə,
xüsusiyyətləri, xarakteri, dövrün tələbi,
onun sosial, estetik kriteriyaları baxımından
görüntüsünü dəyişə bilər.
Bugünkü nəsrin, xüsusən də
hal-hazırda yalnız ədəbi deyli, digər səpgili
müzakirələrin də mərkəzində duran elə həmin
o "Kədərli detektiv"in nümunəsində bu,
açıq-aydın təzahür edir. Astafyev nəsrinin
çox ustalıqla canına hopmuş sənədlilik elementlərinin
bəzən müəllifin qüsuru kimi qələmə
verilməsi qəribə görünür. "Kədərli detektiv"də, o cümlədən
müasir ədəbiyyatın digər nümunələrində
olan sənədlilik əlamətləri heç də dəb
xətrinə, yaxud müəllifin üslub yaratmaq həvəsiylə
bağlı deyil. Bu, dövrün
havasıyla bağlı məqamdı, həqiqəti
canlı, konkret, təhrifsiz izah etmək, həqiqəti
ümumi deyil, birbaşa, ilkin qiyafəsində demək,
yaxın keçmişin "həyat bir şey, ədəbiyyat
başqa şeydi" təlqiniylə itmiş,
haçalanmış, qeyb olmuş oxucu inamını qaytarmaq
cəhdidi.
Şəxsən mən hansısa gerçək həyat
hadisələrini, yaxud ağır tale hekayətlərini
danışıb əlinə qələm alandan sonra
faktları tanınmaz dərəcədə dəyişən
o qədər yazıçı görmüşəm ki. Əlbəttə, mən bədii
ümumiləşdirmənin, yaradıcı təxəyyülün,
tipikləşdirmənin və s. əleyhdarı kimi
görünmək istəmirəm. Bu halda mənim üzərimə
hardasa az qala bütün dünya ədəbiyyatının
inkarçısı rolu düşərdi. Bir də
ki, sənədlilik özü də hələ həqiqətin
təminatçısı, yaxud xəstəliyin dərmanı
demək deyil. Faktın özünə də
ürəyin istədiyi qədər ayrı məna qata, onu
tamamilə dəyişə bilərsən. Amma burda
söhbət axı, əsl sənətkardan, faktı bədii
nəsrin canına hopdura bilən sənətkardan gedir: daha dəqiqi
sənədlilik və sırf təxəyyülün
qovşağında romanın forma axtarışlarına
çıxan sənətkardan. Düşünürəm,
bu axtarışları mövcud tarixi dönəmdə bizim
sosial gerçəkliyin məğzi diqtə edir. Və
bizim günlərdə roman layiqli nümunələrində
Zamanın özünü əks etdirir.
İndi isə gəlin, Zamanın özü haqqında
düşünək. Zaman özü tarixi kateqoriya və
metafizik fenomen kimi nə deməkdir? Ümumiyyətlə,
Zaman məhz yaranışın metafizik fenomeni kimi
mövcuddurmu? Bəlkə Zaman yalnız
bizim onun barəsində təsəvvürlərimizdən ibarətdi?
Biz vaxtı saatın əqrəbləri və təqvimin
vərəqlərindən kənarda necə müəyyən
edə bilərik? Planetimiz öz dövrəsini vurub
gündüzləri, gecələri ayırır, ilin
mövsümlərinin sıralamaları, Günəşin və
kainatda olan bütün səma sistemlərinin yerdəyişməsi
baş verir, aypara Ay olur, torpağa düşən toxumlar
otlara, güllərə, çörəyə çevrilir,
uşaq böyüyür, böyük qocalır. Bütün bunlar Zaman içərisində baş
verir. Bəli, elədi, amma bütün
bunlar axı mahiyyətin özü yox, mahiyyəti
ölçənlərdi. Bəlkə elə
biz həqiqətdə olmayan bir şeyi ölçüyə
salırıq. Zaman metafizik mənada, nəsə
dolayısı göstəricilərlə müəyyənləşən
dəyişiklər, yaranışlar, inkişaflar,
ölümlər-yəni, hərəkət deməkdi. Yaxşı, bəs əgər zaman özü hərəkət
etmirsə, necə? Bəlkə elə
Zaman kainatın əbədi donmuş fenomenidi? Demək onda Keçmiş, İndi, Gələcək
eyni vaxtda mövcuddu. Və bütün canlı məxluqlar,
planetlər, ulduzlar, onun - Zamanın içində, boşluqda
olduğu kimi otaqdan otağa, şəhərdən şəhərə,
bir müstəvidən o birinə hərəkət edirlər. İlğımvari Zaman isə mövcudluğuyla, məğziylə
bizim həyati fəaliyyətimizə, görüntülərimizə
özünün müəyyən dayaqlarını verir.
Və əgər Zamanın bu xüsusiyyətləri
bizim idrakımız daxilində olsa və bunu sənətdə
əks etdirə bilsək, Keçmişi, İndini, Gələcəyi
kinodakı kimi montaj edib heyrətamiz zaman inversiyalarıyla ən
həssas roman alınar və bu, tamamilə realist əsər
kimi qəbul olunar.
Yeri gəlmişkən,
bütün sənətlər arasında romana ən yaxını
olan kino bu nadir imkana - Zamanla manipulyasiya etmək, onu irəli-geri axmağa məcbur
etmək, saxlamaq, dondurmaq, ləngitmək, tələsdirmək
imkanına malikdi. Təsadüfi deyil ki, Yuri Bondaryevin
kinematoqrafçıların həyatından bəhs edən
"Oyun" romanında müəllif bu "kino fəndlərindən"
geninə-boluna istifadə edir.
Zahiri gerçəklik kimi təxəyyülün məkanı
- ötənlərin Yaddaşı, indinin birbaşa dərki,
arzular, fantaziyalar, gələcək barədə gümanlar da
realdı. Keçmiş artıq bizim şüurumuzdadı,
İndi və Gələcək isə eyni müstəvidə
qərar tutub. Biz eynilə İndiki zaman
müstəvisində yaşadıqlarımız kimi eyni
aydınlıqla və ayıqlıqla Gələcəyi təsəvvür
edə və Keçmişi xatırlaya bilərik. Zamanın maşınını icad eləməyə
lüzum yoxdu, çünki o maşın lap əzəldən
mövcuddu. Biz öz təxəyyülümüzün
hüdudları, daha doğrusu, hüdudsuzluğu çərçivəsində
Zamanla geri və irəli səyahət edə bilərik.
Roman onun yaradıcısının Zaman üzərində
hakimi-mütləqliyidi. O, Zamanın mövcud olmuş,
bitmiş, donub qalmış gerçəkləri üzərində,
subyektiv Zaman çərçivəsində öz yeni
reallığını yaradır, xüsusi ritmi olan,
sıxılmış, yaxud fasilələrlə zəngin dəqiqələrin,
saatların, illərin, əsrlərin Zamanını
yaradır. Adət etdiyimiz Dünən,
Bugün, Sabah ardıcıllığının
olmadığı, yalnız dəyişilməz Həmişənin
(yaxud, Heç Vaxtın) hökm sürdüyü Zaman.
İnsan
və Zaman: bu, sonsuz modifikasiya və tükənməz
variantlarıyla birlikdə romanın yeganə mövzusudu. İnsan Zamanın içində. İnsan Zamandan kənarda. Folknerdə
olduğu kimi Zamanla çəkişmədə. Prustda olduğu kimi, ötən Zamanın təfərrüatları.
Bulqakovda olduğu kimi, paradoksal Zaman. Bibliya süjetlərindəki real Zaman və
müasir süjetlərdəki irreal Zaman. Aytmatovun
"Əsrə bərabər gün" romanında mifoloji,
real və fantastik Zamanların qovşağı. Tamam yeni bir nümunə, mənə doğma olan Azərbaycan
nəsrindən - Yusif Səmədoğlunun "Qətl
günü" romanı. Üç zaman: XVIII əsr,
son yüzilliyin 30-cu illəri və bizim günlər romanda,
necə deyərlər, "paritet" əsaslarla iştirak
edir. Bu xronoloji hissələrin heç birini
ayrı-ayrılıqda müstəqil qəbul etmək
mümkün deyil, onlar tam halda talelər və hadisələr,
özbaşınalıqlar və xeyirxahlıqlar,
zorakılıqlar və mənəvi dəyərlər
haqqında müəllif fikri kimi bir-birlərini izah edir və
bir-birləriylə vəhdət yaradırlar.
Əlbəttə ki, "İnsan və Zaman" digər
ədəbi janrların da, ümumilikdə incəsənətin
əsas mövzularındandır. Amma nümunə gətirsək, deyək
ki, poeziyada mənzərə lirikası, təsviri sənətdə
natürmort, yaxud simfonik musiqidə insan faktoru yalnız müəllif
başlancığı, müəllif təxəyyülü,
yaxud ovqatı kimi iştirak edirsə, personajsız romanı,
yaxud ən azı bir personajı belə olmayan romanı (həmin
personaj müəllif özü də ola bilər) təsəvvür
etmək çətindi.
Bu mənada, roman özünün geniş anlamında,
insan taleyinin, yaxud düşüncəsinin bir Zaman
ölçüsünə çevrildiyi janrdı. Romanda Zaman
insanın içindən keçməyə məhkumdu.
Və fikrimcə, əsasən ümumi
götürülən bu təyinat romana bütün müxtəlifliyi
və rəngarəngliyi ilə ən uyğun gələnidi.
Bəlkə də ümumilikdə daha çox qəbul
olunan fərq realizm və modernizm arasında yox, realizmin
özündə-İnsanı Zaman içində əks etdirən
realizmlə, Zamanı İnsanın İçində axtaran
realizm arasındadı. İnsanı bəzən ona düşmən olan zamanla
ziddiyyətdə, çətinliklərlə
qarşıdurmada təsvir edən parlaq romanlar az
deyil. Amma insanın öz içində baş
verən Zamanla ziddiyyətləri təsvir edən parlaq
romanlar da kifayət qədərdi. Mənim təbii ki,
sırf subyektiv fikrimcə, müasir ədəbiyyatda bu tip təsvir
az işlənsə də, heç də
birincidən az əhəmiyyətli deyil. Böyük
sovet ədəbiyyatına şərəf gətirən həmişə
onun ayıqlığı və sayıqlığı olub.
Konyuktura kampaniyalarının ən çətin
dönəmlərində belə ölkənin əsl ədəbi
yaradıcıları hər şeydən öncə
dövrün ayıq-sayıq bədii şahidləri kimi
çıxış etmiş, gerçəyə şərəfli,
dürüst, vicdanlı nəzərlərlə
baxmışlar. Məhz bu əsərlərə
istinad etməklə, gələcək nəsillər bizim
dövr barədə mühakimə yürüdə, obyektiv,
sağlam nəticələrə gələ bilərlər.
Bu məsələdə gəlin, özünün ən ali təzahürlərində zamanın
sınağına tab gətirə bilən, mənəvi
missiyasına, etik və estetik ləyaqətinə, xəlqi
vicdanına xilaf çıxmayan rus və bütün sovet ədəbiyyatının
mərdliyini və kişiliyini xüsusi qeyd edək.
Bununla yanaşı, ədəbi həyatımızın
insanın daxili aləminin qaçılmaz olan dramatizm, ziddiyyətlər,
düyünlərlə dolu təsvirinə qadağa
qoyduğu həmin o ağrılı dövrləri də
unutmaq olmaz. Hər hansı daxili tərəddüd bizim cəmiyyətə
gərəksiz "refleksli fərd" damğasıyla kəndardan
içəri buraxılmırdı. İnsanın öz
daxili aləmini dərk etmək cəhdi öz içində qurdalanmaq həddində
damğalandı, emosional narazılıq, insanın tənhalığı,
həyatda öz yerini tapa bilməməsi mövzuları sosial
cəhətdən şübhəli, hətta təhlükəli
kimi qələmə verilirdi. Bu mənada, təbii
ki, adiləşdirilmiş, rəngsizləşdirilmiş,
havası alınmış, distilə olunmuş bədii
obrazların real insanlara heç bir oxşarlığı yox
idi. Odur ki, bu cür doqmatik normativlərlə
prokrust yatağına yerləşdirilən ədəbiyyat
mürəkkəb həyatı bütün həqiqi möhtəşəmliyi
və qaçılmaz faciələrilə birlikdə deyil,
yalnız gerçəyin müəyyən icazəli tərəflərini
təsvir edə bilərdi. Sanki bu yer
üzündə ölüm, yaxınların itkisi,
sağalmaz xəstəliklər, qarşılıqsız məhəbbət,
intiharlar, ağrılar yerli-dibli yoxmuş.
İnsan hər gün, hər saat dünyayla
üz-üzədi - gah onu qəbul, gah rədd edir, onu dəyişir,
müşahidə edir, sevinir, ümidsizliyə qapılır,
yaxud da onunla mübahisəyə qalxır. Amma bütün
döyüşlər arasında ən uzunu, ən
müdhişi və çətini insanın
öz-özüylə, öz məniylə, yanğısı
sönməyən şöhrətpərəstliyi ilə, təmin
olunmamış iddialarıyla, qorxaqlığı,
paxıllığı, mənəvi tənbəlliyi, biganəliyi,
özünəqapalılığı, aldanışları,
illüziyaları ilə mübarizəsidi.
Mən " insan tənqidi özündən
başlamalıdı" kimi kifayət qədər aktual,
işlək və ciddi çağırışı
eşidəndə düşünürəm ki, əslində
bu elə XIX əsrin bütün nəhəng rus
romanlarını qidalandıran mənəvi özünütəkmilləşdirmə
ideyasıdı. Amma nədən başlamalı
- ayrı-ayrılıqda hər bir insanın
davranışına müəyyən qədər təsir edən
mühiti dəyişdirməkdən, yoxsa daxilən təmizlənib
mühiti də yaxşılığa doğru dəyişməyə
çalışacaq insanın özündən? Mənə elə gəlir ki, bu, qətiyyən
sxolastik məsələ deyil, öz-özlüyündə
bizim bugünkü ictimai müzakirələrin
özülündə duran məsələdi. Həlli mümkün olmasa da bu sual ilk növbədə
bədii ədəbiyyatın qarşısında
dayanmalıdı.
Biz keçid dövründə yaşayırıq və
dəyişikliklərin əsas, köklü elementi insan
faktoru olmalıdı.
Ola bilsin, yalnız əsl ədəbiyyat mənəvi aləmə münasibətdə özünün təbiətindən gələn nəcibliyi ilə insanı, onun "mənini" zorlamadan dəyişə bilər. İnsan məninə qarşı zorakılıq, onun necə deyərlər, direktiv qaydada qan yaddaşıyla bağlı minillik psixoloji mirasını, ruhsal aləmini ciddi-cəhdlə dəyişmək təşəbbüsü heç bir yaxşı nəticə verə bilməz. Bu "seleksiya" üsuluyla, olsa-olsa, yalnız bir şey fikirləşib, başqa şey deyib, üçüncünü həyata keçirən riyakar tip peyda ola bilər.
Zamanı tarixi kateqoriya kimi insanlar müəyyənləşdirir və onun çağırışına da yalnız insanlar cavab verə bilərlər. İnsanların isə mənəviyyatını əsaslı dərəcədə ədəbiyyat formalaşdırır. Oxucuda inamı yalnız onun özü haqqında həqiqəti deyən roman yarada bilər-zahiri və daxili həyatı, ruhunun yaşantıları haqqında həqiqətləri ortaya qoymaqla... Müasir oxucuya Zamanı yalnız vaxt axını, gündəlik hadisələr müstəvisində yox, Yaddaş və Tarix, Arzu və Gələcəyə Ümid müstəvisində izah edən romanlar lazımdı.
Unutmayaq ki, təkcə əsr yox, həm də minillik başa çatır. Və yəqin ki, özündə onilliklərin təcrübəsini ümumiləşdirərək yazılmış və ya bundan sonra yazılacaq əsərlər zəmanəmizin ən nəhəng romanları sayılacaq. Bu qeydlərimi öz dahiliyi çərçivəsində Zamanı Əbədiyyət müstəvisində təqdim edən Puşkinin sözləriylə yekunlaşdırardım: "Keçmişə hörmət - aqilliyi cahillikdən fərqləndirən cəhət bax budu... Yalnız bugünün qarşısında quyruq bulayıb, keçmişə hörmət etməmək alçaqlıq, əclaflıq və nadanlıqdı".
"Literaturnaya
qazeta"
7 yanvar,
1987-ci il.
ANAR
525-ci qəzet.-
2014.- 28 fevral.- S.7.